Hövzə Xəbər Agentliyinin verdiyi məlumata görə, Ali Baş Komandan, həzrət Ayətullah Seyid Müctəba Hüseyni Xameneinin Polis Həftəsi münasibətilə müraciət ünvanlayıb. Ünvanladığı müraciətin tam mətni aşağıdakı kimidir:
Bağışlayan və mehriban Allahın adı ilə
Təhlükəsizlik Allahın bəxş etdiyi ən mühüm nemətlərdən biridir. Əziz İranın müxtəlif bölgələrində — böyük şəhərlərdən tutmuş kənd və məhəllələrdəki ən kiçik yaşayış məntəqələrinədək, müxtəlif iqlim şəraitinə malik dağlıq ərazilərdəki çətin sərhəd mühafizəsi məntəqələrindən dənizlərədək, düzənliklərdən və meşələrdən tutmuş ölkənin ən mərkəzi bölgələrinədək təhlükəsizliyin təmin olunması ölkə təhlükəsizliyinin möhkəm dayaqlarından biri olan İran İslam Respublikası Polis Qüvvələrinin (FƏRAC) fədakar və zəhmətkeş əməkdaşlarının şücaət və cəsarəti sayəsində mümkün olur.
Bu təhlükəsizlik cəmiyyətdə sosial və əxlaqi həyatın müxtəlif aspektlərini, eləcə də ictimai asayişi təmin edir. Bu dəyərli xidmət Allah yolunda cihad olmaqla yanaşı, güclü ictimai dəstəyə də malikdir. Son illərdə təhlükəsizliyin təmin olunmasında FƏRAC-ın komandanlıq və qərargah strukturlarından tutmuş polis bölmələri və məntəqələrədək müxtəlif səviyyələrdəki əməkdaşlarının mühüm rolu daha qabarıq şəkildə özünü göstərmişdir. Bu rolun təsirləri İkinci və Ramazan ayında baş vermiş müharibə zamanı daha aydın nəzərə çarpmışdır. Cinayətkar ABŞ və sionist düşmənin FƏRAC-ın bütün səviyyələrdəki strukturlarına o cümlədən, ən yüksək rəhbər vəzifələrdən tutmuş ən aşağı pillələrədək zərbə vurmağa yönəlmiş səyləri və israrlı cəhdləri də bu qurumun əhəmiyyətini daha da aşkara çıxarmışdır. Lakin cəmiyyətin nizam-intizam və təhlükəsizlik dayaqlarına qarşı yönəlmiş, tarix boyu misli görünməmiş bu uğursuz cəhdlər və bədxah zərbələr FƏRAC-ın cəsur əməkdaşlarını öz vəzifələrini yerinə yetirməkdən bir an belə geri çəkilməyə vadar etməmişdir. Onlar hətta küçələrdə və avtomobillərdə də öz məntəqə və qərargahlarında yerinə yetirdikləri eyni vəzifələri icra etmişlər.
Məhz buna görə də məzlum, lakin qüdrətli İran xalqı ölkənin təhlükəsizliyinə xidmət edən şəxslərin fasiləsiz zəhmət və səylərini yüksək qiymətləndirir. Öz növbəsində, ordu və İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) kimi cəmiyyətin dərinliklərindən yetişən FƏRAC əməkdaşları etimad doğuran davranışları ilə insanların bu dəyərli quruma olan etimadını daha da artıra bilərlər. Bəzən təhlükəsizliyin qorunmasına xidmət edən şəxslərin zəhmət və fədakarlıqları bəzi insanlar tərəfindən adi hal kimi qəbul edilə bilər. Məhz bu məzlumluq və tanınmazlıq onların Allah dərgahındakı mükafatını daha da artırır. Təhlükəsizliyi qoruyan qüvvələrin insan resursları, maddi-texniki təchizat və proqram təminatı baxımından hərtərəfli gücləndirilməsi, xüsusilə də texnologiyaların inkişaf etdirilməsi, o cümlədən məlumatların təhlilində süni intellektdən məqsədyönlü istifadə FƏRAC-ın vəzifələrinin daha keyfiyyətli və asan şəkildə yerinə yetirilməsində mühüm rol oynayır.
FƏRAC-ın yüksək məqamlı şəhidlərinin Allah dərgahında məqamlarının ucalması və ilahi razılığa nail olmaları üçün dua edir, onların bütün ailələrinə, əməkdaşlarına, əsgərlərinə, eləcə də igid və qeyrətli qüvvələrinə, xüsusilə də FƏRAC-ın cəsur, yorulmaz və uzaqgörən komandanına və onun fədakarlıqlarına görə təşəkkürümü bildirirəm. Ümidvaram ki, həzrət Sahibəz-zamanın (ə.f) duaları sayəsində İran İslam Respublikasının təhlükəsizliyinin, qüdrətinin və izzətinin daha da yüksəldilməsi istiqamətində əvvəlkindən daha böyük uğurlar qazanacaqlar.
Seyid Müctəba Hüseyni Xamenei
8 oktyabr 2026-cı il
Rəyiniz