Hövzə Xəbər Agentliyinin verdiyi məlumata görə, İran İslam Respublikasının siyasi və mədəni düşüncə sistemində qadınların rolu hər zaman yalnız ictimai və ya ailəvi vəzifə ilə məhdudlaşdırılmayıb. Bu düşüncə sistemində qadın təkcə ailənin dayağı deyil, həm də bir millətin kimliyini, mədəniyyətini və gələcəyini formalaşdıran ən mühüm amillərdən biri hesab olunur.
Həzrət Ayətullah Seyid Müctəba Xameneinin müraciət və çıxışlarında qadınların vəzifələrinə ayrıca həsr olunmuş xüsusi bir bəyanat olmasa da, onun müxtəlif mövzulardakı fikirlərini bir araya gətirdikdə, İran İslam Respublikasının inkişafı və yeni sivilizasiyanın qurulması prosesində qadınların strateji mövqeyini əks etdirən aydın bir mənzərə yaranır.
Bu baxışda diqqəti cəlb edən əsas məqam qadına münasibətdə məhdudlaşdırıcı yanaşmalardan uzaq durulmasıdır. Bu düşüncə sistemində qadın nə yalnız ənənəvi rollar çərçivəsində, nə də təkcə ictimai və inzibati fəaliyyətlər prizmasından dəyərləndirilir. Əksinə, o, ailə, cəmiyyət və sivilizasiyanı bir-birinə bağlayan əsas həlqə kimi təqdim olunur. Buna görə də qadınların məsuliyyəti gələcək nəslin tərbiyəsindən başlayaraq, ictimai kapitalın formalaşdırılması, ümumi mədəniyyətin yüksəldilməsi, milli kimliyin möhkəmləndirilməsi və ictimai sahələrdə fəal iştiraka qədər uzanır.
Ən çox vurğulanan məsələlərdən biri əhali artımı və övlad dünyaya gətirməkdir. Həzrət Ayətullah Seyid Müctəba Xamenei əhali artımını yalnız demoqrafik və ya iqtisadi məsələ hesab etmir, onu milli qüdrətin əsas şərtlərindən və yeni İran İslam mədəniyyətinin formalaşmasının mühüm dayaqlarından biri kimi təqdim edir. Bu baxımdan övlad sahibi olmaq artıq yalnız şəxsi qərar deyil, həm də ictimai və sivilizasiya məsuliyyətidir. Belə yanaşma ananın mövqeyini fərdi çərçivədən çıxararaq, onu ölkənin gələcəyinin qurulmasında əsas rol oynayan şəxs kimi göstərir. Çünki gənc, dinamik, motivasiyalı və düzgün tərbiyə olunmuş nəsil olmadan heç bir sivilizasiya davamlı inkişaf edə bilməz.
Bununla yanaşı, onun düşüncəsində övlad dünyaya gətirməyin əhəmiyyətinə verilən önəm heç vaxt qadının rolunu yalnız analıqla məhdudlaşdırmır. Əksinə, əhali artımı ilə yanaşı, tərbiyə məsələsi daha dərin məna qazanır.
Həzrət Ayətullah Seyid Müctəba Xamenei ananı insanın ilk və ən təsirli tərbiyəçisi hesab edir. İnsanın şəxsiyyəti, inancı, əxlaqı, kimliyi və hətta məsuliyyət hissi ilk növbədə ananın qucağında formalaşır. Bu baxımdan hər bir cəmiyyət üçün ən mühüm sərmayə bacarıqlı, məsuliyyətli və şüurlu insanların yetişdirilməsidir və bu prosesdə qadınların rolu əvəzsizdir.
Müasir ictimai dəyişikliklər bu baxışın əhəmiyyətini daha da artırır. Bu gün media, sosial şəbəkələr və müxtəlif mədəni axınlar yeni nəslin formalaşmasında mühüm rol oynadığı üçün ailənin, xüsusilə də anaların övladların mənəvi və əxlaqi istiqamətləndirilməsində rolu strateji əhəmiyyət daşıyır. Tərbiyə artıq yalnız bilik və bacarıq öyrətmək deyil, həm də şəxsiyyətin, düşüncə tərzinin, məsuliyyət hissinin və həyat tərzinin formalaşdırılması prosesidir.
Məhz buna görə də həzrət Ayətullah Seyid Müctəba Xameneinin qadınlara baxışı gələcəyə yönəlmiş və sivilizasiya xarakterli baxışdır; elə bir baxış ki, ölkənin gələcəyini ailə və yeni nəslin tərbiyəsi üzərində qurur.
Tərbiyə sahəsindəki rol ilə yanaşı, həzrət Ayətullah Seyid Müctəba Xamenei qadınların ictimai iştirakına dair daha geniş bir üfüq də müəyyən edir. Ailələrin məktəb və universitetlərin idarə olunmasında iştirakına verdiyi önəm göstərir ki, onun baxışına görə qadınlar yalnız təhsil siyasətinin hədəfi olmamalı, həm də qərarların hazırlanması, idarəetmə və təhsil sisteminin keyfiyyətinin yüksəldilməsi fəal rol oynamalıdırlar. Bu yanaşma qadınların iştirakını fərdi səviyyədən çıxararaq, onu mədəni və təhsil müəssisələrinin islahı və inkişafı üçün mühüm bir sərmayəyə çevirir.
Digər tərəfdən, həzrət Ayətullah Seyid Müctəba Xamenei öz xatirələrində və ailə üzvlərinə dair söylədiklərində müsəlman qadının nümunələrini də təqdim edir. Həyat yoldaşını sədaqət, mənəvi rahatlıq və ümid simvolu kimi tərifləməsi, bacısını isə fədakarlıq, məsuliyyət hissi və valideynlərə xidmət nümunəsi kimi yad etməsi göstərir ki, bu düşüncə sistemində əxlaqi fəzilətlər və xidmət ruhu müsəlman qadının şəxsiyyətinin ən mühüm göstəricilərindəndir.
Bu nümunələr fəal, məsuliyyətli, fədakar və təsirli qadın obrazını ortaya qoyur. Onun rolu yalnız şəxsi həyatla məhdudlaşmır, həm də geniş ictimai və mədəni təsirə malikdir.
Diqqətəlayiq digər məqam isə qadınların ictimai və qəhrəmanlıq səhnələrində tutduğu mövqedir. Həzrət Ayətullah Seyid Müctəba Xamenei qadınları İran xalqının bütün taleyüklü hadisələrdə ayrılmaz hissəsi hesab edir. Onun baxışına görə qadınların mədəni, ictimai fəaliyyətlərdə, məscidlərdə, məhəllələrdə və maarifləndirmə sahəsində iştirakı cəmiyyətin qüdrətini və dinamikliyini təmin edən əsas amillərdəndir. Həmçinin Minab şəhərində yerləşən “Şəcəreyi-Təyyibə” məktəbinin şəhid qızlarını yad etməsi göstərir ki, İran qadınları və qızları yalnız quruculuq sahəsində deyil, fədakarlıq və müqavimət meydanında da seçkin mövqeyə malikdirlər və gələcək nəsillər üçün ilham mənbəyi ola bilərlər.
Bu baxışların ümumi nəticəsi ondan ibarətdir ki, həzrət Ayətullah Seyid Müctəba Xameneinin düşüncəsində qadın ölkənin insan və ictimai kapitalının formalaşmasının əsas mərkəzidir. İnsan kapitalı gələcək nəslin tərbiyəsi yolu ilə, ictimai kapital isə ailənin möhkəmləndirilməsi, əxlaqın yayılması, ictimai etimadın artırılması və mədəni-ictimai fəaliyyətlərdə iştirak vasitəsilə formalaşır. Buna görə də qadının rolu bu düşüncə sistemində kənar və ya tamamlayıcı deyil, inkişaf və yeni sivilizasiya quruculuğunun ümumi strategiyasının ayrılmaz hissəsidir.
Bu gün bir çox cəmiyyətlər əhali azalması, ailə institutunun zəifləməsi, mədəni kimliyin aşınması və yeni nəslin tərbiyəsi böhranı ilə üzləşdiyi bir dövrdə, bu baxışın yenidən nəzərdən keçirilməsi ölkənin mədəni və ictimai siyasətinin müəyyənləşdirilməsi üçün yeni üfüqlər aça bilər. İranın gələcəyi hər şeydən əvvəl onun insan kapitalının keyfiyyətindən asılıdır və bu kapital isə bütün digər institutlardan öncə ailədə formalaşır. Qadınlar ana, tərbiyəçi, mədəni fəal və cəmiyyətin aktiv üzvü kimi ölkənin gələcəyinin qurulmasında ən mühüm rolu oynayırlar.
Bu baxımdan demək olar ki, həzrət Ayətullah Seyid Müctəba Xameneinin qadınlar barədə söylədikləri yalnız əxlaqi və ailəvi tövsiyələr deyil, həm də sivilizasiya xarakterli bir strategiyanın ifadəsidir. Bu strategiya qadını təkcə ailənin deyil, həm də gələcəyin memarı, milli kimliyin qoruyucusu, yeni sivilizasiya quracaq nəslin tərbiyəçisi və İran İslam Respublikasının yumşaq gücünün ən mühüm dayaqlarından biri kimi təqdim edir.
İdrak müharibəsi və media üzrə tədqiqatçı
Elnaz Musəvi Yekta
Xəbərin sonu
Rəyiniz