Hövzə Xəbər Agentliyinin beynəlxalq bürosunun verdiyi məlumata görə, İslami Analiz portalına istinadən, ABŞ-ın milli təhlükəsizlik üzrə sabiq müşaviri və bu ölkənin Əfqanıstan, İraq və Suriyadakı müharibə və işğallarının əsas memarlarından biri olan Con Bolton verdiyi müsahibədə Camal Xaşuqcinin qətlinin pərdəarxası məqamlarını açıqlayıb.
ABŞ xarici siyasətində sərt xəttin tanınmış simalarından hesab olunan Bolton Donald Tramp administrasiyasında qəbul edilən qərarların gedişini yenidən nəzərdən keçirərək, Vaşinqtonun insan haqları şüarlarına münasibətdə əsl yanaşmasını faktiki olaraq üzə çıxarıb.
"Biz vicdani meyarlara deyil, maraqlara əsasən hərəkət etdik"
Bolton bildirib ki, Vaşinqtonla Səudiyyə Ərəbistanı arasındakı münasibətlər "milli maraqlar" əsasında qurulub və beynəlxalq münasibətlərdə əxlaqın yeri yoxdur.
O, Camal Xaşuqcinin qətlindən sonra Ağ Evdə hökm sürən mühit və böhranın necə idarə olunduğunu xatırladaraq, Donald Trampın Ər-Riyada dəstək verməsi barədə qərarına toxunub və deyib: Mənim üçün təəccüblü idi ki, Tramp heç bir müzakirəyə girmədən dərhal səudiyyəlilərin tərəfində dayanmaq qərarı verdi. Bizim qərarımız onları açıq şəkildə qınamaq deyil, dəstəkləmək idi. Bizim dəyərlər sistemimizdə böyük əhəmiyyət verdiyimiz çox məsələlər var, lakin beynəlxalq münasibətlər şəxsi münasibətlərlə eyni deyil. Bəzən insan xoşagəlməz seçimlər etməyə məcbur olur. Böhranlı bölgələrdə düzgün addım vicdanınızın və ya əxlaqi prinsiplərinizin dediyi deyil, maraqlarınızın tələb etdiyi addımdır.
Bolton həmçinin açıqlayıb ki, qətldən dərhal sonra Trampın kürəkəni Cared Kuşnerlə birlikdə Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salmanla telefon danışığı aparıblar və Vaşinqtonun Ər-Riyada verdiyi tövsiyə əslində "böhranı idarə etmək və hadisənin üstünü örtmək" məqsədi daşıyıb.
O deyib: Mənim tövsiyəm bu idi ki, həqiqət nə olursa-olsun, mümkün qədər tez açıqlansın və bu iş qısa zamanda bağlansın.
Silah satışından əldə olunan milyardlarla gəlir və geosiyasi hesablamalar
Bolton etiraf edib ki, dünya miqyasında böyük rezonans doğuran bu qətldən sonra belə ABŞ-ın Səudiyyə Ərəbistanını dəstəkləməsinin əsas səbəbi Vaşinqtonun strateji maraqları, silah sənayesinin əldə etdiyi milyardlarla gəlir və geosiyasi hesablamalar olub.
O bildirib: Biz bilirdik ki, bu qətlin əmri Səudiyyə hökumətindəki yüksək vəzifəli şəxslərdən biri tərəfindən verilib. Lakin sonda seçim qarşısında qalırsınız: Səudiyyə rəsmilərinin sifarişi ilə törədilmiş ehtimal olunan bir qətl səbəbindən bu ölkəni təcrid etməlisiniz, yoxsa ABŞ-ın həyati maraqlarını – o cümlədən nefti və bölgədə İrana qarşı blokun qorunmasını – nəzərə alaraq bu hadisəni arxada qoymağa çalışmalısınız? Mən hesab edirdim ki, Səudiyyə Ərəbistanı ilə yaxın münasibətlərin qorunması daha vacibdir.
Tramp beynəlxalq münasibətlərə ölkə rəhbərləri arasındakı şəxsi münasibətlər, iqtisadiyyat və ticarət sövdələşmələri prizmasından baxır. O, dünyanı bu cür görür. Səudiyyə Ərəbistanına silah satışı da ABŞ-ın aerokosmik və müdafiə sənayesi, yəni silah lobbisi üçün həyati əhəmiyyət daşıyır.
"İnsan haqları mövzusunu qaldırmaq vaxt itkisidir"
ABŞ-ın sabiq milli təhlükəsizlik müşaviri əlavə edib ki, Vaşinqtonun Yaxın Şərq hökumətləri ilə münasibətlərində "insan haqları" anlayışı əslində yalnız rəqiblərə təzyiq vasitəsi kimi istifadə olunur və ABŞ müttəfiqləri ilə münasibətlərdə bu məsələnin heç bir əhəmiyyəti yoxdur.
O bildirib ki, keçirdiyi görüşlərdə insan haqları məsələsi heç vaxt gündəmə gətirilmirdi və deyib: Mən düşünmürdüm ki, bu mövzunun qaldırılması həmin işdə hər hansı fərq yaradacaq. Hətta Bayden dövrünün təcrübəsi də göstərdi ki, bu məsələni gündəmə gətirmək digər maraqlarımıza nail olmaq imkanlarımızı zəiflədir. İki tərəfin masa arxasında oturub bizim gündəliyimiz bunlardır, onların gündəliyi isə bunlardır deməsi və sonra növbəti səhifəyə keçməsi mənim fikrimcə sadəcə vaxt itkisidir.
Ruzveltin məşhur ifadəsi ilə etiraf
Bolton çıxışının davamında ABŞ-ın sabiq prezidenti Franklin Ruzveltin Latın Amerikasındakı diktatorlardan biri haqqında söylədiyi məşhur ifadəyə istinad edərək, ABŞ maraqlarını təmin edən avtoritar rejimlərə dəstək verilməsini müdafiə edib.
O deyib: ABŞ siyasi tarixinin məşhur ifadələrindən biri Franklin Ruzveltin Qvatemalanın o zamankı diktatoru – bəzi mənbələrə görə isə Nikaraqua diktatoru – haqqında dediyi sözdür. Ruzvelt demişdi: 'O, bəlkə də əclafdır, amma bizim əclafımızdır.' Mən də bu məsələdə Ruzveltlə eyni fikirdəyəm.
Əgər ümumi mənzərəyə baxsanız, Məhəmməd bin Salman Yaxın Şərqin geosiyasi düzənində mühüm fiqurdur və uzun illər ABŞ-ın ən sadiq müttəfiqlərindən biri olub.
Rəyiniz