Hövzə Xəbər Agentliyinin məlumatına görə, Höccətül-İslam vəl-müslimin Abbasi Vələdi öz kitablarından birində valideynlərin övladlarının ailə həyatının başlanğıcında onlara düzgün dəstək göstərmə üsuluna toxunmuşdur. Həmin yazını diqqətinizə təqdim edirik.
Bəzi valideynlər övladlarının ailə həyatının ilk dövründə bacardıqları qədər onların bütün həyat şəraitini təmin edir, daha sonra isə onları öz başına buraxırlar. Bu cür yardımın bir neçə əsas çatışmazlığı vardır:
Birincisi, övladlar ailə həyatına rahatlıq və rifah içində başlayanda, hər şeyin hazır olduğu bir şəraitdən istifadə edəndə və sonradan öz ayaqları üzərində dayanmaq məcburiyyətində qalanda, onların vəziyyəti başını qu quşunun yumşaq lələklərindən hazırlanmış yastığa qoyub yatan, sonra isə ona: “İndi başını daşın üstünə qoy və yat!” deyilən bir insanın vəziyyətinə bənzəyir. İlk dövrdəki rahatlıq və asayişdən sonra çətin şəraitə dözmək olduqca ağır olur.
İkincisi, bu üsul övladların həyatlarının başlanğıcında çalışmağa və zəhmət çəkməyə olan motivasiyasını azaldır.
Üçüncüsü, valideynlərin övladlarına daha məqsədəuyğun və məntiqli şəkildə kömək etmək imkanlarını əlindən alır. Valideynlər bütün sərvətlərini onların rahat yaşayışı üçün xərcləyirlər. Halbuki yalnız zəruri ehtiyacları təmin edib, qalan vəsaiti övladların ixtiyarına versələr ki, onu iş və ya peşə qurmaq üçün sərmayəyə çevirsinlər, bu onlar üçün daha faydalı olar.
Buna görə də, bu iqtisadi şəraitdə başqalarına kömək edərkən daha çox düşüncə və ağılla hərəkət etməliyik. Zahiri dəbdəbəli və gözoxşayan, lakin ötəri olan işlərlə xeyirxah niyyətlərimizi korlamamalıyıq.
Mənbə: "Əz no ba to" (Yenidən səninlə) kitabından bir hissə.
Rəyiniz