Hövzə Xəbər Agentliyinin verdiyi məlumata görə, “Mənəviyyatlı ailə”nin xüsusiyyətlərinə həsr olunmuş dəyərli mövzuların davamında Höccətül-İslam vəl-müslimin Seyid Əlirza Tərəşiyun ailənin ən mühüm sütunlarından biri olan “ruhi və psixoloji sağlamlığa çatma yolları”nı izah edir. Bu mətn Əhli-beyt (ə) sevərlərinə mənəvi ailə quruculuğu yolunda təqdim olunur.
“Bağışlayan və mehriban Allahın adı ilə”
Ötən gecələrdə “Mənəviyyatlı ailə”nin əsas xüsusiyyətləri barədə söhbət etdik. Vurğuladıq ki, belə bir ailənin formalaşmasının əsas sütunlarından biri həyat yoldaşı seçimində diqqətli və uzaqgörən olmaqdır. Nəticə olaraq bildirdik ki, insan həyat yolunda özünə şərik və yol yoldaşı seçərkən ruh və psixoloji baxımdan sağlam olan bir şəxsi seçməlidir. Həmçinin bu sağlamlığı müəyyən etmək üçün meyar və əlamətləri də açıqladıq.
İndi isə bu gecə cavab vermək istədiyimiz mühüm sual budur: Ruhi və psixoloji sağlamlığa nail olmaq üçün nə etmək lazımdır və bunun hansı yolları vardır?
İslamın tərbiyə sistemində cavab aydındır: Bu istiqamətdə ən əsas və fundamental yollardan biri imanın inkişaf etdirilməsi və gücləndirilməsidir.
İman yolunda addımlayan, ilahi əsaslara dərin etiqadı olan, yəni Allaha, məada və ilahi ədalətə inanan, peyğəmbərlərin və Məsum İmamların (ə) yolunu izləyən insanlar həyatın çətinlikləri və təlatümləri qarşısında daha yüksək ruhi sağlamlığa və psixoloji rahatlığa malik olurlar. Əslində, imanın inkişafı ailədə psixoloji sağlamlığa çatmaq üçün şəfa bəxş edən əsas təməl hesab olunur. Biz imanımızı gücləndirməli və bu həqiqətə inanmalıyıq.
Qardaşlar və bacılar! Əgər insanın baxışı iman üzərində qurulmayıbsa, bu dünya onun üçün başdan-ayağa əzab və müsibət olacaqdır. Belə bir vəziyyətdə insan xoş gün görməyəcək, onun ruhu və psixologiyası daim narahatlıq, təşviş və qarışıqlıq içində qalacaqdır.
Əgər insanın imanı inkişaf etməzsə, ona bütün dünya verilsə belə, bu onun üçün rahatlıq və səadət deyil, əksinə əzab və sıxıntı mənbəyinə çevriləcəkdir.
Ruhun və ailənin yüksəlişi üçün praktiki yollar
Birinci məqam: Allah və Quranla ünsiyyət
İmam Səccad (ə) bizə öyrədir ki, əgər bütün dünya məhv olsa və insan üçün heç nə qalmasa belə, o, Allah və Quranla ünsiyyətdə olarsa, yenə də aramlıq və rahatlıq tapacaqdır.
İkinci məqam: İbadətin, xüsusilə namazın bərpa edilməsi
Ruhi və psixoloji sağlamlığa çatmağın digər yollarından biri də ibadətin bəpa edilməsidir.
İlahi ibadətlərlə əlaqənizi kəsməyin. Əksinə, onlarla ünsiyyət qurun və bağlanın. Xüsusilə namaz insanın çətinliklər və problemlər qarşısında sığınacağıdır. Hər hansı bir problemlə üzləşdiyiniz zaman dəstəmaz alın və iki rükət namaz qılın. O zaman ilahi lütflərin sizə necə şamil olduğunu və qəlbinizdə, ruhunuzda necə bir rahatlıq və aramlıq yarandığını görəcəksiniz.
Rəvayətlərdə də qeyd olunur ki, əgər insan beş gün ardıcıl olaraq namazlarını öz vaxtında qılarsa, onun daxilində xüsusi bir aramlıq yaranar. Elə bir aramlıq ki, qəlbi nurlandırar və ruhunu aram edər.
Əgər bütün bu maarifi bir cümlədə xülasə etmək istəsəm, deməliyəm ki, Allahın evindən və Əhli-beytin (ə) məktəbindən başqa haraya üz tutsaq, orada çətinlik və iztirab var. Lakin bu iki mənbəyə sığınsaq, rahatlıq və nicat yolunu tapacağıq.
İlahi ibadətlərə diqqət yetirməli və onlar üçün proqram qurmalıyıq. Namazımızı, orucumuzu və digər ibadətlərimizi ciddi qəbul etməliyik.
Üçüncü məqam: Zikr
Zikr də insanın ruhi və psixoloji sağlamlığında ən mühüm amillərdən biridir. Zikr edin ki, insanın qəlbinin necə aramlaşdığını və narahatlığın ondan necə uzaqlaşdığını görəsiniz. Həqiqətən də zikr insanın ruhuna və qəlbinə rahatlıq bəxş edir, ona mənəvi sağlamlıq qazandırır.
Dördüncü məqam: Haramları tərk etmək
Əzizlər, xüsusilə də gənclər, haramlardan uzaq durmağa və günaha yaxınlaşmamağa çalışın. Günah insanı əsəbi, aqressiv və sərt xasiyyətli edir.
Bu gün əgər günaha batmış bir gənc haqqında: “Nə qədər aramdır, maşallah, necə ədəbli və gözəl əxlaqlıdır”, – demək istəsək, həqiqətən də belə bir iddianı irəli sürmək çətin olar.
Çünki günah insanın rahatlığını əlindən alır, onun ruhunu qarışıqlığa və narahatlığa düçar edir.
Beşinci məqam: Müsbət düşüncənin inkişafı
Başqalarına baxışımız müsbət olmalıdır.
Əhli-beytdən (ə) nəql olunan rəvayətlərdə bu barədə çox gözəl və dəqiq tövsiyələr vardır. Həzrət buyurur:
Əgər özündən böyük bir insan görsən, de ki, o məndən daha yaxşıdır. Çünki daha çox ömür sürüb və Allaha daha çox ibadət edib.
Əgər özündən kiçik bir insan görsən, yenə de ki, o məndən daha yaxşıdır. Çünki daha az yaşayıb və ehtimal ki, günaha daha az bulaşıb.
Əgər öz yaşıdını görsən, yenə de ki, mən öz günahlarımdan xəbərdaram, amma onun günahlarından xəbərim yoxdur. Buna görə də ola bilsin ki, o məndən daha yaxşıdır.
Bu baxış insanı həsəddən, bədgümanlıqdan və yanlış müqayisələrdən uzaqlaşdırır, ona daxili rahatlıq bəxş edir.
Altıncı məqam: Nəsihətə qulaq asmaq
Digər mühüm məqam nəsihətə qulaq asmaqdır. İnsan oturub nəsihətləri dinləməlidir. Təkcə xüsusi günlərdə deyil, daim öyüd və xatırlatmalardan faydalanmalıdır.
Məsələn, bir dəfə mərhum Kafinin çıxışlarını dinləyə, başqa bir dəfə mərhum Fəlsəfinin söhbətlərinə qulaq asa və ya qəlbinə daha yaxın olan bir natiqi seçə bilər.
Əsas məsələ budur ki, insan nəsihət eşitsin. Çünki nəsihət qəlbi cilalayır, insanın daxilində rahatlıq, nuranilik və mənəvi saflıq yaradır.
Rəyiniz