çərşənbə axşamı 18 avqust 2026 - 15:17
İsraillə münasibətlərin normallaşdırılması qeyri-mümkündür və Livanın varlığı üçün təhlükədir

Hövzə / Livanın keçdiyi hazırkı mərhələdə məzhəb və dini fikir ayrılıqlarını aşan, milli və əhatəli bir platforma yaratmaq məqsədilə “Livanda insan üçün birlikdə” konfransı keçirilib.

Hövzə Xəbər Agentliyinin tərcümə qrupunun verdiyi məlumata görə, Livanın keçdiyi mərhələdə, sionistlərin təcavüzlərinin davam etdiyi, işğalçılıq qarşısında livanlılar arasında dialoqa, birgəyaşayışa və həmrəyliyə ehtiyacın getdikcə artdığı bir vaxtda məzhəb və dini fərqləri aşan, milli və hərtərəfli bir platforma yaratmaq, livanlıları birləşdirən ümumi insan və milli dəyərləri yenidən dirçəltmək məqsədilə “Livanda insan üçün birlikdə” forumu Mətbuat Həmkarlar İttifaqında keçirilən izdihamlı mətbuat konfransı zamanı forumun “təsis sənədi”ni yayımlayıb.

Tədqiqatçı, siyasi fəal və forumun rəhbəri doktor Bəssam Haşim “Əl-Əhd”ə verdiyi müsahibədə forumun məqsədləri və dialoqa əsaslanan yanaşması barədə danışaraq bildirib ki, bu təşəbbüs livanlıları birləşdirən ortaq dəyərləri yenidən dirçəltməyə, hərtərəfli milli və insani kimliyi gücləndirməyə çalışır.

Bəssam Haşim deyib: Livanda "məzhəb və dini kimliklər" adlı bir xəstəlik mövcuddur. Bu ölkədə hər şey onların üzərində qurulub və bu struktur o qədər dərin kök salıb ki, siyasi, sosial və təhsil sistemlərində də özünü göstərir. Çünki bütün sistem məzhəbçilik üzərində qurulub. Buna görə də livanlıları bir araya gətirən kimlik və hamımızı birləşdirən insani kimlik barədə şüurun gücləndirilməsi istiqamətində çalışmalıyıq.

O əlavə edərək bildirib: Məsələn, bir vətəndaş cənubun düşmən tərəfindən dağıdıldığını və livanlıların şəhid edildiyini görür, amma buna əhəmiyyət vermirmiş kimi davranırsa, bu, böyük problemdir. Necə oldu ki, livanlı bir vətəndaş ölkəsinin bir hissəsinin və həmvətənlərinin başına gələnlərə qarşı laqeyd münasibət göstərəcək həddə gəlib çatdı?

Doktor Bəssam Haşimin sözlərinə görə, yaşadığımız bu parçalanma düşmənin maraqlarına xidmət edir, ölkənin və müstəqilliyimizin mənafeyinə ziddir. Buna görə də ortaq kimliyimiz, ilk növbədə isə insani kimliyimiz barədə şüuru gücləndirmək üçün zəruri olan bütün addımları atmalıyıq.

O, forumun əlaqə yaratmaq çağırışına cavab olaraq müxtəlif siyasi mövqelərə, istiqamətlərə, məzhəb və dini mənsubiyyətlərə malik insanların təşəbbüsə qoşulduğunu da qeyd edib.

Bu forum hansı mesajı verir?

Doktor Bəssam Haşim vurğulayıb: Bu forum Livanda milli, sosial və insani məsələlərin öyrənilməsi və önə çıxarılması istiqamətində fəaliyyət göstərən elmi, milli və müstəqil bir platformadır. Forum vətəni müxtəlif təhlükələrdən qorumağa, müstəqilliyi müdafiə etməyə, bütün ərazilər üzərində suverenliyi qorumağa və ölkədə insan ləyaqətini təmin etməyə xidmət edən təşəbbüslər, baxışlar və tövsiyələr təqdim edir. Eyni zamanda, daxili sülhü, vətəndaşlıq dəyərlərini və milli tərəfdaşlığı gücləndirməyə çalışır.

O əlavə edib: Biz Livandakı milli və insani məsələlərin elmi, obyektiv və konstruktiv şəkildə araşdırılması üzərində çalışırıq. Vətənin, azadlığın və suverenliyin qorunması, güclü və ədalətli dövlətin qurulmasının möhkəmləndirilməsi, ölkədə insanların ləyaqətinin və təhlükəsizliyinin təmin edilməsi qarşısında duran problemləri araşdırır, uyğun həll yolları və yanaşmalar təklif edirik.

Forum, həmçinin müharibələrin qurbanları ilə məsuliyyətli həmrəyliyin nümayiş etdirilməsini, onların iztirablarının davam etdiyi bir vaxtda bütün hüquqlarının və öz torpaqlarında, vətənlərində ləyaqətlərinin qorunması üçün onlara dəstək göstərilməsini qarşısına məqsəd qoyur.

Livanda milli və insan kimliyinin möhkəmləndirilməsi üçün dialoq və həmrəyliyə çağırış

Onun sözlərinə görə, bu iş fikir, araşdırma və dialoq fəaliyyəti, eləcə də müxtəlif maraqlı tərəflər, o cümlədən qurumlar və şəxslərlə məsuliyyətli əlaqələr vasitəsilə həyata keçiriləcək.

Konfrans hansı praktiki addımları atacaq?

Doktor Bəssam Haşim bildirib: Biz fəaliyyət vasitələrimizi müəyyənləşdirmişik. Hazırda insani məsələləri və livanlıları bir araya gətirən ortaq dəyərləri formalaşdırırıq. Hamını birləşdirən ortaq bağ olan "milli kimliyin" izahı və bu əhatəli kimliyə dair şüurun bərpası istiqamətində çalışırıq.

Onun sözlərinə görə, konfransın üzərində işləyəcəyi vasitələrdən biri müntəzəm bəyanatların, hesabatların və araşdırmaların yayımlanması, elmi komitələrin və ixtisaslaşmış iş qruplarının yaradılması, dialoq, fikir mübadiləsi və media platformalarının fəaliyyətə başlaması, universitetlər, tədqiqat mərkəzləri və vətəndaş cəmiyyəti qurumları ilə əməkdaşlıq etmək, müəyyənləşdirilmiş məqsədlərin həyata keçirilməsi, həmçinin müvafiq məsələlər, araşdırmalar və təşəbbüslərlə bağlı sənədləşdirilmiş milli arxivin hazırlanmasıdır.

Bununla yanaşı, livanlı qadınların və gənclərin bu vəzifələrin həyata keçirilməsində iştirakının təşviq ediləcəyi bildirilir.

Doktor Haşim konfransın praktiki fəaliyyətləri barədə danışarkən bildirib ki, konfrans Livanda vətən və insan məsələləri ilə bağlı ixtisaslaşmış toplantıların təşkilinə çalışacaq.

O, xüsusilə Konstitusiyaya uyğun olaraq bütün dövlət institutları ilə birlikdə güclü və ədalətli vətəndaş dövlətinin qurulmasının möhkəmləndirilməsi, ölkə ərazisinin müdafiəsi, yenidənqurma, sosial, iqtisadi və ekoloji inkişaf, ölkə ərazisinin bütün bölgələrində məcburi köçkünlərin öz kənd və şəhərlərinə qayıtması, eləcə də bu istiqamətdə tələb olunan bütün proqramların, səylərin, insan və maddi resursların gücləndirilməsi məsələlərinə diqqət yetiriləcəyini qeyd edib.

O əlavə edib ki, Livanın sərvət və təbii ehtiyatları ümumi milli maraqlara uyğun şəkildə istifadə edilməlidir.

Konfransın milli prinsipləri nələrdir?

Bu istiqamətdə “Livanda Müstəqillər Toplantısı”nın üzvü bildirib ki, konfrans Livanı bütün oğul və qızları üçün, Konstitusiyada müəyyən edilmiş və beynəlxalq səviyyədə tanınan rəsmi sərhədləri daxilində son və əbədi vətən hesab edir.

O deyib: Biz Livanın ərazi, xalq və institutlar baxımından birliyində israr edirik və ölkənin qarşılaşa biləcəyi istənilən işğal, parçalanma, parçalanmaya sövq, asılılıq və ya zəiflətmə formasını rədd edirik.

"Biz tam milli suverenliyə sadiqik və vətən torpağının bir qarışından belə, yaxud ölkənin hər hansı hüququndan və onun ərazi üzərində tam suverenliyindən imtina etmirik”, – deyə  doktor Haşim vurğulayıb.

Konfrans “İsraillə münasibətlərin normallaşdırılması” məsələsinə necə yanaşır?

Doktor Haşim vurğulayıb: Sionist düşmən bizi bir vətən və bir xalq olaraq aradan götürməyə çalışır. Belə olan halda, məni məhv etmək və torpağımı işğal etmək istəyən bir rejimlə münasibətləri necə normallaşdırmaq olar? Bizi aradan götürməyə çalışan düşmən və onun Talmud anlayışları ilə necə normallaşmaq olar?

O bildirib ki, münasibətlərin normallaşdırılması seçim ola bilməz və onların mövqeyinə görə, sionist rejimlə münasibətlərin normallaşdırılması mümkün deyil.

Doktor Haşimin fikrincə, Livanın rəsmiləri “paltarlarını çıxarıblar”, yəni bu məsələdə müdafiəsiz vəziyyətə düşüblər və nəticədə ölkə bu layihələr qarşısında milli məsuliyyətlə üz-üzədir.

Doktor Haşim vurğulayıb ki, konfrans milli varlığını və suverenliyini müdafiə etmək üçün silaha sarılan hər kəsi dəstəkləyir və Livan ordusuna dəstək verir.

O, İsraillə münasibətlərin normallaşdırılması ilə bağlı məsələlərin ifşa edilməsinin vacibliyini vurğulayıb və hesab edir ki, bu məsələ yalnız söz səviyyəsində qalmamalı, sübut edilməli və sənədləşdirilməlidir.

Doktor Haşim bildirib ki, İsraillə münasibətlərin normallaşdırılmasına yönəlmiş gizli layihələrin ifşası üçün lazım olan bütün addımlar atılmalıdır.

Doktor Haşim son olaraq vurğulayıb: Nəticə etibarilə, "Birlikdə… Livanda insan üçün" konfransı milli, insani, müstəqil və əhatəli baxışdan çıxış edir və hesab edir ki, vətənin qorunması, insanın müdafiəsi və milli birliyin möhkəmləndirilməsi ümumi məsuliyyətdir.

Onun sözlərinə görə, bu məsuliyyət elmi, intellektual və milli səylərin birləşdirilməsini, eləcə də livanlıları bir-birinə bağlayan milli və insani kimliyə dair şüurun möhkəmləndirilməsi istiqamətində fəaliyyət göstərməyi tələb edir.

İsraillə münasibətlərin normallaşdırılması qeyri-mümkündür və Livanın varlığı üçün təhlükədir

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha