bazar 23 avqust 2026 - 21:52

Hövzə Xəbər Agentliyinin verdiyi məlumata görə, Peyğəmbər-Əkrəmin (s) və həzrət Xədicənin (s.ə) nikahının 10 Rəbiül-əvvəl tarixində ildönümü münasibətilə aparılan tarixi mənbələrin araşdırılması göstərir ki, həzrət Xədicənin (s) Peyğəmbərlə (s) evləndiyi zaman yaşı və bundan əvvəl evli olub-olmaması barədə müxtəlif fikirlər mövcuddur. Bəzi məşhur məlumatlar isə tarixi dəlillər baxımından mübahisəlidir.

Məqalənin davamında bu məsələlər ətraflı araşdırılır:


_ Məhəmməd Peyğəmbərin (s) və həzrət Xədicənin (s.ə) nikahı – 10 Rəbiül-əvvəl

_  Həzrət Xədicə (s.ə) kimdir?

_ Peyğəmbər (s) ilə həzrət Xədicənin (s.ə) evləndikləri zaman yaş fərqi nə qədər olub?

_  Həzrət Xədicə (s.ə) Peyğəmbər-Əkrəmlə (s) evlənməzdən əvvəl ailə qurmuşdumu?

Peyğəmbər-Əkrəmin (s) həzrət Xədicə (s.ə) ilə evliliyi və onların övladları da daxil olmaqla həyatlarının müxtəlif mərhələləri çox geniş müzakirə olunan mövzulardandır. Həzrət Xədicənin (s.ə) Peyğəmbərlə (s) evləndiyi zaman 40 yaşında olması və ya Rəsulullahla (s) izdivacından əvvəl evlənməsi kimi məşhur məlumatların heç də güclü və mübahisəsiz tarixi təsdiqi yoxdur. Bunlar yalnız müəyyən qeyri-elmi səbəblər üzündən məşhurlaşmış tarixi nəzərlərdir və dəqiq tarixi araşdırmalar qarşısında özünü doğrultmur.

Son onilliklərdə bu sahədə araşdırma aparan alimlərdən biri Əllamə Cəfər Mürtəzadır. O, qiymətli kitabı olan «Əs-Səhih min sirətin-Nəbiyyil-Əzəm» kitabında Peyğəmbər-Əkrəmlə (s) həzrət Xədicənin (s.ə) yaşlarının bir-birinə çox yaxın olması və həzrət Xədicənin (s.ə) Allahın Rəsuluna (s) evlənməzdən əvvəl ailə qurmaması ilə bağlı çoxsaylı dəlil və faktlar ortaya qoymuşdur. Bu dəlillər və araşdırmalar həzrət Ayətullah Məkarim Şirazi də daxil olmaqla, bir çox şiə alimləri və mərcəyi-təqlidlərin də təsdiqini qazanmışdır.

İslam tarixində Peyğəmbər-Əkrəmin (s) şəxsiyyəti mərkəzi yer tutduğundan, şübhəsiz ki, onun bərəkətli həyatının müxtəlif mərhələləri, davranışları və fəaliyyəti ilə bağlı təfərrüatlar daim alimlərin və tarix araşdırmaçılarının diqqət mərkəzində olmuşdur. Bu mühüm və diqqətəlayiq mərhələlərdən biri də onun Xüveylid qızı Xədicə ilə evliliyi məsələsidir. 10 Rəbiül-əvvəl bu müqəddəs izdivacın ildönümüdür.

Həzrət Xədicə (s.ə) kimdir?


Həzrət Xədicə (s.ə) Qüreyş qəbiləsinin Əsəd ailəsindən olan Xüveylid ibn Əsədin qızı və Fatimə bint Zaidənin övladı olaraq dünyaya gəlmişdir. (1) Onun doğum ili və evləndiyi zaman yaşı barədə aşağıda ətraflı məlumat veriləcək.

Tarixi mənbələrdə İslamdan əvvəlki dövrdə həzrət Xədicənin (s.ə) şəxsiyyəti haqqında çox geniş məlumat yoxdur. Lakin mənbələrdə demək olar ki, onun yaxşı ad-san sahibi, şərəfli və nəcib əsilli, həmçinin varlı bir qadın olması barədə fikir birliyi mövcuddur. O, sərvətindən istifadə edərək ticarətlə məşğul olur, kapitalını müzaribə yolu ilə və ticarət üçün insanları işə götürməklə dövriyyəyə buraxırdı. (3)

Mənbələrdə qeyd olunduğu kimi, Peyğəmbər (s) ilə evlənmək təklifini məhz həzrət Xədicə (s.ə) irəli sürmüşdür. Bu təklif onun Məhəmmədi Peyğəmbərin (s) dürüstlüyü, doğru danışması, əmanətdarlığı, gözəl əxlaqı və nəcibliyi ilə tanış olmasından sonra baş vermişdi. Həzrət Xədicə (s.ə) Məhəmməd Peyğəmbəri (s) öz mal-dövlətinin əmanətdarı təyin etmiş və Allahın Rəsulunun (s) Şama etdiyi ticarət səfərindən qayıtmasından sonra qulamı Meysərə vasitəsilə onun xüsusiyyətləri ilə daha yaxından tanış olmuşdu. (4)

Xədicənin (s.ə) vəfatından uzun illər sonra belə onun Peyğəmbər (s) yanında xüsusi məqamını göstərən çoxsaylı məlumatlar mövcuddur. Mənbələrdə bildirilir ki, həzrət Xədicə (s.ə) Peyğəmbərin (s) ən yaxşı və ən sadiq vəziri, məsləhətçisi və ona rahatlıq bəxş edən həyat yoldaşı olmuşdur. (5)

Peyğəmbər (s) Xədicənin (s.ə) vəfatından illər sonra belə onu xatırlayır və onun misilsizliyini belə ifadə edirdi:

«Allah heç vaxt mənə onun kimi daha yaxşı bir həyat yoldaşı nəsib etmədi. Heç kəs məni təsdiq etmədiyi zaman o məni təsdiq etdi. Heç kəs mənə yardım etmədiyi zaman mənə yardım etdi, hamı öz malını məndən əsirgədiyi zaman öz malından mənim ixtiyarımda qoydu». (6)

Peyğəmbər (s) ilə  həzrət Xədicənin (s.ə) evləndikləri zaman yaş fərqi nə qədər olub?

Peyğəmbər-Əkrəmin (s) həzrət Xədicə (s.ə) ilə evliliyi haqqında müzakirə olunan və mübahisəli məsələlərdən biri də onların nikah zamanı neçə yaşında olmasıdır.

Peyğəmbər-Əkrəmin (s) yaşı barədə müxtəlif rəvayətlər və fikirlər mövcuddur. Bəzi mənbələrdə onun 23 yaşında (7), bəzilərində 25 yaşında (8), digər mənbələrdə 28 yaşında (9), başqa bir qrup mənbədə isə evləndiyi zaman 30 yaşında olduğu qeyd edilmişdir. (10)

Həzrət Xədicənin (s.ə) yaşı ilə bağlı fikir ayrılıqları isə daha çoxdur. Onun yaşı barədə qeyd olunan rəqəmlər 25 yaşdan 46 yaşa qədər dəyişir. Burada mühüm məqam ondan ibarətdir ki, tarixçilərin əksəriyyəti 28 yaş fikrini qəbul etmişdir. (11)

Bununla belə, şübhəli və qeyri-təbii bir proses nəticəsində onun 40 yaşında olması fikri (12) daha çox məşhurlaşmışdır.

Həzrət Xədicənin (s.ə) evlilik yaşı ilə bağlı tarixi rəvayətlər

IV əsrin tanınmış sünni mühəddislərindən olan Beyhəqi həzrət Xədicə (s.ə) haqqında iki ifadə nəql edir. Bu iki məlumat birlikdə nəzərdən keçirildikdə, onun Peyğəmbərlə (s) 25 yaşında evləndiyi qənaətinə gəlmək mümkündür. O, bir yerdə yazır ki, həzrət Xədicə (s.ə) 50 yaşında vəfat edib, başqa bir yerdə isə Peyğəmbərin (s) onunla besətdən 15 il əvvəl evləndiyini bildirir.

Tarixi mənbələrin əksəriyyəti həzrət Xədicənin (s.ə) vəfatını besətin 10-cu ili hesab edir. Onun yaşını, besət və vəfat tarixlərini müqayisə etdikdə belə bir nəticəyə gəlmək olar ki, Beyhəqinin fikrincə, həzrət Xədicə (s.ə) 25 yaşında İslam Peyğəmbəri (s) ilə ailə qurub. Beyhəqidən əlavə, İbn Kəsir də bu görüşü daha güclü ehtimal hesab etmiş, Qazi Əbrəqəvi isə öz kitabında bunu ən məşhur görüş kimi təqdim etmişdir.

Bununla belə, tədqiqatçıların və tarixçilərin əksəriyyəti həzrət Xədicənin (s.ə) Peyğəmbərlə (s) evləndiyi zaman 28 yaşında olduğunu qəbul edir. «Şəzəratüz-zəhəb» kitabının müəllifi yazır: «Bir çoxları onun yaşının 28 olmasını üstün hesab edirlər». İbn Əsakir və mərhum Ərbili də İbn Abbasdan nəql edərək bildirirlər ki, Xədicə (s.ə) Peyğəmbərlə (s) evləndiyi zaman 28 yaşında idi. Mərhum Ərbili başqa bir rəvayətdə də Xədicənin (s.ə) evlilik yaşının 28 olduğunu İbn Həmmaddan nəql edir.

Qeyd etdik ki, həzrət Xədicənin (s.ə) Peyğəmbər (s) ilə evləndiyi zaman 40 yaşında olması ehtimalı da bəzi tarixçilər tərəfindən nəql edilmişdir. Bu görüşə əsasən, həzrət Xədicənin (s.ə) besətin 10-cu ilində vəfat etdiyi nəzərə alınaraq, onun vəfat zamanı 65 yaşında olduğu bildirilir. Lakin İbn Əbdül-Bərr və İbn Əsir kimi mühəddis və tarixçilər bu görüşü çox zəif hesab etmişlər.

Bütün bu mübahisələrdən sonra əldə edilə biləcək ümumi nəticə budur ki, həzrət Xədicənin (s.ə) Peyğəmbərlə (s) evləndiyi zaman 40 yaşında olması barədə görüşü — bu barədə məşhur fikrə çevrilsə də — asanlıqla qəbul etmək mümkün deyil. Görünən odur ki, onunla Peyğəmbər (s) arasındakı yaş fərqi olduqca az olmuşdur.

Həzrət Xədicə (s.ə) Peyğəmbərlə (s) evlənməzdən əvvəl ailə qurmuşdumu?

Peyğəmbərin (s) həzrət Xədicə (s.ə) ilə evliliyindən söz düşdükdə daim müzakirə olunan digər mühüm və mübahisəli məsələ həmin böyük xanımın bundan əvvəl başqa biri ilə evlənib-evlənməməsidir.

Həzrət Xədicənin (s.ə) Peyğəmbərlə (s) evlənməzdən əvvəl iki dəfə ailə qurması və əvvəlki həyat yoldaşlarından övladlarının olması barədə məşhurlaşmış iddia ciddi şəkildə şübhə doğurur və bu məsələdə çox ciddi qeyri-müəyyənliklər mövcuddur.

Birincisi: İbn Şəhr Aşubdan nəql olunur ki, Əhməd Bəlazuri və Əbülqasim Kufi öz kitablarında, Seyid Mürtəza «əş-Şafi»də, Şeyx Tusi isə «Təlxisüş-Şafi»də bu məsələyə toxunaraq Peyğəmbərin (s) həzrət Xədicə (s.ə) ilə bakirə olduğu halda evləndiyini qeyd etmişlər. İbn Şəhr Aşub hətta bildirir ki, bu fikir «əl-Ənvar» və «əl-Bidə» kitablarında da xüsusi olaraq vurğulanmışdır.

Belə alimlərin fikirlərini asanlıqla kənara qoyub həzrət Xədicənin (s.ə) Peyğəmbərlə (s) evlənməzdən əvvəl başqa biri ilə ailə qurduğunu söyləmək olarmı?

İkincisi: Həzrət Xədicənin (s.ə) Peyğəmbərlə (s) evlənməzdən əvvəl həyat yoldaşlarının olduğunu qəbul edən mənbələrin məzmununa əsasən, o, əvvəlcə Ətiq ibn Aiz ibn Abdullah ibn Ömər ibn Məxzum ilə evlənmiş və ondan bir qızı olmuşdur. Ətiqin vəfatından sonra isə Bəni-Əmr ibn Təmim qəbiləsindən, Bəni-Əbdüddarın müttəfiqlərindən olan Əbu Halə Nəbaş ibn Zürarə ilə ailə qurmuşdur.

İndi bu məqamı nəzərə alaraq qeyd edirik ki, Əbülqasim Kufi alimlərin və rəvayətçilərin ümumi fikrinə, eləcə də elm adamlarının və xəbər ravilərinin nəql etdiyi məlumatlara əsasən belə nəticəyə gəlindiyini bildirir: Qüreyşin elə bir şərəfli və nüfuzlu şəxsi qalmamışdı ki, həzrət Xədicəyə (s.ə) elçi göndərməsin və Xədicə (s.ə) ona mənfi cavab verməsin.

Buna görə də həzrət Xədicə (s.ə) İslam Peyğəmbəri (s) ilə evləndikdən sonra Qüreyş qadınları ona qarşı qəzəblənərək ondan uzaqlaşdılar. Onlar həzrət Xədicəyə (s.ə) belə dedilər:

«Qövmün şərəfli və nüfuzlu şəxsləri səninlə evlənmək istəyirdilər, lakin sən onları qəbul etmədin və rədd etdin. İndi isə Əbu Talibin yetimi olan, yoxsul və imkansız Məhəmmədlə evlənmisən?»

Burada sual yaranır

Burada sual yaranır: Bəs necə ola bilər ki, bütün imkanlı, əsil-nəcabətli elçilərinə mənfi cavab verən həzrət Xədicə (s.ə) Təmim qəbiləsindən (Nəbaş ibn Zürarə) və Məxzumi qəbiləsindən (Ətiq ibn Aiz) olan, tanınmış və nüfuzlu ailələrdən çıxmayan ərəb kişiləri ilə evlənməyə razı olmuş və onları Qüreyşin şərəfli şəxslərindən üstün tutmuşdur?! (26)

Əgər belə deyilirsə — Həzrət Xədicənin (s.ə) evləndiyi zaman 25 və ya 28 yaşında olduğunu fərz etsək — necə mümkündür ki, bir qız bu yaşa çatsın, lakin atası onu evliliyə məcbur etməsin?!

Cavab olaraq demək olar ki, əvvəla, onun atası Ficar müharibəsindən əvvəl vəfat etmişdi (27). Buna görə də atasının onu evliliyə məcbur etməsi üçün heç bir imkan yox idi. Atasından sonra onun himayəsini üzərinə götürən əmisi də, şübhəsiz ki, atasının sahib olduğu hakimiyyət və səlahiyyətə malik deyildi.

Digər tərəfdən, cahiliyyət dövrü kimi bir mühitdə şərəfi və təqvasına görə misilsiz mövqeyə sahib olan, şərəf və iffətinə görə «Tahira» və «Qüreyşin xanımı» kimi tanınan möhtərəm bir qadının özünə layiq, kamil, fəzilətli və ideal kişini tapana qədər gözləməsi qüsur sayıla bilməzdi. (28)

Həzrət Xədicənin (s.ə) əvvəlki həyat yoldaşları və ona aid edilən övladlarla bağlı tarixi qeyri-müəyyənliklər

Həzrət Xədicənin (s.ə) Peyğəmbərlə (s) evlənməzdən əvvəl başqa kişilərlə ailə qurması iddiası ilə bağlı diqqətəlayiq digər məsələ budur ki, onun əvvəlki həyat yoldaşlarından övladlarının olduğu, həmin övladlardan birinin də «Hind» adlı şəxs olduğu rəvayət edilmişdir. Lakin «Hind» adlı şəxsin həqiqətən mövcud olub-olmaması barədə tədqiqatçılar və tarixçilər arasında yekdil fikir yoxdur. Hətta onun kişi, yoxsa qadın olması barədə də fikir ayrılığı mövcuddur.

Hindin atasının adı ilə bağlı da müxtəlif görüşlər vardır. Onun atası Əbu Halə, yəni Nəbaş ibn Zürarə idi, yoxsa əksinə, Zürarə ibn Nəbaş idi? Yaxud atasının öz adı da Hind idi, ya da bəzi rəvayətlərə görə Malik idi?

Həqiqətən, Əbu Halə Ətiqdən sonra həzrət Xədicə (s.ə) ilə evlənmişdimi, yoxsa onun Ətiqdən əvvəl həzrət Xədicə ilə evlənməsi ehtimalını da araşdırmaq lazımdır? O, Peyğəmbərin (s) səhabəsi olmuşdumu, yoxsa yox? Bu övladın qəti şəkildə Əbu Haləyə aid olduğunu söyləmək mümkündürmü, yoxsa onun Ətiqdən doğulması ehtimalını da nəzərə almaq lazımdır?

Əgər bu «Hind» Ətiqin övladı idisə, qız, Əbu Halənin övladı idisə, oğlan idimi? Nəhayət, o, Cəməl döyüşündə öldürülmüşdü, yoxsa Bəsrədə taun xəstəliyi yayıldıqdan sonra vəfat etmişdi? (29)

Həzrət Xədicənin (s.ə) mütləq evləndiyini və «Hind» adlı övladının olduğunu düşünənlər bu qədər ciddi qeyri-müəyyənlikləri necə nəzərdən kənarda qoya bilərlər?

Həzrət Xədicənin (s.ə) İslam Peyğəmbərindən (s) başqa biri ilə evləndiyini inkar etdikdə, tarixi mənbələrdə ona aid edilən bəzi övladlarla — məsələn, Zeynəb və Ruqəyyə adlı qızlarla — bağlı da müəyyən məqamlar ortaya çıxır.

Məsələn, İbn Əsir kimi bir tarixçinin Zeynəbin həzrət Xədicənin (s.ə.) bacısı, Halə adlı qadının qızı olduğunu bildirdiyini nəzərdən qaçırmaq olmaz. (30)

Həmçinin bəzi rəvayətlərdə bildirilir ki, Halə məhzumi bir kişi ilə evlənmiş və ondan bir qızı olmuş, həmin qızın da adını Halə qoymuşdular. Daha sonra həyat yoldaşının vəfat etməsi və ya boşanması səbəbilə Halə (ana) Əbu Hind adlı təmimi bir kişi ilə evlənmiş və ondan da Hind adlı bir övladı dünyaya gəlmişdi.

Bu təmimi kişinin başqa bir həyat yoldaşı da olmuş və həmin qadından Zeynəb və Ruqəyyə adlı qızları dünyaya gəlmişdi. Sonradan həmin təmimi kişi və onun həyat yoldaşı — Zeynəb və Ruqəyyənin anası — vəfat etmişdilər.

Bu kişinin qızı olan Hind də mərhum atasının mənsub olduğu qəbilə və tayfaya qoşulmuşdu. (31)

Beləliklə, Halə (ana), onun qızı (adının da Halə olması) və ögey bacıların qızları olan Zeynəb və Ruqəyyə tək qalmışdılar. Həzrət Xədicə (s.ə) onları öz himayəsinə götürmüşdü.

Halə (ana) Peyğəmbərin (s) Həzrət Xədicə (s.ə) ilə evliliyindən sonra vəfat etmiş, bu uşaqlar isə həzrət Xədicənin (s.ə) yanında qalmışdılar. Bu iki uşaq həzrət Xədicənin (s.ə) yanında böyümüşdü. (32)

Lakin onlar həzrət Xədicənin (s.ə) qızları deyildilər. Həzrət Xədicənin (s.ə) bacısının həyat yoldaşı olan Əbu Hindin övladları idilər. (33)

Tarixi araşdırmalar həzrət Xədicənin (s.ə) yaşı və əvvəlki evlilikləri barədə məşhur görüşləri rədd edir

İslam Peyğəmbərinin (s) həzrət Xədicə (s.ə) ilə evliliyi və onların həyatının müxtəlif mərhələləri, o cümlədən övladları ilə bağlı məsələlər çox geniş mövzudur. Bu yazının həcmini nəzərə alaraq, bütün detallara burada toxunmaq mümkün deyil.

Lakin bütün bu məqamların ümumiləşdirilməsindən belə bir nəticə çıxarmaq mümkündür ki, Həzrət Xədicənin (s.ə) Peyğəmbərlə (s) evləndiyi zaman 40 yaşında olması və ya Peyğəmbərlə (s) evlənməzdən əvvəl başqa kişilərlə ailə qurması kimi məşhur görüşlərin heç biri güclü və mübahisəsiz tarixi dəlillərlə təsdiqlənmir.

Bunlar sadəcə müəyyən səbəblərdən məşhurlaşmış tarixi nəzəriyyələrdir və dəqiq tarixi araşdırmalar qarşısında kifayət qədər əsaslı görünmürlər.

Son onilliklərdə bu mövzuda araşdırma aparan alimlərdən biri də Əllamə Cəfər Mürtəzadır. O, özünün dəyərli «Əs-Səhih min sirətin-Nəbi əl-Əzəm» əsərində İslam Peyğəmbəri (s) ilə həzrət Xədicə (s.ə) arasındakı yaş fərqinin çox az olduğunu və həzrət Xədicənin (s.ə) Peyğəmbərlə (s) evlənməzdən əvvəl ailə qurmadığını göstərən çoxsaylı dəlil və faktlar təqdim etmişdir. (34)

Bu dəlil və faktlar, eləcə də aparılmış araşdırmalar bir çox şiə alimləri və mərcəyi-təqlid tərəfindən, o cümlədən həzrət Ayətullah Məkarim Şirazi tərəfindən də təsdiq edilmişdir. O da belə buyurur:

> «Bilgili alimlərin araşdırmalarına əsasən, həzrət Xədicə (s.ə) Peyğəmbərlə (s) evləndiyi zaman 25 və ya 28 yaşında və bakirə qız olmuşdur. Onun 40 yaşında olması barədə rəvayət isə etibarsız bir rəvayətdir. Onun əvvəlki həyat yoldaşları kimi qeyd edilən iki şəxs isə əslində Halə adlı bacısının həyat yoldaşları olmuşlar. Həmin şəxslərdən olduğu bildirilən övladlar da həzrət Xədicənin (s.ə) deyil, bacısının övladlarıdır». (35)

İstinadlar

(1). Əsədül-ğabə fi mərifətis-səhabə, İbn Əsir Cəzəri, İzzəddin Əbul-Həsən Əli ibn Məhəmməd, Darül-Fikr, Beyrut, 1409 h.q., c. 6, s. 78.

(2). Əl-İstiab fi mərifətil-əshab, İbn Əbdül-Bərr, Əbu Ömər Yusif ibn Abdullah, tədqiq: Əli Məhəmməd əl-Bicavi, Darül-Cil, Beyrut, 1412 h.q., 1-ci nəşr, c. 4, s. 17–18.

(3). Əl-Bidayə vən-nihayə, İbn Kəsir, Əbul-Fida İsmail ibn Ömər Dəməşqi, Darül-Fikr, Beyrut, 1407 h.q., c. 2, s. 293; Üyunül-əsər fi fununil-məğazi vəş-şəmail vəs-siyər, İbn Seyyidinnas, Əbul-Fəth Məhəmməd, şərh və qeydlər: İbrahim Məhəmməd Ramazan, Darül-Qələm, Beyrut, 1414 h.q., 1-ci nəşr, c. 1, s. 63; Cüməl min ənsabil-əşraf, Bəlazuri, Əhməd ibn Yəhya ibn Cabir, tədqiq: Zəkər və Zərkəli, Darül-Fikr, Beyrut, 1417 h.q., 1-ci nəşr, c. 1, s. 98.

(4). Əl-Bidayə vən-nihayə, əvvəlki mənbə, c. 2, s. 293; Üyunül-əsər fi fununil-məğazi vəş-şəmail vəs-siyər, əvvəlki mənbə.

(5). Əl-Bidayə vən-nihayə, əvvəlki mənbə, 1407 h.q., c. 2, s. 61; Əsədül-ğabə, əvvəlki mənbə, c. 1, s. 26.

(6). Əl-İstiab, əvvəlki mənbə, c. 4, s. 1824.

(7). Cüməl min ənsabil-əşraf, əvvəlki mənbə; Tarixül-Yəqubi, Yəqubi, Əhməd ibn İshaq, Dar-Sadir, Beyrut, tarixsiz, c. 2, s. 20.

(8). Cüməl min ənsabil-əşraf, əvvəlki mənbə.

(9). Əvvəlki mənbə.

(10). Tarixül-Yəqubi, əvvəlki mənbə.

(11). İbn Abbas bu görüşü qeyd etmişdir. Bax: Cüməl min ənsabil-əşraf, əvvəlki mənbə; Siyər əlam ən-nübəla, Zəhəbi, Şəmsəddin Əbu Abdullah Məhəmməd ibn Əhməd ibn Osman ibn Qaymaz, tədqiq: Şüeyb Ərnəutun rəhbərliyi ilə bir qrup tədqiqatçı, Müəssisətür-Risalə, 1985-ci il, 3-cü nəşr, c. 2, s. 111; Muxtəsər Tarixi Dəməşq, İbn Əsakir, Məhəmməd ibn Mükərrəm ibn Əli, tədqiqatçılar: Ruhiyyə Nəhhas, Əbdülhəmid Murad və Məhəmməd Riyaz Muti, Darül-Fikr, Dəməşq, 1984-cü il, c. 2, s. 275.

(13). Dəlailün-nübuvvə, Beyhəqi, Əhməd ibn Hüseyn ibn Əli ibn Musa, tədqiq: Əbdül-Muti Qələczi, Darül-Kütübil-elmiyyə və Darür-Rəyyan lit-Türas, 1988-ci il, 1-ci nəşr, c. 2, s. 71.

(14). Məsələn, bax: Üyunül-əsər fi fununil-məğazi vəş-şəmail vəs-siyər, c. 1, s. 151; Ət-Təbəqatül-kübra, əvvəlki mənbə, c. 8, s. 14; Əl-İstiab fi mərifətil-əshab, əvvəlki mənbə, c. 4, s. 1817.

(15). Əvvəlki mənbə, s. 72.

(16). Əs-Sirətün-nəbəviyyə, İbn Kəsir, İsmail ibn Ömər, tədqiq: Mustafa Əbdülvahid, Darül-Mərifə, Beyrut, tarixsiz, c. 1, s. 265.

(17). Sirətü Rəsulillah, Qazi Əbrəqüh, İshaq ibn Məhəmməd Həmədani, tədqiq: Əsğər Məhədi, Nəşri-Xarəzmi, Tehran, 1377 h.ş., 3-cü nəşr, c. 3, s. 246.

(18). Şəzəratüz-zəhəb fi əxbari mən zəhəb, İbn İmad, Əbdül-Həyy ibn Əhməd, tədqiq: Şüeyb Ərnəut, Dar İbn Kəsir, Beyrut, c. 1, s. 134.

(19). Siyər əlam ən-nübəla, əvvəlki mənbə; Kəşfül-ğummə fi mərifətil-əimmə, Ərbili, Əbul-Həsən Əli ibn İsa ibn Əbil-Fəth, Darül-Əzva, Beyrut, tarixsiz, c. 2, s. 135.

(20). Əvvəlki mənbə, s. 133.

(21). Əl-İstiab, əvvəlki mənbə, c. 4, s. 1825.

(22). Əl-İstiab, əvvəlki mənbə, c. 4, s. 1825.

(23). Əs-Sirətün-nəbəviyyə, əvvəlki mənbə, s. 263.

(24). Əl-Mənaqib, İbn Şəhr Aşub, Məhəmməd ibn Əli, Əllamə Nəşriyyat Müəssisəsi, tarixsiz, c. 1, s. 159.

(25). Tarixü Mədinəti Dəməşq, əvvəlki mənbə, c. 3, s. 190; Ət-Təbəqatül-kübra, əvvəlki mənbə, c. 8, s. 1415.

(26). Əl-İstiğasə, Kufi, Əbul-Qasim Əli ibn Əhməd, Nəşri-İshaqül-Həqq, Pakistan, tarixsiz, s. 115.

(27). Üyunül-əsər, əvvəlki mənbə, c. 1, s. 164; Sübülül-hüda vər-rəşad fi sirəti xəyril-ibad, Salehi Dəməşqi, Məhəmməd ibn Yusif, Darül-Kütübil-elmiyyə, Beyrut, 1414 h.q., c. 2, s. 166.

(28). Nəhayətül-ərəb fi fununil-ədəb, Nüveyri, Şəhabəddin, Darül-Kütüb vəl-Vəsaiq əl-Qövmiyyə, Qahirə, 1423 h.q., c. 18, s. 170.

(29). Əs-Səhih min sirətin-Nəbi əl-Əzəm, Amili, Cəfər Mürtəza, Darül-Hadi – Darüs-Sirə, Beyrut, 1415 h.q., 4-cü nəşr, c. 2, s. 121–122.

(30). Əl-Kamil fit-tarix, İbn Əsir, İzzəddin, Dar-Sadir, Beyrut, 1965-ci il, c. 2, s. 134.

(31). Əl-İstiğasə, əvvəlki mənbə, s. 112.

(32). Əl-Kamil fit-tarix, əvvəlki mənbə, s. 114.

(33). Əvvəlki mənbə, s. 113.

(34). Bax: Əs-Səhih min sirətin-Nəbi əl-Əzəm, əvvəlki mənbə, c. 2, s. 105–135, birinci bölüm, üçüncü fəsil: «Xədicə Peyğəmbərin (s) evində».

(35). Həzrət Ayətullah üzma Məkarim Şirazinin «Fəzilət xanımı, həzrət Xədicə (s.ə) – risalətin himayədarı» adlı dördüncü konfransa göndərdiyi mesaj, 15/03/1396; həmçinin «Həzrət Xədicənin (s.ə) həyatının həzrət Ayətullah Məkarim Şirazinin baxışından yenidən nəzərdən keçirilməsi» adlı qeyd.

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha