Hövzə Xəbər Agentliyinin verdiyi məlumata görə, Elmi hövzələrin rektoru Ayətullah Əlirza Ərafi bəyanat yayaraq bu gün səhər saatlarında ABŞ cinayətkarlarının Hörmüzqan vilayətinin Sirik bölgəsində yaşayış məntəqələrinə və toy mərasiminə həyata keçirdiyi hava hücumunu kəskin şəkildə pisləyib.
Bəyanatın tam mətni aşağıdakı kimidir:
Bağışlayan və mehriban Allahın adı ilə
«وَ مَن قُتِلَ مَظْلُومًا فَقَدْ جَعَلْنَا لِوَلِیِّهِ سُلْطَانًا فَلَا یُسْرِف فِّی الْقَتْلِ إِنَّهُ کَانَ مَنصُورًا» (İsra, 33)
“Kim haqsız yerə öldürülərsə, onun vəlisinə haqq vermişik. Lakin o da öldürməkdə həddi aşmasın. Çünki o, artıq yardım olunmuşdur.” (İsra surəsi, 33-cü ayə)
Bir daha hegemonluq və qlobal istibdad sisteminin, xüsusilə də təcavüzkar ABŞ rejiminin xəbis siması və insanlıq əleyhinə mahiyyəti vəhşicəsinə törədilmiş bir cinayətlə bütün çılpaqlığı ilə üzə çıxdı. Bu gün səhər saatlarında Hörmüzqan vilayətinin Sirik bölgəsində yaşayış məntəqələrinə və toy mərasiminə endirilən hava zərbəsi nəticəsində aralarında qadın və günahsız uşaqların da olduğu bir qrup dinc sakinin şəhid olması və yaralanması bu namərdcəsinə hücumun faciəvi miqyasını bir daha açıq şəkildə göstərdi.
Bu cinayət İslamabad anlaşmasının pozulmasının, eləcə də ABŞ hərbçilərinin məzlum İran xalqına qarşı həyata keçirdiyi vəhşicəsinə hücumlar silsiləsinin davamıdır. Bu hücumlara Minab şəhərindəki “Şəcərəyi-Təyyibə” məktəbinin bombalanması və onlarla şagirdin şəhid edilməsi, eləcə də Lamerddəki stadionun, xəstəxanaların və digər mülki obyektlərin bombalanması da daxildir. Bütün bunlar bir daha sübut etdi ki, ABŞ-ın dövlət terrorizmi heç bir sərhəd tanımır və günahsız insanların təhlükəsizliyi və həyatı onlar üçün heç bir dəyər daşımır. Özünü insan haqlarının müdafiəçisi kimi göstərənlərin və beynəlxalq təşkilatların bu faciələr qarşısındakı utancverici susqunluğu ciddi düşüncə və sual doğurur.
Kin və düşmənçiliklə dolu düşmənlər bilsinlər ki, başıuca İran, müqavimət oxu, eləcə də bütün hərbi və mülki dövlət qurumları Allahın lütfü ilə İslama, İrana və İslam ümmətinə qarşı təcavüzün qarşısında dayanacaqlar. Uca Allahın yardımı və həzrət İmam Zamanın (ə.f) inayəti ilə qlobal və şeytani hegemonluğa qarşı müqavimətin yeni səhifəsini və yeni modelini yaradacaq, regional və beynəlxalq münasibətlərdə yeni, mühüm və sivilizasiya səviyyəli mərhələnin əsasını qoyacaqlar.
Elmi hövzələrin İdarəetmə Mərkəzi və Elmi hövzələrin ali qurumları bütün hörmətli hövzə alimləri və tələbələri ilə birlikdə həmvətənlərimizin bir qrupunun şəhid olması münasibətilə başsağlığı verir, yaralı və əlillərin tezliklə şəfa tapmasını diləyir və bütün beynəlxalq qaydalara, eləcə də insani prinsiplərə zidd olan bu vəhşi əməli kəskin şəkildə pisləyirlər. Onlar bu hücumu “dövlət terrorizmi”nin bariz nümunəsi və müharibə cinayəti hesab edir, İslam Respublikasının qüdrətli Silahlı Qüvvələrinə dəstəyini bildirirlər.
Bəyanatda Silahlı Qüvvələrdən Ali Baş Komandanın ( Allah onu qorusun) göstərişlərinə tabe olaraq düşmənə qarşı tam çəkindiricilik təmin edilənədək peşmanedici cavab tədbirlərini davam etdirmələri və İslam müqavimət oxunun və İslam ümmətinin mövqeyini daha da gücləndirmələri xahiş olunur.
وَ مَا النَّصْرُ إِلَّا مِنْ عِنْدِ اللَّهِ الْعَزِیزِ الْحَکِیمِ
“Qələbə yalnız yenilməz qüdrət sahibi və hikmət sahibi Allah tərəfindəndir.” (Ali-İmran surəsi 126-cı ayə)
Elmi hövzələrin rektoru
Əlirza Ərafi
Rəyiniz