Hövzə Xəbər Agentliyinin tərcümə qrupunun verdiyi məlumata görə, Hizbullah hərəkatının Baş katibi Şeyx Naim Qasim Hizbullah tərəfindən Beyrutun cənub ətrafında yerləşən Aşura meydanında təşkil olunan “Azad insanların Peyğəmbəri” adlı mərkəzi Nəbəvi festivalında çıxışı zamanı vurğulayıb: Bizim Peyğəmbərimiz həzrət Məhəmməd (s) azad insanların Peyğəmbəridir. Zehnlərini və qəlblərini pak və aydın şəkildə açaraq dünya və axirətdə xoşbəxtliklərinə səbəb olacaq həqiqətlərlə tanış olan azad insanların.
O deyib: Bu gün azad insanların Peyğəmbəri həzrət Məhəmmədin (s) mövludunu qeyd edirik. Bu münasibətlə bu mübarək mövlud haqqında, Allahın elçiləri və peyğəmbərlərinin ağasının bütün bəşəriyyət səviyyəsindəki böyük rolu barədə danışacaq, həmçinin ölkəmizin siyasi məsələsi də daxil olmaqla bir sıra mövzulara toxunacağıq.
O, davam edib: Bu gün görürük ki, Amerika və şirk, azğınlıq və küfr yolunda addımlayan bütün qüvvələr vahid bir ümmət, yəni vahid bir cəbhədir. Sünnilər, şiələr və bütün müsəlmanlar üçün Peyğəmbər birdir.
Şeyx Qasim deyib: Bir olun. Bizim İslam birliyi dedikdə nəzərdə tutduğumuz yalnız vicdani, duyğusal birlik və sözlərdə və ifadələrdə birlik deyil. Məqsədimiz müsəlmanların güclənməsinə səbəb olan, onlar arasında, xüsusilə də ölkələr və xalqlar arasında inkişafın, əməkdaşlığın və həmrəyliyin gerçəkləşməsinə gətirib çıxaran birlikdir.
O izah edib: Birlik ümmətin müstəmləkəçiliyə, azğınlığa və istibdada tabeçilikdən azad olması üçündür; ümmətin mədəni, iqtisadi və siyasi kimliyindən məhrum edilməsindən xilas olması üçündür; birlik müsəlmanlar arasında fitnə yaradan layihələrə qarşı mübarizə aparmaq, nifrət və kin təbliğatına və müsəlmanlar arasında məzhəbi, dini və siyasi maneələr yaradanlara qarşı mübarizə aparmaq üçündür.
O əlavə edib: Birlik ABŞ-ın diktator hökumətinin həyata keçirdiyi və cinayətkar İsrailin dəstəyindən istifadə etdiyi parçalanma layihələrinə qarşı mübarizə aparmaq üçündür. Bu layihələrin məqsədi bizim regionumuzu parçalamaqdır.
Şeyx Qasim davam edib: Birlik məsələsində ehtiyac duyduğumuz iki praktiki nəticə var. Birincisi, fitnənin qarşısını almaqda birlikdə olmalıyıq və bu birlik İslam birliyindən milli birliyə, daha sonra isə bəşəri birliyə qədər genişlənməlidir. Bu birliyin dünyanın bütün azad insanlarını əhatə etməsinə heç bir maneə yoxdur. Birliyin ikinci nəticəsi isə əsas məsələ — yəni Fələstin məsələsi, Fələstinin və Əqsa məscidinin azadlığı ətrafında birləşməyimizdir.
Hizbullah hərəkatının Baş katibi vurğulayıb: Fələstin məsələsi İslam birliyi məsələsidir, sünnilərin, şiələrin və ya hansısa məzhəbin məsələsi deyil. Bu, İslami, milli, etnik, ərəb və bəşəri məsələdir.
Şeyx Qasim ərəb və İslam ölkələrini, eləcə də xalqları birlik əldə etmək üçün səylər göstərməyə çağıraraq deyib: Artıq bizim birlikdə olmağımızın vaxtı çatıb. Region ölkələri arasında qarşılıqlı anlaşma vasitəsilə bölgəmiz təhlükəsizliyə qovuşmalı, istibdada və onun regionumuzdakı bütün vasitələrinə son qoyulmalıdır.
Şeyx Qasim: İmam Musa Sədr ədalət və insanlığın təcəssümü idi
Şeyx Naim Qasim çıxışının digər hissəsində qeyd edib: İmam Musa Sədr bir rəmz, bayraq və nümunə idi və çoxsaylı qabiliyyət və imkanlara malik idi.
O, İmam Musa Sədrin şəxsiyyətini dini, ictimai, mədəni, siyasi və humanitar aspektləri özündə birləşdirən şəxsiyyət kimi qiymətləndirərək vurğulayıb: İmam Musa Sədr lap əvvəldən İsrail rejiminin yaratdığı təhlükələrin fərqində idi və məşhur ‘İsrail mütləq şərdir’ şüarını irəli sürmüşdü.
O izah edib: İmam Musa Sədr ölkədə siyasi islahatların həyata keçirilməsini də tələb edirdi və elə ilk dövrlərdən etibarən məhrumlara yardım göstərmək ideyasını irəli sürmüşdü. O, Livanın cənubuna da xüsusi diqqət yetirirdi və hər kəsə deyirdi: «Livan və onun cənubu işgəncə altında olduğu halda gülümsəyə bilməz.»
Hizbullah hərəkatının Baş katibi davam edib: İmam Sədr Livanın cənubunun İsrailin işğalından və təcavüzlərindən azad edilməsi üçün mübarizə apararkən, siyasi və ictimai islahatlara da diqqət yetirirdi. Buradan anlayırıq ki, nə üçün İmam Sədr oğurlandı; çünki o, ədalətin və insanlığın təcəssümü idi.
O əlavə edib: Biz ümmətin şəhidlərinin ağası, şəhid Seyid Həsən Nəsrullahı izzət və qürurla yad edirik. O, daim Livanda müqavimətin imamı, yəni İmam Sədrin xüsusiyyətlərini və xarakterik cəhətlərini xatırladırdı. Ümmətin şəhidlərinin ağası daim İslam birliyini və milli birliyi vurğulayırdı və inşallah, biz də bu yolu davam etdirəcəyik.
Şeyx Qasim: Regionda müqavimət parçalanma və işğal layihələri qarşısında dayandı
Həmçinin Şeyx Qasim vurğulayıb: Bu gün region özünün tarixi mənzərəsinin və qüvvələr balansının yenidən qurulması prosesinin ortasındadır. Biz qeyri-adi hadisələrin şahidi oluruq. Amerika öz hökmranlığını daha da genişləndirmək və «Böyük İsrail»in qurulması üçün zəruri hazırlıqları təmin etmək yolunu hamarlaşdırır. Bununla yanaşı, o, öz imkanlarından və bizim regionumuzda mövcud olan təslimçilikdən istifadə edir.
O davam edib: Amerikaya qarşı İran dayandı. İslam Respublikasının mübarək cərəyanı Fələstində, Livanda, İraqda, Yəməndə və bütün regionda müqavimət qüvvələri ilə birlikdə parçalanma, işğal, istibdad və himayəçilik layihələrinin qarşısında dayanıb.
O qeyd edib: Düşmənlər təcavüz üçün heç bir fürsəti əldən vermədilər, lakin buna nail olmadılar və nail də olmayacaqlar. Onlar nə qətliamlarla, nə iqtisadi mühasirə ilə, nə təslim olmağa məcbur edən təzyiqlərlə, nə məcburi köçürmə cəhdləri ilə, nə də xalqı müqavimətdən ayırmaq cəhdləri ilə məqsədlərinə çata bildilər. Çünki düşmənlər vahid və böyük fədakarlıqlara hazır olan xalqı görməklə qarşılaşdıqları mənzərədən sarsıldılar.
Şeyx Naim Qasim bu istiqamətdə vurğulayıb: Fədakarlıqlar böyük olsa da, məhz bu fədakarlıqlar təcavüzkar layihənin qarşısını aldı. Biz çox şeylərimizi fəda etdik, lakin məğlub olmadıq. Çünki məğlubiyyət təslim olduğumuz zaman baş verir. Amerika iqtisadi vəziyyət baxımından və dünya ictimaiyyətinin onun gerçək mahiyyətinə münasibəti baxımından məğlubiyyətə doğru gedir.
Şeyx Qasim həmçinin deyib: Bu gün Amerika artıq bir nümunə və ya rəmz deyil. Əksinə, dünya xalqları ona müstəmləkəçi, zalım və qatil kimi baxırlar və onun vurduğu zərərlər də getdikcə daha aydın şəkildə üzə çıxır. Belə ki, bu gün Amerika Birləşmiş Ştatlarının borcu 40 trilyon dollara çatıb.
O vurğulayıb: İsrail rejimi də məğlubiyyətə doğru gedir. Çünki ölkədən köç halları getdikcə artır, iqtisadi vəziyyət pisləşir və bundan daha böyük itkilər də baş verəcək.
Şeyx Qasim: Livanın hakimiyyəti Livan üçün başucalığı gətirməyən bir yol seçib
Hizbullahın Baş katibi Livanın hakimiyyəti və düşmənlə “birbaşa danışıqlar” barədə çıxışı zamanı bildirib ki, Livanın hakimiyyəti nə özü üçün, nə Livan üçün, nə də livanlıların fədakarlıqları üçün başucalığı gətirən bir yol seçib və İsrail düşməni ilə birbaşa danışıqlara girərək onun istədiyi və istəmədiyi hər şeyi ona təqdim edib.
Şeyx Qasim Livanın hakimiyyətinə müraciətlə deyib: “Mənə deyin, birbaşa danışıqlardan nə əldə etdiniz?"
O vurğulayıb: Müqavimət göstərənlər, fədakarlıq edənlər, onlara qoşulanlar və Livanın bütün məzhəb və icmalarından onlara dəstək verənlər bu güzəştlərdən və əldə olunan nəticələrdən ikrah hissi keçirirlər.
Şeyx Qasim “müharibədən daha yaxşısı danışıqlardır” deyənlərə müraciətlə soruşdu: Sizin danışıqlarınız müharibəni dayandırdımı?
O, çıxışının davamında bildirib: Danışıqlar müharibə atəşi altında aparılır və müharibəyə legitimlik qazandırır. Bu danışıqlar müharibənin qarşısında dayanan danışıqlar deyil, əksinə, heç bir nəticə əldə etmədən alçaldıcı şəkildə təslim olmaq adlandırılan bir danışıqlardır.
“Hizbullah hərəkatının” baş katibi yenidən sözünü Livan hakimiyyətinə yönəldərək bildirib: Siz dolayı danışıqlara gedə və şərtlər irəli sürə bilərdiniz. O əlavə edib: “Gedib Amerika vasitəçisindən başqa bir vasitəçi axtarın.”
O bildirib: “Biz də müharibə istəmirik və bunun səbəbi odur ki, 27 noyabr 2024-cü ildə (7 Azər 1403) bir razılaşma imzalamışıq və bu gün baş verənlər açıq İsrail təcavüzüdür.”
Şeyx Qasim vurğulayıb: “Çərçivə razılaşması” şəriətə və qanuna ziddir və Livan hakimiyyətini məhv edən, hüquqları geri qaytarmayan alçaldıcı bir razılaşmadır. Biz “Çərçivə razılaşması”na qarşıyıq və onun ləğv edilməsini tələb edirik.
Şeyx Qasim: Meydanda qalacağıq və “Böyük İsrail layihəsi”ni məğlub etmişik
Şeyx Qasim həmçinin vurğulayıb: “Biz meydanda qalacağıq və haqqında danışılan bu layihələri qəbul etməyəcəyik. Çünki biz ‘Böyük İsrail layihəsi’ni məğlub etmişik. Bizim əldə etdiyimiz nailiyyətlərdən biri onların paytaxt Beyruta çatmasının qarşısını almağımız, digər nailiyyətimiz isə bizi gücdən və silahdan məhrum etmələrinin qarşısını almağımız olub ki, Livan zəifləməsin, onlar Livana hakim ola bilməsinlər və burada məskunlaşma prosesinə başlaya bilməsinlər.”
O vurğulayıb: “Bu müqavimətin, xalqının, şərəfli insanların, şəhidlərin və fədakarlıqların mövcud olduğu bir şəraitdə onlar heç nəyə nail ola bilməzlər.”
O bildirib: “Biz sizə demişik və yenidən deyirik: biz məqsədlərimizə çatmaq üçün Kərbəla məktəbinin davamçılarıyıq.”
Şeyx Qasim həmçinin müqavimət ailələrinə müraciətlə bildirib: “Sizin ləyaqətinizin qorunması üçün imkanlarımız daxilində əməkdaşlıq və yardım göstərəcəyik. İnşallah, hər şeyin bir həlli var. Biz başıuca qalacağıq və təslim olmayacağıq. Çünki biz ləyaqət övladlarıyıq, biz izzət övladlarıyıq və ‘Heyhat minnəz-zilləh’ — zillət bizdən uzaqdır.”
O, çıxışının sonunda deyib: “Allahın eçisi, peyğəmbərlərin və göndərilənlərin ən üstünü həzrət Məhəmmədin (s) mövludu münasibətilə bütün müsəlmanları və bütün dünya xalqlarını təbrik edirəm.
Rəyiniz