cümə 3 iyul 2026 - 19:24
Şəhid qanı: İran İslam Respublikasının varlığının, izzətinin və davamlılığının zəmanəti

Hövzə / Şəhid Ayətullah Seyid Əli Xamenei çıxışlarının seçilmiş hissələrində şəhadəti təkcə döyüş meydanında öldürülməkdən daha üstün bir anlayış kimi təqdim edir. Bu, Allahla edilən bir müamilədən, ilahi əhdə sadiqlikdən və dini dəyərlərin müdafiəsindən qaynaqlanan bir həqiqətdir. Şəhidlər inqilabın davamlılıq sərmayəsi, xalqın izzət amili, cəmiyyətin hərəkətverici qüvvəsi və ixlas, fədakarlıq, müqavimət və əbədi həyatın nümunəsi hesab olunurlar.

Hövzə Xəbər Agentliyinin verdiyi məlumata görə, İslam İnqilabının Ali lideri, şəhid Ayətullah üzma Seyid Əli Xameneinin mübarək nəşinin dəfn mərasimi günlərində şəhadətin Qurani-Kərim və mərifət əsaslarının yenidən nəzərdən keçirilməsi əvvəlkindən daha böyük zərurət kəsb edir. Aşağıdakı çıxışlar şəhid Ayətullah Seyid Əli Xameneinin dilindən şəhadətin həqiqəti, şəhidin məqamı, fədakarlıq mədəniyyəti, geridə qalanların vəzifəsi, eləcə də şəhid qanının İslam ümmətinin izzət, istiqlal və müqavimətinin davamındakı rolu barədə dolğun təsəvvür yaradır.

Xalqa xidmət yolunda şəhadət Allah yolunda əbədi həyatdır

Biz müsibət qarşısında necə davranmalıyıq? Mühüm məsələ budur. Mən bundan əvvəl də bu böyük itki (hörmətli prezidentin və onunla birlikdə olanların şəhadəti) barədə söhbəti bu nurani ayə ilə işıqlandırmaq istəmişdim. Uca Allah buyurur:

وَ لا تَقولوا لِمَن یُقتَلُ فی‌ سَبیلِ اللهِ ‌اَمواتٌ بَل اَحیاءٌ وَ لکِن لا تَشعُرونَ (“Bəqərə” surəsi, 154-cü ayə)

“Allah yolunda öldürülənlərə «ölü» deməyin. Əksinə, onlar diridirlər, lakin siz bunu dərk etmirsiniz.”

Bu ayənin nə əvvəlində, nə də sonrasında hərbi əməliyyat, müharibə, döyüş və buna bənzər məsələlərdən söhbət getmir. Burada yalnız «Allah yolunda» ifadəsi işlədilir. Bu ayədəki «Allah yolunda öldürülmək» ifadəsinin yalnız döyüş meydanında öldürülmək mənasına gəldiyini iddia etmək olmaz. Çünki ayədə buna dair heç bir dəlil yoxdur.

Bəli, “Ali-İmran” surəsindəki وَ لا تَحسَبَنَّ الَّذینَ قُتِلوا... ayəsi cihad mövzusu çərçivəsində nazil olub. Lakin bu ayə ümumi məna daşıyır və Allah yolunda öldürülən hər kəsi əhatə edir.

Xalqa xidmət yolu Allah yoludur. Xalq naminə cihad ruhu ilə çalışmaq Allah yoludur. İslam dövlətini idarə etmək Allah yoludur. İran İslam Respublikasının inkişafı uğrunda çalışmaq Allah yoludur.

Cənab Rəisi və onun yol yoldaşları ölkənin tərəqqisi, xalqa xidmət və İran İslam Respublikasının ucalması yolunda şəhid oldular. Buna görə də onlar bu ayənin hökmünə daxildirlər. Onları ölü hesab etməyin. Əksinə, onlar diridirlər. Bu, Qurani-Kərimin şəhidlər haqqında buyurduğu ifadədir.

23 yanvar 2024-cü il

Şəhadət – əbədi cənnət müqabilində canın Allahla mübadiləsidir

Şəhidlər haqqında məsum imamlardan (ə), eləcə də böyük şəxsiyyətlərdən, İslam İnqilabının rəhbərlərindən, həmçinin İmam Xomeyni (r) və başqalarından çox dərin və qiymətli sözlər nəql olunub. Lakin bunların hamısından üstün olan Allah-Təalanın Qurani-Kərimdə şəhidlər haqqında buyurduqlarıdır ki, heç bir başqa bəyan onunla müqayisə oluna bilməz.

Allah-Təala buyurur:

اِنَّ اللَّهَ اشتَریٰ مِنَ المُؤمِنینَ اَنفُسَهُم وَ اَموالَهُم بِاَنَّ لَهُمُ الجَنَّةَ یُقاتِلونَ فی سَبیلِ اللَّهِ فَیَقتُلونَ وَ یُقتَلونَ

“Şübhəsiz ki, Allah möminlərdən onların canlarını və mallarını cənnət müqabilində satın almışdır. Onlar Allah yolunda vuruşar, öldürər və öldürülərlər.” (“Tövbə” surəsi, 111-ci ayə)

«Allah satın almışdır» – yəni Allah bəndəsi ilə alış-veriş edir. Bəndə harada, Allah harada! Lakin Allah insanla alış-veriş edir. O, bizim canımızı insana verilə biləcək ən böyük nemət – cənnət, yəni Allahın razılığı olan cənnət müqabilində alır.

Sonra da açıq şəkildə buyurur:

«Allah yolunda vuruşarlar, öldürərlər və öldürülərlər.»

Bu, yalnız İslam dövrünə aid deyil:

وَعدًا عَلَیهِ حَقًّا فی التَّوراةِ وَ الاِنجیلِ وَ القُرآنِ

“Bu, Tövratda, İncildə və Quranda Allahın Öz öhdəsinə götürdüyü haqq vədidir.” (“Tövbə” surəsi, 111-ci ayə)

Deməli, bu həqiqət bütün ilahi peyğəmbərlərin yolu olmuşdur. Qurani-Kərimdə buyurulur:

وَ کَاَیِّن مِن نَبِیٍّ قاتَلَ مَعَهُ رِبِّیّونَ کَثیرٌ (“Ali-İmran” surəsi, 146-cı ayə)

Başqa bir ayədə isə buyurur:

وَ لا تَحسَبَنَّ الَّذینَ قُتِلوا فی سَبیلِ اللَّهِ اَمواتًا بَل اَحیاءٌ عِندَ رَبِّهِم یُرزَقونَ (“Ali-İmran” surəsi, 169-cu ayə)

“Allah yolunda öldürülənləri ölü hesab etməyin. Əksinə, onlar Rəbbinin yanında diridirlər və onlara ruzi verilir.”

Bütün bunlar şəhidlərin fəziləti barədə ilahi bəyanlardır və şəhadətin üstünlüyünü ifadə edən bundan daha uca söz yoxdur. İnsan bundan artıq nə deyə bilər?

27 sentyabr 2023-cü il

Şəhid qanı: İran İslam Respublikasının varlığının, izzətinin və davamlılığının zəmanəti

Şəhidlərin adı əbədilik və həyat rəmzidir

Şəhidlərin adı əbədilik və həyat xüsusiyyəti daşıyır. Yəni Allah yolunda fədakarlığın mahiyyəti onun dünyada qalıcı olmasıdır.

فَاَمَّا الزَّبَدُ فَیَذهَبُ جُفاءً وَ اَمّا ما یَنفَعُ النّاسَ فَیَمکُثُ فِی الاَرض (1)

"Köpük yox olub gedər, insanlara fayda verən isə yer üzündə qalar."
(«Rəd» surəsi, 17-ci ayə)

Şəhidliyin və Allah yolunda fədakarlığın xüsusiyyəti onun təbii olaraq qalıcı olmasıdır. Lakin bu, qarşı qüvvələr meydana çıxacağı təqdirdə onların heç bir təsir göstərə bilməyəcəyi anlamına gəlmir. Tarix boyu böyük dəyərlər olub ki, onların qarşısına anti-dəyərlər çıxıb, haqq tərəfdarları isə üzərlərinə düşən vəzifəni lazımi şəkildə yerinə yetirmədikləri üçün batil haqqa üstün gəlib. Tarixə nəzər salın. Peyğəmbərlər, övliyalar və böyük şəxsiyyətlər olub ki, haqq əhli öz məsuliyyətini yerinə yetirmədiyi üçün batil onlara qalib gəlib.

Deməli, şəhidlər təbii olaraq əbədidirlər və onların qalıcılıq xüsusiyyəti var. Lakin bizim də vəzifəmiz var. Biz şəhidlərin adını yaşatmalı, şəhadət anlayışından və şəhidlərin yolundan həyatımızı düzgün qurmaq üçün istifadə etməliyik. Həm öz cəmiyyətimizdə, həm də dünya miqyasında ictimai həyatın düzgün şəkildə təşkilinə ehtiyacımız var və bunu şəhidlərin yolu və onların qoyduğu irs vasitəsilə həyata keçirmək mümkündür.
(21 11.2021)

Şəhidlik – etiqadın, kimliyin və ilahi dəyərlərin müdafiəsidir

Şəhidlik anlayışını düzgün dərk etməliyik. Şəhidlik təkcə müharibədə öldürülmək demək deyil. Dünyada öz ölkələrinin müharibələrində iştirak edib həlak olan çoxlu insanlar var. Onların bir çoxu vətənini və coğrafi sərhədlərini qorumaq məqsədilə, vətənsevər bir insan kimi döyüşür. Əlbəttə, muzdlu döyüşçülər də var, lakin bəziləri bu niyyətlə həlak olur.

Bizim şəhidimiz isə belə deyil. Allah yolunda döyüşən mücahid, istər şəhid olsun, istər qazi olsun, yalnız coğrafi sərhədləri müdafiə etmir. O, etiqadın, əxlaqın, dinin, mədəniyyətin və  kimliyin sərhədlərini müdafiə edir. Əlbəttə, ölkənin coğrafi sərhədlərini qorumaq da böyük dəyərdir. Lakin bunun həmin yüksək mənəvi dəyərlərin müdafiəsi ilə vəhdət təşkil etməsi tamamilə başqa bir məqamdır. Bizim şəhidlərimizin xüsusiyyəti məhz budur.

Şəhid – Allahla bağladığı əhdə sadiq qalan və canını onunla mübadilə edən şəxsdir

Şəhidlik məsələsinə daha yüksək baxımdan yanaşsaq, şəhid bu ayənin həqiqi təcəssümüdür:

اِنَّ اللَّهَ اشتَریٰ مِنَ المُؤمِنینَ اَنفُسَهُم وَ اَموالَهُم بِاَنَّ لَهُمُ الجَنَّة (1)

"Həqiqətən, Allah möminlərin canlarını və mallarını cənnət müqabilində satın almışdır."
(«Tövbə» surəsi, 111-ci ayə)

Şəhid öz canını Allahla mübadilə edir. Şəhid məhz budur.

Həmçinin Allah-taala buyurur:

مِنَ المُؤمِنینَ رِجالٌ صَدَقوا ما عاهَدُوا اللهَ عَلَیهِ فَمِنهُم مَن قَضیٰ نَحبَهُ وَ مِنهُم مَن یَنتَظِر (2)

"Möminlər arasında Allahla bağladıqları əhdə sadiq qalan insanlar vardır. Onlardan bəziləri əhdini yerinə yetirib, bəziləri isə növbəsini gözləyir."
(«Əhzab» surəsi, 23-cü ayə)

Şəhid Allahla bağladığı əhdə sadiq qalan insandır. Bu, Allahla əhd bağlamaq, onunla alış-veriş etmək deməkdir.

Məhz buna görə Allah yolunda döyüşən mömin mücahid adi döyüşçülərdən fərqlənir. İran İraq müharibəsi illərində və ya həzrət Zeynəbin (s.ə) hərəminin müdafiəsi kimi cəbhələrdə iştirak edənlər bunu yaxından görüblər, digərləri isə kitablarda oxuyublar. Mömin mücahid döyüş meydanında olduğu zaman onun ixlası adi vaxtdakından daha çox olur, Allaha təvəkkülü artır, təvazökarlığı daha da dərinləşir və ilahi hökmlərə riayət etməkdə daha həssas davranır.
(21.11.2021)

Şəhidlik – İslam quruluşunun davamlılığının təminatı və ilahi rəhmətin təcəssümü

Şəhidlər məsələsinə son dərəcə ciddi yanaşmaq lazımdır. Biz şəhidlərə uca Allahın onlara verdiyi dəyəri verməliyik. Allah-taala buyurur:

«یُقاتِلونَ فی سَبیلِ اللهِ فَیَقتُلونَ وَ یُقتَلونَ وَعداً عَلَیهِ حَقًّا فِی التَّوراةِ وَ الاِنجیلِ وَ القُرآن»

"Onlar Allah yolunda döyüşür, öldürür və öldürülürlər. Bu, Tövratda, İncildə və Quranda Allahın öz üzərinə götürdüyü haqq vəddir."

Allah yolunda cihad edən, canını ovucunun içinə alaraq meydana çıxan insanların həm düşməni öldürməsi, həm də şəhid olması dəyərli və müqəddəsdir. Uca Allah onlara öz rəhmətini vəd etmişdir.

Canını bu yolda fəda edən şəxs barədə rəvayətlərdə qeyd olunur ki, o, hələ bu dünyadan tam ayrılmamış ilahi rəhmətin əlamətlərini müşahidə edir. Rəvayətə görə, şəhid döyüş meydanında atından yerə düşən kimi (o dövrdə döyüşlər at üstündə aparılırdı)  hələ yerə çatmamış Allahın vədini qəbul edir. Yəni hələ bu dünyada ikən onun gözü açılır, həqiqəti görür, ilahi rəhmət və fəziləti bütün aydınlığı ilə dərk edir. Şəhidliyin dəyəri məhz budur.

Əgər bu şəhadətlər və bu fədakarlıqlar olmasaydı, bu İslam dövləti ayaqda qalmazdı. Bu fidan sərt tufanların hücumuna məruz qalmışdı. Bu quruluşun məhv olmamasının, Allahın lütfü ilə bu gün qüdrətli və uca bir ağaca çevrilməsinin səbəbi fədakarlıqlar, isar, şəhadət ruhu və Allah yolunda meydana çıxmaq olmuşdur. Bu ruh qorunmalıdır. Düşmən tanınmalı, onun hiylə və planları düzgün dərk edilməlidir.
(05.12.2016)

Terror şəhidləri – terrorizmin rüsvayçılığı və İran xalqının mətinliyi

Bizim ölkədə 17 min terror şəhidi var. Bəli, 17 min terror şəhidi! Məgər bu, kiçik rəqəmdir? Məgər bu, zarafatdır? Bu terror cinayətlərini törədən şəxslər bu gün Qərb ölkələrində tam sərbəst şəkildə yaşayır və fəaliyyət göstərirlər.

Bəs bu terrorların qurbanları kimlər idi? Tacirlər, əkinçilər, alimlər, universitet müəllimləri, ibadət əhli olan möminlər, uşaqlar və qadınlar. İran İslam İnqilabının tarixində 17 min terror şəhidi qeydə alınıb.

Bu məsələnin iki tərəfi var. Bir tərəfi odur ki, bu həqiqət bu gün terrorizmə qarşı mübarizə apardıqlarını iddia edənlərin əsl simasını ifşa edir. Bu, onların yalan iddiaları qarşısında tutulmuş bir güzgüdür və göstərir ki, onlar nə qədər yalançı, hiyləgər, xəbis və alçaqdırlar. Çünki ən qəddar terrorçuları dəstəkləyir, eyni zamanda özlərini terrorizmə qarşı mübarizə aparan kimi təqdim edirlər.


Digər tərəfi isə budur ki, müqəddəs müdafiə (İran- İraq) şəhidləri istisna olmaqla, 17 min terror şəhidi vermiş bir xalq buna baxmayaraq İnqilabın xidmətində, onun yolunda və düşmənləri qarşısında möhkəm və sarsılmaz dayanmışdır. Bu İnqilabın və bu xalqın böyüklüyü məhz bu şəhadətlərlə özünü göstərmişdir.

Allah-Təalanın bu ayəsi:

«وَ یَستَبشِرونَ بِالَّذینَ لَم یَلحَقوا بِهِم مِن خَلفِهِم اَلّا خَوفٌ عَلَیهِم وَ لا هُم یَحزَنون»

"Onlar hələ özlərinə qovuşmamış möminlərə müjdə verirlər ki, onlar üçün heç bir qorxu yoxdur və onlar qəmgin olmayacaqlar." (Ali-İmran surəsi, 170-ci ayə)

İran xalqına verilmiş bir müjdədir, eləcə də bütün müsəlmanlara ünvanlanmış ilahi bir müjdədir.
(27 iyun 2015 ci il)

Şəhid qanı: İran İslam Respublikasının varlığının, izzətinin və davamlılığının zəmanəti

Şəhadət: Zahiri ayrılıq və ilahi yaxınlığa əbədi yüksəliş

Şəhid olmaq, bu dünyada yaşayan və həyat sürən biz insanlar üçün, xüsusilə də ata, ana, həyat yoldaşı kimi onu ürəkdən sevən yaxınları üçün acıdır. Çünki zahirdə bu, ayrılıq, itki və yoxluq deməkdir. Şəhadətin zahiri tərəfi məhz budur. Onun yerinin boş qalması, artıq onu görə bilməmək və ayrılığın acısını yaşamaq.

Lakin şəhadətin mahiyyəti bundan qat-qat uca və dəyərlidir. Şəhadətin əsl mənası odur ki, insan bir anda ilahi məqamlara yüksəlir, dərəcəsi mələklərdən də üstün olur. Hamımızın gec-tez daxil olacağımız əbədi axirət həyatında o, yüksək məqam sahibi olur, Allahın xüsusi lütf və mərhəmətinə nail olur, Qiyamət günü onun nuru başqalarına da fayda verir.

Allah-taala buyurur:

> «یَسْعَى نُورُهُمْ بَیْنَ أَیْدِیهِمْ وَبِأَیْمَانِهِمْ»

“Onların nuru önlərində və sağ tərəflərində hərəkət edər.”
(Qurani-Kərim, Hədid surəsi, 12-ci ayə)

Qiyamət gününün xüsusiyyətlərindən biri hər tərəfin zülmət içində olmasıdır. Günəş və başqa işıq mənbəyi olmayacaq. Lakin Allahın saleh bəndələri – o cümlədən sizin bu əziz gənciniz – hərəkət edərkən onların nuru önlərini və ətraflarını işıqlandıracaq.

Həmin gün bu nurdan məhrum olanlar həsrətlə onlara üz tutaraq deyəcəklər: “Bizə də nurunuzdan verin!” Onlara belə cavab veriləcək:

> «ارْجِعُوا وَرَاءَكُمْ فَالْتَمِسُوا نُورًا»

“Geriyə – dünyaya qayıdın və nurunuzu orada axtarın.”
(Qurani-Kərim, Hədid surəsi, 13-cü ayə)

Yəni bu nur yalnız dünya həyatında qazanılır. Axirətdə artıq onu əldə etmək mümkün deyil. Şəhidlərin və sizin əziz övladınızın həqiqi məqamı da məhz budur. (19 yanvar 2012)

Fədakarlıq və şəhadət mədəniyyəti – cəmiyyətin hərəkətverici qüvvəsi və oyanış amili

Şəhidlik və fədakarlıq mövzusu heç vaxt köhnəlmir. Bu, cəmiyyətin hərəkətverici qüvvəsidir. Təəssüf ki, bəziləri bu həqiqəti dərk etmir. Görürsünüz ki, bəziləri çıxışları, yazıları və davranışları ilə fədakarlıq və şəhadətə mənfi, naşükür yanaşır. Bu, onların məlumatsızlığından irəli gəlir. Onlar şəhidlərin və fədakar insanların hörmətinin qorunmasının bir cəmiyyət, millət və ölkə üçün nə qədər mühüm olduğunu anlamırlar.

Baxın, İmam Hüseynin (ə) pak qanı Kərbəlada qərib halda torpağa töküldü. Lakin elə ilk andan İmam Səccadin (ə) və həzrət Zeynəbin (s.ə) üzərinə düşən ən böyük məsuliyyət bu mesajı əllərində tutaraq onu müxtəlif vasitələrlə bütün İslam aləminə çatdırmaq idi. Bu hərəkat həqiqi dinin, İmam Hüseynin (ə) dini və onun uğrunda şəhid olduğu məqsədin dirçəldilməsi üçün zəruri idi.

Əlbəttə, ilahi mükafat İmam Hüseyn (ə) üçün qorunmuşdu. Onun şəhadəti sükutla da qarşılanıb unudula bilərdi. Bəs nə üçün İmam Səccad (ə) ömrünün sonunadək – ondan sonra otuz il yaşadığı müddətdə – hər fürsətdə  İmam Hüseynin (ə) adını, qanını və Əba Əbdillahın (ə) şəhadətini gündəmə gətirir, insanlara xatırladırdı? Bu səylər nə üçün idi?

Bəziləri elə düşünür ki, bu iş yalnız Əməvilərdən intiqam almaq məqsədi daşıyırdı. Halbuki Əməvilər sonradan tarix səhnəsindən silinmişdilər. İmam Rza (ə) isə artıq Abbasilər dövründə Rəyyan ibn Şəbibə nə üçün buyururdu ki, öz məclislərinizdə İmam  Hüseynin (ə) müsibətini yada salın? O zaman artıq Əməvilər yox idi, tamamilə məhv olmuşdular.

Bunun səbəbi budur ki, İmam Hüseynin (ə) yolu və onun pak qanı İslam ümmətinin ilahi hədəflərə doğru böyük hərəkatının bayrağıdır. Bu bayraq daim uca tutulmalıdır. Bu bayraq bu günə qədər ayaqdadır və bu gün də insanlara hidayət yolunu göstərməkdə davam edir. (6 iyul 2004)

Şəhadət – ən uca fəzilət və Allah yolunda fədakarlığın zirvəsi

Bütün xalqlar arasında ən əziz insan fədakarlıq edəndir. Dünyanın bütün millətləri arasında gənclik çağında canını ovucunun içinə alaraq fədakarlıq göstərən gənc ən əziz insandır. Bütün ölkələrdə və xalqlarda öz cavan və qüvvətli övladını xalqın ali idealları uğrunda fəda edən ailə başıuca və iftixarlı sayılır.

Bu, yalnız bizim ölkəyə məxsus deyil. Lakin ölkəmizə xas olan bir xüsusiyyət var. Bu amallar uğrunda şəhadət və fədakarlıq dini baxımdan ən yüksək fəzilətlərdən hesab olunur. Hədisdə buyurulur:

> «فَوْقَ كُلِّ بِرٍّ بِرٌّ حَتّى يُقْتَلَ الرَّجُلُ في سَبيلِ اللَّهِ»

"Hər bir yaxşı əməlin fövqündə ondan daha üstün bir yaxşı əməl vardır. Bu üstünlük Allah yolunda şəhid olmaq məqamına çatdıqda sona yetir və ondan uca əməl yoxdur."

Uzun illər boyu bu ölkədə çoxları bu xalqın əlindən fədakarlıq, mərdlik və canından keçmək ruhunu almağa çalışmışlar. (31 avqust 1999)

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha