Hövzə Xəbər Agentliyinin verdiyi məlumata görə, Təbəs Məsina şəhərinin əhli-sünnə cümə imamı Mövləvi Seyid Məhəmməd Hüseyni Bircənddə Hövzə Xəbər Agentliyinin müxbiri ilə söhbətində Məhərrəm ayı münasibətilə başsağlığı verərək bildirib ki, Məhərrəm ayı İslam dininin taleyini müəyyənləşdirən hadisələri, həmçinin Əhli-beytin (ə) qəhrəmanlıqlarını və fədakarlıqlarını xatırladır. Onlar öz cəddləri Məhəmməd peyğəmbər (s) kimi İslamı xilas etmək üçün meydana çıxdılar.
O, Əhli-beyt imamlarının (ə) Allahın razılığı naminə canlarını fəda etdiklərini vurğulayaraq qeyd edib ki, bu fədakarlıq onların nur saçan bir çıraq kimi bütün dünyanı işıqlandırmasına səbəb olub. Hətta qeyri-müsəlman dünyası da İmam Hüseynin (ə) qəhrəmanlığını etiraf edir. Bunun səbəbi isə İmam Hüseynin (ə) İslamı Peyğəmbərin (s) şəriətindən uzaqlaşmış qan tökən insanların caynağından xilas etməsi olub.
Təbəs Məsina şəhərinin əhli-sünnə imamcüməsi İmam Hüseynin (ə) Aşura qiyamını zülm və küfrə qarşı qiyam kimi dəyərləndirərək xatırladıb ki, İmam Hüseyn (ə) həzrət Peyğəmbərin (s) məktəbində tərbiyə almışdı. O, cəddinin dininin təhlükə altında olduğunu gördükdə hicrət etməyə qərar verdi və dinin, eləcə də onun dəyərlərinin müdafiəsi yolunda bütün varlığını fəda etdi.
Mövləvi Hüseyni vurğulayıb ki, həzrət Hüseynə (ə) məhəbbət bəsləmək və onun yolunu davam etdirmək imanın bir hissəsidir. Çünki Allahın Rəsulu (s) bu məsələyə xüsusi diqqət yetirmişdir.
O, İmam Hüseyn (ə) əzadarlığının cəmiyyətdə davamlılığı və təsirinin qorunması yollarına toxunaraq bildirib ki, xoşbəxtlikdən əsrlər boyu İmam Hüseynin (ə) hərəkatı müsəlmanların qəlbində və ruhunda özünə yer tutub, onların canına və qanına hopub. Buna görə də bütün müsəlmanlar, məzhəbindən asılı olmayaraq, İmam Hüseyni (ə) və Peyğəmbərin (s) Əhli-beytini imanlarının ayrılmaz hissəsi hesab etməlidirlər.
Təbəs Məsina imamcüməsi İmam Hüseynin (ə) fəaliyyətinin əsas istiqamətinin yaxşılığa dəvət və pislikdən çəkindirmək olduğunu qeyd edərək deyib ki, İmam Hüseynin (ə) və onun səhabələrinin öz qanları ilə suvardıqları din, ədalət, yaxşılığa dəvət və pislikdən çəkindirmək ağacı daim yaşamalı və inkişaf etməlidir.
Mövləvi Hüseyni bildirib ki, yaxşılığa dəvət olmadan cəmiyyət süquta uğrayır. Onun sözlərinə görə, hər hansı bir cəmiyyətdə yaxşılığa dəvət və pislikdən çəkindirmək dayanarsa, həmin cəmiyyət siyasi, sosial və mədəni təhlükələrlə üzləşəcək. Mədəniyyəti süqut edən cəmiyyət isə pislikdən çəkindirmə vəzifəsini yerinə yetirməyən cəmiyyətdir.
O, haqqın hər zaman qalib gəldiyini vurğulayaraq izah edib ki, İmam Hüseyn (ə) babasının ümmətini islah etmək üçün qiyam etdi və bu yolda şəhid oldu. Buna görə də şiə və sünni olmasından asılı olmayaraq bütün müsəlmanların onun yolunu davam etdirməsi vacibdir.
Təbəs Məsina imamcüməsi əlavə edib ki, hamımız batilə qarşı mübarizə dərsini İmam Hüseyndən (ə) öyrənməliyik və onun məktəbi İslam ümməti arasında daim canlı və təsirli qalmalıdır.
Mövləvi Hüseyni sonda qeyd edib ki, İslam ölkələrinin hamısında əhli-sünnə müsəlmanları Məhərrəm günlərində Qurani-Kərim oxuyur və xətm edirlər. O vurğulayıb ki, ən mühüm məsələ hər kəsin İmam Hüseyndən (ə) və onun səhabələrindən örnək götürməsidir.
Xəbərin sonu / 14
Rəyiniz