Hövzə Xəbər Agentliyinin verdiyi məlumata görə, Ayətullah Cavadi Amuli Amolun “Min Səngər şəhəri” kimi tanınan rayonundan olan Ordunun 398 şəhidinin anım mərasiminə videomüraciətində bütün şəhidlərin, xüsusilə də Amol şəhidlərinin əziz xatirəsini yad edərək, şəhid general-leytenant Seyid Məsud Münfərid Niyaki haqqında belə vurğulayıb: Bu uca məqamlı şəhid Münfərid nəslindən olan əsilzadə və şərəfli bir ailənin övladı, Amolun möhtərəm seyidlərindən idi. O, azad düşüncəli, müstəqil şəxsiyyətə malik və xalq arasında böyük hörmət qazanan bir insan idi. Elmi yol keçdikdən sonra ordu sıralarına qoşuldu, mühüm vəzifələrdə xidmət etdi və sonda şəhadət kimi uca məqama yetişdi.
İran xalqı heç vaxt təcavüzə başlayan tərəf olmayıb
Ayətullah Cavadi Amuli vurğulayıb ki, fədakarlıq və şəhadət mədəniyyəti yalnız Amol və ya ölkənin şimal bölgəsinə məxsus deyil. O bildirib: İran xalqı heç vaxt təcavüzə başlayan tərəf olmayıb, lakin heç bir təcavüzkara da aman verməyib. Amol xalqı da 1981-ci ildə (1360-cı il) düşmənin hücumundan sonra böyük igidliklə şəhəri müdafiə etdi və 40 şəhid verməklə bu torpağın tarixində əbədi qalacaq bir tarix yazdı. Bu iftixar İmam Xomeyninin (r) ilahi-siyasi vəsiyyətnaməsində də xüsusi qeyd olunub.
Ayətullah Cavadi Amuli İmam Sadiqdən (ə) nəql olunan, həzrət Peyğəmbərin (s) heç vaxt düşmənə qəfil hücum etmədiyini bildirən hədisə istinad edərək bildirib: Biz zaman və məkan baxımından bənzəri olmayan ilahi məktəbin yetirmələriyik. Həzrət Peyğəmbər (s), düşmənləri onu öldürmək istəsələr də, heç vaxt onlara qəfil hücum etmədi. Çünki İslam mərdlik və azadlıq dinidir. Buna görə də tövsiyə edir ki, hətta kafirlə döyüşərkən belə mərdliklə vuruşun, insani və ilahi prinsiplərdən uzaqlaşmayın.
İnqilabın və ölkənin müdafiəsində xalqın iştirakı və fədakarlığı
Ayətullah Cavadi Amuli xalqın İslam İnqilabını və ölkəni müdafiə etməsi yolundakı iştirakını və fədakarlığını ilahi yardımın təzahürü adlandıraraq deyib: Uca Allah möminləri öz dininə yardım etmək üçün meydana gətirir. Xalqın o cümlədən qadın və kişilərin, gənc və yaşlıların gecə-gündüz meydanda olması budur ki, Qurani-Kərimdə buyurulur:
﴿هُوَ الَّذِی أَیَّدَکَ بِنَصْرِهِ وَبِالْمُؤْمِنِینَ﴾
"Sənə öz köməyi və möminlərlə qüvvət verən odur."
(Qurani-Kərim, “Ənfal” surəsi, 62-ci ayə)
O, insanları meydana çıxaran Allahdır və xalqın bu iştirakı həmin ilahi vədin bariz nümunəsidir.
Daha sonra həzrət Əlinin (ə) döyüş meydanlarındakı davranışını izah edən Ayətullah Cavadi Amuli bildirib: Həzrət Əli (ə) bütün döyüşlərdə mümkün qədər müharibənin başlanmasını dialoq, danışıqlar və qarşılıqlı gediş-gəliş vasitəsilə təxirə salmağa çalışardı. Məqsəd döyüşün günün ilk saatlarında başlamaması, insanların hidayət olunması və günorta vaxtı ilahi rəhmət saatından faydalanmaları üçün fürsət yaratmaq idi. Digər tərəfdən, gecənin yaxınlaşması qan tökülməsinin və itkilərin artmasının qarşısını alırdı. Yalnız düşmən hücuma başlayan zaman və müdafiə zərurəti yarandıqda döyüş qaçılmaz olurdu.
İran xalqının Aşura mədəniyyətinə dərin bağlılığı
Ayətullah Cavadi Amuli çıxışının davamında İran xalqının Aşura mədəniyyətinə dərin bağlılığına toxunaraq vurğulayıb: Ölkəmiz və xalqımız İmam Hüseynin (ə) yolunu tutmuş bir xalqdır. Həzrət İmam Hüseynin (ə) qiyamında təcəlli edən ruhiyyə bu gün də bu torpağın insanları arasında canlı və yaşayır.
O, Aşura günü İmam Hüseynin (ə) həyat yolunu izah edərək, Səid ibn Abdullah Hənəfinin fədakarlığını vilayətə sədaqətin və haqqın müdafiəsinin əbədi nümunəsi kimi qiymətləndirərək əlavə edib:
“Aşura qiyamının əbədiliyinin sirri İmam Hüseynin (ə) səhabələrinin ixlası və canlarından keçməsindədir. Bu mədəniyyət bu gün də sayını hesablamaq mümkün olmayan milyonlarla Ərbəin zəvvarını bir araya gətirir.
Xalqın meydandakı iştirakına təşəkkür
Ayətullah Cavadi Amuli daha sonra xalqın meydandakı iştirakına görə minnətdarlığını bildirərək deyib: Böyüklər, əzizlər, qardaşlar, bacılar, qızlar və həmçinin əziz övladlara, o cümlədən meydanı qoruyub saxlayan hər birinizə təşəkkür edirik. Bu mübarizəni qoruyub saxlayan məsul şəxslərə də minnətdarlığımızı bildiririk.
Video | Ayətullah üzma Cavadi Amulinin şəhid Ayətullah Xamenei ilə 70 illik dostluğunu xatırlayarkən kövrəldiyi anlar
Şəhid Ayətullah Xamenei ilə 70 illik dostluğun həsrəti
Ayətullah Cavadi Amuli daha sonra şəhid Ayətullah Xamenei ilə 70 illik dostluğuna toxunaraq, kövrək səslə vurğulayıb: İslam İnqilabının lideri şəhid Ayətullah Xameneiyə ehtiramımızı bildirir, əziz şəhidimiz üçün dua edirik. Bu dəyərli dostumuzla Quma gəldiyimiz ilk günlərdən – yəni təxminən 70 il əvvəl – tanış olmuşuq. Aramızda müəyyən yaş fərqi olsa da, həmin vaxtdan bu günə qədər dostluğumuz davam edib. Yetmiş illik dostluq az deyil. İnsan 70 illik dostunu itirəndə bu, həqiqətən də ağır bir itki olur.
Təhlükəsizliyin, əmin-amanlığın və milli birliyin qorunmasına çağırış
Ayətullah Cavadi Amuli təhlükəsizliyin, əmin-amanlığın və milli birliyin qorunmasını ölkənin ən mühüm ehtiyaclarından biri kimi dəyərləndirərək bildirib: Allah eləməsin ki, Onun razılığı olmayan bir yolla gedək. Heç vaxt yol verməyin ki, dillərinizdən xoşagəlməz sözlər çıxsın. Hər hansı fikir və ya təklif varsa, mütləq dostluq və qarşılıqlı hörmət mühitində səsləndirilsin. Qoy bu ölkə tam əmin-amanlıq və təhlükəsizlik şəraitində idarə olunsun ki, bu İslam nizamını onun həqiqi sahibinə təhvil verə bilək.
Sonda Ayətullah Cavadi Amuli İslamın bütün şəhidlərinin, eləcədə İmam Xomeyninin (r), şəhid Ayətullah Xameneinin, və həmçinin İranın bütün bölgələrinin, xüsusilə Minab şəhidlərinin tam orta məktəb şagirdlərinin məqamı üçün dua edərək, uca Allahdan bütün şəhidləri İmam Hüseyn (ə) ilə məhşur etməsini, onların analarını və ailələrini pzünün xüsusi lütf və mərhəmətinə qovuşdurmasını diləyib.
Video | Ayətullah üzma Cavadi Amulinin tam videomüraciəti
Xəbərin sonu 3 / 313
Rəyiniz