Hövzə Xəbər Agentliyinin verdiyi məlumatına görə, həzrət İmam Zamanın (ə.f) şəxsiyyəti ilə bağlı maarif və təlimlərin yayılması məqsədilə hazırlanan «İdeal cəmiyyətə doğru» adlı məhdəviyyət mövzuları silsiləsi dəyərli oxuculara təqdim olunur.
Məsumların (ə) dəyərli təlimlərində həzrət Məhdinin (ə.f) həqiqi intizarını gözləyənlər üçün elə yüksək məqam və mənəvi dəyər bəyan olunub ki, bu, həqiqətən də insanı heyrətə gətirir və belə bir sual doğurur: Necə ola bilər ki, sadəcə intizar halı bu qədər uca bir dəyərə malik olsun?
İndi Məsumların (ə) hədislərinə əsaslanaraq intizar əhlinin bəzi fəzilət və üstünlüklərinə nəzər salaq.
Ən üstün insanlar
İntizar dövrünün insanlarına hakim olan xüsusi şəraitə görə, əgər onlar həqiqi intizar əhli olsalar, çox yüksək və dəyərli bir məqama sahib olacaqlar.
İmam Səccad (ə) bu barədə buyurur:
> «إِنَّ أَهْلَ زَمَانِ غَیْبَتِهِ وَ الْقَائِلِینَ بِإِمَامَتِهِ وَ الْمُنْتَظِرِینَ لِظُهُورِهِ عجل الله تعالی فرجه الشریف أَفْضَلُ مِنْ أَهْلِ کُلِّ زَمَان لِأَنَّ اللَّهَ تَعَالَی ذِکْرُهُ أَعْطَاهُمْ مِنَ الْعُقُولِ وَ الْأَفْهَامِ وَ الْمَعْرِفَةِ مَا صَارَتْ بِهِ الْغَیْبَةُ عَنْهُمْ بِمَنْزِلَةِ الْمُشَاهَدَةِ»
(Kəmalud-din və Təmamun-nimə, c. 1, s. 319)
“İmam Zamanın (ə.f) qeyb dövründə yaşayan, imamətinə inanan və zühurunu gözləyən insanlar bütün dövrlərin insanlarından üstündürlər. Çünki Allah-Taala onlara elə bir ağıl, anlayış və mərifət bəxş etmişdir ki, qeyb onlar üçün müşahidə və görmək hökmündədir.”
Zühur zamanı həzrətin xeyməsində olmaq
Dünyanın bütün saleh insanlarının ən böyük arzularından biri elə bir dövrdə yaşamaqdır ki, orada zülm, fəsad və azğınlıqdan əsər-əlamət qalmasın.
Bu fəzilət o zaman öz kamilliyinə çatır ki, insan zühur dövründə qiyamın rəhbərinə ən yaxın mövqedə olsun. Yəni həzrətin rəhbərlik və imamlıq məkanı olan müqəddəs çadırında iştirak etmək şərəfinə nail olsun.
İmam Sadiq (ə) zühur dövrünü görmədən dünyadan köçən həqiqi intizar əhlini vəsf edərək buyurur:
> «مَنْ مَاتَ مِنْکُمُ عَلی هَذا الْاَمْرِ مُنتَظِراً کانَ کَمَنْ هُوَ فِی الفُسْطَاطِ الَّذِی لِلْقائِمِ»
(əl-Kafi, c. 5, s. 22)
“Sizdən hər kim bu işin (İmamın zühurunun) intizarında olarkən dünyadan köçərsə, həzrət İmam Zamanın (ə.f) çadırında olan bir şəxs kimidir.”
Onların savabı namaz qılan və oruc tutan insanın savabı kimidir
Ən böyük ibadətlərdən biri namaz, digəri isə orucdur. Rəvayətlərdən belə aydın olur ki, əgər bir insan ömrünü həzrət Məhdinin (ə.f) zühurunun intizarında keçirərsə, onun savabı daim namaz və oruc halında olan bir şəxsin savabı kimi olar.
İmam Baqir (ə) bu barədə buyurur:
> «وَاعْلَمُوا اَنَّ المُنتَظِرَ لِهذا الاَمْرِ لَهُ مِثْلُ اَجْرِ الصَّائِمِ القائِمِ»
(əl-Kafi, c. 2, s. 222)
“Bilin ki, bu işin (zühurun) intizarında olan şəxsin savabı, oruc tutan və gecələri ibadətlə keçirən bir insanın savabı kimidir.”
Ümmətin ən dəyərli insanları və Peyğəmbərin (s) yaxın dostları
İnsanlar arasında Allahın Rəsulundan (s) daha şərəfli kim ola bilər? O, ilahi peyğəmbərlərin ən üstünü və Allah yanında yaradılmışların ən sevimlisidir.
Belə olan halda, intizar dövründə lazım olduğu kimi yaşayan və öz vəzifələrini yerinə yetirən bir insan, Peyğəmbərin (s) ümmətinin ən dəyərli şəxslərindən sayılar və o böyük şəxsiyyətin yaxınlığında olmaq şərəfinə nail olar.
Elə buna görə də həzrət Peyğəmbər (s) buyurmuşdur:
> «... اُولئِکَ رُفَقائی وَ اَکْرَمُ اُمَّتی عَلَی»
(Kəmalud-din və Təmamun-nimə, c. 1, s. 286)
“Onlar mənim dostlarım və ümmətimin ən dəyərli insanlarıdırlar.”
Allah yolunda mücahidlər və Allah Rəsulunun (s) yanında döyüşənlər
İnsanların ən şərəflilərindən biri Allah yolunda cihad edən mücahidlərdir. Bu fəzilət o zaman öz kamilliyinə çatır ki, həmin mücahidlik kamil insanın, yəni Allahın Rəsulunun (s) yanında həyata keçirilsin.
İmam Hüseyn (ə) buyurur:
> «إِنَّ الصَّابِرَ فِی غَیْبَتِهِ عَلَی الْأَذَی وَ التَّکْذِیبِ بِمَنْزِلَةِ الْمُجَاهِدِ بِالسَّیْفِ بَیْنَ یَدَیْ رَسُولِ اللَّهِ ص»
(Uyun Əxbarir-Rza (ə), c. 1, s. 68)
Həzrətin qeyb dövründə əziyyətlərə, təzyiqlərə və təkzib olunmağa səbir edən şəxs, Allah Rəsulunun (s) yanında qılıncla cihad edən mücahid kimidir.
Bədr və Ühüd şəhidlərindən min nəfərin savabına sahib olmaq
Həqiqi intizar əhlinin və Əhli-beytin (ə) vilayətində möhkəm qalan insanların üstünlüyü barədə rəvayətlərdə elə bir məqam bəyan olunub ki, onlara İslamın ilk dövrlərində şəhid olmuş min nəfərin savabı veriləcəyi bildirilir.
İmam Səccad (ə) bu barədə buyurur:
> «مَن ثَبَتَ عَلی مُوالاتِنا فِی غَیْبَةِ قائِمِنا اَعْطاهُ اللَّهُ عَزَّوَجَلَّ اَجْرَ اَلْفَ شَهیدٍ مِنْ شُهَداءِ بَدْرٍ وَاُحُدٍ»
(Kəmalud-din və Təmamun-nimə, c. 1, s. 323)
“Kim bizim Qaimimizin qeyb dövründə bizim məhəbbətimiz və vilayətimiz üzərində sabitqədəm qalsa, Allah-Taala ona Bədr və Ühüd şəhidlərindən min nəfərin savabını əta edər.”
Bu mövzuların ardı var...
Mənbə: Xudamurad Süleymaniyanın “Məhdəviyyət dərsliyi” kitabından müəyyən dəyişikliklərlə götürülmüşdür.
Rəyiniz