bazar ertəsi 3 avqust 2026 - 18:34
Rəvayətlərə əsasən İmam Hüseyn (ə) ziyarətinin
misilsiz fəzilətləri / Ərbəin ziyarətindən geri qalanlar uzaqdan ziyarətin fəzilətindən qafil olmasınlar

Höccətül-İslam vəl-müslimin Hüseyni Ərbəin günlərinin yaxınlaşmasına işarə edərək vurğulayıb ki, zəvvarlar bu mənəvi səfərə mərifət, ixlas və saf niyyətlə qatılmalı, xüsusilə bütün şəhidlərin, o cümlədən şəhid Ayətullah Xamenei və İnqilab şəhidlərinin niyyəti ilə ziyarət etməli, bu mənəvi səfərin bərəkətlərindən bəhrələnməlidirlər.

Hövzə Xəbər Agentliyinin verdiyi məlumata görə, Qum Elmi hövzəsinin müəllimi və tədqiqatçısı Höccətül-İslam vəl-müslimin Seyid Əli Hüseyni «Kamiluz-ziyərat» kitabının Əhli-beytin (ə) ziyarətinin fəzilətlərinin bəyan edilməsindəki mövqeyinə toxunaraq bildirib: «Kamiluz-ziyərat» ziyarət mövzusunda şiə hədis mənbələri arasında ən mötəbər əsərlərdən biridir. Bu kitabda təxminən 750 hədis toplanmışdır ki, onların 500-ə yaxını İmam Hüseynin (ə) ziyarətinin fəzilətləri, ədəbləri, savabı və ziyarətnamələrinə həsr olunub. Bu qiymətli əsər indiyədək fars dilinə və dünyanın müxtəlif dillərinə tərcümə edilmiş, həmişə alim və tədqiqatçıların diqqət mərkəzində olmuşdur.

O, kitabdakı hədislərdən birinə işarə edərək əlavə edib: «Kamiluz-ziyərat» kitabının qırx dördüncü fəslində Kərbəlaya gedə bilməyən, lakin başqalarının ziyarətə getməsi üçün şərait yaradan şəxslərin məqamından bəhs edən bir hədis nəql olunub. Bu fəslin adı «İmam Hüseyni (ə) özü ziyarət edən və ya başqasının ziyarətə getməsi üçün şərait yaradan şəxsin savabı» mənasını daşıyan «ثواب من زار الحسین علیه‌السلام بنفسه أو جهز إلیه غیره» başlığıdır.

Hüseyn (ə) zəvvarlarına xidmətin savabı Uhud dağı qədərdir

Höccətül-İslam vəl-müslimin Hüseyni sözünə davam edərək deyib: Bu hədisdə ravi İmam Sadiqdən (ə) başqalarının ziyarət xərclərini və ya imkanlarını təmin edən şəxslərin savabı barədə soruşur. Həzrət cavabında buyurur:

> «یُعْطِیهِ اللَّهُ بِکُلِّ دِرْهَمٍ أَنْفَقَهُ مِثْلَ أُحُدٍ مِنَ الْحَسَنَاتِ وَ یُخْلِفُ عَلَیْهِ أَضْعَافَ مَا أَنْفَقَهُ»

«Allah-taala İmam Hüseynin (ə) ziyarəti yolunda xərclənən hər dirhəmə görə Uhud dağı böyüklüyündə savab bəxş edir və xərclədiyi malın qat-qat artığını ona qaytarır.»

O bildirib ki, bu hədis İmam Hüseynin (ə) zəvvarlarına xidmət göstərməyin və onların ziyarəti üçün şərait yaratmağın Allah dərgahında olduqca dəyərli və böyük savaba malik əməllərdən biri olduğunu göstərir.

İnsanlar ziyarətin fəzilətini bilsəydilər, həsrətdən can verərdilər

Qum Elmi hövzəsinin müəllimi İmam Məhəmməd Baqirdən (ə) nəql olunan başqa bir hədisə istinad edərək deyib: Həzrət buyurur:

> «لَوْ یَعْلَمُ النَّاسُ مَا فِی زِیَارَةِ قَبْرِ الْحُسَیْنِ(ع) مِنَ الْفَضْلِ لَمَاتُوا شَوْقًا وَ تَقَطَّعَتْ أَنْفُسُهُمْ عَلَیْهِ حَسَرَاتٍ»

«Əgər insanlar İmam Hüseynin (ə) qəbrinin ziyarətində olan fəziləti bilsəydilər, şövqlərinin şiddətindən can verər, qəlbləri isə ona qovuşmaq həsrətindən parça-parça olardı.»

O əlavə edib ki, bu hədisin davamında İmam Baqir (ə) buyurur: Hər kim məhəbbət, mərifət və şövqlə İmam Hüseyni (ə) ziyarət etsə, Allah-taala onun üçün min qəbul olunmuş həccin, min qəbul olunmuş ümrənin və Bədr şəhidlərindən min şəhidin savabını yazar.

Höccətül-İslam vəl-müslimin Hüseyni vurğulayıb ki, bu hədislər İmam Hüseynin (ə) ziyarətinin mənəvi əzəmətini və onun möminlərin qəlbini Aşura hərəkatı ilə möhkəm bağlılığındakı misilsiz rolunu göstərir. Elə buna görə də hər il milyonlarla Əhli-beyt (ə) aşiqi Ərbəin günləri ərəfəsində böyük çətinliklərə sinə gərərək müqəddəs Kərbəla şəhərlərinə yollanır ki, bir daha İmam Hüseynin (ə) uca amalları ilə beyətlərini təzələsinlər.

İmam Hüseynin (ə) zəvvarı Allah Rəsulunun (s) zəvvarıdır

O, daha sonra «Kamiluz-ziyərat» kitabında İmam Sadiqdən (ə) nəql olunan başqa bir hədisə işarə edərək deyib: Həzrət İmam Sadiq (ə) buyurur:

> «إِنَّ زَائِرَ الْحُسَیْنِ بْنِ عَلِیٍّ(ع) زَائِرُ رَسُولِ اللَّهِ(ص)»

«İmam Hüseyn ibn Əlinin (ə) zəvvarı, Allah Rəsulunun (s) zəvvarıdır.»

Qum Elmi hövzəsinin müəllimi əlavə edib ki, bu hədis İmam Hüseynin (ə) Allah-taala və həzrət Peyğəmbərin (s) yanında nə qədər uca məqama malik olduğunu göstərir. Həmçinin bu hədisdən aydın olur ki, İmam Hüseynin (ə) ziyarəti insanın Allah, həzrət Peyğəmbər (s) və həmçinin Əhli-beytə (ə) yaxınlaşması üçün mühüm bir vasitədir.

Ərbəin ziyarətindən məhrum qalanlar uzaqdan ziyarəti unutmasınlar

Höccətül-İslam vəl-müslimin Hüseyni Ərbəin günlərinin yaxınlaşmasına işarə edərək vurğulayıb ki, zəvvarlar bu mənəvi səfərə mərifət, ixlas və saf niyyətlə çıxmalı, xüsusilə bütün şəhidlərin, o cümlədən şəhid Ayətullah Xamenei və vətən uğrunda şəhid olmuş şəhidlərin niyyəti ilə ziyarət etməli və bu nurani səfərin mənəvi bərəkətlərindən faydalanmalıdırlar.

Bu hövzə tədqiqatçısı müqəddəs Kərbəla şəhərinə getmək imkanı olmayan şəxslərə müraciətlə bildirib: Ərbəin ziyarətindən məhrum qalanlar da məscidlərdə, müqəddəs ziyarətgahlarda və imamzadələrin hərəmlərində iştirak etməklə, Aşura ziyarətnaməsini oxuyaraq, dua edib həzrət İmam Zamana (ə.f) təvəssül etməklə və uzaqdan İmam Hüseynə (ə) salam göndərməklə bu mübarək günlərin mənəvi feyzindən bəhrələnə bilərlər.

O, sonda Hüseyn ibn Süveyrin İmam Cəfər Sadiqdən (ə) nəql etdiyi bir rəvayətə işarə edərək deyib: Hüseyn ibn Süveyr nəql edir ki, Yunus ibn Zəbyan, Müfəzzəl ibn Ömər və Əbu Sələmə ilə birlikdə İmam Sadiqin (ə) hüzurunda idik. Onların arasında yaşca ən böyük olan Yunus ərz etdi:

«Sənə fəda olum! Mən İmam Hüseyn ibn Əlini (ə) çox yad edirəm. Belə vaxtlarda nə deyim?»

Həzrət İmam Sadiq (ə) buyurdu:

> «Üç dəfə belə de: "صَلَّی اللَّهُ عَلَیْکَ یَا أَبَا عَبْدِاللَّهِ"».

«Allahın salamı və rəhməti sənə olsun, ey Əba Əbdillah!»

Sonra həzrət İmam Sadiq (ə) əlavə etdi ki, uzaqdan və yaxından göndərilən salam İmam Hüseynə (ə) çatır.

Xəbərin sonu

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha