çərşənbə axşamı 2 iyun 2026 - 21:46
Bu gün İslam ümmətinin müqaviməti Qədir-Xum məktəbinin təlimlərinin bəhrəsidir

Hövzə | Ayətullah üzma Məkarim Şirazi bildirib ki, bu gün İslam dünyasında müqavimət hərəkatı Qədir-Xum məktəbinin təlimlərindən qaynaqlanır. O vurğulayıb ki, müxtəlif İslam ölkələrində, o cümlədən İran, İraq, Livan və Yəməndə bu məktəbin davamçıları dini rəhbərlərin rəhbərliyi altında qlobal hegemonizmə qarşı mübarizə apararaq İslamın dəyərlərini qoruyurlar.

Hövzə Xəbər Agentliyinin Məşhəd şəhəri üzrə müxbirinin verdiyi məlumata görə, Ayətullah üzma Nasir Məkarim Şirazi bu gün 12 iyun tarixində Məşhəd şəhərinin  Miyami bölgəsində yerləşən Yəhya ibn Zeyd ziyarətgahında keçirilən “Qədir və Müqavimət” II Beynəlxalq Konfransına ünvanladığı müraciətdə İslam ümmətinin bu gün zülm və qlobal hegemonizm qarşısında göstərdiyi müqavimətin Qədir-Xum məktəbinin təlimlərinin bəhrəsi olduğunu bildirib.

Müraciətin mətni belədir:

Bağışlayan və mehriban Allahın adı ilə 

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا اصْبِرُوا وَصَابِرُوا وَرَابِطُوا وَاتَّقُوا اللَّهَ لَعَلَّكُمْ تُفْلِحُونَ


Ey iman gətirənlər! Səbir edin, (düşmənə qarşı) möhkəm olun, sərhəd boyu növbə ilə keşik çəkin və Allahdan qorxun ki, bəlkə nicat tapasınız!  Ali İmran surəsi, 200-cü ayə

Sözümün əvvəlində Qədir-Xum bayramının yetişməsi münasibətilə bütün dünya müsəlmanlarını, xüsusilə siz əziz iştirakçıları səmimi-qəlbdən təbrik edir, bu konfransın bütün təşkilatçılarına, eləcə də icraçı və iştirakçılarına dərin təşəkkürümü bildirirəm. Ümid edirəm ki, bu dəyərli səylər Əhli-beyt (ə) maarifinin yayılması və təbliği yolunda geniş bərəkət və nəticələrə səbəb olacaqdır.

Qədir-Xum məktəbinin təlimləri bəzi dar düşüncəli şəxslərin təsəvvürünün əksinə olaraq, İslam ümmətinin birliyi, həmrəyliyi və yaxınlaşmasının ən mühüm amillərindən biri ola bilər. İslam Peyğəmbəri həzrət Məhəmməd (s) Əli ibn Əbi Talibin (ə) vilayət və imamətini elan etməklə, ona məhəbbət və itaəti vurğulamaqla həqiqi və əsl İslamın davamlılıq yolunu bəşəriyyət üçün açmışdır. Bu ilahi maarif tarix boyu İslamın düzgün xəttini qorumuş və onun təhrifə uğramasının və unudulmasının qarşısını almışdır.

Bu məktəbin ən mühüm xüsusiyyətlərindən biri məsum imamın (ə) və ümmət alimlərinin onun naibləri kimi İslam cəmiyyətinin hidayət və rəhbərliyindəki roludur. Onlar hər zaman zülm və hegemonizm qarşısında müqavimətin bayraqdarları olmuş, nifaq, cəhalət və dünyapərəstlikdən doğan sapmaların qarşısını almışlar.

Tarix açıq şəkildə göstərir ki, İslam ümmətinin bir çox məğlubiyyətləri və geriləmələri iman zəifliyi olan və ya məsuliyyətsiz rəhbərlərin fəaliyyəti nəticəsində baş vermişdir. Onlar ən kiçik təzyiq və ya tamah qarşısında şəxsi mənafelərini ümmətin mənafelərindən üstün tutmuş, yaxud ümidsizlik və zəiflik yaymaqla müsəlman cəmiyyətlərini düşmən qarşısında təslim olmağa sürükləmişlər.

Əgər Allahdan qorxan, məsuliyyətli alimlərin və dini rəhbərlərin möhkəm dayanışı olmasaydı, İslam dəyərlərinin böyük bir hissəsi məhv olar, küfr və qlobal hegemonizm İslam torpaqları və sərvətləri üzərində tam hökmranlıq qurardı. Təəssüf ki, bunun nümunələrini bu gün bəzi İslam ölkələrində müşahidə etmək mümkündür. Bu həqiqət xalqın dini rəhbərliyə tabe olmasının əhəmiyyətini aydın şəkildə ortaya qoyur. Necə ki, bunun bariz nümunəsini İran İslam Respublikasının tarixində, imam və ümmət arasında qarşılıqlı bağlılıq və etimad münasibətində görmək mümkündür.

Hazırkı dövrdə də dünya xalqlarının müşahidə etdiyi kimi, İran, İraq, Livan, Yəmən və digər bölgələr daxil olmaqla dünyanın müxtəlif nöqtələrində Qədir-Xum məktəbinin davamçıları dini rəhbərlərin və ilahi liderlərin göstərişlərinə tabe olaraq etiqad və əməl meydanında möhkəm, uca və qürurlu şəkildə zalım, zorakı və tağutların fitnə və planları qarşısında dayanmış, bu yolda can və mallarını fəda etmişlər.

Şübhəsiz ki, Allahın möminlərə qələbə vədi gerçəkləşmiş və gerçəkləşməkdədir. Yaxın gələcəkdə İslamın açıq zəfəri və küfr cəbhəsinin rüsvayçı məğlubiyyəti daha da aydın şəkildə görünəcəkdir. Bu ilahi qələbənin zirvəsi isə İmam Zamanın (ə.f) zühuru, ədalət üzərində qurulmuş qlobal ilahi hökumətin təşəkkülü ilə reallaşacaqdır, inşallah.

Bu fikri təsdiq edən əsas amil dünyanın müxtəlif bölgələrində, fərqli İslam məzhəblərindən və həmçinin digər dinlərin ardıcıllarından olan azadlıqsevər və haqq axtaran insanların getdikcə artan şəkildə bu bayrağa və bu ilahi məktəbə yönəlməsidir. Bu yönəliş qəlblərin İmam Zamanın (ə.f) qiyamı altında toplanmağa hazırlığından xəbər verir.

Mən bir daha Qədir-Xum bayramı münasibətilə bütün müsəlmanları təbrik edir, “Qədir-Xum və Müqavimət” konfransının bütün təşkilatçı və iştirakçılarına təşəkkürümü bildirir və uca Allahdan diləyirəm ki, hamımızı möminlərin Əmiri həzrət Əli ibn Əbi Talibin (ə) həqiqi şiələrindən və onun şəfaətinə nail olanlardan qərar versin.

Allahın salam və bərəkəti sizin üzərinizə olsun.


Qum – Ayətullah Nasir Məkarim Şirazi


İyun 2026


Xəbərin sonu

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha