Hövzə Xəbər Agentliyinin verdiyi məlumata görə, Milli Təhlükəsizlik Ali Şurasının katibi general-mayor, doktor Möhsün Rzayi İslam İnqilabının Ali Məqamlı Rəhbəri həzrət Ayətullah Seyid Müctəba Hüseyni Xamenei ilə görüşüb.
Milli Təhlükəsizlik Ali Şurası ölkə işlərinin idarə olunmasında əsas koordinasiya mərkəzidir
Görüş zamanı jəzrət Ayətullah Seyid Müctəba Hüseyni Xamenei Milli Təhlükəsizlik Ali Şurasını və onun Katibliyini ölkə işlərinin idarə olunmasında əsas koordinasiya mərkəzi kimi xarakterizə edib. O, mədəniyyət, siyasət, iqtisadiyyat və təhlükəsizlik sahələrinin bir-birinə qarşılıqlı təsir göstərdiyini vurğulayaraq, hər bir sahə üzrə qərarların qəbul edilməsi zamanı həmin sahənin xüsusiyyətlərinə uyğun müşayiətedici tədbirlərin və əlaqəli planların nəzərə alınmasının zəruriliyini qeyd edib.
İslam İnqilabının Ali Məqamlı Rəhbəri əsaslandırılmış və möhkəm qərarların qəbul edilməsinin zəruri şərti kimi hər bir tədbirin başlanğıc nöqtəsindən son nəticəsinədək bütün mərhələlərini əhatə edən bütöv mənzərəyə əsaslanan planının mövcudluğunu göstərib.
Görüşdə, həmçinin milli həmrəyliyin və birliyin, eləcə də xalqla dövlət rəsmiləri arasında qarşılıqlı etimadın gücləndirilməsi, ölkənin problemlərinin həllini asanlaşdırmaq və sürətləndirmək məqsədilə Konstitusiyanın, xüsusilə də 176-cı maddəsinin imkanlarından istifadə olunaraq Prezidentə və icra hakimiyyəti orqanlarına dəstək göstərilməsi, Hörmüz boğazı üzərində idarəetmənin həyata keçirilməsi yolu ilə milli və regional təhlükəsizliyin qorunması, habelə davamlı və qarşılıqlı maraqlar əsasında qonşu ölkələrlə ikitərəfli münasibətlərin möhkəmləndirilməsi məsələləri müzakirə olunub.
İslam İnqilabının Ali Məqamlı Rəhbəri düşmənin çıxılmaz vəziyyətə düşməsini milli müqavimətin nəticələrindən biri kimi qiymətləndirib. O, ölkənin və dövlət quruluşunun müdafiəsində xalqın iştirakının davamlılığını təmin etmək məqsədilə vaxtında və fəal məlumatlandırmanın vacibliyini vurğulayıb. Həmçinin müharibəyə və “nə müharibə, nə də sülh” vəziyyətinə son qoymaq məqsədilə ölkə rəsmiləri tərəfindən irəli sürülmüş şərtlərin həyata keçirilməsi yolu ilə İran xalqının və müqavimət cəbhəsinin hüquq və maraqlarının təmin edilməsi istiqamətində səylərin davam etdirilməsinin zəruriliyini qeyd edib.
Görüş zamanı Milli Təhlükəsizlik Ali Şurasının katibi ölkədəki mövcud vəziyyət, müxtəlif sahələrdəki şərait və həyata keçirilməkdə olan tədbirlər barədə hesabat təqdim edib.
Doktor Möhsün Rzayi hesabatında Milli Təhlükəsizlik Ali Şurasının Katibliyinin hazırda həyata keçirdiyi tədbirlər sırasında İran İslam Respublikasının regionda daxili potensiala əsaslanan regional mexanizm və nizamın formalaşdırılmasına yönəlmiş strateji siyasətinin icrası istiqamətində görülən işləri də qeyd edib.
Rəyiniz