Hövzə Xəbər Agentliyinin beynəlxalq bürosunun verdiyi məlumata görə, İran İslam Respublikasının Elmi hövzələrinin rektoru Ayətullah Əlirza Ərafi Rumıniya Pravoslav Kilsəsinin rəhbəri Patriarx Danielə ünvanladığı məktubda şiə məzhəbi ilə pravoslav xristianlığın fundamental inanclar, irfan və əxlaq sahəsindəki dərin ortaq cəhətlərinə toxunaraq, bəşəriyyəti əxlaqi və mənəvi böhranlardan xilas etməyin yolu kimi Allaha əsaslanan qarşılıqlı əlaqələrin və dinlərarası dialoqun zəruriliyini vurğulayıb.
Elmi hövzələrin Dinlər və Məzhəblər ofisinin rəhbəri Höccətül-islam vəl-müslimin Məhəmməd Sadiq Əminəddin Buxarestə səfəri zamanı məktubu Rumıniya Pravoslav Kilsəsinin dinlərarası dialoq üzrə koordinatoru doktor Valentin İliyeyə təqdim edib. Məktub Elmi hövzələr ilə Rumıniya Pravoslav Kilsəsi arasında genişmiqyaslı əməkdaşlığın başlanğıcı kimi qiymətləndirilib.
Qurani-Kərimin ayələri və İncilə istinadlarla yazılan məktubda iki mühüm ortaq problemə — ailə məsələlərinin təhdid altında olmasına və gənclər arasında inancsızlıq böhranına xüsusi diqqət yetirilib. İslam və pravoslav xristianlığın ailənin qorunması, eləcə də inanclı nəsillərin yetişdirilməsi ilə bağlı təlimləri ortaq bir miras kimi təqdim olunub və bunun elmi-tədqiqat sahəsində əməkdaşlıq üçün zəmin yarada biləcəyi bildirilib.
Həmçinin hər iki dinin həzrət Məryəmə (s.ə) və müqəddəslərə göstərdiyi dərin ehtirama toxunularaq, gənc nəslin bu uca şəxsiyyətləri özünə nümunə götürməsinin zəruriliyi xüsusi vurğulanıb.
Elmi hövzələrin rektoru məktubun digər hissəsində İranın Elmi hövzələrinin Rumıniya Pravoslav Kilsəsi ilə təhsil və tədqiqat, dini, mədəni və sosial sahələrdə hərtərəfli əməkdaşlığa tam hazır olduğunu bildirib. Əxlaq kimi elmi sahələrdə müəllim və tədqiqatçı mübadiləsi, ailə və mənəviyyat mövzusunda beynəlxalq konfransların keçirilməsi, eləcə də müxtəlif dini sahələrdə təcrübə mübadiləsi təklif olunan əməkdaşlıq istiqamətləri sırasında yer alıb.
Ayətullah Ərafi məktubunun sonunda Rumıniya Pravoslav Kilsəsi ilə geniş əməkdaşlığın müasir dünyada mənəviyyat və əxlaqın yüksəlişi istiqamətində təsirli addım olduğunu qeyd edib, Patriarx Daniel və bütün xristian qardaşları üçün uca Allahdan sağlamlıq və səadət diləyib.
Qeyd edək ki, İran İslam Respublikasının Elmi hövzələri son aylarda İran və Rumıniyadan olan dini və akademik şəxslərin iştirakı ilə bir sıra elmi görüşlər və dinlərarası vebinarlar təşkil edib. Bu tədbirlər nüfuzlu universitetlərin və Rumıniya Pravoslav Kilsəsinin iştirakı ilə keçirilib.
Rəyiniz