cümə 24 iyul 2026 - 15:40
Sənanın bütün variantları masadadır, "mühasirəyə qarşı mühasirə" gərginliyin yeni mərhələsinin başlanğıcıdır

Hövzə / Hizam Əl-Əsəd: Yəmən Silahlı Qüvvələrinin Səudiyyə Ərəbistanına qarşı tədbirləri yeni gərginlik mərhələsinin başlanğıcıdır

Hövzə Xəbər Agentliyinin tərcümə qrupunun verdiyi məlumata görə, Husi hərəkatının Siyasi bürosunun üzvü Hizam əl-Əsəd «Əl-Əhd» xəbər saytına müsahibəsində bildirib ki, Yəmən Silahlı Qüvvələrinin Səudiyyə Ərəbistanına qarşı elan etdiyi tədbirlər gərginliyin yeni mərhələsinin başlanğıcıdır. O xəbərdarlıq edib ki, Yəmənə tətbiq olunan mühasirə davam edərsə, qarşıdakı addımlar daha geniş və daha əhatəli olacaq.

Əl-Əsəd bildirib ki, Yəmən xalqı Səudiyyə Ərəbistanı və ABŞ-ın rəhbərlik etdiyi koalisiyanın on iki il davam edən hücumu və mühasirəsi nəticəsində dünyanın ən ağır humanitar böhranlarından biri ilə üz-üzə qalıb. O vurğulayıb ki, son hərbi addımların məqsədi Yəmən xalqının əzablarını azaltmaq, mühasirəni yarmaq, hücumları dayandırmaq, işğala və ölkə üzərində himayəçiliyə son qoymaqdır.

O izah edib ki, gərginliyin artırılması istiqamətində ilk addım xüsusilə dəniz marşrutlarında “mühasirəyə qarşı mühasirə” prinsipinin həyata keçirilməsidir. Onun sözlərinə görə, Səna Səudiyyə Ərəbistanının ixrac və idxalını, Yəmənə tətbiq edildiyi kimi, sıfır səviyyəsinə endirməyə çalışır.

Əl-Əsəd əlavə edib ki, Yəmən xalqı mühasirə və aclıqdan əziyyət çəkdiyi halda, Səudiyyə Ərəbistanının normal ticarət və gəmiçilik fəaliyyətini davam etdirməsi qəbulolunmazdır.

O, Səudiyyə Ərəbistanının qonşu ölkələrini Yəmənin tədbirlərini təsirsizləşdirmək üçün Ər-Riyadla əməkdaşlıq etməməyə çağırıb və vurğulayıb ki, Yəmən Silahlı Qüvvələrinin xalqın qanuni hüquqlarını bərpa etmək və mühasirəyə son qoymaq üçün geniş və mühüm seçimləri mövcuddur.

Husi hərəkatının siyasi bürosunun üzvü qeyd edib ki, Səna böhranın həlli üçün Ər-Riyada dəfələrlə imkan yaradıb. Bunlara Husi hərəkatının rəhbəri Seyid Əbdülməlik əl-Husinin hicri yeni il və Aşura münasibətilə çıxışlarında səsləndirdiyi çağırışlar, eləcə də ümumi səfərbərlik və Silahlı Qüvvələrin sözçüsünün bəyanatları daxildir. Buna baxmayaraq, Səudiyyə Ərəbistanı mühasirəni davam etdirməkdə israr edib və humanitar tələblərə cavab verməkdən imtina edib.

Əl-Əsəd vurğulayıb ki, Yəmən Silahlı Qüvvələrinin hərbi əməliyyatları müdafiə xarakteri daşıyır və məqsədi xalqın əzablarını aradan qaldırmaq, mühasirəni yarmaq və qanuni hüquqları bərpa etməkdir. Onun sözlərinə görə, yəmənlilər hazırda iki seçim qarşısındadırlar: ya aclıq və xəstəlikdən ölsünlər, ya da öz hüquqlarını güc yolu ilə geri alsınlar.

Müharibənin nəticələrinə toxunan Əl-Əsəd bildirib ki, Yəmən 250 mindən çox hava hücumuna məruz qalıb və dolayı iqtisadi zərərlər 17 trilyon dollardan çox qiymətləndirilir. O, Səudiyyə Ərəbistanının eyni vaxtda milyonlarla barel neft ixrac etməsini və silah almasını, Yəmənə qarşı mühasirəni davam etdirməsini qəbuledilməz və susqun qalınmayacaq bir vəziyyət kimi qiymətləndirib.

Ənsarullah hərəkatının siyasi bürosunun üzvü Hizam əl-Əsəd bildirib ki, Səudiyyə Ərəbistanının hava limanları və limanları normal fəaliyyət göstərdiyi halda, Yəmənin quru, dəniz və hava sərhəd keçid məntəqələri hələ də bağlı və ciddi məhdudiyyətlər altındadır. Bu vəziyyət ölkədəki humanitar böhranı daha da dərinləşdirir.

Əl-Əsəd qeyd edib ki, son günlər Yəməndə keçirilən kütləvi xalq yürüşləri, ictimaiyyətin gərginliyin artırılması seçimini dəstəklədiyini və silahlı qüvvələrə mühasirəni yarmaq üçün daha qəti addımlar atmaq səlahiyyətinin verilməsini tələb etdiyini göstərir.

O vurğulayıb ki, Yəmən xalqı artıq nə mühasirənin, nə də təcavüzün davam etməsini qəbul edəcək və ərəb, eləcə də İslam xalqlarını Yəmənin mövqeyini düzgün anlamağa çağırıb.

Əl-Əsəd əlavə edib ki, Sənanın atdığı addımlar yalnız Yəmən xalqının qanuni hüquqlarının bərpası və ölkəyə tətbiq olunan mühasirənin aradan qaldırılması məqsədi daşıyan müdafiə xarakterli tədbirlərdir.

Ənsarullah hərəkatının siyasi bürosunun üzvü çıxışının digər hissəsində Səudiyyə koalisiyasının sözçüsü Türki əl-Malikinin iddialarına cavab verərək bildirib ki, Riyadın Yəmənin tədbirlərini təsirsiz hala gətirmək cəhdləri nə Səudiyyənin neft ixracını, nə də dəniz daşımalarını xilas edə biləcək.

O, əl-Malikinin “Səna hava limanına qarşı heç bir mühasirə yoxdur” iddiasına cavab olaraq rəsmi səhifəsində yazıb: “Əgər doğrudan da mühasirə yoxdursa, xəstələrin, xaricdə qalmış şəxslərin və yəmənli nümayəndə heyətinin geri qayıtması üçün həyata keçirilən bir uçuş zamanı niyə siz və sizə bağlı vasitələr Səna hava limanını bombalamaq üçün səfərbər oldunuz?”

Əl-Əsəd Səudiyyə rejiminə müraciətlə bildirib: “Bu cür bəsit inkar siyasəti sizi heç bir nəticəyə çatdırmayacaq və nə neftinizə, nə də dəniz daşımalarınıza fayda verəcək.”

O, həmçinin Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyinin BMT Təhlükəsizlik Şurasının, o cümlədən 2216 saylı qətnaməsinin icrasına dair çağırışına cavab olaraq vurğulayıb ki, Yəmən xalqının tələb etdiyi məsələlər bütün beynəlxalq qanunlar, hüquqi normalar və sənədlərlə təmin olunan qanuni hüquqlardır.

Əl-Əsəd bildirib ki, dünyada heç bir tərəfin bu hüquqları əlindən almağa haqqı yoxdur və heç bir qurum yəmənlilərin ölkədən kənara səfər etməsinə mane ola, liman və hava limanlarını mühasirəyə ala, ölkənin suverenliyini pozaraq daxili işlərinə müdaxilə edə bilməz.

O izah edib ki, hamı Səudiyyə Ərəbistanından ağıllı bir cavab gözləyirdi ki, təcavüz və mühasirəyə son qoysun, öz qüvvələrini Yəməndən çıxarsın və yəmənli əsirləri azad etsin. Lakin görünür, Riyad baş verən dəyişiklikləri hələ də dərk etməyib, Qəzzaya verdiyi dəstəyə görə Yəmən xalqını cəzalandırmaq və gərginliyi artırmaq siyasətində israrlıdır, hətta Yəmənin mövqeyini “təhlükəli gündəlik və məqsədlər” kimi təqdim edir.

Əl-Əsəd sonda bildirib ki, Səudiyyə Ərəbistanının mövqeyi Yəmən xalqını aclığa məhkum etmək məqsədi daşıyan mühasirənin gizli niyyətlərini açıq şəkildə ortaya qoyur və göstərir ki, Riyadın Yəmənə qarşı cinayətlərində nə müstəqil layihəsi, nə də milli marağı var. Əksinə, o, Yəməni yenidən ABŞ-ın nəzarəti altına qaytarmaq naminə bütün obyektlərini və dəniz daşımalarını qurban verməyə, öz imkanlarını ABŞ rejiminin, sionist düşmənin və onların dəniz daşımalarının qorunması üçün sipərə çevirməyə hazırdır.

Sənanın bütün variantları masadadır, "mühasirəyə qarşı mühasirə" gərginliyin yeni mərhələsinin başlanğıcıdır

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha