Hövzə Xəbər Agentliyinin verdiyi məlumata görə, Ayətullah Nuri Həmədani İslam Birliyinin 40-cı beynəlxalq konfransının açılış mərasiminə müraciət ünvanlayıb.
Onun müraciətinin tam mətni aşağıdakı kimidir:
Bağışlayan və mehriban Allahın adı ilə
﴿وَأَطِیعُوا اللَّهَ وَرَسُولَهُ وَلَا تَنَازَعُوا فَتَفْشَلُوا وَتَذْهَبَ رِیحُکُمْ وَاصْبِرُوا إِنَّ اللَّهَ مَعَ الصَّابِرِینَ﴾
“Allah və onun Rəsuluna itaət edin, bir-birinizlə çəkişməyin; yoxsa ruhdan düşər, gücünüzü və qüdrətinizi itirərsiniz. Səbir edin. Həqiqətən, Allah səbir edənlərlədir.” (Ənfal surəsi, 46-cı ayə)
Əvvəlcə həzrət Peyğəmbərimizin (s) mübarək mövlud ildönümünü və İslam dünyasında vəhdət həftəsini bütün İslam ümmətinə, eləcə də bu mötəbər toplantıda iştirak edən siz əzizlərə təbrik edirəm. Həmçinin bu dəyərli mərasimin təşkilində rol oynayan möhtərəm məsul şəxslərə səmimi təşəkkür və minnətdarlığımı bildirirəm.
Elə burada İslam Respublikasının banisi həzrət İmam Xomeyninin (r) xatirəsini yad edir, İran İslam Respublikasının cinayətkar ABŞ-ın və uşaq qatili sionist rejimin təcavüz və hücumları qarşısında apardığı qüdrətli müdafiə zamanı şəhid olanların pak ruhlarına salam və ehtiram göndəririk. Xüsusilə şəhid lider, böyük məqam sahibi və İslam ümmətinin birliyinin öncül şəxsi həzrət Ayətullah üzma Xameneinin (Allah ona rəhmət eləsin) xatirəsini yad edir və bu əzizlərin Allah dərgahında yüksək məqamlara çatmasını uca Allahdan diləyirik.
Müsəlmanların birliyi və məzhəblər arasında yaxınlaşma İslam tarixinin bütün dövrlərində zəruri olmuşdur. Lakin bu gün İslam düşmənləri bütün imkanları ilə müsəlmanları zəiflətməyə, aralarında ixtilaf yaratmağa və İslam ölkələri üzərində hökmranlıq etməyə çalışdıqları bir şəraitdə bu məsələ xüsusi əhəmiyyət kəsb edir və onun həm əqli zəruriliyi, həm də şəri baxımdan vacibliyi heç vaxt olmadığı qədər aydın görünür. Qurani-Kərim müsəlmanları Allahın ipindən möhkəm yapışmağa dəvət edir və onların zəifləməsinə, qüdrət və əzəmətlərinin aradan getməsinə səbəb olan çəkişmə və parçalanmanı açıq şəkildə qadağan edir.
Əlbəttə, məzhəblərarası yaxınlaşma və birlik o demək deyil ki, İslam məzhəblərinin ardıcılları öz prinsiplərindən və etiqadlarından əl çəksinlər. Elmi ixtilaf elmi və tədqiqat mühitində qalmalıdır və müsəlmanlar arasında qarşıdurma, düşmənçilik, bir-birini kafir elan etmək və qan tökülməsi vasitəsinə çevrilməməlidir. İslam alimlərinin bu məsələdə üzərinə çox ağır məsuliyyət düşür. Onlar bəsirət və məlumatlılıqla hərəkət edərək məzhəbi ixtilafların İslam düşmənlərinin müsəlmanlar arasında fitnə və parçalanma yaratmaq üçün bəhanəsinə çevrilməsinin qarşısını almalıdırlar.
Bu gün İslam düşmənləri, xüsusilə də onların başında duran ABŞ və sionist rejim müsəlmanların zəifliyindən, parçalanmasından və geridə qalmasından başqa heç nə istəmirlər. Bu iki cərəyanın bir-birindən müstəqil olduğu və fərqli məqsədlər güddüyü barədə düşünmək sadəlövhlükdür. Ötən illərin təcrübəsi açıq şəkildə göstərib ki, onların məqsədi region üzərində hökmranlıq etmək və İslam ölkələrinin güclənməsinin qarşısını almaqdır.
Onların düşmənçiliyinin yalnız İslam Respublikasına qarşı olduğu düşüncəsi son dərəcə sadə və bəsit yanaşmadır. Region ölkələrinin hakimləri bilməlidirlər ki, sionist rejim öz ayaqları üzərində dayanmaq, müstəqil yaşamaq və əcnəbilərin hökmranlığına boyun əyməmək istəyən hər bir güclü İslam ölkəsi ilə problem yaşayacaq. Bu gün İslam Respublikası İran onların düşmənçiliyinin hədəfidir, sabah isə müstəqillik və qüdrət yolunda addımlayan istənilən başqa İslam ölkəsi də eyni düşmənçiliyin hədəfinə çevrilə bilər.
Buna əsasən, müsəlmanların həmrəyliyi və İslam ölkələrinin hakimlərinin əməkdaşlığı hər kəs üçün zəruridir. Filan ölkənin digər ölkələrdən daha çox əməkdaşlığa və yaxınlaşmaya ehtiyacı olduğunu, digərlərinin isə buna ehtiyac duymadığını düşünmək İslam dünyasının reallıqları ilə uyğun gəlmir. Birlik, həmrəylik və əməkdaşlıq bütün İslam xalqlarının və dövlətlərinin ehtiyacıdır.
İslam ölkələrinin izzəti və təhlükəsizliyi bir-birindən ayrı deyil. Digər İslam ölkələri zəiflik, təhlükəsizliksizlik və parçalanma içində olduğu halda, hər hansı bir İslam ölkəsinin davamlı təhlükəsizlik və qüdrət əldə edəcəyini gözləmək mümkün deyil. Ortaq düşmən müsəlmanlar arasındakı ixtilaflardan istifadə edir. Onun İslam torpaqları üzərində tamahkar əlini qısa biləcək əsas amil isə müsəlman xalqların və dövlətlərin oyanışı, bəsirəti, birliyi və əməkdaşlığıdır.
İslam Respublikası İran İslam İnqilabının qələbəsindən etibarən müsəlmanların birliyini, İslamın izzətini və İslam ölkələrinin müstəqilliyini özünün əsas prinsiplərindən hesab edib və bu istiqamətdə böyük bədəllər də ödəyib. Rəhbərlik, məsul şəxslər, hərbi qüvvələr və İran xalqı bu həmrəyliyin zəruriliyindən xəbərdardır və ona sadiqdirlər.
Lakin təəssüflə qeyd etmək lazımdır ki, bəzən müsəlmanların torpaqlarının bir hissəsi İslam Respublikasını təhdid etmək və ya ona qarşı hücum həyata keçirmək üçün baza kimi nəzərdə tutulur. Aydındır ki, ölkənin müstəqilliyini, təhlükəsizliyini və ərazi bütövlüyünü müdafiə etmək qanuni haqq və danılmaz vəzifədir. Hər hansı təcavüz baş verdiyi zaman İrsn İslam Respublikası təcavüzkarı və hücum edəni dəf etməyə məcbur olacaq. Bu müdafiə əslində və uzunmüddətli perspektivdə ortaq düşmənin hökmranlıq etməyə çalışdığı regionun və müsəlman xalqlarının təhlükəsizliyinin də müdafiəsidir.
Şübhəsiz ki, İslam ümməti bu gün birlik kimi dəyərli bir təlimə hər zamankından daha çox ehtiyac duyur. İslam dünyasının mövcud vəziyyəti, inadkar düşmənlərin Fələstin, Livan, Suriya, İraq, İran və Yəməndə İslam ümmətinin varlığına qarşı həyata keçirdikləri təcavüz və hücumlar, eləcə də amansız düşmənin regionumuzun və İslam dünyasının bəzi ölkələrindəki mənfur və arzuolunmaz iştirakı müsəlman xalqların və dövlətlərin birlik və həmrəyliyin qorunmasına, daxili ixtilaf və qarşıdurmadan çəkinməsinə daha çox diqqət yetirməsini zəruri edir.
Bu fürsətdən istifadə edərək xatırlatma məqsədilə bir neçə məqama toxunmaq istəyirəm.
1. Birlik və məzhəblərarası yaxınlaşma, ixtilaf və parçalanmadan çəkinmək hər zaman, xüsusilə də mövcud şəraitdə həm əqli baxımdan zəruri, həm də şəri baxımdan vacibdir. Müsəlmanların bir-birindən ayrılmasına səbəb olan hər bir söz və əməl, şübhəsiz ki, İslam ümmətinin düşmənlərinin istəkləri istiqamətində atılmış addımdır.
2. Bu dövrdə ümmətin ən əsas düşməni işğalçı və mənfur sionist rejim və onun zalım himayədarlarıdır. Onlar İslam torpaqlarını və müsəlmanların müqəddəs məkanlarını işğal edir, qadınları, uşaqları və günahsız insanları qətlə yetirir, regionumuzda təhlükəsizliyin pozulmasının və müharibələrin əsas səbəbkarı kimi çıxış edirlər. Bu rejimlə istənilən formada əlaqə qurulması və onun mövcudluğunun davam etdirilməsinə yardım göstərilməsi, şübhəsiz ki, İslam ümmətinin mənafeləri ilə ziddiyyət təşkil edir. Müsəlman xalqların vahid və həmrəy şəkildə bu ortaq düşmənin qarşısında dayanması, Fələstində, Livanda və həmin düşmənlərin hücumuna məruz qalan digər bölgələrdə zülmə məruz qalan müsəlmanlara yardım və dəstəyi əsirgəməməsi zəruridir.
3. Müsəlman dövlətlərdən gözlənilir ki, hər zamankından daha çox birlik və qarşılıqlı əməkdaşlığa diqqət yetirsinlər və öz ölkələrinin təhlükəsizliyini təmin etmək üçün ümmətin düşmənlərinə arxalanmaqdan çəkinsinlər. Çünki bu düşmənlər yalnız öz mənafelərini və işğalçı rejimin maraqlarını düşünürlər. Nəzərə almaq lazımdır ki, bu düşmənlərin regionumuzda mövcudluğunun təhlükəsizliksizlik və fəsaddan başqa heç bir nəticəsi yoxdur.
4. Bu məsələdə İslam alimlərinin vəzifəsi olduqca mühüm və ağırdır. Alimlər xalqı və hökumətləri birliyə, bəsirətə və düşməni tanımağa çağırmalı, qəlblərin birləşdirilməsi, ixtilaf və parçalanmanın qarşısının alınması istiqamətində öncül mövqe tutmalıdırlar. İslam dünyasının elmi hövzələri, universitetləri və elmi mərkəzləri alimlərin fikir mübadiləsi apardığı, elmi müzakirələr apardığı və müsəlmanların mənafelərini müdafiə etdiyi məkanlar olmalıdır; Allah eləməsin, məzhəbi ixtilafların genişlənməsinə və müsəlmanların sıralarının zəifləməsinə səbəb olan vasitələrə çevrilməməlidir.
Burada bu konfransda iştirak edən möhtərəm şəxslərə uğurlar arzulamaqla yanaşı, xahiş edirəm ki, müzakirələriniz zamanı İslam dünyasının dövlətləri, xalqları, elmi və dini mərkəzləri arasında əlaqələrin və əməkdaşlığın gücləndirilməsinin praktiki yollarına diqqət yetirəsiniz, eləcə də düşmənlərin müsəlmanlar arasında ayrılıq və parçalanma yaratmağa yönəlmiş plan və fitnələrini İslam ümmətinə izah edəsiniz.
Sonda uca Allahdan diləyirəm ki, İslam ümmətini layiq olduğu izzət və şərəfə çatdırsın, müsəlmanların problemlərini islah etsin, onların qəlblərini bir-birinə yaxınlaşdırsın və düşmənlərin əlini İslam torpaqlarından uzaqlaşdırsın.
Allahın rəhmət və bərəkəti sizin üzərinizə olsun
Qum – Rəbiül-əvvəl 1448 / 2026-cı il avqust ayı
Ayətullah Nuri Həmədani
Rəyiniz