Hövzə Xəbər Agentliyinin verdiyi məlumata görə, Qum Elmi hövzəsinin müəllimi Höccətül-İslam vəl-müslimin Məhdi Rüstəmnejad Qum şəhərinin 45 Metriye Səduq (r) prospektində yerləşən Elmi hövzələrin İdarəetmə Mərkəzinin Ruhani şəhidləri Bəsic Bazasının mökəbində keçirilən gecə toplantısında “Allah müharibələrdə haradadır?” sualını gündəmə gətirərək deyib: Qurani-Kərim Rum surəsinin əvvəlində İranla Rum arasında baş vermiş müharibədən bəhs edir və buyurur:
غُلِبَتِ الرُّومُ
“Rumlular məğlub oldular.” (Rum, 2)
Lakin dərhal ardınca xəbər verir ki, on ildən də az müddət ərzində onlar yenidən qələbə qazanacaqlar.
Qum Elmi hövzəsinin müəllimi əlavə edib: O dövrdə Rum xristian dövləti, İran isə məcusi hakimiyyəti idi. Rumun məğlubiyyəti müsəlmanları kədərləndirmişdi. Çünki onlar ilahi dinə daha yaxın olan bir hakimiyyətin qələbəsini məcusi İranın qələbəsindən daha təbii hesab edirdilər. Məhz belə bir şəraitdə Quran ayələri nazil oldu və Rumun yenidən qalib gələcəyini vəd etməklə yanaşı, mühüm bir ilahi prinsipi də bəyan etdi.
Həcc və Ziyarət Elmi-Tədqiqat Mərkəzinin rəhbəri sözünə davam edərək deyib: Qurani-Kərim bu hadisəni nəql etdikdən sonra buyurur:
لِلَّهِ الْأَمْرُ مِنْ قَبْلُ وَمِنْ بَعْدُ
“Əmr əvvəldə də, axırda da Allaha məxsusdur.” (Rum, 4)
Yəni istər məğlubiyyətdən əvvəl, istər sonra, istər qələbədən öncə, istərsə də qələbədən sonra bütün işlər Allahın ixtiyarındadır.
O vurğulayıb: Diqqətəlayiq məqam budur ki, İranla Rum arasındakı müharibə tam mənada haqqla batilin savaşı deyildi. Quran da burada tərəflərdən birinin tam haqlı olması barədə hökm vermir. Əksinə, bütün hadisələrin Allahın hakimiyyəti və idarəsi altında baş verdiyini bəyan edir. Belə olduğu halda, əgər Allah belə bir müharibə haqqında “bütün işlər mənim ixtiyarımdadır” buyurursa, haqqla batil arasında gedən savaşlarda onun hidayəti və tədbiri daha aydın şəkildə təzahür edir.
Ənfal surəsi – Allahın müharibədəki hüzurunu izah edən ən mühüm Quran surəsi
Höccətül-İslam vəl-müslimin Rüstəmnejad Allahın haqqla batil arasındakı müharibələrdə necə iştirak etdiyini anlamaq üçün Ənfal surəsinə müraciət etməyin vacibliyini bildirərək deyib: Ənfal surəsi Bədr döyüşü və müsəlmanların ilk hərbi qarşıdurması haqqında nazil olmuşdur. Hətta bu surə “Bədr surəsi” adı ilə də tanınır. Müharibə ilə bağlı Qurani-Kərimin bir çox əsas qaydaları bu surədə bəyan edilmişdir. Bu səbəbdən də bu günün hadisələrini düzgün dərk etmək üçün həmin surəyə müraciət etmək lazımdır.
O əlavə edib: Haqq cəbhəsi ilə batil cəbhəsi arasındakı mübarizəyə dair Qurani-Kərimin prinsiplərini öyrənmək istəyiriksə, Ənfal surəsi bu sahədə bir çox suallarımıza cavab verir.
Allah Bədr döyüşünün başlanmasını da öz iradəsi ilə gerçəkləşdirdi
Həcc və Ziyarət Elmi-Tədqiqat Mərkəzinin rəhbəri Ənfal surəsinin ayələrinə istinad edərək deyib: Allah-Taala bu surədə bildirir ki, müsəlmanları döyüş meydanına məhz özü çıxardı. Halbuki onlar müharibəyə o qədər də meyilli deyildilər və Qüreyşin ticarət karvanını ələ keçirməyə üstünlük verirdilər. Quran açıq şəkildə bəyan edir ki, ilahi iradə müharibənin baş verməsini istəmişdi. Çünki məqsəd sadəcə hərbi qələbə deyildi. Allah-Taala buyurur:
لِيُحِقَّ الْحَقَّ بِكَلِمَاتِهِ وَيُبْطِلَ الْبَاطِلَ
“Haqqı öz kəlmələri ilə bərqərar etmək və batili aradan qaldırmaq üçün.” (Ənfal, 8)
Qum Elmi hövzəsinin müəllimi sözünə davam edərək bildirib: Bir çox həqiqətlər insanlar üçün aydın olmur. Allah isə hadisələri elə istiqamətləndirir ki, həqiqət üzə çıxsın. Bu isə insanın ixtiyarının əlindən alınması demək deyil. İnsan öz seçimində azaddır, lakin kainatın ümumi idarəsi Allahın əlindədir. Necə ki, son hadisələr zamanı bir çox həqiqətlər, yalanlar və böhtanlar insanlar üçün üzə çıxdı, Qurani-Kərim də Bədr döyüşünün əsas məqsədini haqqın aşkara çıxması və batilin rüsvay edilməsi kimi təqdim edir.
Həcc və Ziyarət Elmi-Tədqiqat Mərkəzinin rəhbəri vurğulayıb: Əgər bu təfsir qəbul edilərsə, çox dərin bir məna ortaya çıxır. Çünki göstərir ki, Allaha yalvarmaq və ona təvəkkül etmək ilahi yardımların bir hissəsinin nazil olmasının əsas səbəblərindən biridir.

Allahın Peyğəmbərin (s) yuxusuna müdaxiləsi
Həcc və Ziyarət Elmi-Tədqiqat Mərkəzinin rəhbəri Ənfal surəsinin 43-cü ayəsinə işarə edərək deyib: Allah-Taala buyurur ki, döyüşdən əvvəl həzrət Peyğəmbər (s) yuxuda düşməni sayca az görürdü. Halbuki müşriklərin ordusu təxminən min nəfərdən, müsəlmanların sayı isə təxminən 313 nəfərdən ibarət idi. Quran bunun səbəbini də açıqlayaraq bildirir ki, əgər düşmən Peyğəmbərə (s) yuxuda həqiqi sayı ilə göstərilsəydi, müsəlmanlar ruhdan düşər, aralarında ixtilaf yaranar və döyüş meydanına çıxmaqdan çəkinərdilər.
Döyüş meydanındakı mövqelərin yerləşdirilməsi də ilahi tədbir əsasında idi
Höccətül-İslam vəl-müslimin Rüstəmnejad Ənfal surəsinin 42-ci ayəsinə istinad edərək deyib: Qurani-Kərim bəyan edir ki, müsəlmanlar vadinin aşağı hissəsində, müşriklər isə yüksəklikdə mövqe tutmuşdular. Hərbi baxımdan bu vəziyyət düşmənin xeyrinə idi. Allah-Taala açıq şəkildə bildirir ki, əgər müsəlmanlar bu mövqeləşməni özləri seçmək istəsəydilər, belə bir uyğunluğu təmin edə bilməzdilər. Lakin Allah bu vəziyyəti elə tənzimlədi ki, ilahi hökm gerçəkləşsin və müşriklər həzrət Peyğəmbərə (s) illərlə etdikləri zülmün cəzasını alsınlar.
Həcc və Ziyarət Elmi-Tədqiqat Mərkəzinin rəhbəri Ənfal surəsinin 44-cü ayəsinə işarə edərək bildirdi: Allah-Taala yalnız Peyğəmbərin (s) yuxusuna müdaxilə etmədi, eyni zamanda hər iki ordunun qavrayışına da təsir göstərdi. Qurani-Kərim buyurur ki, müsəlmanlar müşrikləri həqiqi saylarından az görürdülər, müşriklər də müsəlmanları olduqlarından daha az sayda müşahidə edirdilər. Allah bu vəziyyəti ona görə yaratmışdı ki, hər iki tərəf döyüş meydanına daxil olsun. Çünki əgər hər iki tərəf qarşı tərəfi həqiqi sayı ilə görsəydi, bəlkə də ümumiyyətlə döyüş baş verməzdi.
Höccətül-İslam vəl-müslimin Rüstəmnejad əlavə etdi: Müşriklər müsəlmanların sayını az gördükləri üçün onları asanlıqla məğlub edəcəklərini düşünürdülər. Müsəlmanlar da düşməni sayca az gördüklərindən qorxuya qapılmadan döyüş meydanına daxil oldular.
Döyüş başlandıqdan sonra bütün hesablar dəyişdi
Həcc və Ziyarət Elmi-Tədqiqat Mərkəzinin rəhbəri sözünə davam edərək deyib: Maraqlı cəhət budur ki, bu vəziyyət yalnız döyüş başlamazdan əvvəl mövcud idi. Döyüş başladıqdan sonra Allah-Taala vəziyyəti dəyişdirdi.
O, Ali-İmran surəsinin 13-cü ayəsinə istinad edərək dedi: Qurani-Kərim açıq şəkildə bildirir ki, döyüş başlandıqdan sonra müşriklər müsəlmanları olduqlarından iki dəfə çox görürdülər. Bu isə xəyal və ya təsəvvür deyildi, gözlə görülən həqiqi bir müşahidə idi. Bu da Allahın döyüş meydanındakı hüzuru və müdaxiləsinin başqa bir nümunəsidir.
Müharibə hesablamalarında Allahı unutmayaq
Qum Elmi hövzəsinin müəllimi müasir dövrdə mövcud hərbi imkanlara toxunaraq deyib: Elm, texnologiya, dəqiq raketlər, idarəetmə, komandanlıq və düzgün planlaşdırmadan istifadə öz yerində çox dəyərlidir. Bütün bunları insana bəxş edən də Allahın özüdür. Lakin qələbələrdə Allahın rolunu heç vaxt unutmaq olmaz.
Həcc və Ziyarət Elmi-Tədqiqat Mərkəzinin rəhbəri əlavə etdi: Qurani-Kərim Bədr döyüşündə həzrət Peyğəmbərə (s) xitabən buyurur:
وَمَا رَمَيْتَ إِذْ رَمَيْتَ وَلَٰكِنَّ اللَّهَ رَمَى
“Sən atdığın zaman əslində sən atmadın, atan Allah oldu.” (Ənfal, 17)
Yəni zahirdə atan sən idin, lakin həmin atışın təsirini gerçəkləşdirən Allah-Taala idi.
Mələklərin yardımı – ilahi köməyin başqa bir təzahürü
O, Bədr döyüşündə baş verən qeybi yardımlara toxunaraq deyib: Qurani-Kərim buyurur ki, müsəlmanlar Allahdan kömək dilədikdə, Allah onların duasını qəbul etdi və onlara yardım üçün min mələk göndərdi. Digər ayələrdə isə üç min mələkdən bəhs edilir. Təfsir alimləri bu rəqəmlər arasındakı fərq barədə müxtəlif fikirlər irəli sürmüşlər. Bəziləri hesab edirlər ki, min mələk müsəlmanların Allaha yalvarışına cavab olaraq nazil olmuş, daha iki min mələk isə onların səbirli olmaları, təqvaları və digər ilahi səbəblər nəticəsində onlara qoşulmuşdur.
Bütün qələbə və yardımlar Allah tərəfindəndir
Höccətül-İslam vəl-müslimin Məhdi Rüstəmnejad Qurani-Kərimin ayələrinə istinad edərək vurğulayıb: Qurani-Kərim açıq şəkildə buyurur ki, bütün qələbə və yardımlar yalnız Allah tərəfindəndir. İnsan da öz hesablamalarında bu həqiqəti hər zaman nəzərə almalıdır.
O bildirib: Bədr, Ühüd, Əhzab və Hüneyn döyüşləri barədə nazil olmuş ayələri araşdırdıqda görürük ki, Allah-Taala öz ilahi yardımının müxtəlif təzahürlərini bəyan etmişdir. Bunlara Peyğəmbərin (s) yuxusuna müdaxilə, insanların qavrayışına təsir göstərilməsi, zamanın, məkanın və döyüş meydanındakı mövqelərin ilahi şəkildə tənzimlənməsi, qeybi yardımlar və digər ilahi qanunlar daxildir.
Həcc və Ziyarət Elmi-Tədqiqat Mərkəzinin rəhbəri əlavə edib: Bu ayələri nəzərdən keçirdikdə belə bir nəticəyə gəlirik ki, Allah-Taala müharibənin bütün mərhələlərində iştirak edir və döyüş meydanında baş verən heç bir hadisə onun iradə və tədbirindən kənarda deyil.
Allahın hüzuru möminlər üçün arxayınlıq və ümid mənbəyidir
Qum Elmi hövzəsinin müəllimi çıxışının davamında deyib: Qurani-Kərimin ayələri möminlərə arxayınlıq və ümid bəxş edir. Çünki insan dünyanın əsas idarəçisinin Allah olduğuna inandıqda, hadisələrə baxışı da tamamilə dəyişir.
Höccətül-İslam vəl-müslimin Rüstəmnejad həzrət Musanın (ə) Bəni-İsrailə buyurduğu:
إِنَّ مَعِيَ رَبِّي
“Həqiqətən, Rəbbim mənimlədir.” (Şüəra, 62)
kəlamına işarə edərək bildirib: şəhid Ayətullah Xamenei də məhz bu həqiqəti vurğulayırdı ki, “Pərvərdigar bizimlədir” və Allah-Taala hadisələri necə idarə etməyi özü daha yaxşı bilir.
O əlavə edək bildirib: Bu gün də ilahi qüdrətin təzahürlərini müxtəlif hadisə və proseslərdə müşahidə etmək mümkündür. Qurani-Kərim aydın şəkildə bəyan edir ki, Allah döyüş meydanında hazırdır və onun ilahi qanunları bu gün də qüvvədədir.
Həcc və Ziyarət Elmi-Tədqiqat Mərkəzinin rəhbəri vurğulayıb: İslamın ilk dövründə baş vermiş döyüşlərlə bağlı nazil olan ayələri nəzərdən keçirdikdə aydın olur ki, Allah-Taala müsəlmanlara müxtəlif növ ilahi yardım və qələbə bəxş etmişdir. Mənim qənaətimə görə, Allahın İslamın ilk dövründə möminlərə bəxş etdiyi bütün bu ilahi yardımlar son bir il ərzində, xüsusilə 12 günlük müharibədən bu günədək müqavimət cəbhəsi üçün bir yerdə, hətta daha geniş və daha güclü şəkildə təzahür etmişdir.
Qum Elmi hövzəsinin müəllimi qeyd edib ki, bu gün müqavimət cəbhəsi küfr cəbhəsinin bütöv bir topluluğu ilə üz-üzədir. O vurğulayıb: Necə ki, İslamın ilk dövründə baş verən döyüşlərdə Allah-Taala döyüş meydanının mərkəzində idi və ilahi yardım möminlərə şamil olurdu, bu gün də Allah-Taala meydandadır və onun ilahi yardımları davam etməkdədir.
Xəbərin sonu
Rəyiniz