şənbə 12 sentyabr 2026 - 18:01

Hövzə Xəbər Agentliyinin verdiyi məlumata görə, Kino günü münasibətilə şəhid Ayətullah üzma Ayətullah Xameneinin kino ilə bağlı fikirlərini dəyərli və ziyalı oxucuların diqqətinə təqdim edirik.

• Dini kino sahəsində dəqiq və uzunmüddətli planlaşdırma

İslam İnqilabının Ali Məqamlı Rəhbəri, həzrət Ayətullah Xamenei bu gün (çərşənbə axşamı) «Əmmar» Xalq Film Festivalının bir qrup məsul şəxsi və təşkilatçısı ilə görüşündə festivalda din və dini maarif, eləcə də İslam İnqilabı və inqilab dəyərləri mövzusuna diqqət yetirilməsini mübarək təşəbbüs adlandıraraq vurğulayıb: İslam incəsənətinə və dini kinoya baxış uzunmüddətli olmalı, dəqiq planlaşdırma, gələcəyə ümid və incəsənət vasitələrindən maksimum təsir imkanları yaratmaq üçün düzgün istifadə ilə müşayiət edilməlidir.

Həzrət Ayətullah Xamenei «Əmmar» Xalq Film Festivalının keçirilməsindən məmnunluğunu ifadə edərək, adının İslam Peyğəmbərinin (s) böyük səhabələrindən və həzrət Əlinin (ə) yaxın silahdaşlarından biri olan «Əmmar»ın adı ilə bağlı olmasını təqdirəlayiq seçim hesab edib. O, bu böyük səhabənin mühüm xüsusiyyətlərinə toxunaraq əlavə edib: Əmmar Yasirin İslamın ilk dövründə baş verən müxtəlif hadisələr və İslam Peyğəmbərindən (s) sonrakı dövrün ağır sınaqları qarşısında sarsılmazlığı, hadisələri düzgün qiymətləndirməsi və ehtiyac yaranan zaman meydanda olması, eləcə də həzrət Əlinin (ə) dövründə baş verən məsələlər və hadisələrin izahında oynadığı rol onun ən mühüm və seçilən xüsusiyyətlərindən idi.

(1391/12/01 — 19 fevral 2013)

• İslam sivilizasiyasının qurulmasının əsas vasitələrindən biri kimi incəsənət və kinoya ictihad əsaslı yanaşma

İkinci məsələ müsəlman ölkələrində İslam oyanışı üçün uzunmüddətli məqsədin müəyyənləşdirilməsinin zəruriliyidir. Xalqların oyanışına istiqamət verməli və onları həmin ali və uca məqama çatdırmalı olan hədəf məhz budur. Bu məqam müəyyən edildikdən sonra yol xəritəsini hazırlamaq və orada orta və yaxınmüddətli məqsədləri müəyyənləşdirmək mümkündür.

Son məqsəd «parlaq İslam sivilizasiyasının qurulması»ndan daha aşağı bir hədəf ola bilməz. İslam ümməti bütün tərkib hissələri, yəni xalqlar və ölkələr şəklində Qurani-Kərimin nəzərdə tutduğu arzuolunan sivilizasiya səviyyəsinə çatmalıdır.

Bu sivilizasiyanın əsas və ümumi xüsusiyyəti insanların Allahın onların səadət və yüksəlişini təmin etmək üçün təbiət aləmində və onların öz varlığında yerləşdirdiyi bütün maddi və mənəvi imkanlardan bəhrələnməsidir.

Bu sivilizasiyanın zahiri simasını xalqın hakimiyyəti, Qurandan qaynaqlanan qanunlar, ictihad və bəşərin daim yenilənən ehtiyaclarına cavab verilməsi, ehkamçılıq və gerilikdən, eləcə də bidət və qarışıq yanaşmalardan uzaq durmaq, ümumi rifah və sərvətin yaradılması, ədalətin bərqərar edilməsi, imtiyazçılığa, sələmə və sərvətin müəyyən şəxslərin əlində toplanmasına əsaslanan iqtisadi sistemdən xilas olmaq, insani əxlaqın genişləndirilməsi, dünyanın məzlumlarının müdafiəsi, həmçinin səy, əmək və yenilikçilikdə görmək mümkündür və görmək lazımdır.

Humanitar elmlərdən rəsmi təhsil və tərbiyə sisteminə, iqtisadiyyat və bankçılıqdan texniki istehsal və texnologiyaya, müasir mediadan incəsənət və kinoya, beynəlxalq münasibətlərə və sair sahələrə qədər müxtəlif istiqamətlərə ictihad əsaslı və alimcəsinə yanaşma İslam sivilizasiyasının qurulmasının bütün zəruri şərtlərindən biridir.

(1392/02/09 — 29 aprel 2013)

• Dini məzmunun təqdim edilməsi: Kino sahəsində məsuliyyətli fəaliyyət göstərən sənətçilər qarşısında ruhanilərin vəzifəsi

Ötən il idi, yoxsa başqa bir vaxt, ölkənin müxtəlif sahələrində fəaliyyət göstərən 200-300 tanınmış sənətçi buraya gəlib mənimlə görüşdü. Onlardan bir qismi danışdı, biz də bir qədər söhbət etdik. Sonra həmin görüşdə bir məqama diqqət çəkdim və elə oradaca dedim: Əgər siz — kino rejissorları, sənətçilər, aktyorlar və ya prodüserlər — məndən soruşsanız ki, «Biz dini film çəkmək istəyirik. Dini film üçün hansı mövzunu seçək? Məsələn, hicab haqqında film çəkmək istəyirik. Bunun məzmunu necə olmalıdır? Haradan başlamalıyıq? İnsanlara nəyi çatdırmalıyıq? Tövhid məsələsi, nübüvvət məsələsi, vilayət məsələsi, vilayəti-fəqih məsələsi və ya İmam Xomeyni (r) haqqında insanların etiqadını gücləndirmək istəyirik. Mövzu və məzmun nədən ibarət olmalıdır?» — onda belə bir sual ortaya çıxır: Dini olmayan mühitdə böyümüş, heç vaxt din elmlərini öyrənməmiş, onların bir çoxu Quranla tanış olmayan, Nəhcül-bəlağə və hədislərdən xəbərsiz olan bu insanlar filmlərin məzmununda nələrin yer almalı olduğunu haradan bilsinlər?

Biz bunu bilirik və həmin məzmunu hazırlamalı, onlara kömək etməliyik. Bu düşüncələri sistemləşdirib, nizamlayıb, məntiqi əsaslara salıb, anlaşıqlı və inandırıcı şəkildə təqdim edə bildikdə və onları müxtəlif toplular şəklində sənətçilərin istifadəsinə verdikdə, sənətçi həmin materialları oxuyarkən özü də onların təsiri altına düşür. Buna görə də dini keçmişə və dini köklərə malik olan sənətçinin yaxşı film çəkdiyini də görürük. Əlbəttə, belə hallar çox nadir hallarda baş verir.

Deməli, bu sahədə mövcud çatışmazlıqları aradan qaldırmaq bizim işimizdir, ruhanilərin vəzifəsidir.

(1389/06/25 — 16 sentyabr 2010)

• Filmlərdə əxlaq normalarının qorunmasının zəruriliyi

Həqiqətən də, qorunmalı olan müəyyən qırmızı xətlər var. Bəzi yerlərdə müəyyən əxlaq cəhətdən qırmızı xətlərin aşılması — siyasi qırmızı xətləri o qədər də nəzərdə tutmuram; əsas narahatlığım əxlaq, din və bu kimi məsələlərdir — bəzi filmlərdə və seriallarda heç də zəruri deyil.

İnsan baxır və görür ki, yaxşı çəkilmiş, yaxşı məzmunlu bu serialda həmin artıq detal olmasa, seriala heç bir zərər dəyməz. Bizdə belə nümunələr də var. Filmlərdə əks etdirilən bəzi oğlan və qızlar arasındakı sevgi münasibətləri pisdir və yanlış təsəvvürlər formalaşdırır.

Bu, məsələn, «İğma» serialında baş verən hadisədən fərqlidir. Orada əvvəlcə bir insanın ağlına müəyyən bir yanlış təsəvvür və ya düşüncə gəlir, serialın sonunda isə məlum olur ki, xeyr, məsələ əslində belə deyil. Bəli, bu məsələdə sizinlə razıyam.

Lakin filmə bir qadın və kişi arasındakı münasibətin müəyyən formasını, yanlış sevgi münasibətlərini və ya bu cür üçbucaqlı və dördbucaqlı sevgi münasibətlərini gətirmək zərərlidir. Bunun qarşısını almaq lazımdır. Elə etməliyik ki, bu kimi hallar filmlərdə əks olunmasın.

Bu, məsələlərdən yalnız bir nümunədir.

(1389/04/12 — 3 iyul 2010)

• Film çəkərkən ilahi niyyətə sahib olun

İndi siz dostlara daha bir məsələni də deyim. Dedik ki, sizin məsuliyyətiniz var — əlbəttə, hamınızın belə bir məsuliyyəti var. Çünki gördüyünüz iş çox böyük təsir gücünə malik ola bilər. Bu məsuliyyətin Allah yanında savabı da var. Yəni, həqiqətən də niyyətinizi ilahi edin.

Bu xanım dedilər ki, «Mən öz şəxsi hisslərimin ardınca gedirəm». Çox yaxşı, bunun heç bir eybi yoxdur. Öz şəxsi baxışınızı əks etdirən əsər yaradın. Lakin elə həmin işi görərkən niyyətinizi də Allah üçün edin. Niyyət edin ki, Allahı özünüzdən razı salasınız və savab qazanasınız.

Siz mühüm bir iş görürsünüz. Nə üçün özünüzü savabdan məhrum edirsiniz? Bu işlə savab qazanın və bunu etmək mümkündür.

Savab yalnız namaz və oruc haqqında film çəkməkdən ibarət deyil. Xeyr! Gənclərin əxlaqını, ictimai davranışlarını, cəmiyyətdə nizam-intizamı, işə ciddi yanaşmağı, güclü imanı və məsuliyyət hissini yaşadan hər bir iş Allah yanında savabdır.

Əmirəl-möminin (ə) İmam Həsənə (ə) və İmam Hüseynə (ə) buyurur:

«اعْمَلَا لِلْأَجْرِ»

«Savab qazanmaq üçün çalışın.»

Bu savab dünyanın dirhəm və dinarı deyil. Çünki Əmirəl-möminin (ə) üçün dünyanın milyardlarla sərvətinin bir zərrə torpaq qədər də dəyəri yoxdur. Söhbət Allahın verdiyi savabdan, ilahi mükafatdan gedir.

Bunu sizə deyirəm: Heç biriniz ilahi mükafata ehtiyacsız deyilsiniz. Biz ölüm sərhədini keçdikdən sonra — istəsək də, istəməsək də bu sərhəddən keçəcəyik — bizim ilk ehtiyacımız məhz bu mükafat olacaq.

Orada tək olacağıq və Allahın verəcəyi savaba ehtiyacımız olacaq. Siz bu meydanda fəaliyyət göstərirsiniz. Allah-Təala üçün çalışın.

Əlbəttə, siz istedadlı bir insan, sənətçi, cəmiyyətə, ölkəyə və insanlara nüfuzedici baxışa malik şəxs kimi məsuliyyət hiss edə bilərsiniz və bununla yanaşı, insani və vicdani baxımdan da savab qazana bilərsiniz.

(1385/03/23 — 13 iyun 2006)

• Azad edilmiş əsirlər haqqında keyfiyyətli filmlər çəkilməlidir

Ədalət naminə deməliyik ki, bizim əziz əsirlərimizin və məşhur azad edilmiş əsirlərimizin vətənə qayıtmasından ötən bu 22 il ərzində bu sahədə lazımi işlər görülməyib. Biz bu mövzuda indiyədək yazılmış kitabların sayından dəfələrlə çox kitab ərsəyə gətirməliyik.

Bizim düşərgələrdə və həbsxanalarda olan azad edilmiş əsirlərimizin vəziyyətini əks etdirən yüksək səviyyəli və dəyərli bədii filmlərimiz olmalıdır.

Siz Qərb ölkələrində və böyük film istehsalı şirkətlərində Birinci və ya İkinci Dünya müharibəsi zamanı əsir düşmüş insanların yaşadıqları hadisələr haqqında nə qədər film çəkildiyinə baxın. Yaxşı, yüksək səviyyəli filmlər hazırlanıb. Halbuki həmin filmlərdə əks olunanlar əsir düşmüş insanların maddi dünyagörüşünü və mənəvi durumunu göstərir. Bu xüsusiyyətlər onların həyatında, danışdıqları sözlərdə və bir-birləri ilə münasibətlərində özünü göstərir.

Eşitdiyimə görə, Beynəlxalq Qızıl Xaç nümayəndəsi əsirlik dövründə bizim azad edilmiş əsirlərimizə deyirmiş: «Biz digər ölkələrdəki müharibə əsirləri üçün nəzərdə tutulmuş düşərgələrə getdiyimiz zaman məyusluq, depressiya, özünə xəsarət yetirmə, intihar və bu kimi hallarla qarşılaşırıq. Bəs sizdə niyə belə hallar yoxdur?»

O, bu sualı verməli idi. Cavabı isə aydındır: İnsan qəlbi mənəviyyatla tanış olmadıqda və Allahı tanımadıqda nəticə də məhz belə olur.

Qəlb Allahı tanıdıqda, insan Allahla əlaqəsini hiss etdikdə, Ona güvəndikdə, eləcə də özünü tək görmədikdə, dar və işgəncə ilə dolu həbsxana otaqlarında belə mənəvi cənnəti özü ilə birlikdə yaşadıqda — bu əziz insanların çıxışlarında və yazılmış xatirələrində də həmin məqamlar öz əksini tapıb — artıq depressiyaya yer qalmır, məyusluğa yer qalmır və intiharın heç bir mənası olmur.

Bu məsələnin bir tərəfidir. Biz azad edilmiş əsirlərin həyatı olan bu dərin və geniş dəryanın hər bir zərrəsi haqqında daha çox məlumat əldə etməliyik. Halbuki biz bu barədə lazımınca məlumatlı deyilik.

Yaxşı filmlər çəkilməli, yaxşı kitablar yazılmalı, xatirələr danışılmalıdır. Bu gün danışılan elə həmin xatirələrdə bir dünya qədər söz və məna var. Onların nə qədər yaxşı olardı ki, geniş şəkildə yayımlansın.

Mənim fikrim budur ki, bu gün danışılan həmin xatirələr olduğu kimi Radio və Televiziyada yayımlansın və insanlara çatdırılsın ki, xalq onları eşitsin. Bunlar bizim sərvətlərimiz, bunlar bizim milli kapitalımızdır.

Məhz bu sərvətlər İslamı qoruyub saxladı, şiəliyi qorudu, İran İslam Respublikasını qüdrət və izzətə çatdırdı və İran xalqını dünyada başıuca etdi.

Bu, məsələnin bir tərəfidir.

(1391/05/25 — 15 avqust 2012)

• Müqəddəs Müdafiənin bədii formada təqdim edilməsi bir mübarizədir

Səkkiz il davam edən həmin dövrdə yüksək və dəyərli insani xüsusiyyətlərin o cümlədən cəsarət, fədakarlıq, ixlas, səmimiyyət və həmçinin doğruluğun üzə çıxması, eləcə də bir gəncdən gözlənilməyəcək uzaqgörənlik və tədbirlərin nümayiş etdirilməsi baş verdi. Səkkiz illik Müqəddəs Müdafiə dövründə (İran və İraq müharibəsi) meydana çıxan bu üstün xüsusiyyətlər böyük xərclərlə müşayiət olundu.

Nə qədər əziz canlar fəda edildi, nə qədər maddi sərvət və vaxt sərf olundu.

Siz bu gün gördüyünüz bədii fəaliyyətlə həmin hadisələri, əslində, yenidən canlandırırsınız. Həmin hadisənin bir nəsildə və ya bütöv bir cəmiyyətdə yarada biləcəyi təsiri siz öz yazınızla, çəkdiyiniz filmlə və həmin hadisəni yenidən canlandıran digər bədii fəaliyyətinizlə öz auditoriyanızda yaradırsınız.

Bu, çox böyük və çox mühüm bir işdir. Siz möhtəşəm, incəlik və zərifliklərlə, gözəlliklərlə dolu həmin əzəmətli mənzərə üçün bir növ güzgüyə çevrilirsiniz.

Sizin bu mədəni və bədii fəaliyyətiniz yəni, həmin müqəddəs mübarizəni əks etdirən fəaliyyət özü də bir mübarizədir. Çünki həmin yüksək məfhumların insanların yaddaşından silinməsi üçün səylər göstərilib, bunun üçün müxtəlif işlər görülüb.

Rəngarəng və mənəvi dəyərlərlə zəngin olan döyüşçülərimizin və İslam cəmiyyətimizin yaratdığı izzət, özünəinam və qüdrət hissi həmin qeyri-adi və heyrətamiz hadisəni — Müqəddəs Müdafiədə qələbəni və bütün bu düşmənlərin təcavüzü qarşısında məğlub olmamağımızı mümkün etdi.

Həmin xüsusiyyətlər və həmin insani keyfiyyətlər bu gün xalqımız və ölkəmiz üçün ən böyük ehtiyaclardan biridir.

Biz bunları qorumalı və onların insanların yaddaşından silinməsi istiqamətində göstərilən səylərə qarşı müqavimət göstərməliyik.

Sizin gördüyünüz iş Müqəddəs Müdafiənin hadisələrini və onun böyük mübarizəsini gələcək nəsillərə çatdırmaqdır.

(1388/06/24 — 15 sentyabr 2009)

Onlar bütün imkanlardan istifadə edirlər: Hollivuddan tutmuş təbliğat imkanlarına, silahlara və hərbi qüvvələrə qədər hər vasitədən yararlanırlar ki, bunun əksini təbliğ etsinlər və dünyaya belə göstərsinlər.

(1386/01/17 — 6 aprel 2007)

• İnqilaba məxsus filmlərin çəkilişi üçün mədəniyyət infrastrukturun yaradılmasının zəruriliyi

Əlbəttə, bilirsiniz ki, bu cür işlər bir gecədə ərsəyə gələn işlər deyil. Yəni belə deyil ki, indi deyək: «Çox yaxşı, mədəniyyət məhsulları istehsal edək» və elə bu andaca gedib, məsələn, qarşıdakı altı ay və ya bir il ərzində on, iyirmi və ya daha çox və ya daha az sayda inqilab yönümlü, mədəniyyət və İslam mövzulu film hazırlasınlar. Bütün bunlar üçün müəyyən infrastruktur lazımdır. Bu, təbii infrastruktur kimidir; həmin infrastruktur yaradılmadan belə işlərin ərsəyə gəlməsi mümkün deyil.

Bu infrastrukturların bir qismi hələ tam şəkildə formalaşdırılmayıb. Halbuki bunlar zaman ərzində müxtəlif hökumətlər və müxtəlif məsul şəxslər tərəfindən yaradılmalı idi. Hətta bəzi dövrlərdə həmin infrastrukturların bir qismi dağıdılıb! Bəzi dövrlərdə bizim etiqadi və mədəni infrastrukturlarımızın bir qismi nəinki yaradılmayıb, hətta dağıdılıb!

Yaxşı, indi bunları qaydaya salmaq lazımdır. Lakin iradınız tamamilə haqlıdır. Mən də bu iradı səsləndirirəm: Həm Radio və Televiziyaya, həm Mədəniyyət və İslam İrşadı Nazirliyinə, həm İslam Təbliğatı Təşkilatına, həm də İncəsənət Mərkəzinə qarşı bu iradı bildirirəm.

Biz bu qurumlarla mütəmadi əlaqədə oluruq. Mən onlarla oturub müzakirə edir, əsaslandırmalar aparıram. Yəni təəssüf ki, bəzi icra məsul şəxslərinin görməli olduğu işi özüm üzərimə götürməli oluram.

Elə yaxın vaxtlarda mədəniyyət sahəsinin məsul şəxsləri ilə məhz bu sənət, kino, tamaşa sənətləri və digər məsələlərlə bağlı bir neçə görüşümüz oldu. Oturub müzakirə etdik, danışdıq. Ümid edirik ki, inşallah, bu məsələlər yaxşı nəticələrə gətirib çıxaracaq.

Hər halda, sizin bu tələbiniz tamamilə haqlı və düzgün tələbdır.

(1389/05/31 — 22 avqust 2010)

• Qərbdə məhkəmə ədalətinin mövcudluğu barədə kinofilmlərdə yalançı təsəvvür yaradılması

Ədalətsiz tərəqqi bu gün sizin Qərbin parlaq və gözqamaşdırıcı sivilizasiyasından müşahidə etdiyiniz nəticəni doğuracaq. Sərvət, qüdrət, elm və texnologiya baxımından bu insanların bu dövr üçün təsəvvür edilə biləcəyindən daha çox imkanları var. Onlar bütün bunların maksimum səviyyəsinə sahibdirlər. Lakin eyni zamanda siz diqqət yetirin ki, orada ədalət yoxdur.

İndi məhkəmə ədaləti sahəsində kino və bədii təbliğatda, hekayələrdə və buna bənzər əsərlərdə bu barədə çox danışırlar. Halbuki bunların əksəriyyəti, yəni 80 faizi yalandır. İnsanın məhkəmə və hüquq sahəsində əldə etdiyi məlumatlar da göstərir ki, Qərbdə bu xəbərlərdə təqdim olunan vəziyyət yoxdur.

Lakin iqtisadi sahədə vəziyyət tamamilə aydındır. Elə insanlar var ki, aclıqdan ölürlər. Elə insanlar da var ki, hansısa ölkədə, məsələn, havanın temperaturu mənfi 10 dərəcəyə düşdüyü üçün soyuqdan ölürlər və ya 40 dərəcə istidə həyatlarını itirirlər!

Nə üçün insan 40 dərəcə istidə taqətdən düşüb ölməlidir? Məgər bunun səbəbi onun sığınacağının, evinin olmaması, küçənin bir küncündə yaşaması, 40 dərəcə istidə suya belə çıxışının olmaması və nəticədə həyatını itirməsi deyilmi?

Bunlar mövcuddur. Digər tərəfdən, bu gün Qərbdə əfsanəvi miqyasda nəhəng sərvətlər də mövcuddur. Bu, ədalətsizlikdir və biz bunu istəmirik. İslam da bunu bizdən istəməyib.

Biz tərəqqiyə ehtiyac duyuruq. Qərbin bugünkü ədəbi və siyasi terminologiyasında «inkişaf» adlandırılan mənada tərəqqiyə ehtiyacımız var. Biz buna «tərəqqi» deyirik. Bu tərəqqi isə mütləq ədalətlə müşayiət olunmalıdır.

(1392/06/06 — 28 avqust 2013)

• Hollivudun İslamı yanlış təqdim etmək cəhdləri

İslam mərhəmət dinidir, rəhmət dinidir; «aləmlərə rəhmət» olaraq göndərilmişdir. İslam xristianlara belə deyir: «تَعَالَوْا إِلَىٰ كَلِمَةٍ سَوَاءٍ بَيْنَنَا وَبَيْنَكُمْ» — «Gəlin sizinlə bizim aramızda olan ortaq bir kəlməyə tərəf». İslam onlarla olan ortaq məqamları nəzərə alır.

İslam digər xalqlara qarşı deyil, digər dinlərə qarşı deyil. İslam zorakılığa, zülmə, istismara, hökmranlıq və hegemonluğa qarşıdır. Lakin hökmranlıq edənlər, zalımlar və hegemon qüvvələr bu həqiqəti dünyaya tamamilə əks şəkildə təqdim edirlər.

• Hollivud və imperialist hegemonluğa xidmət edən böyük kino şirkətləri ilə mübarizə aparmaq din alimlərinin qəti vəzifəsidir

Siz baxın, bu gün dünyada televiziya, radio, elektron vasitələr, internet və digər kommunikasiya vasitələri hansı məqsədlərə xidmət edir. Bu gün hegemon qüvvələr yalnız qılınc göstərməklə kifayətlənmirlər. Onlar qılınc da göstərirlər, lakin bununla yanaşı, yanlış düşüncəni, səhv yolu, zalım və üsyankar üsulu xalqlara qəbul etdirmək üçün onlarla başqa üsula da əl atırlar.

Bu gün əldə olan qəti məlumatlar əsasında sübut olunub ki, nəhəng Hollivud kino sənayesi və böyük kino şirkətləri ABŞ-ın hegemonluq siyasəti ilə davamlı və onların maraqlarına uyğun şəkildə həmrəylik və əməkdaşlıq edirlər. Onlarla böyük film istehsalı şirkətinin, o cümlədən sənətçilərin, rejissorların, aktyorların, dramaturqların, ssenaristlərin və sərmayədarların bir araya gəldiyi bu nəhəng film istehsalı və kino sənayesi müəyyən məqsədə xidmət edən istiqamətdə fəaliyyət göstərir.

Bu məqsəd ABŞ hökumətini də idarə edən hegemonluq siyasətinin qarşıya qoyduğu məqsədlərdən ibarətdir. Bunlar kiçik məsələlər deyil.

Bu gün İslamı, dini, həqiqəti və doğru yolu həm insanlara göstərmək, həm də insanları bu doğru yolla hərəkətə gətirmək istəyərkən böyük çətinliklərlə qarşılaşırsınız. Biz zamanın tələblərinə uyğunlaşmalıyıq.

Şübhələr yüz və ya iki yüz il əvvəlki şübhələr kimi deyil. Sizin gənclərinizin, tələbələrinizin, hətta şagirdlərinizin zehninə yeridilən şübhələr müasir dövrün şübhələridir.

Bəs bunların qarşısında kim dayanmalıdır? Din alimlərindən, əqidənin sərhəd keşikçilərindən başqa kim bu zəhərli və ölümcül oxların qarşısında dayanmalı və onlara sipər olmalıdır?

(1388/02/23 — 13 may 2009)

• Hollivudun bədii fəaliyyətini çətin sınağa çəkməyin əhəmiyyəti

İlk suala, yəni bizim mövqeyimizin harada olmasına gəlincə, bunu bir qısa cümlə ilə ifadə etmək olar: Bizim mövqeyimiz dünyada və beynəlxalq səviyyədə sərvətin, gücün, maliyyə korrupsiyasının və hakimiyyətin hökmranlığı nəticəsində meydana gələn çirkinliklərə və insanların üzləşdiyi ağrılara meydan oxumaqdır. Bu məsələni kiçik hesab etməyin.

Bu gün pul və maliyyə gücü maddi aləmdə mövcud olan ən incə, ən zərif və ən təsirli həqiqətləri belə öz xidmətinə cəlb edə bilib. Əziz gəncimizin burada qeyd etdiyi sənət də məhz bunlardan biridir.

Bu gün dünyanın ən qabaqcıl və ən güclü kino sənayesi «Hollivud»dur. Siz baxın, Hollivud nəyə xidmət edir, kimə xidmət edir, hansı düşüncənin, hansı istiqamətin və inkişaf etməkdə olan bu bədbəxt bəşəriyyət üçün hansı xəyalın xidmətindədir?

Mən bunu nə kino sahəsində mütəxəssis olduğum, nə də Hollivudu yaxından tanıdığım üçün demirəm. Bu, işi məhz kino sahəsini araşdırmaq, bu barədə düşünmək və həmin səhnələri və meydanları tənqid etmək olan insanların söylədikləridir.

Onlar deyirlər ki, bu gün kino sənəti — mən Hollivudu dünyanın ən qabaqcıl nümunəsi kimi qeyd etdim, yoxsa dünyanın digər kino sənayelərində də vəziyyət eynidir — əxlaqsızlığın yayılmasına, mənasızlığın yayılmasına, insanın kimliksizləşdirilməsinə və zorakılığın təbliğinə xidmət edir.

Kino həmçinin xalqların əsas kütləsini bir-biri ilə qarşıdurmaya cəlb etməyə xidmət edir ki, cəmiyyətin yüksək və imtiyazlı təbəqəsi heç bir narahatlıq keçirmədən öz həyatını davam etdirə bilsin.

Çox inkişaf etmiş və müasir sənət növü olan kino belə bir vəziyyətdədir. Şeir də eynidir, hekayə də eynidir, rəssamlıq da eynidir. Sənətin müxtəlif sahələri də eyni şəkildə fəaliyyət göstərir.

(1384/07/24 — 16 oktyabr 2005)

• Sionistlərin təbliğat maşınının İslama qarşı nifrət yaratmaq cəhdi

Hazırda sionizmlə əlaqəli bütün təbliğat qurumları müxtəlif məqalələr, filmlər, mədəni məhsul və vasitələr hazırlamaqla dünyanın hər yerində İslamı dünya xalqlarının gözündə mənfur və nifrət doğuran bir din kimi təqdim etməyə çalışırlar. Onların məqsədi dünya xalqlarında İslama və müsəlmanlara qarşı nifrət yaratmaqdır.

Əlbəttə, Əfqanıstan və İraq kimi İslam ölkələrinə hücum etdikləri zaman müsəlmanların ictimai rəyini özlərinə qarşı qaldırmamaq üçün bir neçə cümlə ilə İslam haqqında müsbət fikirlər də söyləyirlər. Lakin bu, yalnız öz maraqlarına uyğun taktiki yanaşmadır.

Onlar bilirlər ki, İslam hegemonluğun öz son məqsədlərinə doğru irəliləməsinin qarşısında əsas maneələrdən biridir. İslamın hakim olduğu İslam Respublikasına qarşı bu qədər düşmənçiliklərinin səbəbi də məhz budur.

İslam xalqımıza müstəqil və cəsarətli olmağın, güclü fövqəldövlətlərə arxalanmadan yaşamağın mümkün olduğunu öyrətdi. Bu isə onların xoşuna gəlmədi. Onlar İslam Respublikasına qarşı əllərindən gələn bütün imkanlarla təbliğat aparırlar.

(1382/01/01 — 21 mart 2003)

• «Düzgün mesajın tanınması, hazırlanması və idarə olunması»: İslam Respublikasına qarşı media müharibəsində qələbənin yolu

Bizim fikrimizcə, bu [media] müharibəsində qələbənin yolu düzgün mesajlardan, ideallarımıza və arzularımıza əsaslanan real məqam və həqiqətlərdən ibarət bir toplusu və siyahını müəyyənləşdirərək, həmin mesajları insanların şüuruna çatdırmaqdır.

İlk növbədə bu mesajların siyahısını müəyyənləşdirmək lazımdır. Əvvəlcə görməliyik ki, insanlara hansı məlumatları çatdırmalıyıq ki, onlar düşmənin həddən artıq tələbkarlığına, hakimiyyətə hərisliyinə və müxtəlif təcavüzlərinə qarşı özlərini müdafiə etmək gücünə malik olsunlar, ölkənin məsul qurumları isə xalqın gücünə etimad göstərib ona arxalana və öz tarixi rolunu yerinə yetirə bilsinlər.

Deməli, ilk növbədə bu mesajları tanımaq lazımdır. Daha sonra onlar hazırlanmalıdır. Həmin mesajı insanlara aşılamağa imkan verəcək söz, görüntü, məkan və mühitin yaradılması bu gün təbliğat və məlumatlandırma sənətinin əsaslandığı ən mühüm fəaliyyətlərdən biridir.

Əgər hazırlıq mərhələsində səhvə yol versək, büdrəsək və ya səhlənkarlıq etsək, şübhəsiz ki, zərbə almış olarıq.

Bu mesajlar hazırlandıqdan sonra onları idarə etmək lazımdır. Çünki bir sıra arzuolunan məhsul yalnız onun üzərində düzgün idarəçilik olduqda nəticəyə və həqiqi, düzgün məqsədə çata bilər. Bu mesaj harada çatdırılmalıdır? Hansı miqyasda təqdim edilməlidir? Vaxtında çatdırılmalıdır. Müvafiq dildən istifadə olunmalıdır. Bütün bunların müxtəlif formalarda bir-biri ilə uzlaşdırılması da qəbulolunan şəkildə həyata keçirilməlidir.

Biz dəfələrlə Radio və Televiziya qurumunun əməkdaşları ilə görüşlərimizdə — bəlkə də sizin aranızdan da bu görüşlərdə iştirak edənlər olub — mesajların məzmununun insanların psixikasını və əsəblərini gərginləşdirən, narahatlıq və təşviş yaradan formada olmaması barədə danışmışıq.

Yaxşı, son illərdə siz əyləncə xarakterli məsələlərə və sizin ifadənizlə, yumor və əyləncəli komediyalara, bədii filmlərə və bu kimi məhsullara müəyyən qədər diqqət ayırmısınız. Bu, düzgün addımdır və hərəkət də məhz bu istiqamətdə davam etdirilməlidir.

(1381/11/15 — 4 fevral 2003)

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha