cümə axşamı 20 avqust 2026 - 14:10
Şəhid Ayətullah Seyid Əli Xamenei İran üçün qüdrət formalaşdıran böyük şəxsiyyət idi

Elmi hövzələrin rektoru Ayətullah Əlirza Ərafi qeyd edib ki, şəhid Ayətullah Seyid Əli Xameneinin və digər şəhidlərin qanının qisası fərdi və emosional məsələ deyil. Xalqımız bu yol altı il çəksə belə, qisas əhdindən dönməyəcək.

Hövzə Xəbər Agentliyinin verdiyi məlumata görə, Elmi hövzələrin rektoru Ayətullah Əli Rza Ərafi İslam İnqilabının Ali Məqamlı Rəhbəri həzrət Ayətullah Seyid Müctəba Xameneinin təşəbbüsü ilə həzrət Məsumənin (s) müqəddəs hərəminin İmam Xomeyni (r) salonunda keçirilən şəhid Ayətullah Seyid Əli Xameneinin dəfn və torpağa tapşırılmasının qırxıncı günü mərasimində çıxış edib.

Ayətullah Ərafi çıxışının əvvəlində Qurandan ayələr oxuyub, Peyğəmbər (s) və onun ailəsinə salavat göndərərək, həzrət Məsumənin (s) hərəmində keçirilən bu mərasimdə iştirak edən insanlara həzrət İmam Həsən Əskərinin (ə) şəhadəti münasibətilə başsağlığı verib. Ayətullah Ərafi İmam Zamanın (ə.f) imamətinin başlanması münasibətilə onları təbrik edib.

O, həmçinin Allah övliyalarının, bütün İslam şəhidlərinin xatirəsini yad edərək onların pak ruhlarına salavat göndərib.

Ayətullah Ərafi bütün mərcəi-təqlidlərin, şəhid Ayətullah Seyid Əli Xameneinin ailəsinin, İslam İnqilabının Ali Məqamlı Rəhbəri Ayətullah Seyid Müctəba Xameneinin, ustadların, Ekspertlər Məclisinin üzvlərinin, universitet və mədəniyyət qurumlarının bu mərasimdə iştirakını yüksək qiymətləndirərək bildirib: Çıxışımın əvvəlində bugünkü vəziyyətlə bağlı bir neçə cümlə, daha sonra isə şəhid Ayətullah Seyid Əli Xameneinin şəxsiyyəti, eləcə də onun barəsində bir-iki mühüm məqamı diqqətinizə çatdıracağam.

Şəhid Ayətullah Seyid Əli Xameneinin qisasını almaq fərdi intiqam deyil

Elmi hövzələrin rektoru İran xalqının hələ də Şəhid Ayətullah Seyid Əli Xameneinin və digər şəhidlərin xatirəsini yaşatdığını bildirərək deyib: Biz hələ də şəhid Ayətullah Seyid Əli Xameneinin matəmini yaşayırıq. Biz bütün şəhidlərin qanının qisasını almaq üçün daim bu yolda mübarizə aparacağıq.

O vurğulayıb: Bu cümləni xüsusi olaraq vurğulamalı və xatırlatmalıyam ki, şəhid Ayətullah Seyid Əli Xameneinin qanının qisasını almaq, eləcə də İranın və İslam ümmətinin azadlığına və müstəqilliyinə düşmən olanlardan qisas almaq fərdi məsələ deyil. Bu, İslam ümmətinin qisasıdır.

Elmi hövzələrin rektoru əlavə edib: Bu qan qisası İmam Hüseynin (ə) və dünyanın bütün məzlumlarının qanının qisasıdır. Bu məsələdə yanlış təsəvvür yaradılmasına yol verilməməlidir. Böyük İran xalqı və müqavimət cəbhəsi tərəfindən şəhid Ayətullah Seyid Əli Xameneinin və bütün İslam şəhidlərin qanının qisasının tələb olunması və bu qan qisasının alınması fərdi məsələ deyil ki, kimsə bunun qarşısında müqavimət göstərsin.

O, sözlərinə belə davam edib: Bu, bir xalqın və dünya məzlumlarının qisasıdır. Biz şəhid Ayətullah Seyid Əli Xameneinin qanının qisasını almaq və bu qisas əhdi üzərində dayanmışıq və xalqımız da İslam İnqilabının Ali Məqamlı Rəhbərinin ardınca bu əhdə sadiq qalaraq öz mövqeyində dayanıb.

Ayətullah Ərafi açıq şəkildə bildirib: Altı ay nədir ki? Altı il də çəksə, bu xalq meydanda, İmam Hüseynin (ə) amalları və şəhid Ayətullah Seyid Əli Xameneinin qanının qisasını almaq uğrunda dayanıb və dayanacaq.

O, xalqa təşəkkür edərək deyib: Eşq olsun bu xalqa ki, hələ də bütün qəlbi, canı, varlığı, şövqü və qəhrəmanlığı ilə İslamın və şəhidlərin amallarının müdafiəsi meydanında dayanıb. Allah sizinlədir və Allahın lütfü ilə bu yolu davam etdirəcəksiniz.

Şəhid Ayətullah Seyid Əli Xamenei çoxsaylı xüsusiyyətlərə malik bir şəxsiyyət idi 

Ayətullah Ərafi çıxışının davamında şəhid Ayətullah Seyid Əli Xameneinin şəxsiyyətinə toxunaraq bildirib: Şəhid Ayətullah Seyid Əli Xamenei haqqında sözə başlayarkən ilk növbədə qeyd etmək lazımdır ki, tarixdə gördüyümüz və şəxsiyyətini dəyərləndirmək istədiyimiz insanlar bəzən bir, iki və ya üç istiqamətdə seçilən şəxsiyyətlər olurlar. Lakin bəzən elə bir şəxsiyyətlə qarşılaşırıq ki, çoxsaylı və müxtəlif xüsusiyyətləri özündə cəmləşdirir.

O, əlavə edib: Şəhid Ayətullah Seyid Əli Xamenei elm və bilik, bacarıq, idarəçilik və rəhbərlik sahələrində müxtəlif üstünlükləri özündə birləşdirən nurani və parlaq şəxsiyyətlərdən biri idi. Digər şəxsiyyətləri təhlil edərkən onların əzəmətinin müəyyən tərəflərini üzə çıxarmaq və təqdim etmək üçün diqqətlə araşdırma aparmalıyıq. Lakin bu böyük şəxsiyyətin qarşısında dayandıqda görürük ki, onun simasında o qədər böyük nuraniyyət və parlaqlıq var ki, bu xüsusiyyətlər məcmusundan, bu qədər fəzilət və üstünlüklərdən hansını seçib önə çıxarmalı olduğumuzu düşünməliyik.

Elmi hövzələrin rektoru vurğulayıb: Şəhid Ayətullah Seyid Əli Xamenei hərtərəfli və çoxşaxəli şəxsiyyətlərdən biri idi. Onun şəxsiyyətinin tanıdılması və xüsusiyyətlərinin izahı üçün çoxsaylı məclislər və çıxışlar keçirilməlidir.

Ayətullah Ərafi bildirib: Şəhid Ayətullah Seyid Əli Xameneinin şəxsiyyətinin hərtərəfliliyi, həmin böyük şəxsiyyətin parlaqlığı və malik olduğu bu xüsusiyyətlər o qədər yüksək səviyyədədir ki, biz onun xüsusiyyətləri və üstünlükləri məcmusunun qarşısında dayandıqda heyrətə gəlirik.

O deyib: Min illər ərzində bölgənin və İranın tarixini vərəqləyin. Dini xüsusiyyətləri bir kənara qoysaq belə, mərhum İmam Xomeyninin (r) və şəhid Ayətullah Seyid Əli Xameneinin əzəməti ilə müqayisə edilə biləcək səviyyədə başqa bir şəxsiyyət tapa bilmərik.

Elm hövzələrin rektoru qeyd edib: Əziz İran xalqı İslam İnqilabı zamanı ölkəmizin belə böyük, bənzərsiz və uca şəxsiyyətlərə sahib olması ilə fəxr etmək imkanına malik oldu. Biz bu böyük rəhbərlərin elmi, imanlı və əxlaqlı həyatını, eləcə də onların mübarizə və fədakarlıqlarını İranın və bölgənin bütün keçmiş rəhbərləri ilə müqayisə etməyə hazırıq.

O əlavə edib: Biz sübut edəcəyik ki, İnqilabın iki imamı, İmam Xomeyni (r) və şəhid Ayətullah Seyid Əli Xamenei elə bir əzəmət, şövkət və parlaqlığa malik idilər ki, bunun bənzərini başqa yerdə tapmaq mümkün deyil.

Şəhid Ayətullah Seyid Əli Xamenei nəzəriyyə ilə əməli birləşdirən bir şəxsiyyət idi 

Ayətullah Ərafi çıxışının davamında şəhid Ayətullah Seyid Əli Xameneinin digər bir xüsusiyyətinə toxunaraq bildirib: Ölkələrin rəhbərlərini iki və ya üç qrupa bölmək olar. Bəzi rəhbərlər fikir və nəzəriyyə sahəsində güclü olurlar, lakin əməli fəaliyyət və idarəçilik meydanında o qədər də güclü deyillər.

O, əlavə edib: Digər və kifayət qədər çoxsaylı bir qrup rəhbər və idarəçi var ki, əməli fəaliyyət sahəsində güclüdürlər, lakin nəzəriyyə, düşüncə və idrak əsasları baxımından zəifdirlər. Azsaylı bir qrup rəhbər də var ki, həm nəzəriyyə və düşüncə baxımından güclü və qüvvətlidirlər, həm də əməli fəaliyyət, idarəçilik və rəhbərlik meydanında bacarıqlı və mahirdirlər. Şəhid Ayətullah Seyid Əli Xamenei də məhz belə şəxsiyyətlərdən biri idi.

Birinci: İslam nəzəriyyəçisi və nəzəriyyə yaradıcısı

Elmi hövzələrin rektoru bildirib: Şəhid Ayətullah Seyid Əli Xamenei ömrünün bütün işıqlı dövründə İslamın keşiyində dayanmış, xalq uğrunda canından keçmiş, nəzəriyyə ilə əməli özündə birləşdirən böyük və əzəmətli rəhbər idi. Bizim sözümüz budur ki, Şəhid Ayətullah Seyid Əli Xamenei üç böyük üstünlüyü özündə birləşdirmişdi. Birincisi onun İslam nəzəriyyəçisi və nəzəriyyə yaradıcısı olması idi.

O deyib: Şəhid Ayətullah Seyid Əli Xamenei İslam nəzəriyyəçisi və İslamda nəzəriyyə yaradan şəxsiyyət idi. Onun məntiq və düşüncəsində İslam idarəçiliyinə dair çoxsaylı nəzəriyyə və konsepsiyalar öz əksini tapırdı.

Elmi hövzələrin rektoru əlavə edib: Şəhid Ayətullah Seyid Əli Xameneinin çıxışları nəzəri məzmun daşıyırdı və o, təxminən qırx il ərzində İslam idarəçiliyinə dair müxtəlif sahələrdə onlarla dərin nəzəriyyəni irəli sürmüş, onu əsaslandırmış və təqdim etmişdi.

O bildirib: Burada bu fikri geniş şəkildə izah etməyə imkan yoxdur. Lakin rəhbərin ictimai, mədəni, iqtisadi və siyasi sahələrdə müxtəlif nəzəriyyə və konsepsiyaları var idi. Əgər rəhbər olmasaydı, o, İslam sivilizasiyasının qurulması yolunda İslam idarəçiliyinə dair çoxsaylı nəzəriyyələrə malik bir nəzəriyyəçi, mahir və dərin bilik sahibi bir alim olardı. O, İslam yolunda nəzəriyyə irəli sürən, dərin mərifət sahibi və nəzəriyyə yaradan bir şəxsiyyət idi.

İkinci: Təcrübəli rəhbər

Ayətullah Ərafi sözlərini davam etdirərək bildirib: Şəhid Ayətullah Seyid Əli Xamenei nəzəriyyəçiliklə yanaşı, həm də meydanın memarı və təcrübəli bir rəhbər idi. O, nəzəriyyəni düşüncə və məntiq səviyyəsindən əməli fəaliyyət meydanına gətirirdi. Onların nəticələrindən bəzilərinə toxunacağam. Şəhid Ayətullah Seyid Əli Xamenei nəzəriyyəçi, müxtəlif cərəyanların rəhbəri və İslam idarəçiliyinin həyata keçirilməsi üçün praktiki şəbəkələr quran bir şəxsiyyət idi.

Üçüncü: Qüdrət formalaşdıran şəxsiyyət 

Elmi hövzələrin rektoru bildirib: Şəhid Ayətullah Seyid Əli Xameneinin üçüncü üstünlüyü bu idi ki, onun nəzəriyyəçiliyi və təcrübəsi bununla məhdudlaşmırdı. O, İslam nəzəriyyələrini cəmiyyət, mədəniyyət, elm və bilik sahəsində, eləcə də müdafiə sahəsində qüdrətin formalaşdırılmasına çevirdi.

Ayətullah Ərafi bildirib: Elə rəhbərlər var ki, qüdrət və nüfuz yaradırlar. Lakin Şəhid Ayətullah Seyid Əli Xamenei bu iki böyük nəzəri və öz təcrübələri ilə yanaşı, qüdrətin formalaşmasında da mahir idi. Elə bir qüdrət ki, bu gün dünya onun qarşısında heyrət içindədir.

O əlavə edib: Bu xalqın əldə etdiyi qüdrət həmin şəhid Ayətullah Seyid Əli Xameneinin rəhbərliyindən və qurduğu sistemdən qaynaqlanır. Bu imkanları bizə o bəxş etdi. Bizə ruh yüksəkliyi verən o oldu və İran, müqavimət cəbhəsi və İslam ümməti üçün qüdrət formalaşdıran da o oldu.

Şəhid Ayətullah Seyid Əli Xamenei İran dövləti və İslam ümməti üçün qüdrət və nüfuzun yaradıcısı idi

Ayətullah Ərafi deyib: Burada şəhid Ayətullah Seyid Əli Xamenei qüdrət yaratması və rəhbərliyi ilə bağlı altı mühüm nöqtəni qeyd etmişəm ki, onların bir-ikisinə toxunum. Şəhid Ayətullah Seyid Əli Xamenei bizim, sizin və İslam ümmətinin qüdrət və nüfuzunun formalaşdırılmasının yaradıcısı idi. O müxtəlif istiqamətlərdə İslam ümmətinin qüdrətini artırdı.

Elm və texnologiya qüdrətin əsas sahəsidir 

Elmi hövzələrin Ali Şurasının üzvü qüdrətin mühüm sahələrindən birinin elm və texnologiya qüdrətinin olduğunu bildirərək deyib: Bu məsələ çox mühümdür. Əziz gənclərdən, universitet alimlərindən və əziz xalqımızdan xahiş edirəm ki, elm və texnologiya yolunu şəhid Ayətullah Seyid Əli Xameneidən öyrənsinlər.

O əlavə edib: Əziz qardaş və bacılarım İslam ümməti iki yüz ildir ki, elm və texnologiya sahəsində geridə qalıb. Biz əsrlər boyu elm və texnologiya baxımdan Qərbə bağlı olmuşuq və bütün elmi-texniki işlərimiz Qərbdən asılı vəziyyətdə olub.

Qum şəhərinin cümə imamı davam edərək bildirib: Bu gün də İslam dünyası geniş miqyasda asılı vəziyyətdədir. Şəhid Ayətullah Seyid Əli Xamenei rəhbərliyi dövründə, təxminən qırx il ərzində ciddi və dəyişməz bir istiqamət müəyyən etmişdi və bu, İran üçün elm və texnologiya qüdrətinin formalaşdırılması idi.

Ayətullah Ərafi bu yanaşmanın əsaslarını izah edərək deyib: O inanırdı ki, universitetlərimiz, dini təhsil ocaqlarımız, elmi elita və elm, təhsil və texnologiya sahəsində çalışan cəmiyyətimiz elm və texnologiya istiqamətində hərəkət etməlidir.

O əlavə edib: İkincisi budur ki, bu elm və texnologiya iranlı və müsəlman zehnindən qaynaqlanmalı və elm üzərində qurulmalıdır.

Elmi hövzələrin rektoru qeyd edib: Üçüncüsü, onun vurğusu bundan ibarət idi ki, biz cihad ruhu ilə fəaliyyət göstərməli, qısa yollarla irəliləməli, elmi sahələri əhatə etməli və tarixi geriliyin öhdəsindən gəlməliyik.

O bildirib: Bunlar onun daim və ardıcıl şəkildə üzərində çalışdığı əsas istiqamətlər idi. Elm və texnologiya qüdrətin formalaşdırılması sahəsində rəhbərin əsas istiqamətləri sırasında elmi elitanın qorunması, elm və texnologiya müstəqillik, humanitar elmlərə İslam yanaşması və elmi-texnoloji müstəqilliyə diqqət dayanırdı.

Ayətullah Ərafi əlavə edib: Dəfələrlə müşahidə etmisiniz ki, həmin şəhid Ayətullah Seyid Əli Xamenei dövlət rəsmilərinə necə ciddi xəbərdarlıqlar edirdi, Elmi-Tədqiqat üzrə vitse-prezidenti strukturunu yaradaraq gücləndirdi, elm və bilik mərkəzlərini təşviq edir və bu məsələləri daim izləyirdi.

O bildirib: O, həmişə soruşurdu: Bizim dünyada elm və texnologiya reytinqimiz haradadır? O, həssaslıqla xəbərdarlıq edirdi ki, elmi tərəqqidə regionda və dünyada geridə qalmaqdan ehtiyat edək.

İranın iki yüz illik geriliyinin kompensasiya edilməsi

Elmi hövzələrin rektoru bildirib: İranın iki yüz illik geriliyi onun səyləri və əzmi sayəsində böyük ölçüdə kompensasiya edildi. Bunun nəticələrini nüvə texnologiyasında, kök hüceyrələri sahəsində, koqnitiv elmlərdə, qabaqcıl və həmçinin ağıllı texnologiyalarda,  nanotexnologiyada, əczaçılıq sənayesində, eləcə də gənclərimizin, elmi elitanın və alimlərimizin potensialından doğan digər imkanlarda görürük. İran elmi baxımdan inkişaf etmiş və müstəqil ölkəyə çevrildi.

Ayətullah Ərafi gənclərə müraciətlə deyib: Əziz gənclər, möhtərəm qardaş və bacılar, unutmayın ki, biz bütün sahələrdə asılı və geridə qalmış vəziyyətdə idik. Yalnız İnqilab olduqdan, İmam Xomeyni (r) və şəhid Ayətullah Seyid Əli Xamenei gəldkdən sonra qabaqcıl elm və texnologiyaları ölkə daxilində inkişaf etdirərək İranı elmi mübarizə yolunda müstəqil vəziyyətə gətirdilər.

O əlavə edib: Bəzən qeyri-iranlı bəzi şəxsiyyətlərlə söhbətlərim zamanı onların bu məsələyə təəccüblə yanaşdıqlarının şahidi olurdum. Onlar təəccüblənirdilər ki, sanksiyalar, mühasirə və müharibə şəraitində olan bir ölkə müxtəlif sənaye sahələrində necə bu qədər irəliləyir və nüvə texnologiyasını öz imkanları və öz bacarıqlı mütəxəssislərinin əməyi ilə inkişaf etdirir?

Ayətullah Ərafi bu məsələni dövrün heyrətamiz hadisələrindən biri hesab edərək bildirib: Bu, bizim dövrümüzün heyrətamiz və təəccüblü hadisələrindəndir. Siz dəfələrlə müşahidə etmisiniz ki, bəzən iclaslarda statistik məlumatlar və rəqəmlər açıqlanarkən İranın regiondakı elmi reytinqinin hətta cüzi şəkildə aşağı düşməsi belə onu narahat edirdi. O, bu xalqa, İslam ümmətinə və qüdrətli İrana böyük məhəbbət bəsləyirdi və İranın regionda qabaqcıl ölkə olmasını istəyirdi.

Elmi hövzələrin rektoru bildirib: Böyük addımlar atıldı və o, bu məsələdən geri çəkilmirdi. Bu istiqamətdə əldə olunan nailiyyətlər də saysız-hesabsızdır və bu gün də həmin yolu davam etdirmək lazımdır.

Müdafiə və hərbi qüdrət – qüdrətin ikinci sahəsi

Ayətullah Ərafi çıxışının davamında qüdrətin ikinci sahəsi, yəni müdafiə və hərbi qüdrətə toxunaraq bildirib: Biz bilirik ki, İkinci Dünya müharibəsi zamanı xarici qüvvələr ölkəmizə hücum etdilər və bir neçə saat ərzində bütün müdafiə sistemimiz süqut etdi.

O əlavə edib: Ordumuzun və hərbi birləşmələrimizin rəhbərləri hamısı kənara çəkildilər, çiyinlərindəki rütbə nişanlarını çıxarıb qaçdılar və mənfur şah da ölkədən qaçdı. Ölkədə vəziyyət tamamilə qarışdı. Halbuki biz müharibəyə daxil olmamışdıq. Bizim qüdrətimiz bundan ibarət idi. Bütün silah-sursatımız və müdafiə qüdrətimiz bir dalğa qarşısında darmadağın oldu.

Elmi hövzələrin rektoru sözlərinə davam edərək bildirib: Tariximizdə bu məsələ dəfələrlə öz təsdiqini tapıb. 28 Mordad (19 avqust) hadisələrində bir dalğa gəldi, şah qaçdı və hamı geri çəkildi. Amerikalılar gəlib onları xilas etdilər və xalqın üzərində yenidən hakimiyyətə gətirdilər.

Ayətullah Ərafi deyib: Hərbi aviasiyamız, dəniz və hərbi qüdrətimiz tamamilə asılı və möhtac vəziyyətdə idi və onların əmri olmadan heç bir dəyərə malik deyildi. Sizin şəhid Ayətullah Seyid Əli Xameneiniz isə müdafiə qüdrətini son dərəcə qabaqcıl hərbi doktrina əsasında formalaşdırdı.

Müdafiə, müharibəpərəstlik deyil

Konstitusiyanın Keşikçiləri Şurasının fəqihlərindən biri bildirib: Əsas prinsiplərdən biri bu idi ki, biz müharibəpərəst deyilik. Lakin müdafiə etmək zərurəti yarandıqda, son nəfəsimizədək və heç bir geri addım atmadan irəliləyəcəyik. O, geri çəkilməyə, silah və raketlərdən imtina etməyə çağıran düşüncələrin qarşısında dayandı.

Elm Hövzələrinin rektoru silahlanma sahəsində inkişafdan imtina ilə bağlı bəzi nəzəriyyələrin irəli sürülməsinə toxunaraq deyib: İyirmi və ya otuz il əvvəl belə bir fikir və nəzəriyyə irəli sürülmüşdü ki, biz silahlanma sahəsində inkişaf etməməliyik. Hesab edin ki, otuz il əvvəl biz bu nəzəriyyəyə təslim olsaydıq, bu gün harada olardıq? Düşmən  qarşısında aciz və məğlum olardıq.

O vurğulayıb: O, müdafiəsizlik, həddindən artıq nikbinlik və silah və hərbi avadanlıqların istehsalından geri çəkilmə nəzəriyyəsinin qarşısında dayandı.

Ağıllı müdafiə və hərbi uzaqgörənlik

Ayətullah Ərafi şəhid liderin müdafiə yanaşmasına toxunaraq bildirib: Eyni zamanda, söhbət ağıllı və hücum xarakterli müdafiədən gedir. Onun söylədiyi son sözlərdən biri bu idi ki, əgər müharibəyə girsəniz, bu müharibə artıq yalnız İranla məhdudlaşmayacaq, bütün regionu əhatə edəcək. Biz hücum edən tərəf deyilik, lakin müdafiə vaxtı çatdıqda hücuma keçəcəyik və düşmənlərin gününü qara edəcəyik.

Elmi hövzələrin rektoru vurğulayıb: Şəhid Ayətullah Seyid Əli Xameneinin müdafiə və hərbi sahədəki uzaqgörənliyi, gələcəyi öncədən görməsi, hadisələri qabaqcadan düzgün qiymətləndirməsi və həmçinin müdafiə sahəsindəki rəhbərliyi İranı regionda bənzərsiz, dünyada isə qabaqcıl bir gücə çevirdi.

O sözlərinə davam edərək bildirib: İranı dünyanın ən güclü orduları qarşısında dayanan yeganə gücə çevirdi və Allahın lütfü, İslam İnqilabının Ali Məqamlı Rəhbərinin rəhbərliyi və Silahlı Qüvvələrin fədakarlığı sayəsində bu üstünlük və İslamın və İranın düşmənləri qarşısında göstərilən müqavimət davam edəcək və bundan sonra da öz yolunu davam etdirəcək.

Müstəqil, elmi və xalq yönümlü müdafiə sisteminin təməlini qoymaq

Ayətullah Ərafi sözlərinə davam edərək bildirib: Bizim üçün canımızdan da əziz olan şəhid Ayətullah Xamenei hərbi sənayeni və hərbi avadanlıqları müstəqil şəkildə inkişaf etdirdi. Komandanlıq kadrlarını və Silahlı Qüvvələri yetişdirdi, Silahlı Qüvvələrin imanını və motivasiyasını istiqamətləndirdi.

O əlavə edib: Müdafiəni elmiləşdirdi və onu xalq yönümlü etdi. Xalq səfərbərliyi vasitəsilə xalq yönümlü, imana söykənən, elm və bilik mərkəzli müdafiə sisteminin əsasını qoydu. Bu müdafiə sistemi böyük zəhmətlər və ürək yanğısı ilə formalaşdırıldı.

Elmi hövzələrin rektoru deyib: Bunun nəticəsi sizin altı ay ərzində meydanda olmağınızdır. Bunun nəticəsi Silahlı Qüvvələrimizin dünyada nümayiş etdirdiyi parlaq fəaliyyət, digər nəticəsi isə Trampın, İranın və müqavimət cəbhəsinin düşmənlərinin acizliyi və çıxılmaz vəziyyətə düşməsidir. Allahın lütfü ilə bu yol müqəddəs birlik, İslam İnqilabının Ali Məqamlı Rəhbərinə itaət və həmçinin Ali Baş Komandanlığın rəhbərliyi ilə davam etdiriləcək.

Şəhid Ayətullah Seyid Əli Xameneinin amalları və İslam İnqilabı ilə əhdin təzələnməsi

O bildirib: Bu gecə burada, həzrət Məsumənin (s) hüzurunda İslam İnqilabının Ali Məqamlı Rəhbəri ilə əhd bağlayırıq ki, şəhid Ayətullah Seyid Əli Xameneinin, İmam Xomeyninin və həmçinin İslam İnqilabının amalları yolunda canımızın son nəfəsinədək dayanacağıq.

Ayətullah Ərafi daha sonra müqavimət oxunun mövqeyinə toxunaraq bildirib: Müqavimət cəbhəsi acizlik və çıxılmaz bir cəbhə deyil, bu əzmkarlıq və mübarizə oxudur. Onların meydan idarəçiliyi və praktiki rəhbərliyi var idi. Şəhid Ayətullah Xamenei Xomeyni (r) İran və İslam ümməti üçün qüdrət və nüfuzun formalaşdırılmasının memarı idi. Bu qüdrət siyasət, beynəlxalq münasibətlər, mədəniyyət, iqtisadiyyat, texnologiya, elm və müdafiə sahələrində formalaşıb.

O deyib: Mən bu qüdrətin iki sahəsinə toxundum. Lakin dövlət rəsmilərimiz, parlamentimiz, icra hakimiyyəti orqanlarımız və həmçinin bütün qurumlar İranın müstəqilliyi və əzəmətli yolunu, eləcə də hərtərəfli mədəni, elmi, iman əsaslı, cihad ruhlu və müdafiə qüdrətinin inkişafı yolunu davam etdirməlidirlər.

Bütün qurumlarda müstəqillik və qüdrət yolunun davam etdirilməsinin zəruriliyi

Ayətullah Ərafi bu amaldan geri çəkilməməli olduğumuzu vurğulayaraq bildirib: "Zillət bizdən uzaqdır" şüarı məhkəmə sistemimizdə, idarə və təşkilatlarımızın, qurumlarımızın dərinliklərində, hövzə, universitet və təhsil sistemimizin bütün sahələrində əks-səda verməli və özünü göstərməlidir.

Elmi hövzələrin rektoru əlavə edib: Bizim geri qayıtmaq yolumuz yoxdur. Hamımız ilahi birlik, möhkəm qəlblər və sarsılmaz iradə ilə, İslam İnqilabının Ali Məqamlı Rəhbəri ilə birlikdə Ayətullah Xameneinin yolunu davam etdirməliyik. Bu gecə də burada elan edirik ki, İranın hər yerində yaşayan bu xalq, bütün regionda yaşayan insanlar, dünyanın müxtəlif yerlərində İslam İnqilabına bağlı olanlar və dünyanın məzlumları hegemon güclər qarşısında müqavimət göstərmək və şəhid Ayətullah Xameneinin yolunu davam etdirmək əhdinə sadiq qalıblar və indi də əhd-peyman bağlayırıq ki, dayanacağıq.

Ayətullah Ərafi sonda İranın və digər ölkə xalqlarının, o cümlədən alimlərin, ustadların və həmçinin digər insanların mərasimdə iştirakını yüksək qiymətləndirərək bildirib: Sizin hər birinizi eləcə də İran və digər ölkələrdən gəlmiş dəyərli şəxsiyyətlərin bu mərasimdə iştirakını bir daha yüksək qiymətləndirirəm və mərhum İmam Xomeyni (ə), Şəhid Ayətullah Seyid Əli Xamenei və İslam İnqilabının Ali Məqamlı Rəhbərinin amalları ilə beyət və əhdimizi təzələdiyimizi elan edirəm.


Xəbərin sonu

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha