Hövzə Xəbər Agentliyinin verdiyi məlumata görə, Elmi hövzələrin rektoru Ayətullah Ərafi müqəddəs Qum şəhərində Milli Əhali Qərargahının katibi xanım doktor Mərziyə Vəhid Dəstcerdi ilə görüşündə görülən işləri yüksək qiymətləndirərək Milli Əhali Qərargahının istiqamətləndirici roluna diqqət çəkib və bildirib: Milli Əhali Qərargahı bu sahədə rəhbərlik və istiqamətləndirmə funksiyasını yerinə yetirməlidir.
Elmi hövzələrin rektoru qocalma prosesinin nəticələrinin idarə olunması və demoqrafik meyillərin düzəldilməsi sahəsində uğurlu nəticələr əldə etmiş ölkələrin təcrübəsinin xüsusi şəkildə araşdırılmasını istəyib.
O vurğulayıb ki, başqa bir ölkədə müəyyən siyasət və ya tədbirin uğurlu olması həmin siyasətin İranda da eyni nəticəni verəcəyi anlamına gəlmir. Buna görə də dünya təcrübəsindən istifadə edilərkən ölkənin mədəniyyəti, ictimai şəraiti və yerli xüsusiyyətləri dəqiq nəzərə alınmalıdır.
Ayətullah Ərafi münasib mənzillə təminatı demoqrafik siyasətə təsir göstərən mühüm amillərdən biri hesab edərək, aidiyyəti qurumların bu məsələyə xüsusi diqqət yetirməsinin vacibliyini vurğulayıb.
O, bu sahədə Elmi hövzələrin əməkdaşlığa hazır olduğunu bildirərək, evliliyin asanlaşdırılması, bu sahədə mövcud problemlərin həlli, sonsuzluq məsələlərinin aradan qaldırılması üçün xalqın və bütün dövlət qurumlarının birgə fəaliyyət göstərməsinin zəruriliyini diqqətə çatdırıb. Həmçinin bütün proseslərdə şəri qaydalara riayət edilməsinin mühüm olduğunu qeyd edib.
Görüşün əvvəlində Milli Əhali Qərargahının katibi Elmi hövzələrin rektoruna Qərargahın fəaliyyəti və həyata keçirdiyi tədbirlər barədə ətraflı hesabat təqdim edib, aidiyyəti qurumlar tərəfindən Ailənin Dəstəklənməsi və Əhalinin Gəncləşdirilməsi Qanununun icra vəziyyəti, eləcə də qanunun bəzi maddələrinin hazırlanması və tətbiqi prosesində mövcud problemlər barədə məlumat verib.
Rəyiniz