çərşənbə 15 iyul 2026 - 19:32
Siyasi yazıçı və təhlilçi: Mühasirənin aradan qaldırılması yəmənlilərin ruhunu yenidən dirçəltdi və “gərginliyin azaldılması” adı altında qurulan oyunu puça çıxardı

Hövzə / Siyasi təhlilçi Əbdürrəhman əl-Abid vurğulayıb ki, mühasirənin aradan qaldırılması uğrunda aparılan mübarizə qarşıdurma prosesində dönüş nöqtəsi oldu və suverenlik hissini, eləcə də qələbə ruhunu Yəmən xalqına yenidən qaytardı.

Hövzə Xəbər Agentliyinin verdiyi məlumata görə, siyasi yazıçı və təhlilçi Əbdürrəhman əl-Abid «Əl-Məsirə» telekanalına açıqlamasında bildirib ki, mühasirənin aradan qaldırılması uğrunda aparılan mübarizə qarşıdurma prosesində dönüş nöqtəsinə çevrilib və Yəmən xalqına suverenlik və qələbə hissini yenidən qaytarıb.

O qeyd edib ki, baş verən hadisələr Səudiyyə Ərəbistanının mühasirənin davam etdirilməsindəki rolunu açıq şəkildə üzə çıxardı və göstərdi ki, Yəmən artıq təcavüzün ilk illərində malik olmadığı seçimlərə və güc vasitələrinə sahibdir. O əlavə edib ki, «gərginliyin azaldılması» mərhələsi yəmənliləri vaxt itirməyə və tükəndirməyə yönəlmiş vasitə olduğu aydınlaşdıqdan sonra başa çatıb.

Əbdürrəhman Əl-Abid hesab edir ki, təyyarənin Yəmən torpağına enməsi və bunun ardınca Yəmən Silahlı Qüvvələrinin reaksiyası, eləcə də xalqın rəhbərliyə geniş dəstəyi Yəmənin yeni mərhələyə qədəm qoyduğunu göstərir. Bu mərhələ yeni reallıqların qəbul etdirilməsi, mühasirənin davam etməsinə razı olmamaq və yəmənlilərin hava limanlarının tam şəkildə açılması hüququndan geri çəkilməmək prinsipi üzərində qurulub.

O izah edib ki, Səna hava limanının açılmasından sonra Oman və Qahirəyə həyata keçirilən iki reys yəmənlilərə, xəstələrə, tələbələrə və mühacirlərə xidmət etmək və ya onların əziyyətini azaltmaq məqsədi daşımırdı. Əksinə, bu reyslərdən kadr cəlbi, qüvvələrin yenidən təşkili və kəşfiyyat fəaliyyəti üçün istifadə olunurdu.

Siyasi təhlilçi bildirib ki, sərnişin siyahıları cəlb və ya əməkdaşlığa cəlb ediləcək şəxslərin seçilməsi məqsədilə yoxlanılırdı. Bəzi sərnişinlərə müşayiətdən tutmuş xəstəxanalara yerləşdirilməsinə və Qahirədə göstərilən yardımlara qədər təqdim olunan xidmətlər həmin kəşfiyyat fəaliyyətinin bir hissəsi idi. O vurğulayıb ki, təhlükəsizlik orqanlarının yaydığı bir sıra agentlərin etirafları onların Omanda, Qahirədə, hətta ümrə səfəri zamanı əməkdaşlığa cəlb edildiyini təsdiqləyib.

Əbdürrəhman Əl-Abid qeyd edib ki, təyyarənin enməsindən sonra meydanlarda müşahidə olunan geniş xalq sevinci süni deyildi. Bu sevinc yəmənlilərin ilk dəfə bu səviyyədə suveren mövqenin nümayiş etdirildiyini hiss etmələrinin nəticəsi idi.

O əlavə edib ki, Hudeydə hava limanının təyyarəni qəbul etməyə hazırlanması, onun Səna hava limanına enməsinin qarşısının alınacağı ehtimalına qarşı əvvəlcədən hazırlanmış alternativ planın mövcudluğunu göstərirdi. Bu hazırlıq hava limanının təmizlənməsində, tam hazır vəziyyətə gətirilməsində, eləcə də məsul şəxslərin və media nümayəndələrinin onu qarşılamağa hazır olmasında öz əksini tapmışdı.

Siyasi təhlilçi vurğulayıb ki, baş verən hadisələr yəmənlilərə ruh yüksəkliyi və özünəinam qazandırdı, qələbə ruhunu yenidən dirçəltdi. O bildirib ki, «gərginliyin azaldılması» mərhələsinin başa çatmasının elan edilməsi xalqın bu ruh yüksəkliyinin əsas səbəblərindən biri idi. Onun sözlərinə görə, bu mərhələ Səudiyyə Ərəbistanının daxili cəbhəni uzunmüddətli perspektivdə zəiflətmək və parçalamaq məqsədilə məhdud güzəştlər və ictimaiyyətlə əlaqələr kampaniyalarından istifadə etdiyi bir aldatma siyasəti idi.

Əbdürrəhman Əl-Abid sonda vurğulayıb ki, əldə olunan uğurun ən mühüm göstəricilərindən biri dövlət qurumları arasında yüksək səviyyəli koordinasiyadır. Onun sözlərinə görə, nəqliyyat nazirinin, Səna hava limanının direktorunun, Xarici İşlər Nazirliyinin və Silahlı Qüvvələrin bəyanatları bu məsələnin vahid əməliyyat qərargahı tərəfindən hikmət və koordinasiya ilə idarə olunduğunu göstərir. Bu da vətəndaşlarda təyyarənin sərnişinləri ilə bağlı təhlükəsizlik və arxayınlıq hissi yaradıb.

İran İslam Respublikasının və iranlı pilotun mühasirənin aradan qaldırılmasındakı roluna təşəkkür

Əbdürrəhman əl-Abid Yəmənə qarşı mühasirənin aradan qaldırılması üçün göstərdiyi dəstəyə görə İran İslam Respublikasına təşəkkür edib, bu uçuşu həyata keçirən iranlı pilotu yüksək qiymətləndirərək bildirib ki, o, Yəmən Respublikası tərəfindən şücaət ordeninə layiqdir.

O, həmçinin təyyarədə olan media nümayəndələrinin, siyasətçilərin, xəstələrin və həmçinin yaralıların göstərdiyi dözüm və möhkəm iradəni yüksək qiymətləndirərək vurğulayıb ki, onlar xain və qorxaq düşmənlə üz-üzə qaldıqları halda belə, təmkinlərini qoruyublar.

Əbdürrəhman Əl-Abid qeyd edib ki, Yəmən Silahlı Qüvvələrinin Əbha hava limanını hədəfə alan əməliyyatı bu qələbənin tamamlayıcı hissəsi idi. Onun sözlərinə görə, Səudiyyə Ərəbistanı bu zərbəni nəzarət altına almağa məcbur oldu, çünki Yəmənin, xüsusilə Babül-Məndəb boğazını bağlamaq ehtimalı da daxil olmaqla, həyata keçirə biləcəyi addımlardan ciddi şəkildə ehtiyat edir.

O vurğulayıb ki, Yəmən bu gün 2015-ci ildə təcavüzün başlanğıcındakı vəziyyətindən fərqli olaraq, artıq təkcə dözüm və müqavimətə deyil, həm də müxtəlif güc imkanlarına, planlara və seçimlərə malikdir.

Əbdürrəhman Əl-Abid Yəmən hava limanlarının istisnasız olaraq bütün istiqamətlər üzrə açılmasının xalqın qanuni haqqı olduğunu bildirərək qeyd edib ki, son rəsmi bəyanatlarda bu tələbdən geri çəkilməmək və onun heç bir şəkildə məhdudlaşdırılmasını qəbul etməmək qəti şəkildə vurğulanıb.

O əlavə edib ki, təyyarənin Yəmənə çatması, Səna hava limanının bombalanması və daha sonra təyyarənin Hudeydəyə enməsi xalq arasında ümumi qələbə hissi yaradıb, təcavüzün ilk illərində müşahidə olunan milli həmrəylik ruhunu yenidən canlandırıb. Onun sözlərinə görə, təyyarənin Yəmən torpağına enməsi tam mənada qələbə idi.

Siyasi təhlilçi hesab edir ki, bu hadisələrin ən mühüm məqamı “gərginliyin azaldılması” mərhələsinin başa çatmasının elan olunması idi. O izah edib ki, Ali Siyasi Şuranın sədri, Xarici İşlər Nazirliyi və Silahlı Qüvvələr tərəfindən ardıcıl yayımlanan bəyanatlar yəmənlilərə aydın mesaj verdi və onların arxayınlığını təmin etdi. Çünki həmin mərhələ nə ruh yüksəkliyi yaratmaq, nə də vəziyyəti sabitləşdirmək məqsədi daşımırdı, əksinə, xalqın vahid cəbhəsini parçalamağa yönəlmiş davamlı təzyiq siyasətinin təzahürü idi.

Əbdürrəhman Əl-Abid çıxışının sonunda bildirib ki, Səudiyyə Ərəbistanının hiyləsi artıq ifşa olunub və bundan sonra heç kimə təsir göstərməyəcək. O vurğulayıb ki, yəmənlilərin sevincinin əsas səbəbi mühasirənin yarılması uğrunda mübarizədə qələbə, təyyarənin Yəmənə çatması və “gərginliyin azaldılması” mərhələsinin başa çatmasının elan olunması idi.

O, Yəmən xalqını böyük və öz rəhbərliyinə sadiq xalq kimi dəyərləndirib.

Əbdürrəhman əl-Abid sözlərini belə yekunlaşdırıb: Təyyarə Yəmənə çatmamışdan əvvəl də, uçuş zamanı da, endikdən sonra da hamı öz rəhbərinin göstərişinə tabe idi. Vətəndaşlar davamlı olaraq belə deyirdilər: "Bizim üçün rəhbərimizin dediyindən başqa yol yoxdur." Bu isə onların rəhbərliyin göstərilən bütün bu fədakarlıqları qiymətləndirəcəyinə olan dərin inamını nümayiş etdirir.

Siyasi yazıçı və təhlilçi: Mühasirənin aradan qaldırılması yəmənlilərin ruhunu yenidən dirçəltdi və “gərginliyin azaldılması” adı altında qurulan oyunu puça çıxardı

Əbdürrəhman əl-Abid – siyasi təhlilçi 

Rəyiniz

You are replying to: .
captcha