bazar 6 sentyabr 2026 - 14:37
Ailə məsələləri | Təhsil, yoxsa iş? Mütəxəssislərin gənc analara tövsiyəsi hansıdır?

Hövzə | Bu gün xanımlar arasında “süstlük” problemi ilə qarşılaşırıq. Virtual məkanın təsiri ilə daha da dərinləşən bu problem ev şəraitində yaradıcılığın azalmasına səbəb olub. Lakin ev durğunluq və fəaliyyətsizlik məkanı olmamalıdır. Fəal və yaradıcı ana gündəlik işlərə yeni baxışla yanaşaraq, ev idarəçiliyini sadəcə yerinə yetirilməli bir vəzifə kimi deyil, ailədə sevinc, dinamika və canlılıq yaratmaq imkanı kimi dəyərləndirir.

Hövzə Xəbər Agentliyinin verdiyi məlumata görə, gənc analar üçün düzgün istiqamətin müəyyənləşdirilməsi evdəki məsuliyyətlərlə ictimai həyatda qarşıya qoyulan məqsədlər arasında ən mürəkkəb məsələlərdən biridir. Bu seçim həm övladın, həm də ananın özünün gələcəyinə birbaşa təsir göstərə bilər. Höccətül-İslam vəl-müslimin Rza Yusifzadə gənc anaların təhsil, əmək fəaliyyəti və ev yaşayışının yaradıcı şəkildə idarə olunması arasında seçim edərkən inkişaf və fəallıq yolunda qarşılaşdıqları çətinlikləri araşdırıb. Sözügedən müsahibəni oxucularımızın diqqətinə təqdim edirik.

Sual:

Sizcə, 5 yaşlı qızı olan 24 yaşlı ana üçün hansı seçim daha münasibdir: Təhsilini davam etdirmək, yoxsa işləmək?

Cavab:

Bu suala cavab olaraq demək lazımdır ki, bu seçim hər şeydən əvvəl insanın öz həyat şəraitindən və dünyagörüşündən asılıdır. Bununla belə, ev işlərinin idarə olunmasına çöldə işləməkdən daha aşağı səviyyəli fəaliyyət kimi yanaşmaq olmaz. Bəzi hallarda ev təsərrüfatının idarə olunmasının dəyəri və əhəmiyyəti əmək fəaliyyətindən daha yüksək də ola bilər. Burada əsas məqam “fəallıq və işgüzarlıq” ruhunu qorumaqdır. Belə bir narahatlığın mövcud olması və bu sualın verilməsi özü çox dəyərli və təqdirəlayiqdir.

Təəssüf ki, bu gün xanımlar arasında “passivlik və süstlük” problemi ilə qarşılaşırıq. Virtual məkandan və mobil telefonlardan həddindən artıq istifadə bu problemi daha da çətinləşdirib. Halbuki ev mühiti yaradıcılığın və həyatsevərliyin üzə çıxması üçün əlverişli şərait yaratmalıdır.

Mənim fikrimcə, qadın evdə fəal və təsirli bir amil olmalıdır. Ev işləri ilə məşğul olmaq yalnız yerinə yetirilməli bir vəzifə deyil, həm də evdə sevinc və canlılıq yaratmaq üçün bir fürsətdir. Məsələn, rəngarənglik yaratmaq məqsədilə evdə əşyaların və mebellərin düzülüşünü dəyişmək, bu başqaları ilə rəqabət aparmaq və ya onlara bənzəmək məqsədilə deyil, həyata yeni nəfəs gətirmək üçün edilməlidir. Müxtəlif yemək və şirniyyatlar bişirmək, şirin içkilər hazırlamaq və bütün bunlar evə canlılıq gətirir. Ana fəal olduqda, övladlar bu yeniliklərdən sevinc və həyəcan duyur, həyat yoldaşı isə evdəki həyatın bu axınından əlavə enerji alır. Əslində, qadının sənəti məhz bu sevinc və hərəkəti ailənin bütün həyatına yaymaqdır.

İndi isə fərz edək ki, gənclik dövründə lazım olan imkanlara sahibsiniz və həyat yoldaşınızın da dəstəyini görürsünüz. Çünki azyaşlı övladı olan ananın ictimai həyatda iştirak etməsi həyat yoldaşının tam anlayışını və dəstəyini tələb edir. Bu halda əsas sual ortaya çıxır. Evdən kənarda “təhsil” prioritet olmalıdır, yoxsa “əmək fəaliyyəti”?

Şübhəsiz ki, bu iki istiqamətin hər birinin öz üstünlükləri və nəzərə alınmalı məqamları var. Əmək fəaliyyəti gəlir əldə etməyə və ailənin maddi vəziyyətinin yaxşılaşdırılmasına səbəb olur. Lakin digər tərəfdən, təhsil sizi övladınız üçün dəyərli və ilhamverici bir nümunəyə çevirir. Çünki övladlar bu dünyada bizim davranışlarımızı ilk izləyən və onlardan ən çox təsirlənən şəxslərdir.

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha