Hövzə Xəbər Agentliyinin verdiyi məlumata görə, Ayətullah üzma Şübeyri Zəncani Prezident Məsud Pezeşkianla görüşü zamanı İran xalqının son təhdidlər və təcavüzlər qarşısında nümayiş etdirdiyi mətinliyi ilahi yardım və köməyin təzahürü kimi dəyərləndirərək bildirib: İnşallah, bu ilahi yardımlar bundan sonra da davam edəcəkdir.
Ayətullah üzma Şübeyri Zəncani, düşmənlərin İran xalqının müqavimət gücü ilə bağlı hesablamalarına toxunaraq vurğulayıb: Onlar düşünürdülər ki, İranı bir neçə gün ərzində məğlub edəcəklər. Lakin bu gün İran hələ də bütün qüdrəti ilə ayaqdadır. Bu davamlı müqavimət elə bir səviyyədə ilahi yardımın təzahürüdür ki, onun həqiqi mahiyyətini adi insan idrakı ilə dərk etmək mümkün deyil.
Ayətullah üzma Şübeyri Zəncani daha sonra belə bir sual səsləndirib: İran İslam Respublikasının düşmənlərinin öz məqsədlərinə nail ola bilməməsinin əsas səbəbi nə oldu?
Ayətullah üzma Şübeyri Zəncani deyib: Uca Allaha sonsuz şükür etmək lazımdır ki, Allah, bu xalqı öz xüsusi lütf və mərhəmətinə layiq görmüşdür.
Ayətullah üzma Şübeyri Zəncani, ölkə rəhbərliyinin və məsul şəxslərin xidmətlərini yüksək qiymətləndirərək bildirib: Sizin və digər məsul şəxslərin ölkə naminə göstərdiyiniz bütün zəhmətlər Allah dərgahında böyük əməllərin sırasına yazılmışdır. Elə bir yerə ki, orada nə səhv, nə də unutqanlıq var. Əgər bəzi insanlar bu xidmətləri görmürsə və ya onları etiraf etmirlərsə, buna görə narahat olmağa əsas yoxdur. Çünki Allah dərgahında heç bir xeyir əməl aradan getmir.
Ayətullah üzma Şübeyri Zəncani dövlət işlərinin idarə olunmasında Allaha təvəkkül və ona ümid bəsləməyin vacibliyini vurğulayaraq deyib: Dövlətin ümidini Allaha bağlaması ən böyük iş və ən böyük dayaqdır. Çünki hər şey uca Allahın iradəsi və qüdrəti altındadır.
Ayətullah üzma Şübeyri Zəncani, İran İslam Respublikasının İslam dünyasındakı xüsusi mövqeyinə də toxunaraq bildirib: İran İslam Respublikası şiə məzhəbini ölkənin rəsmi məzhəbi kimi qoruyub saxlayan yeganə ölkədir. Buna görə də bu ölkəyə xidmət edən insanlar üçün dua etmək hamımızın vəzifəsidir.
Ayətullah üzma Şübeyri Zəncani çıxışının sonunda mövcud şəraitdə üzərinə böyük vəzifə düşən məsuliyyətli şəxslərə müraciətlə bildirib: Bu günədək də bəlkə çox az insan İranın bu ağır sınaqdan belə başuca çıxacağını düşünürdü. Narahat olmayın. İnşallah, ilahi yardım bundan sonra da müsəlmanların və İran xalqının yanında olacaq. Bu əzadarlıq günlərində Əhli-beytə (ə), məxsusən İmam Hüseynə (ə) təvəssül etmək bu torpaq üçün bərəkət, izzət və mənəvi qüdrət mənbəyi olmuşdur və bundan sonra da belə olacaqdır.

Xalq və Silahlı Qüvvələr ölkəni vüqarlı şəkildə müdafiə etdilər
Prezident Məsud Pezeşkian da bu görüşdə son aylarda baş verən hadisələrə toxunaraq, İran xalqının düşmənlərin təzyiq və təhdidləri qarşısında nümayiş etdirdiyi möhkəm iradəni yüksək qiymətləndirərək bildirib: Son müharibə zamanı düşmənlər İslam İnqilabının Ali Məqamlı Rəhbərini, həmçinin görkəmli simalarını, o cümlədən nazirləri, hərbi generalları, bir sıra alimləri, hətta məktəblilərimizi şəhid etsələr də, xalq, Silahlı Qüvvələr və hökumət tam həmrəylik və qətiyyətlə ölkəni müdafiə edərək onların məqsədlərinə çatmasına imkan vermədi.
Prezident qeyd edib ki, ABŞ və sionist rejim ölkədə sabitliyi pozmaq məqsədilə bütün imkanlarını səfərbər etmişdi.
Ayətullah üzma Şübeyri Zəncani bildirib: Düşmənlərin hesablaması iqtisadi təzyiqləri artırmaq və ölkə daxilində vəziyyəti gərginləşdirməklə İranı süquta uğratmaq idi. Lakin xalqın geniş dəstəyi və fəal iştirakı bu planları iflasa uğratdı və uca Allah da İran xalqına öz yardımını əsirgəmədi.
Pezeşkian hökumətin fövqəladə vəziyyətlərə və mümkün təzyiqlərə qarşı əvvəlcədən hazırlıq gördüyünü vurğulayaraq deyib: Düşmənlər ölkənin həyati əhəmiyyət daşıyan infrastrukturunu, o cümlədən zavodları, qaz hasilatı və istehsalı sahələrini, polad və neft sənayesini hədəfə almaqla inkişaf və istehsal prosesini iflic etməyə çalışırdılar. Eyni zamanda, neft satışına məhdudiyyətlər tətbiq etməklə işsizliyi artırmaq və iqtisadi problemləri dərinləşdirmək niyyətində idilər. Lakin İran xalqının iradəsi və ilahi təqdir ölkənin inkişaf və tərəqqi yolunun davam etməsinə zəmin yaratdı.
Prezident son əldə olunan razılaşmanı İran xalqı üçün mühüm nailiyyət kimi dəyərləndirərək bildirib: Bu razılaşma İran xalqının böyük qələbəsidir. Razılaşmaya əsasən, neft və kimya sektoruna tətbiq edilmiş sanksiyalar aradan qaldırılıb. Hökumət ölkənin yenidən qurulması prosesini davam etdirməklə yanaşı, əhalinin sosial rifahının yaxşılaşdırılması istiqamətində də dəstək proqramlarını həyata keçirir. Ərzaq kuponlarının maliyyə həcminin artırılması da bu tədbirlər sırasındadır.
Pezeşkian həmçinin İran İslam Respublikasına məxsus dondurulmuş maliyyə vəsaitlərinin bir hissəsinin azad ediləcəyini açıqlayaraq deyib: Hazırlanmış proqram çərçivəsində, Qətərdə saxlanılan İrana məxsus ümumilikdə 12 milyard dollarlıq vəsaitin 6 milyard dolları azad edilərək ölkəyə qaytarılacaq. Qalan vəsaitin də geri qaytarılması istiqamətində zəruri danışıqlar və tədbirlər davam etdirilir.
İran nüvə silahı istehsal etmək niyyətində deyil
Prezident Pezeşkian İran İslam Respublikasının nüvə fəaliyyəti ilə bağlı prinsipial mövqeyinə toxunaraq vurğulayıb: İslam İnqilabının Ali Məqamlı Rəhbəri bundan əvvəl də açıq şəkildə bəyan edib ki, İran nüvə silahı istehsal etmək niyyətində deyil. İran İslam Respublikası bu prinsipial mövqeyinə sadiqdir. Biz beynəlxalq ictimaiyyətə bir daha təminat veririk ki, nüvə fəaliyyəti yalnız ölkənin ehtiyacları çərçivəsində və rəsmi şəkildə elan edilmiş siyasətlərə uyğun həyata keçiriləcək.
Prezident çıxışının davamında bildirib: Nəticə etibarilə ABŞ sionist rejimi əldə olunmuş razılaşmanı qəbul etməyə məcbur etdi. Bununla belə, sionist rejim və bəzi imperialist dairələr hələ də bu razılaşmanın həyata keçirilməsinə qarşı çıxırlar.
Pezeşkian milli həmrəyliyin mövcud çətinliklərin aradan qaldırılmasındakı həlledici rolunu vurğulayaraq qeyd edib: Əgər hökumət bu prosesi düzgün idarə etməsəydi, xalq daha ağır təzyiqlərlə üzləşə bilərdi. Bu gün İran İslam Respublikasının qüdrəti və beynəlxalq aləmdəki mövqeyi xalqın və dövlət rəsmilərinin milli maraqların müdafiəsi naminə nümayiş etdirdiyi birlik, həmrəylik və qarşılıqlı əməkdaşlığın nəticəsidir.
Xəbərin sonu






Rəyiniz