Hövzə Xəbər Agentliyinin verdiyi məlumata görə, həzrət Ayətullah üzma Cavadi Amuli əxlaq dərslərinin birində «اللهم عرفنی نفسک» duasını elmi və dərin məzmunlu bir dua kimi dəyərləndirərək bildirib ki, bu dua təkcə savab qazandırmır, eyni zamanda insanı Allahı, onun Rəsulunu və İlahi Höccəti tanımağa aparan yolu da aydınlaşdırır.
O bildirib: Sizə dəfələrlə dərslərdə vurğulamışam ki, bütün dualar müqəddəs və dəyərlidir. Lakin elə dualar var ki, həm elm qazandırır, həm də savab bəxş edir. Onlardan biri də bu duadır:
«اَللّهُمَّ عَرِّفْنی نَفْسَکَ فَاِنَّکَ اِنْ لَمْ تُعَرِّفْنی نَفْسَکَ لَمْ اَعْرِفْ رَسُولَکَ، اَللّهُمَّ عَرِّفْنی رَسُولَکَ فَاِنَّکَ اِنْ لَمْ تُعَرِّفْنی رَسُولَکَ لَمْ اَعْرِفْ حُجَّتَکَ، اَللّهُمَّ عَرِّفْنی حُجَّتَکَ فَاِنَّکَ اِنْ لَمْ تُعَرِّفْنی حُجَّتَکَ ضَلَلْتُ عَنْ دینی»
"İlahi! Özünü mənə tanıtdır. Çünki Sən özünü mənə tanıtmasan, sənin Rəsulunu tanıya bilmərəm. İlahi! Mənə öz Rəsulunu tanıtdır. Çünki sən öz Rəsulunu mənə tanıtmasan, Sənin Höccətini tanıya bilmərəm. İlahi! Mənə öz Höccətini tanıtdır. Çünki Sən öz Höccətini mənə tanıtmasan, dinimdən azaram."
Zürarə İmam Sadiqdən (ə) soruşur: "Mən qeyb dövründə nə edim?" Həzrət buyurur: "Bu duanı oxu."
Bu dua «اَللّهُمَّ اغْفِرْ لِی وَ لِوَالِدَی» kimi sadəcə bağışlanma istəyi deyil.
"İlahi! Məni və ata-anamı bağışla."
Həmçinin «اَللّهُمَّ اشْفِ لِلْمُؤْمِنِینَ» kimi yalnız möminlər üçün şəfa diləməkdən ibarət deyil.
"İlahi! Möminlərə şəfa ver."
Bu dua elmi bir duadır.
Zürarə İmam Sadiqə (ə) qeyb dövründə nə etməli olduğunu soruşanda, İmam Sadiq (ə) ona bu duanı öyrətdi. Çünki əgər insan Qədir ilə Səqifə arasındakı əsas fərqi ayırd etmək istəyirsə, bunu yalnız bu mərifət yolu ilə bacarar. Əgər rəhbərlik xalqın səsinə əsaslanırsa, xalq səs verdi. Əgər şura meyardırsa, onlar da məşvərət etdilər. Bəs Qədirlə Səqifə arasındakı əsas fərq nədir?
Əsas fərq budur ki, xalqın rəhbəri xalqın vəkilidirmi, yoxsa Peyğəmbərin (s) canişinidir? Əgər o, Peyğəmbərin canişinidirsə, onda Peyğəmbərin (s) özü xalqın vəkilidir, yoxsa Allahın xəlifəsidir?
Əgər Peyğəmbər (s) Allahın xəlifəsidirsə, siz xəlifənin yerinə keçdiyi Zatı tanımadan xəlifəni tanıya bilməzsiniz. Məsələnin dəlili də budur. Buna görə dua belə başlayır:
«اَللّهُمَّ عَرِّفْنی نَفْسَکَ»
"İlahi! Özünü mənə tanıtdır."
Çünki:
«فَاِنَّکَ اِنْ لَمْ تُعَرِّفْنی نَفْسَکَ لَمْ اَعْرِفْ رَسُولَکَ»
"Əgər Sən Özünü mənə tanıtmasan, Sənin Rəsulunu tanıya bilmərəm."
Çünki Rəsul Sənin xəlifəndir. Mən xəlifənin yerinə keçdiyi Allahı tanımasam, xəlifəni də tanıya bilmərəm. O zaman Qədirlə Səqifə arasındakı köklü fərqin nə olduğunu haradan anlayım?
Əgər Allahı tanısam, Rəsulu tanıyaram. Rəsulu tanısam, imaməti tanıyaram. Beləcə Qədirin haqq, Səqifənin isə batil olduğu mənə tam aydın olar.
Deməli, tövhid düzgün tanınmasa, vəhy və risalət də düzgün tanınmaz. Çünki Peyğəmbər (s) Allahın xəlifəsidir. Allah tanınmasa, onun xəlifəsi və xilafət anlayışı da tanınmaz. İmamət isə risalətin davamıdır. Buna görə də risalət tanınmadan imamət də tanınmaz. Möcüzənin, vəhyin, ismətin və qeyb elminin mənası da bu çərçivədə aydınlaşmalıdır.
İnsan kamil üçün qeyd olunan üç əsas xüsusiyyət də aydın şəkildə bilinməlidir:
Birinci xüsusiyyət: İnsan kamil zahirdə müəllim yanında dərs oxumasa da, bütün həqiqətlərə agahdır. Bu xüsusiyyət yalnız Peyğəmbərə (s) aid deyil. Onlar bəşəri müəllim yanında təhsil almadan ilahi elmə malikdirlər.
İkinci xüsusiyyət: Onlar işlərini bədən gücü ilə deyil, iradə ilə görürlər. Bir şeyi istədikləri zaman həmin iş həyata keçir. Çünki onlar Allahın xəlifələridirlər. Məgər uca Allah işlərini hərəkət vasitəsilə görür?
Bu barədə həzrət Əmirəl-möminin Əli (ə) Nəhcül-bəlağədə buyurur:
«فَاعِلٌ لا بِمَعْنَی الْحَرَکَاتِ»
"O, hərəkət vasitəsilə deyil, öz iradəsi ilə fəaliyyət göstərəndir."
Başqa bir yerdə buyurur:
«إِنَّما قَوْلُهُ فِعْلُهُ»
"Onun sözü elə onun əməlidir."
Həmçinin buyurur:
«لا بِصَوْتٍ یُقْرَعُ وَ لا بِنِدَاءٍ یُسْمَع»
"Onun əmri nə eşidilən bir səslə, nə də ucaldılan bir nida ilədir."
Uca Allah Qurani-Kərimdə buyurur:
إِنَّما أَمْرُهُ إِذا أَرادَ شَیْئاً أَنْ یَقُولَ لَهُ كُنْ فَیَكُونُ
"Onun əmri yalnız budur ki, bir şeyi istədikdə ona: «Ol!» – deyər, o da dərhal olar." (Yasin surəsi 82-ci ayə)
Bu, kamil insanın ikinci xüsusiyyətidir: O, ilahi iradə ilə fəaliyyət göstərir.
Üçüncü xüsusiyyət: Kamil insan çoxsaylı xüsusiyyətlərə malikdir. O, bərzəx gözü ilə həm zahiri, həm də batini aləmi görür. İmam odur ki, həm həqiqətləri müşahidə edə bilsin, həm onları başqalarına göstərə bilsin.
Bu üç əsas xüsusiyyət imamətin mahiyyətini təşkil edir.
Kim Allahı tanısa, Allahın Rəsulunu tanıyacaq. Kim Allahın Rəsulunu tanısa, Allahın Höccətini tanıyacaq. Bu, kəlam elmində "burhani-limmi" (səbəbdən nəticəyə aparan dəlil) adlanan dəlildir.
İmam Sadiq (ə) Zürarəyə bu duanı öyrədərək buyurdu ki, qeyb dövründə bunu oxu. Əgər alim olsan, nə özün azarsan, nə də başqalarını azdırarsan.
«اَللّهُمَّ عَرِّفْنی نَفْسَکَ»
Allahın zatı bütün həqiqəti ilə dərk olunası deyil. Lakin insanın vəzifəsi qədər onu tanıması mümkündür. Məhz bu dua həmin mərifəti bəxş edir.
Heç kəs tövhidi tanımadan besəti, risaləti dərk edə bilməz. Heç kəs risaləti tanımadan Qədir həqiqətini də anlaya bilməz. Buna görə də dua belə davam edir:
«اَللّهُمَّ عَرِّفْنی رَسُولَکَ فَاِنَّکَ اِنْ لَمْ تُعَرِّفْنی رَسُولَکَ لَمْ اَعْرِفْ حُجَّتَکَ»
"İlahi! Mənə öz Rəsulunu tanıtdır. Çünki Sən öz Rəsulunu mənə tanıtmasan, sənin Höccətini tanıya bilmərəm."
Səs faylını yükləmək üçün buraya klikləyin.
Rəyiniz