Hövzə Xəbər Agentliyinin verdiyi məlumata görə, Livan parlamentində Hizbullah hərəkatına bağlı “Müqavimətə Sədaqət” fraksiyasının deputatı Əli Fəyyad bildirib ki, Livanda hərtərəfli atəşkəsin təmin olunmasına və İsrailin hərbi əməliyyatlar aparmaq azadlığının qarşısının alınmasına əsaslanmayan heç bir plan və ya təşəbbüs müqavimət baxımından qəbul edilə bilən və mənalı hesab oluna bilməz.
Əli Fəyyad “Əl-Məyadin” telekanalına müsahibəsində bildirib ki, mövcud məlumatlar və meydandakı hadisələrin gedişi göstərir ki, heç bir siyasi formulda və ya ehtimal olunan həll yolunda müqavimətin rolunu nəzərə almamaq mümkün deyil.
O vurğulayıb ki, Cənubi Livanla bağlı son qərar müqavimətin əlində olacaq. Əli Fəyyad əlavə olaraq bildirib ki, müqavimət heç bir geri çəkilmə olmadan düşmənə qarşı mübarizəsini davam etdirir və bu qarşıdurmanı sürdürmək üçün zəruri imkanlara malikdir.
Hizbullah deputatı müqavimətin hərbi imkanlarına toxunaraq bildirib ki, onun hərbi potensialı olduqca genişdir və döyüş meydanının genişlənməsi İsrail ordusuna daha ağır itkilər verə bilər.
Livan hökumətinə tənqid
Əli Fəyyad çıxışının digər hissəsində Livandakı daxili vəziyyətə toxunaraq bildirib ki, hazırkı hökumət ölkənin həssas siyasi balanslarını pozacaq addımlar atır.
O xəbərdarlıq edib ki, Livan hakimiyyəti daxili mühiti gərginlik və qarşıdurma istiqamətinə sürükləyir və bu prosesin qarşısı alınmalıdır.
Deputat həmçinin iddia edib ki, Jozef Aun ABŞ-ın təzyiqləri nəticəsində prezident seçilib və hazırda ölkəni ağır siyasi seçimlərə doğru aparır.
Əli Fəyyad Aunun CNN telekanalına müsahibəsində səsləndirdiyi “Şeyx Nəim Qasim bütün livanlıları təmsil etmir” fikrinə cavab olaraq bildirib ki, Şeyx Nəim Qasim Livanda ən yüksək xalq dəstəyinə və siyasi təmsilçilik gücünə malik şəxslərdən biridir.
Milli baxışın formalaşdırılmasına çağırış
Hizbullah hərəkatı rəsmisi qeyd edib ki, müqavimət Livan hökumətindən öz yanında dayanmasını tələb etmir, əksinə ölkənin bütün milli potensialından istifadə olunmasını gözləyir.
O, həm müqavimətin mövqeyini, həm də Livanın xarici əlaqələrini əhatə edən ümummilli bir baxışın formalaşdırılmasına çağırıb.
Əli Fəyyad həmçinin Hizbullahın Livan parlamentinin sədri Nəbih Berrinin əsas prinsiplərin qorunması istiqamətindəki roluna tam etimad göstərdiyini bildirib və Livan ordusunun komandanlığının fəaliyyətini “müdrik və ağıllı” adlandırıb.
İran, ABŞ və regional hadisələr
Hizbullah deputatı regional hadisələrə toxunaraq bildirib ki, Yaxın Şərqdə yeni bir reallıq formalaşmaqdadır və ABŞ-ın bölgənin siyasi tənzimləmələrini dəyişmək imkanlarının məhdudluğu artıq üzə çıxıb.
Onun sözlərinə görə, Vaşinqton sonda İranla razılığa gəlməkdən başqa çıxış yolu tapa bilməyəcək.
Əli Fəyyad əlavə edib ki, İranın müqaviməti və Beyrutun cənub ətrafını müdafiə xəttinə daxil olması “cəbhələrin birliyi və bütövlüyü” prinsipinin praktiki nümunəsidir. O xatırladıb ki, İran İsrailin 7 iyun tarixində Beyrutun cənub ətrafına etdiyi hücuma cavab olaraq işğal olunmuş ərazilərdəki bəzi İsrail hərbi bazalarını hədəfə alıb.
Türkiyə ilə münasibətlər və İsrail layihəsinə dair narahatlıq
Əli Fəyyad həmçinin Hizbullah nümayəndə heyətlərinin Türkiyəyə səfər etdiyini açıqlayıb və bildirib ki, bu görüşlər zamanı Suriyanın müqavimətə qarşı hərəkətə keçməyəcəyinə dair müəyyən təminatlar alınıb.
O etiraf edib ki, Türkiyə Livandakı müqavimətin rolunu və legitimliyini dəstəkləyir. Əlavə edib ki, Türkiyə, Misir və Səudiyyə Ərəbistanında İsrailin bölgədə həyata keçirmək istədiyi genişlənməçi layihə ilə bağlı ciddi narahatlıqlar mövcuddur.
Əli Fəyyad son olaraq vurğulayıb ki, müharibənin ağır xərclərinə baxmayaraq, Beyrutun cənub ətrafında və müqavimət cəbhələrinin digər bölgələrində yaşayan müqavimət tərəfdarları yorulmayıblar və bu fədakarlıqlar onların iradəsini və sədaqətini daha da gücləndirib.
Qeyd edək ki, İsrail tərəflər arasında atəşkəs elan olunmasına dair dəfələrlə verilən bəyanatlara baxmayaraq, Livana qarşı hücumlarını davam etdirir. Məlumata görə, martın 2-dən indiyədək bu hücumlar nəticəsində ölənlərin sayı 3500 nəfəri ötüb.
Rəyiniz