bazar 2 avqust 2026 - 17:03
Həzrət Zeynəb (s) məktəbi | Mariyə bint Səd – Bəsrə şiələrini İmam Hüseynə (ə) yardım etməyə səsləyən fədakar xanım

Hövzə / Mariyə əl-Əbdiyyə Aşura ilə bağlılığı yalnız sevgi və həmrəyliklə məhdudlaşmayan xanımlardandır. O, İmam Hüseynə (ə) yardım yolunda əməli fəaliyyət göstərən, dəstək verən və bu yolda zəmin yaradan fədakar bir xanım idi. Bəsrədə hökm sürən ağır təzyiqlər şəraitində öz evini, var-dövlətini və nüfuzunu şiələri İmam Hüseynin (ə) hərəkatı ilə birləşdirmək yolunda səfərbər etmişdi.

Hövzə Xəbər Agentliyinin verdiyi məlumata görə, Aşura faciəsi həzrət Əba Əbdillah İmam Hüseynin (ə) və vəfalı səhabələrinin şəhadəti ilə başa çatmadı. Əksinə, elə həmin andan etibarən İmam Hüseynin (ə) hərəkatının yeni mərhələsi Əhli-beyt (ə) xanımlarının uzaqgörən və cəsarətli fəaliyyəti ilə başladı. Bu səbəbdən, "həzrət Zeynəb məktəbi" adlı silsilə müsahibələr çərçivəsində İslam tarixi üzrə tədqiqatçı və ekspert Höccətül-İslam Əmirhəsən Müzəffərizadə ilə söhbətlər vasitəsilə Əhli-beyt (ə) xanımlarının Aşura hərəkatının yaşadılmasındakı müxtəlif və az araşdırılmış tərəflərini nəzərdən keçiririk. Sizi bu tarixi-analitik müsahibənin davamını oxumağa dəvət edirik.

Kərbəla hadisəsində mühüm rol oynamış xanımlar arasında kifayət qədər diqqət yetirilməyən simalardan biri də Mariyə bint Səd əl-Əbdiyyədir. O, Bəsrə əhalisindən olan ixlaslı və cəsarətli bir xanım idi. Diqqətəlayiq məqam budur ki, tarixi mənbələrə əsasən, həmin dövrdə Bəsrə şəhəri Əhli-beyt (ə) düşmənlərinin və Osmançılıq cərəyanının nəzarəti altında idi.

Osmançılıq cərəyanına mənsub olanlar Osmanı məzlum şəkildə öldürülmüş xəlifə hesab edir, möminlərin əmiri İmam Əlini (ə) isə onun qətlinin əsas günahkarı kimi təqdim edirdilər. Halbuki tarixi həqiqətlər bunun tam əksini göstərir. İmam Əli (ə) Osmanın öldürülməsinin qarşısını almaq üçün bütün imkanlarından istifadə etmiş, hətta onun göstərişi ilə Osmana su da göndərilmişdi. Lakin Müaviyənin təbliğat aparatı həqiqətləri təhrif edərək İmam Əlini (ə) Osmanın qətlində günahkar kimi tanıtdı və bununla da cəmiyyətdə İmam Əliyə (ə) qarşı kin və düşmənçilik ruhunu formalaşdırdı.

Həzrət Zeynəb (s) məktəbi | Mariyə bint Səd – Bəsrə şiələrini İmam Hüseynə (ə) yardım etməyə səsləyən fədakar xanım

Buna görə də Bəsrədə şiələr ağır təzyiqlərlə üzləşir və azlıq təşkil edirdilər. Tarixi mənbələr göstərir ki, şəhərdə şiələrin toplantıları Mariyə bint Səd əl-Əbdiyyənin evində keçirilirdi. Bu fakt həmin xanımın misilsiz cəsarətindən və möhkəm imanından xəbər verir. Onun evi siyasi və dini müzakirələrin, həmçinin hədislərin nəql olunduğu mühüm bir mərkəzə çevrilmişdi. Tarixi mənbələrdə, o cümlədən «Əlam» kitabında və Əbu Mixnəfin nəqlində bildirilir ki, İmam Hüseynin (ə) məktubu həzrətin qulamı Süleyman vasitəsilə Bəsrənin tanınmış şəxslərinə çatdırıldıqda, onlar məhz bu fədakar xanımın evində toplaşmışdılar.

Həmin məclisdə Bəsrənin görkəmli şəxsiyyətlərindən olan Yəzid ibn Nəbit Qeysi İmam Hüseynin (ə) yardım çağırışına müsbət cavab verdi, həzrət İmam Hüseynin (ə) karvanına qoşulmaq qərarını elan etdi və başqalarını da bu yolda ona qoşulmağa çağırdı.

Rəvayət edilir ki, Yəzid ibn Nəbitin on oğlu var idi. Lakin onlardan yalnız iki oğlu – Abdullah və Übeydullah ataları ilə birlikdə Neynəva torpağına yollandılar. Onlar İmam Hüseynə (ə) qoşuldular, həzrət İmam Hüseyn (ə) tərəfindən səmimiyyətlə qarşılandılar və sonda Kərbəlada uca şəhadət məqamına çatdılar.

Bu cəsur və imanlı xanım haqqında qeyd olunur ki, onun səyləri nəticəsində Əbdülqeys və Amir qəbilələrindən olan bir sıra şəxslər, eləcə də Seyf ibn Malik kimi simalar İmam Hüseynin (ə) ordusuna qoşuldular. Bu fədakar xanım fədakarlıq sahəsində də parlaq bir tarixə malik idi. Belə ki, onun həm həyat yoldaşı, həm də oğlu Cəməl döyüşündə şəhid olmuşdu. Buna görə də o, həm şəhid həyat yoldaşının, həm də şəhid övladının anası idi.

Şeyx Abdullah Məmaqani «Tənqihul-məqal» adlı dəyərli kitabında nəql edir ki, Mariyə bint Səd əl-Əbdiyyə bütün var-dövlətini Əhli-beytin (ə) maarifinin yayılması yolunda sərf edirdi. O, həmçinin şiə mühəddislərindən biri sayılır və ondan bir sıra hədislər nəql olunmuşdur.

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha