Hövzə Xəbər Agentliyinin verdiyi məlumata görə, Hindistanda Fələstin müqavimətini dəstəkləyən tanınmış fəallardan biri, hindistanlı din xadimi Pandit Vicay Kumar Şarma İslam İnqilabının şəhid rəhbəri Ayətullah Seyid Əli Xamenei ilə keçirilən tarixi vida mərasimində iştirak etmək məqsədilə İrana səfəri zamanı xalqların müstəqilliyinin qorunmasının və beynəlxalq hegemonizmə qarşı mübarizənin zəruriliyini vurğulayaraq bildirib: Mən Hindistan vətəndaşı olaraq inanıram ki, xalqlar bir-biri ilə münasibətlərini qarşılıqlı hörmət, ədalət və insan ləyaqəti prinsipləri əsasında qurmalıdırlar. Böyük dövlətlərin başqa xalqların və ölkələrin taleyini müəyyənləşdirməyə haqqı yoxdur və heç bir dövlət zorakılıq, təzyiq və güc yolu ilə öz iradəsini digər xalqlara qəbul etdirə bilməz.
O, şəhid Ayətullah Seyid Əli Xameneinin (r) şəxsiyyətinə toxunaraq deyib: O, sadə həyat tərzi keçirən, yüksək mənəviyyata malik və xalq arasından çıxmış nadir rəhbərlərdən biri idi. Həzrət Ayətullah Seyid Əli Xamenei (r) hər zaman məzlum xalqların müdafiəsinə, ədalətin bərqərar olmasına və ölkəsinin müstəqilliyinin qorunmasına xüsusi önəm verirdi. Onun sadə yaşayışı və cəmiyyətin aztəminatlı təbəqələri ilə səmimi münasibəti dünyanın müxtəlif ölkələrində yaşayan insanlar tərəfindən böyük hörmət və rəğbətlə qarşılanan ən mühüm xüsusiyyətlərindən biridir.
Hindistanlı din xadimi daha sonra Fələstin məsələsinə və Yaxın Şərqdə baş verən hadisələrə toxunaraq bildirib: Bu gün dünya xalqları Fələstin xalqının üzləşdiyi zülm və müsibətlərlə bağlı ciddi suallar qarşısındadır. Kərbəla hadisəsi və həzrət İmam Hüseynin (ə) zülmə qarşı göstərdiyi qətiyyətli mövqe dinindən və məzhəbindən asılı olmayaraq milyonlarla insan üçün zülmə qarşı müqavimətin, ədalətin müdafiəsinin və haqsızlıq qarşısında güzəştə getməməyin əbədi rəmzinə çevrilib.
O, həmçinin İrana qarşı həyata keçirilən müharibələri və xarici müdaxilələri tənqid edərək bildirib: Bütün insanlar müharibə və dağıntı deyil, sülh, təhlükəsizlik və əmin-amanlıq istəyirlər. Son illərin təcrübəsi açıq şəkildə göstərib ki, siyasi qarşıdurmalar, hegemon siyasətlər və mənəvi dəyərlərdən uzaq iddialar bir çox ölkələrin viran qalmasına, xalqların isə öz yurd-yuvalarından didərgin düşməsinə səbəb olub. Beynəlxalq ictimaiyyət gərginliyi daha da artırmaq əvəzinə dialoqun inkişafına, qarşılıqlı anlaşmaya və davamlı sülhün bərqərar olunmasına çalışmalıdır.
Pandit Vicay Kumar Şarma çıxışının digər hissəsində vurğulayıb: Həmçinin dünyanın ən böyük gücləri eyni mövqedən çıxış etsələr belə, onların qanunsuz və ədalətsiz addımları qarşısında susmaq olmaz. Əxlaq və insanlıq prinsipləri heç vaxt siyasi maraqlara qurban verilməməlidir. Mən heç bir siyasi cərəyanın nümayəndəsi deyiləm və söylədiyim bütün fikirləri yalnız insanlıq, mənəvi və vicdani məsuliyyət baxımından ifadə edirəm.
O sonda əlavə edib: Müasir dünya bu gün hər zamankından daha çox şəhid Ayətullah Seyid Əli Xamenei kimi sadə həyat tərzi, yüksək əxlaqı, xalqa bağlılığı və ədalətə söykənən rəhbərliyi ilə sülhün, insan ləyaqətinin və haqqın parlaq simvoluna çevrilmiş liderlərə ehtiyac duyur.
Rəyiniz