Hövzə Xəbər Agentliyinin beynəlxalq bürosunun Anadolu Agentliyinə istinadən verdiyi məlumata görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bölgədə böhran və müharibələrin davam etməsinə toxunaraq bildirib ki, Qəzzadan Livana qədər məzlum xalqların ağrı və iztirab dolu fəryadları hələ də eşidilir.
Ərdoğan qeyd edib ki, İsrail yarandığı gündən etibarən daim bölgənin sülhünü, sabitliyini, rifahını və təhlükəsizliyini təhdid edib.
O əlavə edib: «Fələstinin işğalı və fələstinlilərə qarşı soyqırımı sistemli şəkildə davam edir. Qəzzada bütün dünyanın gözü qarşısında 73 min günahsız insan qətlə yetirilib. Bu soyqırımı həm qırğınlar, həm də qeyri-insani mühasirə və təcrid formasında hələ də davam edir. Müasir tarixin ən qanlı soyqırımlarından birini həyata keçirən İsrail eyni zamanda İrana hücum edib və bundan sonra Livanın işğalına başlayıb.»
Ərdoğan İsrailin Livandakı hərbi mövcudluğunun davam etdiyini qeyd edərək deyib ki, Türkiyə də daxil olmaqla bölgə ölkələrinin etirazlarına baxmayaraq, İsrail Livandan çıxmaqdan imtina edir və hərbi əməliyyatlarını davam etdirir.
Türkiyə Prezidentinin sözlərinə görə, martın 2-dən bu günə qədər Livanda həlak olanların sayı 3 min 700 nəfərə, yaralananların sayı isə 11 min 400 nəfərə çatıb.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan həmçinin vurğulayıb ki, İsrail eyni zamanda bəzi Afrika ölkələrini və Aralıq dənizi regionunu da qeyri-sabitləşdirməyə çalışır. O, İsrail hökumətini “böhran ocağı və fitnə fabriki” adlandıraraq bildirib ki, bu rejim regionun geniş bir hissəsində təhlükəsizliksizlik və gərginlik istehsal etməklə məşğuldur.
Ərdoğan beynəlxalq ictimaiyyətin İsrail siyasətlərinə qarşı yetərsiz reaksiyasını tənqid edərək deyib: “İsrail mövcud hökuməti dövründə o qədər azğınlaşıb ki, artıq təkcə region üçün deyil, bütün bəşəriyyət üçün bir təhlükəyə çevrilib. Benyamin Netanyahu və onunla əlbir olan cinayətkar şəbəkənin Suriya və Livana qarşı hücumları indi bu iki qardaş ölkə ilə yanaşı, Türkiyəni də təhdid edir.”
O, Suriya və Livanın müstəqil ölkələr olduğunu vurğulayaraq əlavə edib: Suriya və Livan Türkiyənin sevgi və qardaşlıq coğrafiyasının bir hissəsidir. Dəməşq və Beyrut İstanbulun qardaş şəhərləridir. Türkiyənin təhlükəsizliyi yalnız Hatay sərhədlərindən başlamır, Hələb və Dəməşqdən başlayır. Türkiyənin təhlükəsizliyi Beyrutdan da başlayır. Biz qardaş ölkələrimizdə baş verən heç bir məcburi və təzyiq xarakterli addım qarşısında susmayacağıq və onlara qarşı edilən heç bir hücumu görməzdən gəlməyəcəyik.
Ərdoğan həmçinin xəbərdarlıq edib ki, Ankara öz rəqiblərinin məqsəd və planlarını yaxşı bilir və əlavə edib: Biz "Vəd olunmuş torpaq" adlandırılan xülyanın son məqsədinin nə olduğunu çox yaxşı bilirik və Allahın köməyi ilə onun həyata keçməsinə əsla imkan verməyəcəyik.
Türkiyə Prezidenti Şərqi Aralıq dənizi və Kipr adası ilə bağlı hadisələrə də toxunaraq bildirib ki, Ankara bu bölgədə gərginlik yaratmaq cəhdlərini yaxından izləyir.
O bildirib ki, bəzi kiçik qurumlar öz real güclərindən qat-qat böyük iddialarla İsrailin fitnə qayığına minərək sionizmin podratçısı rolunu üzərlərinə götürüblər. Heç kəs macəra axtarmamalı və sionist cinayətkar şəbəkənin siyasətlərinin ardınca getməməlidir. Əgər Türkiyənin və Kipr türklərinin Şərqi Aralıq dənizindəki hüquq və mənafeləri hədəfə alınarsa, bizim cavabımız tamamilə aydın və son dərəcə qəti olacaqdır.

Rəcəb Tayyib Ərdoğan həmçinin bildirib ki, İsrail beynəlxalq ictimaiyyətin susqunluğundan sui-istifadə edərək regionun sülhə, sabitliyə və təhlükəsizliyə qovuşmasına mane olub.
O vurğulayıb ki, İsrailin cilovlanması və beynəlxalq qanunlara riayət etməyə məcbur edilməsi artıq yalnız bir neçə ölkənin problemi deyil, bütün bəşəriyyətin ortaq məsuliyyətinə çevrilib.
Türkiyə Prezidenti mövcud vəziyyəti İkinci Dünya müharibəsindən əvvəlki illərlə müqayisə edərək deyib: “Səksən beş il əvvəl Hitlerin qarşısında susmaq təxminən 80 milyon insanın ölümünə səbəb oldu. Bu gün də eyni səhv təkrarlanır. Netanyahu və onun kabinetinin həyata keçirdiyi soyqırımı da Hitlerin cinayətləri kimi genişmiqyaslı susqunluq və biganəliklə qarşılanır.”
O xəbərdarlıq edib ki, əgər İsrail cilovlanmasa, onun hərəkətlərinin nəticələri yalnız regionla məhdudlaşmayacaq, bütün dünyaya təsir göstərəcəkdir.

Rəcəb Tayyib Ərdoğan çıxışının sonunda vurğulayıb ki, Türkiyə İsrailin bütün əngəlləmə cəhdlərinə baxmayaraq, regionda sülh və sabitliyin bərqərar olması istiqamətində səylərini davam etdirəcək və müharibə ilə qan tökülməsinə son qoymaq üçün bütün diplomatik imkanlardan istifadə edəcək.
O, həmçinin Qəzza və Livan xalqlarına müraciət edərək deyib: Qəzzalı və livanlı qardaşlarımıza həmrəyliy mesajımızı çatdırırıq və bir daha vurğulayırıq ki, Türkiyə indiyədək necə onların yanında olubsa, bundan sonra da onların yanında olmağa davam edəcək.
Rəyiniz