cümə axşamı 30 iyul 2026 - 15:19
Ərbəin səfəri zühuru gözləyənlər üçün ilahi imtahandır

Hövzə / Höccətül-İslam vəl-müslimin Pənahian bəzi ilahi imtahanların mahiyyətinə toxunaraq, Ərbəini sakit və səssiz keçən ilahi sınaqlardan biri kimi dəyərləndirib və vurğulayıb ki, insan belə imtahanlarda fərqinə varmadan böyük fürsətləri əldən verə bilər.

Hövzə Xəbər Agentliyinin verdiyi məlumata görə, Höccətül-İslam vəl-müslimin ustad Pənahian Ərbəinə fərqli prizmadan yanaşaraq onu sadəcə böyük bir toplantı deyil, gizli bir imtahan kimi dəyərləndirib. Onun sözlərinə görə, bu imtahanda insanların vəfası və zühura hazırlığı sınaqdan keçirilir. Bu fürsətdən xəbərsiz qalmaq isə tarixdə Təvvabin hərəkatının yaşadığı peşmançılıq kimi acı nəticələr doğura bilər.

Sakit və səssiz imtahanlara diqqət yetirməyin zəruriliyi

O bildirib ki, insan Allahın imtahanlarında diqqətli olmalıdır. Bəzi imtahanlar aydın, səs-küylü və vəzifəni müəyyən edən hadisələr şəklində olur, bəziləri isə o qədər sakit və səssiz keçir ki, insan hiss etmədən böyük fürsətləri əldən verir. Çox vaxt Allah dərgahında ən uca məqamlara çatdıran imtahanlar məhz bu cür incə və zahirdə adi görünən sınaqlardır.

Pənahian qeyd edib ki, Kufə əhalisi deyirdi: “İndi nə edək? İmam Hüseyni (ə) tək qoya bilmərik. Axı onu biz dəvət etmişik. Gözləyək, gəlsin.” Sonra başa düşdülər ki, İmam Hüseyn (ə) Kufəyə çata bilməyəcək. Hürr onun yolunu kəsmiş, Ubeydullah isə qoşun toplamağa başlamışdı.

Təvvabin qiyamından alınacaq tarixi dərslər

O əlavə edib ki, Süleyman ibn Sürəd və onun kimilər bir anda gördülər ki, hadisələr faciə ilə nəticələndi. Müqəddəs başlar Kufəyə gətiriləndə peşman olub başlarına torpaq tökdülər və dedilər: “Biz bunun belə olacağını bilmirdik.”

Minlərlə insan sonradan Təvvabin qiyamına qoşuldu. Onların hamısı bilirdi ki, şəhid olacaqlar və həqiqətən də hamısı şəhid oldular. Lakin bu qiyam tarixdə Aşura və Kərbəla kimi ilahi dəyər qazanmadı.

Höccətül-İslam vəl-müslimin Pənahian deyib: Siz nə gözləyirdiniz? İmam Hüseyn (ə) Hürrün mühasirəsini yarıb Kufəyə gəlsin, ev-ev gəzib qapınızı döysün və desin: "Mənə kömək edin, yoxsa məni şəhid edəcəklər?" Məgər İmam Hüseynin (ə) sizə bundan artıq izah verməsi lazım idi?

Ərbəin – İmama gizli yardım fürsəti

Höccətül-İslam vəl-müslimin Pənahian vurğulayıb ki, Ərbəin də belə səssiz imtahanlardan biridir. Zahirdə milyonlarla insanın iştirak etdiyi böyük hadisə olsa da, insanın daxilində baş verən seçim baxımından səssiz imtahandır.

Onun sözlərinə görə, bəzi insanlar “Ərbəinə getmək vacibdirmi?”, “Bunun üçün vaxt və imkan ayırmağa dəyərmi?” kimi düşüncələrə qapılaraq bu böyük fürsəti əldən verirlər. Necə ki, bir zamanlar bəziləri İmam Hüseynə (ə) yardım etmək fürsətini itirmişdilər.

Aşura gecəsində İmamın (ə) çadırından vəfa dərsi

Höccətül-İslam vəl-müslimin Pənahian xatırladıb ki, Aşura gecəsi İmam Hüseynin (ə) çadırında olan səhabələrdən birinə xəbər çatdırdılar ki, Ubeydullah ibn Ziyad onun oğlunu həbs edib. O dövrdə həbs olunmaq demək olar ki, ölüm hökmü ilə eyni idi.

İmam Hüseyn (ə) ona buyurdu:

“Qalx, get və oğlunu xilas et. Mən istəmirəm burada olub bu nigarançılığı yaşayasan.”

Hətta ona bir qədər pul və azuqə də verərək buyurdu ki, bunları oğlunun azad olunmasına sərf etsin.

İmam Hüseyni (ə) bütün ailə bağlılıqlarından üstün tutmaq

Höccətül-İslam vəl-müslimin Pənahian bildirib ki, həmin şəxs İmam Hüseynin (ə) oğlu Əli Əkbərə baxdı, sonra İmam Hüseynə (ə) üz tutaraq dedi:

“Ağa can! Sizin cavan oğlunuz sabah burada şəhid olacaq. Mən isə gedim öz oğlumun dalınca? Mənim oğlum sizin oğlunuza fəda olsun.”

Sonra o qədər yalvardı ki, İmam Hüseyn (ə) ona icazə verdi və buyurdu: “Yaxşı, qal. Sən də burada qal.”

Ərbəin imtahanında şəxsi mənafeyi kənara qoymaq

Höccətül-İslam vəl-müslimin Pənahian son olaraq vurğulayıb ki, ilahi imtahanların hamısı gurultulu olmur. Bəzi fürsətlər ildırım kimi gəlib keçir və insanı oyatmadan ötüb gedir.

O əlavə edib ki, bəziləri deyirlər: Bir qədər işim var, Ərbəin də yaxınlaşır. Görəsən işimi saxlayıb gedim, yoxsa yox?

 Höccətül-İslam vəl-müslimin Pənahian bu barədə deyib: Deyirəm ki, mən bilmirəm nə deyim. Əgər İmam Hüseyn (ə) özü olsaydı, yəqin buyurardı: ‘Get, işinlə məşğul ol.’ Amma sən Ərbəin üçün xərcləməyə hazır olmadığın bir qədər imkanla sabah İmam Zaman (ə.f) zühur edəndə canını fəda etməyə hazır olduğunu necə iddia edirsən?

Sən Ərbəində İmam Hüseynin (ə) məclisinin izzəti naminə həmin xərcə razı olmadın, amma deyirsən ki, zühur zamanı canımı fəda edəcəyəm. Biz Ərbəinə məhz belə baxırıq – bu, sakit və səssiz bir imtahandır.

Səs faylını yükləmək üçün buraya klikləyin.

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha