Hövzə Xəbər Agentliyinin verdiyi məlumata görə, şəhid Ayətullah Xameneinin (r) Ərbəin barədə bəyanatları silsiləsindən bu dəfə onun İmam Hüseynin (ə) Ərbəin ziyarətinin məqamı və mesajları ilə bağlı çıxışından bir hissə oxuculara təqdim olunur.
Ərbəin mərasimini bacardığınız qədər və bacardığımız qədər daha məzmunlu, daha mənəvi keçirməliyik.
Bu mərasimin məna və məzmunu gündən-günə daha da zənginləşdirilməlidir. Düşüncə sahibləri, mədəniyyət xadimləri, mədəni və intellektual fəaliyyət göstərən şəxslər bu möhtəşəm hərəkat üçün bir araya gələrək proqram hazırlamalıdırlar.
Bu gün hər bir müsəlmanın əsas məqsədi yeni İslam sivilizasiyasının qurulması olmalıdır. Bizim bugünkü istəyimiz məhz budur.
İslam ümmətinin böyük imkanları vardır. Əgər bu imkanlardan düzgün istifadə olunarsa, İslam ümməti izzətin ən yüksək zirvəsinə çatacaqdır. Biz bu barədə düşünməli, bunun üçün plan qurmalıyıq. Böyük İslam sivilizasiyasının qurulması bizim son hədəfimizdir.
Bu gün, Allaha şükür olsun ki, İslam xalqları oyanmışdır. İraq xalqı böyük, izzətli, mədəniyyətli, iradəli və əzmli bir xalqdır.
Son bir neçə ildə İraqın gəncləri sübut etdilər ki, onlar öz xalqlarını və ölkələrini qlobal fitnələr qarşısında qorumaq gücünə malikdirlər. Bu, son dərəcə dəyərli bir nailiyyətdir.
İraqlı gənclər ölkəni vətəndaş müharibəsinə sürükləyə biləcək ən böyük daxili fitnəni aradan qaldırmağa və məhv etməyə nail oldular.
İŞİD və təkfirçi qrupların fitnəsi kiçik bir fitnə deyildi. Bu məqsədlə böyük maliyyə vəsaitləri xərclənmiş, geniş proqramlar hazırlanmışdı ki, ərəb və İslam dünyasının əsas ölkələrindən biri olan İraqı daxili müharibə meydanına çevirsinlər, şiə ilə sünnini bir-birinə qarşı vuruşdursunlar. Lakin İraqın ali mərcəiyyətinin fətvası ilə iraqlı gənclər sinələrini qalxan edərək bu fitnəni zərərsizləşdirdilər. Bu, nə kiçik, nə də adi bir iş deyil idi.
Rəşadətli İraq xalqı öz ölkəsini izzətin zirvəsinə yüksəltmək gücünə malikdir. Bu potensiallar əməli şəkildə ortaya çıxmalı və özünü göstərməlidir.
Əgər İslam ölkələrinin, o cümlədən İraqın, İranın və Qərbi Asiya ilə Şimali Afrikanın digər ölkələrinin malik olduğu imkanlar bir araya gələrsə, bu potensiallar birləşər, bu əllər bir-birinə sıx bağlanarsa, onda İslam ümməti ilahi izzətin nə demək olduğunu bütün dünyaya göstərəcək və möhtəşəm İslam sivilizasiyasını bəşəriyyətə təqdim edəcəkdir.
Bizim hədəfimiz məhz bu olmalıdır. Ərbəin yürüşü isə bu məqsədin gerçəkləşməsi üçün ən təsirli vasitələrdən biri ola bilər.
Mənbə: Şəhid Ayətullah Xameneinin (r) 18 sentyabr 2019-cu il tarixində İraqlı xeymə sahibləri ilə görüşdəki çıxışından.
Rəyiniz