Hövzə Xəbər Agentliyinin paytaxt Tehran üzrə müxbirinin verdiyi məlumata görə, siyasi məsələlər üzrə ekspert Fuad İzzədi İran İslam İnqilabı Keşikçiləri Korpusunun İordaniyadakı ABŞ hərbi bazasına endirilən zərbə ilə bağlı son bəyanatına toxunaraq bildirib ki, bu əməliyyat ABŞ-ın törətdiyi cinayətlərə cavab olaraq həyata keçirilib və onu qabaqlayıcı hücum kimi təqdim etmək düzgün deyil.
O, hücumun guya qabaqlayıcı xarakter daşıdığına dair bəzi media iddialarına münasibət bildirərək deyib: SEPAH-ın rəsmi bəyanatında açıq şəkildə qeyd olunur ki, bu əməliyyat ABŞ-ın cinayətlərinə cavab olaraq həyata keçirilib və bəyanatda qabaqlayıcı əməliyyat barədə heç bir qeyd yoxdur. Buna görə də bunun əksini iddia edən şərhlər rəsmi mövqeni əks etdirmir.
Fuad İzzədi əlavə edib ki, bir neçə gün əvvəl ABŞ və sionist rejim Kərbəla yaxınlığında İmam Hüseyn (ə) zəvvarlarına xidmət göstərən bir sıra xeymələri hədəfə alıb. Onun sözlərinə görə, son əməliyyatın məhz həmin hücumlara cavab olub-olmaması hələ rəsmi şəkildə açıqlanmasa da, aydın olan budur ki, İran İslam Respublikası həmişə təcavüzə cavab verib və heç vaxt hücumları başlayan tərəf olmayıb.
O bildirib ki, 12 günlük müharibədən bir ildən artıq vaxt keçməsinə baxmayaraq, İran yeni hərbi əməliyyata başlamayıb. İran İslam Respublikası hər dəfə qarşı tərəfin cinayətlərinə cavab olaraq addım atıb və SEPAH-ın bəyanatında da bu məqam xüsusi vurğulanıb.
Siyasi ekspert eyni zamanda qeyd edib ki, şəxsi fikrincə, əgər İran İslam Respublikası nə vaxtsa cavab vermə üsulunu dəyişmək qərarına gəlsə, bu, hərbi baxımdan da nəzərdən keçirilə biləcək məsələdir. Çünki gözlənilməzlik amili çəkindirmə siyasətinin əsas elementlərindən biridir. Bununla belə, belə bir addım atılsa belə, onu hücum xarakterli əməliyyat hesab etmək olmaz. Çünki ABŞ son aylarda dəfələrlə İrana hücum edib.
Fuad İzzədi ABŞ-ın son aylardakı hücumlarını xatırladaraq deyib ki, ABŞ əvvəlcə iyun ayında, daha sonra mart ayında, eləcə də iki həftə əvvəl İrana hücum edib. Buna görə də İran İslam Respublikası bu silsilə təcavüzlərə cavab olaraq əməliyyat keçirsə, bunu nə müharibəyə başlamaq, nə də qabaqlayıcı hücum kimi qiymətləndirmək olar.
Fuad İzzədi ABŞ-ın hücumları nəticəsində ölkəyə böyük ziyan dəydiyini bildirərək deyib: “12 günlük müharibə zamanı 1200-dən çox, mart ayında baş vermiş tətbiq edilmiş müharibə zamanı isə 3500-dən çox mülki şəxs şəhid olub. İki həftə əvvəlki hücumda da 55-dən çox mülki şəxs şəhid edilib. Bundan əlavə, xəstəxanalar, körpülər, məktəblər və həmçinin xidmət mərkəzləri kimi ölkənin həyati əhəmiyyət daşıyan infrastruktur obyektləri hədəfə alınıb ki, bu da açıq şəkildə hərbi cinayət hesab olunur.
O əlavə edib ki, bütün bu cinayətlərə baxmayaraq, İran İslam Respublikası indiyədək ABŞ ərazisində heç bir nöqtəni hədəfə almayıb və hər zaman mülki şəxslərə hücum etməkdən çəkinib.
Siyasi məsələlər üzrə ekspert vurğulayıb ki, ABŞ-ın əsas məqsədlərindən biri İrana qarşı hücumları adiləşdirməkdir. O deyib: Necə ki, bu gün sionist rejimin Qəzzaya hücumları adi hala çevrilib və bir neçə gün hücum olmayanda bu, xəbər mövzusuna çevrilir, onlar eyni vəziyyəti İran barədə də yaratmağa çalışırlar.
İzədi çəkindirmə anlayışına toxunaraq bildirib ki, əgər bir ölkə hərbi çəkindirmə qabiliyyətini itirərsə, düşmən hər cavabdan sonra yenidən hücum edəcək. Onun sözlərinə görə, çəkindirmənin qorunduğunu yalnız cavabın yeni təcavüzün qarşısını aldığı halda demək mümkündür. Əgər hər cavabdan sonra yeni hücum baş verirsə, bu, düşmənin hələ də bunun üçün ciddi bədəl ödəmədiyini göstərir.
O, ABŞ hökumətinin İrana qarşı strategiyasına da toxunaraq deyib ki, görünür, Vaşinqton İran İslam Respublikasına təzyiq göstərmək üçün dördillik proqram hazırlayıb. Sionist rejim və ABŞ rəsmilərinin yenidən birlikdə görünməsi və birgə fotolar yayması da həmin strategiyanın yenilənməsindən xəbər verir.
Fuad İzzədi əlavə edib ki, İraq və Əfqanıstanın işğalı ABŞ-a ağır xərclər bahasına başa gəldiyi üçün Vaşinqton artıq İranı birbaşa işğal etməyə çalışmır. Əvəzində mərhələli hücum strategiyası həyata keçirilir. Bu strategiyaya əsasən, bir neçə həftə və ya bir neçə ay hücumlar davam etdirilir, sonra iqtisadi və siyasi təzyiqləri azaltmaq məqsədilə əməliyyatlar dayandırılır və müəyyən fasilədən sonra yenidən bərpa olunur.
O bildirib ki, hərbi hücumlarla yanaşı, ABŞ ölkə daxilində iğtişaşlar təşkil etmək və psixoloji müharibə aparmaq yolu ilə sabitliyi pozmağa çalışır. Məqsəd isə İranın neft ixracını azaltmaq, regiondakı qüvvələr nisbətini dəyişmək və hətta ölkənin sərhədlərinə təsir göstərməkdir.
Fuad İzzədi sonda vurğulayıb ki, məsələ yalnız nüvə proqramı ilə məhdudlaşmır. Onun sözlərinə görə, bəziləri ABŞ-ın hədəfinin yalnız İranın nüvə proqramı olduğunu düşünür. Halbuki əsas məqsəd İran İslam Respublikasının çəkindirmə gücünü zəiflətmək və ölkənin qüdrətini uzunmüddətli perspektivdə tədricən aşındırmaqdır. Buna görə də ölkənin bəzi sahələrdə müdafiə və çəkindirmə imkanlarını yeniləməsi, düşmənin yeni strategiyasına uyğun təsirli və adekvat cavab mexanizmləri formalaşdırması zəruridir.
Rəyiniz