Hövzə Xəbər Agentliyinin verdiyi məlumata görə, İslam Hikməti Ali Məclisinin İdarə Heyətinin sədri Ayətullah Fəyyazi həzrət Ayətullah Cavadi Amulinin ofisində onunla görüşüb və fikir mübadiləsi aparıb.
Həzrət Ayətullah Cavad Amuli bu görüşdə həyata keçirilən elmi və mədəni fəaliyyətləri yüksək qiymətləndirərək, dini maarifə xidmət etmək tövfiqini ilahi nemətlərdən və İslam İnqilabının bərəkətlərindən biri kimi dəyərləndirib. O, Elmi hövzələrin və İslam Hikməti Ali Məclisinin müasir dünyanın mürəkkəb şəraitində daha fəal və təsirli rol oynamasının zəruriliyini vurğulayaraq buyurub: İndiyədək əldə etdiyiniz uğurların daha da genişləndirilməsi və bərəkət mənbəyinə çevrilməsi üçün çalışın. Bu fəaliyyətlər elə inkişaf etdirilməlidir ki, onların faydası daha geniş çevrələri əhatə etsin.
Ayətullah Cavadi Amuli bildirib ki, bu gün dünya böyük bir şəhər kimidir və Elmi hövzələr əvvəlkindən daha artıq dərəcədə öz elmi vəzifələrinə əməl etməlidirlər. O qeyd edib ki, mərhum Ayətullah Bürucerdinin yenilikçi metodu sayəsində fiqh elmində digər İslam məzhəblərinin nəzərləri və elmi baxışları diqqət mərkəzinə gətirildi və bu yanaşma fiqh elminin inkişafına, zənginləşməsinə və yeni üfüqlər qazanmasına səbəb oldu.
Həzrət Ayətullah əlavə edib ki, eyni yanaşma əqli elmlər və İslam fəlsəfəsi sahəsində də tətbiq olunmalıdır. Belə ki, müxtəlif fəlsəfi məktəblərin, nəzəriyyələrin və baxışların elmi şəkildə araşdırılması, təhlil olunması və tənqid edilməsi zəruridir. Bu, İslam düşüncəsinin inkişafı və yeni elmi nailiyyətlər əldə olunması üçün mühüm əhəmiyyət daşıyır.
Həzrət Ayətullah Cavadi Amuli Qərb fəlsəfəsinin universitetlərdə geniş şəkildə tədris olunmasına da toxunaraq bildirib: Bu gün universitetlərdə fəlsəfə təhsilinin mühüm hissəsi Hegel, Kant və digər Qərb mütəfəkkirlərinin nəzəriyyələrinə həsr olunur. Halbuki İslam fəlsəfəsi universitet mühitində kifayət qədər geniş yayılmayıb və layiq olduğu səviyyədə tədris edilmir.
O vurğulayıb ki, Elmi hövzələr İslam fəlsəfəsinin möhkəm elmi əsaslarını qoruyub inkişaf etdirməklə yanaşı, bu böyük elmi irsin universitetlərdə, elmi-tədqiqat mərkəzlərində və akademik çevrələrdə daha fəal şəkildə təqdim olunması üçün lazımi zəmini yaratmalıdırlar.
Ayətullah Cavadi Amuli bildirib ki, İslam fəlsəfəsinin zəngin irsi yalnız qorunmaqla kifayətlənməməli, həm də müasir elmi mühitlərdə canlı şəkildə iştirak etməli, yeni nəslin intellektual və ideoloji suallarına cavab verməli, onların düşüncə ehtiyaclarını ödəməlidir. Bu istiqamətdə Elmi Hövzələrin üzərinə mühüm və tarixi bir məsuliyyət düşür.
Həzrət Ayətullah Cavadi Amuli həmçinin insanın ən mühüm fikri və etiqadi mövzularından biri kimi məad məsələsinə də xüsusi diqqət yetirilməsinin zəruriliyini vurğulayaraq buyurublar: Qərb fəlsəfəsi məad və ölümdən sonrakı həyat məsələsi ilə ciddi şəkildə məşğul olmur. Qurani-Kərimdə dəfələrlə işlədilən «یوم» və «یومئذ» ifadələrinin böyük əksəriyyəti məad və axirət həyatı ilə bağlıdır. Halbuki Qərb fəlsəfəsi insanın ölümdən sonra çürüyüb yox olması, yoxsa yeni bir həyata qədəm qoyması məsələsinə demək olar ki, toxunmur. Halbuki məad və ölümdən sonrakı həyat mövzusu son dərəcə mühüm və taleyüklü bir məsələdir. Bu mövzu cəmiyyətin əsas düşüncə gündəminə çevrilmədiyi müddətdə fəlsəfə öz həqiqi missiyasına nail ola bilməyəcəkdir.
O, Qurani-Kərimin və Əhli-beyt (ə) rəvayətlərinin məad mövzusuna göstərdiyi böyük əhəmiyyətə işarə edərək bildirib: Dini təlimlər göstərir ki, ölümdən sonrakı həyata diqqət yetirmək insan üçün həm anlaşılan, həm də dərk edilə bilən bir həqiqətdir. Buna görə də fəlsəfə və kəlam elmlərinin imkanlarından istifadə etməklə bu həqiqət cəmiyyətə düzgün şəkildə izah edilməli və aydınlaşdırılmalıdır.
Həzrət Ayətullah Cavadi Amuli yeni elmi nəzəriyyələrin və fikri şübhələrin elmi mühitlərdə müzakirə edilməsinin vacibliyini də vurğulayaraq buyurub: Yeni elmi mövzular və nəzəri şübhələr dərhal ümumi ictimaiyyət arasında yayılmamalıdır. Əvvəlcə onlar elmi mühitlərdə, mütəxəssislər və bu sahənin biliciləri arasında araşdırılmalı, müzakirə edilməli və elmi baxımdan yetkinləşdirilməlidir. Çünki bəzən şübhə cavabdan daha tez insanların zehnində yer tutur və bu məsələ ciddi elmi dəqiqlik və ehtiyat tələb edir.
Həzrət Ayətullah Cavadi Amuli dua və Allaha təvəkkülün işlərin irəliləməsindəki roluna da toxunaraq bildirib: Bir çox böyük uğurlar adi maddi hesablamalardan və zahiri səbəblərdən daha üstün amillərlə həyata keçmişdir. Bu iki təkəbbürlü dövlətin bu şəkildə hücuma keçməsinə baxmayaraq uğursuzluğa düçar olması göstərdi ki, ilahi qüdrət zahirən mümkünsüz görünən hadisələri gerçəkləşdirə və insan hesablamalarını dəyişdirə bilər.
Ayətullah Cavadi Amuli çıxışının sonunda Elmi hövzə ilə universitetlər arasında əlaqələrin daha da möhkəmləndirilməsinin, fəlsəfi araşdırmaların genişləndirilməsinin və müasir dövrün fikri, ideoloji və etiqadi ehtiyaclarına ciddi diqqət göstərilməsinin vacibliyini vurğulayıb. O, bu vəzifələri hazırkı dövrdə həm elmi müəssisələrin, həm də Elmi hövzələrin üzərinə düşən ən mühüm məsuliyyətlərdən biri kimi qiymətləndirib.
Rəyiniz