bazar ertəsi 8 iyun 2026 - 18:01
Şeyx Xətib: Vaşinqton danışıqları ilə bağlı bəyanat düşmənin yaratmaq istədiyi fitnəyə fürsət verir

Hövzə | Livan Ali İslam Şiə Şurası sədrinin müavini bildirib ki, Livan hakimiyyətinin öz nümayəndələri vasitəsilə Vaşinqton bəyanatının məzmunu ilə razılaşması və onun detallarını qəbul etməsi onlar üçün sarsıdıcı olub.

Hövzə Xəbər Agentliyinin tərcümə qrupunun verdiyi məlumata görə, Livan Ali İslam Şiə Şurası sədrinin müavini Höccətül-İslam vəl-müslimin Şeyx Əli Xətib bildirib ki, Vaşinqtonda danışıqlarla bağlı yayımlanan bəyanat onlar üçün gözlənilməz olmayıb. Lakin Livandakı hakimiyyətin öz nümayəndələri vasitəsilə bu bəyanatın məzmunu ilə razılaşması və onun detalları qəbul etməsi onlar üçün sarsıdıcı olub.

O qeyd edib ki, bu bəyanat ölkə daxilində fitnənin qapılarını açır. Onlar daim belə bir təhlükə barədə xəbərdarlıq ediblər və yenə də xəbərdarlıq edirlər. Şeyx Xətib vurğulayıb ki, bu, düşmənin əsas məqsədlərindən biridir. Çünki düşmən müqaviməti məhv etməkdə uğursuz olub və bundan sonra da uğursuz olacaq.

Şeyx Əli Xətib bu fikirləri Livan Ali İslam Şiə Şurasının Həzmiyyə bölgəsində yerləşən qərargahında səsləndirib. O, çıxışına Qədir-Xum bayramı və İmam Xomeyninin (r) vəfatının ildönümü münasibətilə bağlı vurğulayaraq bildirib: Bizi bu günə çatdıran, əhdinə və peymanına sadiq olanlardan qərar verən Allaha həmd olsun. Həmçinin bizi Əmirəl-möminin Əlinin (ə) və pak imamların (ə) vilayətinə iman gətirənlərdən etdiyi üçün Allaha şükür edirik.

O əlavə edib ki, möminlər Qədir-Xum bayramında bir-birlərini məhz bu dua ilə təbrik edirlər. Bu gün Allah Rəsulunun (s) ilahi əmri yerinə yetirdiyi gündür. Allah-Taala buyurmuşdu:

> «Ey Peyğəmbər! Rəbbin tərəfindən sənə nazil ediləni çatdır. Əgər bunu etməsən, Onun risalətini yerinə yetirməmiş olarsan...»

Şeyx Xətib bildirib ki, həzrət Peyğəmbər (s) vida həccindən qayıdarkən hacıları Qədir-Xum məntəqəsində topladı və onlara məşhur xütbəsini söylədi. O xütbədə əvvəlcə İmam Əlinin (ə) möminlərin rəhbəri təyin edilməsinə zəmin yaratdı, sonra isə (Zeyd ibn Ərqəmin rəvayət etdiyi kimi) buyurdu:

«Diqqət edin, məndən sonra aranızda iki ağır və dəyərli (Səqəleyn) əmanət qoyuram».

Orada olanlardan biri soruşdu:

«Ey Allahın Rəsulu! O iki əmanət nədir?»

Peyğəmbər (s) buyurdu: «Böyük əmanət Allahın Kitabıdır. Onun bir tərəfi Allahın əlində, digər tərəfi isə sizin əlinizdədir. Ona sarılın ki, azğınlığa düşməyəsiniz. Kiçik əmanət isə mənim Əhli-beytimdir. Allah mənə xəbər verib ki, bu iki əmanət Kövsər hovuzunda mənim yanıma gələnədək bir-birindən ayrılmayacaq. Mən də Rəbbimdən bunu istəmişəm. Onlardan önə keçməyin ki, həlak olarsınız və onlardan geri qalmayın ki, məhv olasınız».

Sonra Peyğəmbər (s) İmam Əlinin (ə) əlindən tutaraq onu o qədər yuxarı qaldırdı ki, hər ikisinin qoltuqaltı göründü və hamı onu aydın şəkildə gördü.

Daha sonra buyurdu: «Ey insanlar! Möminlər üzərində onların özlərindən daha artıq ixtiyar sahibi kimdir?»

Camaat cavab verdi: «Allah və Onun Rəsulu daha yaxşı bilir».

Həzrət buyurdu: «Həqiqətən Allah mənim mövlamdır, mən isə möminlərin mövlasıyam və mən onlara özlərindən daha artıq ixtiyar sahibiyəm. Elə isə mən kimin mövlasıyamsa, Əli də onun mövlasıdır».
Rəvayətə görə, Peyğəmbər (s) bu cümləni üç və ya dörd dəfə təkrar etdi.

Sonra buyurdu: «İlahi! Onu sevəni Sən də sev, ona düşmən olanla Sən də düşmən ol...»
Bundan sonra aşağıdakı ayə nazil oldu:
الْيَوْمَ أَكْمَلْتُ لَكُمْ دِينَكُمْ وَأَتْمَمْتُ عَلَيْكُمْ
> «Bu gün dininizi sizin üçün kamil etdim, sizə olan nemətimi tamamladım...» (Maidə, 3).

Şeyx Xətib sözlərinə davam edərək deyib ki,  daha sonra insanlar Əmirəl-möminin  həzrət Əlini (ə) təbrik etdilər və ona beyət etdilər. Səhabələr arasında Əbu Bəkr və Ömər də onu təbrik edənlərdən idilər. Onlar deyirdilər: «Səni təbrik edirik, ey Əbu Talibin oğlu! Bu gündən etibarən sən mənim və bütün mömin kişi və qadınların mövlasısan.»

O əlavə etdi ki, İmam Əlinin (ə) möminlərin vəlisi təyin edilməsinin arxasında duran məna yalnız hakimiyyətə sahib olmaq deyildi. Çünki məqsəd hakimiyyətin özü deyil, hakimiyyət dinin təhrifdən qorunması və onun hakimiyyət sahiblərinin şəxsi maraqlarına xidmət edən, ümməti kölələşdirən bir vasitəyə çevrilməsinin qarşısını almaq üçün bir vasitədir.

Buna görə də İmam Əli (ə) hakimiyyətlə ümmət arasında seçim etməli olduqda ümməti seçdi və buyurdu: «Müsəlmanların işləri salamat olduğu müddətdə mən onlarla qarşıdurmadan çəkinəcəyəm.»

Vaşinqton bəyanatı düşmənin fitnə layihəsinə və müqavimətə zərbə vurmaq cəhdinə girişdir

Livan Ali İslam Şiə Şurası sədrinin müavini ölkədəki vəziyyətə toxunaraq bildirib ki, ötən çərşənbə axşamı və çərşənbə günü Vaşinqtonda aparılan danışıqlardan sonra yayımlanan fitnə xarakterli bəyanat bizi təəccübləndirmədi. Lakin bizi sarsıdan məsələ Livan hakimiyyətinin öz nümayəndələri vasitəsilə həmin bəyanatın məzmunu ilə razılaşması və onun əsaslandırmalarını qəbul etməsidir.

O sual edib: «Öz torpağını işğal edən İsrail düşməninə qarşı döyüşən bir qüvvənin “Livanın düşməni” adlandırılması məntiqlidirmi? Bu necə atəşkəs razılaşmasıdır ki, sionist işğalçıların torpaqlarımızı işğal etməsini görməzdən gəlir, əvəzində isə livanlılardan işğalçı qüvvələrin xeyrinə öz torpaqlarından geri çəkilmələrini tələb edir?»

Şeyx Xətib hesab edir ki, bu bəyanat təkcə İsrailə Livanda soyqırımı xarakterli müharibəsini davam etdirmək üçün açıq icazə vermir, həm də ölkə daxilində fitnənin qapılarını açır. Onlar daim bu təhlükə barədə xəbərdarlıq etdiklərini xatırladaraq vurğuladı ki, bu, düşmənin nail olmaq istədiyi məqsəddir. Lakin düşmən müqaviməti məhv etməkdə uğursuz olub və bundan sonra da uğursuz olacaq.

O əlavə edib ki, aydın şəkildə görünür ki, ABŞ Livanı və onun cənubunu İsrailə hədiyyə kimi təqdim edir ki, Vaşinqton sionist dairələrin təzyiqlərindən qurtulsun, İran İslam Respublikası ilə mürəkkəb danışıqlara hazırlaşsın və eyni zamanda İsrail rejiminin hakim komandasını seçkilər ərəfəsində düşdüyü siyasi çıxılmaz vəziyyətdən xilas etsin.

Şeyx Əli Xətib daha sonra bildirib: Biz ötən çərşənbə axşamı din və ictimai xadimlərlə keçirilən toplantıda demişdik ki, ABŞ tərəfindən qəfil səsləndirilən atəşkəs çağırışına ehtiyatla yanaşırıq. Lakin biz Livan torpaqlarından İsrailin tam çıxarılmasına gətirib çıxaracaq hərtərəfli atəşkəs istəyirik. Elə bir atəşkəs ki, sakinlərin öz şəhər və kəndlərinə qayıtmasına, yenidənqurma prosesinin başlanmasına və İsrail həbsxanalarındakı əsirlərin azad edilməsinə şərait yaratsın. Yalnız bu halda ölkənin gələcəyi ilə bağlı arxayın olmaq mümkündür.

O vurğuladı ki, Vaşinqtondan çıxan alçaldıcı və mənfi nəticələrdən sonra hesab edirlər ki, əgər qərar qəbul edənlər və məsul şəxslər mövcud vəziyyəti düzəltməsələr, ölkənin gələcəyi son dərəcə təhlükəli olacaq.

Şeyx Əli Xətib sonda xəbərdarlıq edərək bildirib ki, bu yol davam edərsə, onun nəticəsi daha çox qırğın, daha çox qan tökülməsi və daha böyük dağıntılar olacaq.

Şeyx Xətib: Vaşinqton danışıqları ilə bağlı bəyanat düşmənin yaratmaq istədiyi fitnəyə fürsət verir

Şeyx Əli Xətib

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha