Hövzə Xəbər Agentliyinin beynəlxalq bürosunun Şeyx İbrahim Zəkzakinin ofisinə istinadən verdiyi məlumata görə, hicri-qəməri 1448-ci ilin Məhərrəm ayının 10-da (25 iyun 2026-cı il) həzrət İmam Hüseynin (ə) şəhadəti münasibətilə Nigeriyanın paytaxtı Abuca şəhərində, Nigeriya İslam Hərəkatının lideri Şeyx İbrahim Zəkzakinin ofisində Əhli-beyt (ə) sevərlərinin geniş iştirakı ilə əzadarlıq mərasimi keçirilib.
Mərasimdə çıxış edən Nigeriya İslam Hərəkatının lideri Şeyx İbrahim Zəkzaki vurğulayıb ki, Aşura günləri dərs götürmək və ibrət almaq zamanıdır. O bildirib: «İmam Hüseynin (ə) qiyamı və zalımlara "yox" deməsi bizə öyrətdi ki, heç vaxt zülm qarşısında təslim olmamalıyıq. Bu qiyam eyni zamanda göstərdi ki, təkcə hakimiyyətə və gücə sahib olmaq, qanuni rəhbərlik demək deyil və belə bir hakimə itaət etməyi vacib etmir.»
Şeyx Zəkzaki Kərbəla qiyamının İslam dininin qorunmasındakı rolunu şərh edərək deyib: «Fədakarlıq və zalımlara qarşı müqavimət üzərində qurulan İmam Hüseyn (ə) məktəbi İslam dininin yaşamasını və davamlılığını təmin edən əsas amildir.»
O, İran İslam Respublikasının qələbəsini də bu təlimlərə bağlılığın bariz nümunəsi kimi dəyərləndirərək əlavə edib: «Bu, Əhli-beytin (ə) yaşatdığı haqq üzərində möhkəm dayanmaq və zülmə qarşı üsyan etmək məktəbinin canlı təzahürüdür.»
Şeyx Zəkzaki çıxışının sonunda vurğulayıb: İmam Hüseynin (ə) yolu nəyin bahasına olursa-olsun fədakarlıq etmək və doğru yolda möhkəm dayanmaq deməkdir. Dünya və axirət səadətimizin yeganə yolu da məhz budur.






Rəyiniz