çərşənbə 3 iyun 2026 - 18:48
Xalq öz vəzifəsini yerinə yetirdi | Məsul şəxslər də bahalaşma ilə mübarizə aparmalıdırlar

Həzrət Ayətullah üzma Cavadi Amuli bildirib ki, xalq öz vəzifəsini yerinə yetirib və indi gözlənti budur ki, məsul şəxslər də korrupsiya ilə ciddi mübarizə apararaq öz vəzifələrini yerinə yetirsinlər.

Hövzə Xəbər Agentliyinin verdiyi məlumata görə, həzrət Ayətullah üzma Cavadi Amuli İran İslam Respublikası Prezidentinin Administrasiyasının rəhbəri Möhsün Hacı Mirzayi ilə görüşdə İmam Xomeyninin (r) və şəhid Ayətullah Seyid Əli Xameneinin əziz xatirəsini yad edərək vurğulayıb ki, həm dövlət, həm də xalq öz vəzifələrini düzgün müəyyən etməli və onlara əməl etməlidir. O bildirib ki, ABŞ və İsrailin düşmənçilik siyasəti danılmaz həqiqətdir və bu qüvvələrlə münasibətlərdə maksimum uzaqgörənlik və ehtiyat nümayiş etdirilməlidir.

Ayətullah üzma Cavadi Amuli qeyd edib ki, xalq meydanlarda fəal iştirakı ilə öz məsuliyyətini yerinə yetirib. İndi isə xalqın gözləntisi ondan ibarətdir ki, məsul şəxslər də mənimsəmə, maaş və bahalaşma kimi iqtisadi problemlərlə tam ciddi şəkildə mübarizə apararaq öz vəzifələrini layiqincə icra etsinlər.

O, həmçinin dini və fiqhi mənbələrə istinad edərək bildirib ki, gənc nəslin tərbiyəsi elə qurulmalıdır ki, onlar vaxt və imkanlarını ya elm, bilik və maarif əldə etməyə, ya da cəmiyyətin və mənəvi dəyərlərin müdafiəsinə hazırlıq istiqamətində sərf etsinlər. Bu yanaşma sağlam, şüurlu və məsuliyyətli nəslin formalaşmasının əsas şərtlərindən biridir.

Ayətullah Cavadi Amuli daha sonra dövlət və xalqın vəzifələrinə toxunaraq bildirib: İmamət və ümmət sistemində yerinə yetirilməsi vacib olan üç mühüm missiya mövcuddur: 
Biri cəhalətin aradan qaldırılması, biri nadanlığın aradan qaldırılması, digəri isə cahiliyyətin aradan qaldırılmasıdır.

O, bu üç mühüm missiya qarşısında hər bir qurumun vəzifələrini sadalayaraq bildirib: «Cəhalətin aradan qaldırılması» elmi hövzələrin və universitetlərin əsas və mühüm vəzifəsidir. Bu elm ocaqları cəmiyyəti elmli və agah etməlidirlər. «Nadanlığın aradan qaldırılması» isə məscidlərin, dini heyətlərin, hüseyniyyələrin və mədəniyyət mərkəzlərinin öhdəsinə düşür. Bu mərkəzlər cəmiyyətdə əxlaqı, həmrəyliyi, təqvanı və ixtilaflardan çəkinmə mədəniyyətini gücləndirməlidirlər.

Həzrət Ayətullah üzma Cavadi Amuli daha sonra cahiliyyətin aradan qaldırılmasını imamət və ümmət sistemində dövlətin rəsmi vəzifəsi kimi qiymətləndirərək bildirib: «Cahiliyyətin aradan qaldırılması» imamət və ümmət sistemində dövlətin mühüm vəzifələrindəndir. Xalqların təhlükəsizliyini və asayişini təhdid edən hegemon, zorakı, zalım və qlobal müstəkbir qüvvələrlə mübarizə də bu sahəyə daxildir. Minab şəhərində yerləşən tam orta məktəbin cinayətkar ABŞ və İsrail tərəfindən bombalanması və ona bənzər hadisələr cəhalət və ya nadanlıq deyildi, əksinə cahiliyyətin təzahürü idi. Dövlət və hökumətin vəzifəsi cahiliyyəti aradan qaldırmaq, qlobal təkəbbür və zalımlarla mübarizə aparmaqdır.

O, İran İslam Respublikasının qlobal güclər qarşısında əldə etdiyi nailiyyətlərə toxunaraq vurğulayıb ki, İslam İnqilabının bir çox böyük hadisələri və qələbələri adi və maddi hesablamalar əsasında izah edilə bilməz və onlarda ilahi yardımların əlamətləri müşahidə olunur.

Ayətullah üzma Cavadi Amuli səkkiz illik İran-İraq müharibəsi dövrünün döyüşçü və şəhidlərinin fədakarlıqlarını xatırladaraq deyib: Elə cavanlarımız var idi ki, ən ağır şəraitdə ölkəni və İslam dəyərlərini müdafiə etmək üçün öz canlarını fəda etdilər. Bu dəyərli insanların fədakarlığı və öz canından keçməsi İran xalqının böyük fəxridir və hamımız onların qarşısında məsuliyyət daşıyırıq. Şəhid Tehrani Müqəddəm və onun kimiləri haqqında «Allahın rəhməti onun üzərinə olsun» deməyimizin səbəbi də məhz budur. Çünki bu döyüşçülər öz zamanlarının imamına yardım etmiş, bu raketlər və bu qüdrət vasitəsilə bir ölkənin dəyərini, təhlükəsizliyini və namusunu qorumuşlar.

Ayətullah Cavadi Amuli sonda ölkənin gələcəyinə dair ümidvar olduğunu ifadə edərək bildirib: Uca Allaha təvəkkül, birliyin qorunması və vəzifələrin layiqincə yerinə yetirilməsi sayəsində İslam dövlətinin qələbəsi qətidir və bu məsələdə heç bir şübhə yoxdur. Əlbəttə, bu uğur müqavimət, uzaqgörənlik və inqilab dəyərlərinin daim qorunmasını tələb edir.

Həzrət Ayətullah üzma Cavadi Amuli həmçinin Prezident və hökumət üzvləri də daxil olmaqla ölkə rəsmilərinin uğurları üçün dua edib və milli həmrəyliyin qorunmasının vacibliyini vurğulayıb.

Xəbərin sonu

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha