Hövzə Xəbər Agentliyinin verdiyi məlumata görə, «İdeal cəmiyyətə doğru» adlı silsiləvi məhdəviyyət mövzuları İmam Zamanın (ə.f) təlim və maarifinin yayılması məqsədilə dəyərli oxuculara təqdim olunur.
Əvvəlki yazıda ilahi hədəflərin gerçəkləşməsində qadın və kişinin ortaq rolundan bəhs etmişdik. Bu istiqamətdə ilahi təqvaya riayət etmək, yaxşılığa dəvət etmək, pislikdən çəkindirmək, iffət və paklığı qorumaq kimi ümumi və ortaq vəzifələr Qurani-Kərimdə uca Yaradan tərəfindən bəyan edilmişdir. Qadınlar üçün iffət, həya və hicabın qorunması da bu xüsusiyyətlərin ən mühüm nümunələrindəndir. Lakin İslam cəmiyyətində qadınların özünəməxsus və əvəzsiz rolundan, eləcə də ilahi məqsədlərin həyata keçirilməsindəki xüsusi mövqeyindən qafil olmaq olmaz.
Demək olar ki, qadınların ilahi məqsədlərin gerçəkləşməsi və xüsusilə bəşəriyyətin xilaskarı olan İmamın zühuruna zəmin hazırlanması yolunda daşıdığı ən mühüm vəzifələrdən biri övlad tərbiyəsi, başqa sözlə desək, müntəzir yetişdirməkdir.
Müntəzir yetişdirmək
Ata və ananın hər ikisi övlad tərbiyəsində mühüm rol oynasa da, ananın rolu əvəzolunmazdır. Bu rol lazımınca yerinə yetirilmədiyi təqdirdə, övladın şəxsiyyəti ilahi missiyalara uyğun şəkildə formalaşmayacaqdır.
İmam Xomeyni (r) qadının tərbiyəvi məqamının əzəməti barədə buyurur:
«زن، انسان است، آن هم یک انسان بزرگ. زن مربی جامعه است. از دامن زن انسانها پیدا میشوند. مربی انسانها زن است. سعادت و شقاوتِ کشورها بسته به وجود زن است. زن، با تربیتِ صحیح خودش انسان درست میکند و با تربیت صحیح خودش کشور را آباد میکند.» (صحیفه امام، ج ٧، ص ٢٣۹)
“Qadın insandır, həm də böyük bir insandır. Qadın cəmiyyətin tərbiyəçisidir. İnsanlar qadının qoynunda yetişirlər. İnsanların tərbiyəçisi qadındır. Ölkələrin səadət və ya bədbəxtliyi qadının varlığından asılıdır. Qadın düzgün tərbiyə ilə sağlam insan yetişdirir və düzgün tərbiyə ilə ölkəni abad edir.”
(İmam Xomeyninin Səhifəsi, c. 7, s. 239)
Şübhəsiz ki, ananın tərbiyəçi məqamının bu qədər böyük və dərin təsirinin qaynağını Əmirəl-möminin İmam Əlinin (ə) kəlamında axtarmaq olar. Həzrət (ə) buyurur: ...
«اَلْوَلَدُ مَطْبُوعٌ عَلَی حُبِّ أُمِّهِ.»
(Ğürərül-hikəm və dürərül-kəlim, c. 1, s. 100)
Övlad anasının məhəbbəti ilə yoğrulmuşdur.
Uca Allahın ana ilə övlad arasında qərar verdiyi məhəbbət və bağlılıq kimi bir münasibətə başqa heç bir əlaqədə rast gəlinmir. Məhz buna görə də qadın ana məqamında malik olduğu bu mühüm tərbiyə vasitəsi – ana məhəbbəti sayəsində övladın ruhunu və varlığını ilahi və mənəvi dəyərləri qəbul etməyə hazırlaya, onu bəşəriyyətin xilaskarının zühuru və ilahi hökumətin bərqərar olması yolunda daha fəal və təsirli rol oynamağa yetişdirə bilər.
Buna görə də istər ümumi, istərsə də xüsusi baxımdan qadının zühura zəmin hazırlamaqda və İmam Məhdinin (ə.f) hökumətindəki rolunu heç vaxt kiçiltmək və ya görməzdən gəlmək olmaz.
Burada qeyd olunanlar qadının zühur və İmam Məhdi (ə.f) hökumətindəki rol və mövqeyi ilə bağlı əsas mövzuların qısa xülasəsi idi və dəyərli oxuculara təqdim olundu. Bu mövzu ilə bağlı hələ də araşdırılmalı olan bəzi əlavə məsələlər mövcuddur. Bunlardan “həzrət Məhdiyə (ə.f) məxsus 313 xüsusi səhabə arasında xanımların olub-olmaması”, “zühur və həzrət Məhdinin (ə.f) hökuməti dövründə qadınların rəcəti” və digər məsələləri qeyd etmək olar. İnşallah, növbəti yazıda bu mövzular araşdırılacaqdır.
Bu mövzuların ardı var...
Rəyiniz