Hövzə Xəbər Agentliyinin verdiyi məlumata görə, Silahlı Qüvvələrin ali komandanlıq heyəti İslam İnqilabının Ali Məqamlı Rəhbəri və Silahlı Qüvvələrin Ali Baş Komandanı həzrət Ayətullah Seyid Müctəba Xamenei ilə görüşüb.
İslam İnqilabının Ali Məqamlı Rəhbəri görüşdə düşmənlərlə qüdrətli şəkildə mübarizə aparmaq üçün ağıllı və məqsədyönlü döyüş hazırlığını maksimum çəkindirmənin zəruri şərtlərindən biri hesab edərək müəyyənləşdiriblər ki, hər səviyyədə və hər növdə təhdidə dərhal, təsirli və coğrafi məhdudiyyətlər nəzərə alınmadan cavab verilməlidir.
Həzrət Ayətullah Seyid Müctəba Xamenei vurğulayıblar ki, düşmənlər yenidən hərbi və ya terror hücumlarına başlayacaqları təqdirdə, onların nə vaxt və hansı şəraitdə başa çatacağını İran İslam Respublikasının Silahlı Qüvvələri və İran xalqı müəyyən edəcək.
Silahlı Qüvvələrin Ali Baş Komandanı, həmçinin hərbi kəşfiyyat arxitekturasının gücləndirilməsini, müdafiənin yerli imkanlar əsasında qurulmasının doktrina və taktika sahələrində daha da dərinləşdirilməsini, müasir texnologiyalardan istifadə etməklə müdafiə və təhlükəsizlik imkanlarının yenilənməsini və inkişaf etdirilməsini, mənəvi potensialın və cihad ruhunun gücləndirilməsini, eyni zamanda Silahlı Qüvvələrin məişət ehtiyaclarının təmin edilməsi və onlara dəstək göstərilməsi istiqamətində fasiləsiz səylərin davam etdirilməsini xüsusi vurğulayıblar.
Ali Baş Komandanın digər göstərişlərindən biri də hədəflər bankının elə yenilənməsi olub ki, ABŞ və sionist düşmənin bütün növ maddi və qeyri-maddi resursları Silahlı Qüvvələrin hədəf dairəsində olsun.
O, İranın düşmənçilik siyasəti yürüdən xarici qüvvələrinə və onların ölkə daxilindəki muzdurlarına qarşı çəkindirmənin əsas dayaqlarından birinin Silahlı Qüvvələrə ümumxalq dəstəyi olduğunu bildirib və əlavə edib: Səkkiz aydır meydanlarda iştirak edən səfərbər xalqın bu iştirakı, hərbi, polis və bəsic qüvvələrinin dönməz iradəsi ilə yanaşı, İranın ərazi bütövlüyünü və İslam quruluşunu qorumuş və bundan sonra da qoruyacaq səkkizillik müdafiə dövrünün davamıdır.
İslam İnqilabının Ali Məqamlı Rəhbəri müxtəlif ölkələrdə müqavimət cəbhəsinin nümayiş etdirdiyi uzaqgörən və möhkəm mövqeyini yüksək qiymətləndirərək, müxtəlif sahələrin və istiqamətlərin vəhdətini Qərbi Asiyada yeni siyasi və təhlükəsizlik nizamının formalaşmasında strateji təsirə malik həlledici amil kimi dəyərləndiriblər. Onlar bu yeni nizamın İslam dünyasının yeni sivilizasiyasının formalaşması üçün xalqların və İslam dövlətlərinin birliyinin daha da güclənməsinə zəmin yaradacağına ümidvar olduqlarını bildiriblər.
Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-mayor Abdullahinin, Ordunun Baş Komandanı general-mayor Hatəminin və İslam İnqilabı Keşikçiləri Korpusunun baş komandanı general-mayor Vəhidinin Silahlı Qüvvələrin Ali Baş Komandanı ilə görüşü zamanı ölkənin müdafiə qüvvələrinin Fars körfəzi sahillərində, Hörmüz boğazının əməliyyat bölgələrində, Oman dənizində, eləcə də ölkənin şimal-qərb və cənub-şərq sərhədlərində döyüş hazırlığının vəziyyəti barədə məlumatlar təqdim olunub. Həmçinin müxtəlif növ sursatların, kəşfiyyat, dəstək və döyüş silahlarının istehsalının bir neçə dəfə artırılması barədə hesabat Ali Baş Komandanın diqqətinə çatdırılıb.
Silahlı Qüvvələrin Ali Baş Komandanı görülmüş işlərdən məmnunluqlarını ifadə edərək, ali hərbi komandanlardan təşəkkür və razılıqlarını bütün hərbi, polis və bəsic qüvvələrinə, bu qurumların əməkdaşlarına, Müdafiə Nazirliyinin şəxsi heyətinə və onların hörmətli ailələrinə çatdırmalarını xahiş ediblər.
Rəyiniz