Hövzə Xəbər Agentliyinin müxbirinin verdiyi məlumata görə, Höccətül-İslam vəl-müslimin Nəzəri Münfərid Qum şəhərində Ayətullah Mürtəza Müqtədainin evində keçirilən Ərbəin matəm mərasiminin üçüncü gecəsində çıxışı zamanı Ərbəin hadisəsinin tarixi və hədis mənbələrindəki yerini izah edərək bildirib ki, Ərbəin ziyarəti Əhli-beyt (ə) məktəbinin ən mühüm mərifət və etiqad təzahürlərindən biridir. O, mötəbər tarixi mənbələrə və hədislərə istinad edərək bu münasibətin fəlsəfəsini və əhəmiyyətini açıqlayıb.
Ərbəinin ilk zəvvarı – Cabir ibn Abdullah Ənsari
O, Ərbəinin ilk ziyarəti ilə bağlı tarixi məlumatlara toxunaraq deyib: Mötəbər mənbələrə əsasən, Cabir ibn Abdullah Ənsari Ərbəin günü İmam Hüseynin (ə) pak məzarını ziyarət edən ilk şəxs hesab olunur. O, Ətiyyə Ovfi ilə birlikdə Fərat çayında qüsl etdikdən sonra İmam Hüseynin (ə) müqəddəs hərəminə yollanmış və Ərbəin ziyarətini oxumuşdur.
Hövzə müəllimi əlavə edərək bildirib: Ərbəin ziyarəti təkcə bir ziyarətnamə deyil, həm də İslamın ən uca etiqad, tarix və siyasi maarifini özündə əks etdirən dəyərli bir mətndir. Bu ziyarətdə Aşura hərəkatının fəlsəfəsi dərin və məzmunlu şəkildə bəyan edilir.
Ərbəin ziyarətinin yüksək məzmunu – qiyamın fəlsəfəsindən zalımlardan bəraətə qədər
Hüccətül-İslam vəl-müslimin Nəzəri Münfərid Ərbəin ziyarətinin məzmununa toxunaraq bildirib: Bu ziyarətdə İmam Hüseyn (ə) "Allahın vəlisi" və "məzlum şəhid" kimi təqdim edilir, onun qiyamının məqsədi isə Allah bəndələrini azğınlıqdan, cəhalətdən və sərgərdanlıqdan xilas etmək kimi izah olunur.
O davam edərək deyib: Ərbəin ziyarətində düşmənlərin həqiqi siması dünyapərəst və nəfsinin ardınca gedən insanlar kimi tanıdılır. Burada cihad, fədakarlıq, şəhadət, dinin dirçəldilməsi naminə əsirliyə dözmək, zalımlara lənət və onlardan bəraət, Əhli-beytə (ə) sədaqətin bəyanı, həzrət Peyğəmbərin (s) pak ailəsinin məsumluğuna şəhadət verilməsi, həmçinin Allahın rəhmət və salamının onlara nazil olması üçün dua edilməsinə xüsusi diqqət yetirilir.
Şeyx Tusinin və Əllamə Məclisinin baxışına görə Ərbəin ziyarətinin müstəhəb olmasının səbəbi
Hövzə müəllimi şiə alimlərinin Ərbəin ziyarətinin müstəhəb olması ilə bağlı baxışlarına da toxunaraq bildirib: İbn Şəhr Aşubun nəqlinə görə, Şeyx Tusi Ərbəin ziyarətinin müstəhəb olmasının səbəbini hicri 20 Səfər tarixində İmam Hüseynin (ə) mübarək başının pak cəsədinə qovuşdurulması ilə əlaqələndirmişdir. Əllamə Məclisi də bu baxışı şiə alimləri arasında məşhur nəzəriyyə kimi qiymətləndirmişdir.
İmam Hüseynə (ə) məxsus xüsusiyyətlər və Ərbəinin xüsusi yeri
Hüccətül-İslam vəl-müslimin Nəzəri Münfərəd "Nə üçün yalnız İmam Hüseyn (ə) üçün Ərbəin mərasimi keçirilir?" sualını cavablandıraraq deyib: Həzrət Seyyidüş-Şühəda İmam Hüseyn (ə) digər məsum İmamlarda (ə) olmayan özünəməxsus xüsusiyyətlərə malikdir. Bu xüsusiyyətlərdən biri də Ərbəin ziyarətidir.
O əlavə edərək bildirib: İmam Sadiqdən (ə) nəql olunan bir rəvayətdə bildirilir ki, İmam Hüseynin (ə) şəhadətinə görə göy qırx gün qan ağladı. Həmçinin İmam Həsən Əskərinin (ə) məşhur hədisində Ərbəin ziyarəti möminin nişanələrindən biri kimi təqdim edilmişdir. Bu da həmin ziyarətin xüsusi məqamını göstərir.
Əhli-beytin (ə) ilk Ərbəində Kərbəlada olmasını təsdiqləyən tarixi dəlillər
Hövzə müəllimi Əhli-beyt (ə) karvanının ilk Ərbəində Kərbəlada olması məsələsinə toxunaraq deyib: Ərbəinin əhəmiyyətini artıran amillərdən biri də Əhli-beytin (ə) Səfər ayının iyirminci günü Kərbəlaya qayıtmasıdır. Bəzi şəxslər bu hadisənin ilk Ərbəində baş verməsi barədə tərəddüdlər irəli sürsələr də, mötəbər tarixi dəlillər bu şübhələri təsdiqləmir.
O qeyd etdi ki, İbn Nəma nəql edir: Cabir ibn Abdullah Ənsari və Əhli-beyt (ə) karvanı Ərbəin günü eyni vaxtda İmam Hüseynin (ə) şəhadət məkanına çatmış, həzrət İmam Hüseynin (ə) pak məzarı üzərində matəm saxlayıb göz yaşı tökmüşlər.
Hüccətül-İslam vəl-müslimin Nəzəri Münfərid çıxışına davam edərək bildirib: Bundan əlavə, İbn Nəmadan təxminən iki əsr əvvəl yaşamış Əbu Reyhan Biruni "Əl-Asarul-Baqiyə" əsərində yazır ki, Əhli-beyt (ə) Səfər ayının ilk günündə Şama daxil olmuş, ayın iyirminci günü isə Kərbəlaya çatmış və İmam Səccad (ə) İmam Hüseynin (ə) mübarək başını o həzrətin pak cəsədinə qovuşdurmuşdur.
Qum Elmi hövzəsinin müəllimi sonda mərhum Ayətullah Seyid Məhəmmədəli Qazi Təbatəbainin araşdırmalarına işarə edərək vurğulayıb ki, mərhum Qazi Təbatəbai tarixi sənədləri araşdıraraq Əhli-beytin (ə) ilk Ərbəində Kərbəlaya daxil olmasını sübuta yetirmiş, bir sıra digər tədqiqatçılar və nüfuzlu şəxsiyyətlər də bu baxışı təsdiqləmişlər.
Xəbərin sonu
Rəyiniz