Hövzə Xəbər Agentliyinin verdiyi məlumata görə, Livan Şiələrinin Ali İslam Şurasının sədr müavini Şeyx Əli Əl-Xətib vurğulayıb ki, müqavimət döyüşçülərinin və mülki vətəndaşların qanı üzərində aparılan hər cür alveri qətiyyətlə rədd edirik. Biz sionist düşmənin torpaqlarımızdan tamamilə geri çəkilməsini, xalqımızın şəhərlərinə, kəndlərinə və evlərinə ləyaqətlə qayıtmasını, yenidənqurma prosesinin başlanmasını və İsrail həbsxanalarında saxlanılan livanlı əsirlərin azad edilməsini tələb edirik. Bu məsələlər həyata keçirildikdən sonra xalqı və torpağımızı qoruya, milli suverenliyi təmin edə biləcək ordunun formalaşdırılmasına yönəlmiş milli müdafiə strategiyası barədə dialoq başlaya bilər.
Şeyx Əl-Xətib bildirib ki, düşmənlərin keçmişi əsirlərin qətlə yetirilməsi, silahsız mülki şəxslərin kütləvi şəkildə öldürülməsi və bağlanmış razılaşmaların pozulması kimi rüsvayedici nümunələrlə doludur. Amerika Birləşmiş Ştatlarının müdafiəsiz xalqlara qarşı həyata keçirdiyi təcavüz, qırğın və dağıntılar bunun ən bariz nümunəsidir. Onların meyarı yalnız güc, məqsədləri isə sərvətləri talamaq və xalqları zəiflətməkdir. Nə beynəlxalq hüquq, nə müqavilələr, nə insan hüquqları, nə də beynəlxalq ədalət onları bu yoldan çəkindirə bilir. Onlar son dərəcə həyasızcasına öz cinayətləri ilə fəxr edir, qarşılarında heç bir maneə tanımır, insanların qanını halal sayır və hətta həyatı məhv edirlər.
O əlavə edib ki, bütün bunlardan sonra həmin cinayətləri əsaslandıran, onlara yardım edən, hətta daha çox cinayət törətməyə təşviq edən şəxslərin mövcudluğu təəssüf doğurur. Halbuki onlar bizim həmvətənlərimizdir və guya milli suverenliyin müdafiəçiləri kimi öz torpaqlarını, vətənlərini və ölkələrini qatil təcavüzkarlardan qorumalı, ləyaqət və şərəf uğrunda mübarizədə xalqla çiyin-çiyinə dayanmalı idilər.
Livan Şiələrinin Ali İslam Şurasının sədr müavini qeyd edib ki, bugünkü mübarizəmiz zülm və təcavüzə qarşı ədalət uğrunda aparılan mübarizədir və şübhəsiz ki, qələbə bizim olacaq. Allah möhlət verir, lakin unutmaz və zalımlar üçün necə də pis aqibət hazırlanıb. Biz izzətə nail olduq, onlar isə satqınlıq və xəyanət rüsvayçılığına yuvarlandılar. Bizdən şəhid olanlar şəhadət məqamına ucaldı, bizim şəhidlərimiz cənnətdə, onların ölüləri isə cəhənnəmdədir. Sağ qalanlarımız isə izzət və başucalığı ilə yaşayırlar.
O əlavə edib ki, biz bu mübarizəni elə bir şəraitdə davam etdiririk ki, Allahdan sonra İran İslam Respublikası – özü də açıq təcavüz və cinayətlərin hədəfi olduğu halda – həm bizi, həm də Qəzzəni dəstəkləyir. Bu yolda biz ən qiymətli varlıqlarımızı birlikdə qurban vermişik və bizim üçün ölümə doğru getməyimizlə ölümün bizə gəlməsi arasında heç bir fərq yoxdur. Biz Amerikaya getmədik və ona hücum etmədik. Əksinə, onlar təkəbbür və lovğalıqları ilə bizə hücum etdilər. Allah da Hörmüz boğazını onlar üçün bir tələyə çevirdi ki, orada məhv olsunlar; necə ki, Fironu Nil çayına sürükləyib orada qərq etdi.
Şeyx Əl-Xətib vurğulayıb ki, düşmənlər öz məqsədlərinə çata bilməyəcəklər. Çünki bizim dayağımız ilk növbədə Allah, sonra isə Livanda, İran İslam Respublikasında, İraqda, Yəməndə və Qəzzədə xalqın, ailələrin və müqavimətin nümayiş etdirdiyi və göstərməkdə davam etdiyi müqavimət iradəsidir.
O davam edib ki, Amerika cə sionist düşmənləri bizi diz çökdürmək və alçaltmaq niyyətindədir, bağladığı öhdəlik və verdiyi vədlərdən isə daim boyun qaçırır. Bu, onların siyasətinin ayrılmaz xüsusiyyətidir. Livanda düşmən işğal altında olmayan ərazilərdən guya geri çəkilməkdən danışaraq və həmin ərazilərə Livan ordusunun yerləşdirilməsini sınaq vasitəsinə çevirməklə bizi aldatmağa çalışır. Bu necə yalandır, hətta ifadə baxımından belə?! Əslində işğal edilməmiş ərazidən düşmən necə geri çəkilə bilər? Düşmənlə danışıqlar aparan Livan dövləti bu yalana necə razı ola bilər? Livan ordusunu bu oyuna necə cəlb etmək olar? Məgər məqsəd ordunu müqavimət və xalqla üz-üzə qoymaq deyil?
Şeyx Əli Əl-Xətib çıxışının digər hissəsində vurğulayıb ki, müqavimət döyüşçüləri və mülki vətəndaşlar da daxil olmaqla, şəhidlərimizin qanı üzərində aparılan hər cür alveri qətiyyətlə rədd edirik. Biz sionist düşmənin torpaqlarımızdan tamamilə geri çəkilməsini, xalqımızın şəhərlərinə, kəndlərinə və evlərinə ləyaqətlə qayıtmasını, yenidənqurma prosesinin başlanmasını və İsrail həbsxanalarında saxlanılan livanlı əsirlərin azad edilməsini tələb edirik. Bundan sonra xalqımızı və torpağımızı qoruya, milli suverenliyi təmin edə biləcək ordunun formalaşdırılmasına yönəlmiş milli müdafiə strategiyası barədə dialoq başlaya bilər.
O əlavə edib: Biz xalqımızın daha artıq əzab-əziyyətə, qan tökülməsinə və dağıntılara məruz qalmasını istəmirik. Bu məsuliyyəti dövlət öz üzərinə götürməlidir. Əgər dövlət əvvəldən bu vəzifəsini yerinə yetirsəydi, vəziyyət bu həddə çatmaz və biz bütün bu ağır bədəli ödəməli olmazdıq. Bu məsələni iki gün əvvəl vidalaşmaq üçün bizimlə görüşə gələn Fransanın səfirinə də çatdırdıq və onun bu mövqeyi anladığını gördük. Bu isə Fransa və digər Avropa ölkələrini bu mövqeyin praktik şəkildə müdafiəsi üçün fəaliyyət göstərməyə borclu edir.
Livan Şiələrinin Ali İslam Şurasının sədr müavini bildirib ki, biz sionist düşmənin Cənub bölgəsində həyata keçirdiyi planlı şəkildə olan dağıntıları, yaşayış məntəqələrinin yerlə-yeksan edilməsini və həmçinin torpaqların tamamilə məhv edilməsini diqqətlə izləyirik. Vəziyyət elə həddə çatıb ki, sakinlər artıq öz kəndlərinin coğrafiyasını belə tanıya bilmirlər. Bu səbəbdən böyük təəssüf və qəzəblə Livanın rəsmi və siyasi dairələrinin, eləcə də beynəlxalq ictimaiyyətin bu vəhşilik qarşısındakı sükutunu qeyd edirik. Hətta Livanı təmsil edən danışıqlar aparan nümayəndə amerikalılar və sionistlərlə görüşlərində bu məsələni gündəmə gətirməyə belə cəsarət etmir. Cənub şəhər və kəndləri soyqırımı xarakterli şəkildə dağıdıldığı halda, Livan nümayəndəsinin özü və ölkəsi barədə yaratdığı bu alçaldıcı mənzərə nə deməkdir? Buna görə də Livan hökumətindən tələb edirik ki, bu məsələni prioritet məsələyə çevirsin, xalqın əlində qalan mülklərin qorunması üçün ərəb və beynəlxalq platformalarda yüksək səslə etiraz etsin. Baxmayaraq ki, bilirik, bu işdə çox gecikiblər və görünür, bəzi siyasi qüvvələrlə birlikdə bu açıq cinayətə razılıq verirlər.
Şeyx Əl-Xətib çıxışının digər hissəsində bildirib: Keçən həftə İran İslam Respublikasının şəhid lideri, şəhid Ayətullah Seyid Əli Xameneinin dəfn mərasimində iştirak etdik və İranın bir sıra siyasi və dini rəsmiləri ilə görüşlər keçirdik. Onların hamısından Livanla bağlı eyni mövqeni və eyni öhdəliyi eşitdik. Onlar vurğuladılar ki, biz bu mübarizədə tək deyilik və İran İslam Respublikası müharibənin dayandırılması və Livan torpaqlarının İsrail işğalından azad edilməsi istiqamətində ölkəmizə dəstək verməyə qəti şəkildə sadiqdir. Hətta İran ABŞ ilə yekun razılaşmanın əldə olunmasını İsrailin Livan torpaqlarından tam geri çəkilməsi ilə şərtləndirib.
O əlavə edib: Təəssüf doğurur ki, Livan rəsmiləri onlar üçün mühüm üstünlük və güclü siyasi kart hesab edilməli olan bu öhdəliyə heç bir əhəmiyyət vermir və İran İslam Respublikası ilə, xüsusilə diplomatik sahədə, düzgün olmayan münasibətlərini davam etdirirlər. Sanki İranla münasibətləri qırmağa çalışır, eyni zamanda isə düşmənlə birbaşa danışıqlarda israr edirlər. Buna görə də bir daha Livan hökumətini öz mövqeyinə yenidən baxmağa və Allahdan sonra əsas ümid mənbəyi olmalı olan İran İslam Respublikası ilə münasibətləri düzəltməyə çağırırıq.
Şeyx Əl-Xətib mövcud vəziyyəti təhlil edərək bildirib: Bu mərhələdə əsas problem odur ki, istər ABŞ, istərsə də sionist rejim daxilində seçki prosesi ilə bağlı qarışıq və qeyri-müəyyən dövr başlayıb. Açıq desəm, narahatıq ki, amerikalılar və israillilər nail olmaq istədiyimiz məqsədlərə doğru atılmalı olan addımları gecikdirəcək və hər şeyi gələn payız keçiriləcək seçkilərdən sonraya saxlayacaqlar. Buna görə də biz yalnız hərbi deyil, həm də siyasi, təhlükəsizlik və ictimai sahələrdə daim hazırlıqlı olmalıyıq.
Elə buna görə də Livan rəsmilərini yanlış hesablamalara aldanmamağa, mövqelərinə yenidən baxmağa və heç olmasa gec peşman olmamaq üçün öz nüfuzlarını qorumağa çağırırıq.
Şeyx Əl-Xətib çıxışının sonunda ehtiramını ifadə edərək deyib: Mübariz, cəsur, fədakar və həmçinin səbirli xalqımıza təşəkkür edirəm. Onlar yalan vədlərə aldanmadılar, təhdid və təbliğat qarşısında geri çəkilmədilər. Yaşasın uzaqgörən Livan xalqı! Onlar Allahın istədiyi kimi davranaraq işi Allahın, eləcədə onun Rəsulunun və rəhbərlərin ixtiyarına buraxdılar:
> وَإِذَا جَاءَهُمْ أَمْرٌ مِّنَ الْأَمْنِ أَوِ الْخَوْفِ أَذَاعُوا بِهِ ۖ وَلَوْ رَدُّوهُ إِلَی الرَّسُولِ وَإِلَیٰ أُولِی الْأَمْرِ مِنْهُمْ لَعَلِمَهُ الَّذِینَ یَسْتَنبِطُونَهُ مِنْهُمْ ۗ وَلَوْلَا فَضْلُ اللَّهِ عَلَیْکُمْ وَرَحْمَتُهُ لَاتَّبَعْتُمُ الشَّیْطَانَ إِلَّا قَلِیلًا
“Onlara əmin-amanlıq və ya qorxu ilə bağlı bir xəbər çatdıqda onu dərhal yayırlar. Halbuki əgər onu Peyğəmbərə və öz rəhbərlərinə çatdırsaydılar, onların içərisində həqiqəti düzgün qiymətləndirməyi bacaranlar onu anlayardılar. Əgər Allahın sizə olan lütfü və mərhəməti olmasaydı, çox azınız istisna olmaqla, hamınız şeytanın ardınca gedərdiniz.” (“Nisa” surəsi, 83-cü ayə).

Şeyx Əl-Xətib
Rəyiniz