Hövzə Xəbər Agentliyinin verdiyi məlumata görə, ölkə üzrə Elmi hövzələrin rektoru Ayətullah Ərafi “Jurnalistlər günü” münasibətilə müraciət yayımlayıb. Müraciətin tam mətni aşağıdakı kimidir:
Bağışlayan və mehriban Allahın adı ilə
9 avqust qələm sahiblərinin həqiqət axtarışı yolunda göstərdikləri mübarizəni xatırladan gündür. Onlar «ن وَالْقَلَمِ وَمَا یَسْطُرُونَ» ayəsinin nümunəsinə tabe olaraq, məsuliyyətli qələm, uzaqgörən baxış və yorulmaz fəaliyyətlə həqiqəti işıqlandırır, cəmiyyəti maarifləndirmək yolunda bir an belə səylərini dayandırmırlar.
Bu il Jurnalistlər günü İslam dünyasının böyük rəhbəri, şəhid Ayətullah üzma Seyid Əli Xameneinin, müqavimət cəbhəsinin böyük mücahidlərinin və həmçinin izzət yolunda canından keçən şəhidlərin matəmini yaşadığı bir vaxtda qeyd olunur. Lakin bu şəhadətlər nəinki bu yolda heç bir sarsıntıya səbəb olmayıb, əksinə, İslam ümmətinin damarlarına yeni qan verib və hakim güclər sisteminin cinayətlərinin üzərindən pərdəni götürüb.
Əziz jurnalistlərə – “təbliğ və maarifləndirmə cihadının” əsgərlərinə müraciət
Bu gün düşmənin yumşaq müharibəsi yalnız media savaşı deyil, həm də iradələrin ələ keçirilməsi və inancların dəyişdirilməsi uğrunda mübarizədir. Sizdən istəyirəm ki, bu mübarizədə “peşə etikası” və “bəsirəti artıran təhlil” kimi iki silahla hadisələrin ilk və əsas təfsirçiləri olasınız.
Bu meydanda əsas strategiyamız “reallığa əsaslanan ümid yaratmaq” və “islah məqsədli mərhəmətli tənqid” olmalıdır. Sizin qələminiz projektor kimi düşmənin psixoloji əməliyyatlarının qaranlığını yarıb keçməli, haqq cəbhəsinin məzlum, lakin qüdrətli həqiqətini azad və azadlıqsevər insanların, eləcə də bütün dünya insanlarının qulağına çatdırmalıdır.
Bu gün Elmi hövzələr həqiqətə susamış dünya ilə “ağıllı kommunikasiya körpüləri”nə hər zamankından daha çox ehtiyac duyur. Siz jurnalistlər Böyük Peyğəmbərin (s) və Əhli-beytin (ə) maarifinin, eləcə də Elmi hövzələrin zəngin irsinin təbliğ və izah elçilərisiniz.
Hövzə Xəbər Agentliyindən və hövzə mediasından gözlənilir ki, ölkənin digər media qurumları ilə birlikdə müasir media vasitələrindən və beynəlxalq dillərdən istifadə etməklə “sivilizasiya quran hövzə”ni, “qabaqcıl və öncül hövzə”ni bütün elmi, əxlaqi və sosial imkanları ilə ölkə ictimaiyyətinə və dünya elmi-ictimai dairələrinə təqdim etsinlər.
Elmi hövzələr transformasiya dövründə özünü artıq yataqxana otaqları ilə məhdudlaşan bir qurum kimi deyil, eyni zamanda müasir insanın qarşılaşdığı düşüncə və əxlaq problemlərinə cavab verən öncül qüvvə kimi görür. Hövzə mediası cəmiyyətin sosial, siyasi və ailə problemlərinə İslamın və Əhli-beyt məktəbinin (ə) irəli sürdüyü həll yollarını təqdim edən hövzə alimlərinin, tələbələrinin və müəllimlərinin səsi olmalıdır.
Hövzə mediası Elmi hövzələrin cəmiyyətin içində davamlı iştirakını dəqiq şəkildə əks etdirməlidir. Elə bir şəkildə ki, hamı Elmi hövzələrin xalqdan qaynaqlandığını, onların ağrı-acıları və narahatlıqları ilə nəfəs aldığını görsün.
Sizin qələminiz əziz hövzə tələbələrinin bütün sosial, siyasi və ailə sahələrində göstərdikləri “qayğıkeş iştirakı” və “ciddi fədakarlıqla həyata keçirdikləri xidmətləri”, eləcə də hövzənin müxtəlif transformasiya layihələrini və genişmiqyaslı fəaliyyətlərini cəmiyyətə göstərən bir vasitəyə çevrilməlidir. Eyni zamanda bütün hövzə qurumlarının fəaliyyətləri də işıqlandırılmalıdır.
Məhz belə olduqda Əhli-beyt (ə) maarifi ilə insanların gündəlik həyatı arasındakı qırılmaz bağ özünü göstərir və hamı hiss edir ki, Elmi hövzələr insanların problemlərinin həllinə kömək etmək və dinin bayrağını ucaldatmaq üçün bütün varlığı ilə əməli fəaliyyət meydanında olan bir qurumdur.
Jurnalist şəhidlərinin xatirəsini yad edərək Jurnalistlər günü münasibətilə bütün media nümayəndələrini, ölkədə və Elmi hövzələrdə, xüsusilə “Hövzə Xəbər Agentliyi”ndə xəbər sahəsində fəaliyyət göstərən şəxsləri təbrik edir, Allah-Taaladan sizi maarifləndirmə və haqq kəlməsini ucaldatmaq yolunda daha böyük uğurlara nail etməsini diləyirəm.
Ölkə üzrə Elmi hövzələrin rektoru
Əlirza Ərafi
Rəyiniz