çərşənbə axşamı 3 noyabr 2026 - 21:38
Dini təhsil ocaqları qarşısında qlobal miqyasda yeni üfüqlər açılıb

Hövzə l Elmi hövzələrin rektoru İslam İnqilabının yaratdığı şəraitdə hövzə fəaliyyətinin geniş coğrafiyanı əhatə etməsinə toxunaraq vurğulayıb ki, İslam İnqilabının sayəsində hövzə təhsili almış çoxsaylı mütəxəssislərdən ibarət böyük bir qüvvə dünyanın müxtəlif bölgələrinə yayılıb.

Hövzə Xəbər Agentliyinin müxbirinin verdiyi məlumata görə, elmi hövzələrin rektoru Ayətullah Əlirza Ərafi Qum şəhərində yerləşən Həqqani mədrəsəsinə səfəri çərçivəsində təhsil müəssisəsinin rəhbər heyəti, müəllimləri və tələbələri ilə görüşüb. Görüş zamanı o, ilk növbədə, Həqqani mədrəsəsinin binasının inşa tarixinə toxunaraq, bu möhtəşəm dini təhsil ocağının yaradılmasında xidmətləri olan şəxslərin, o cümlədən mərhum Hacı Ağa Qəyyuri, Hacı Ağa Müntəziri və bu işə töhfə vermiş digər şəxslərin xatırlanmasının və onların xidmətlərinin yüksək qiymətləndirilməsinin vacibliyini vurğulayıb.

Həqqani mədrəsəsinin elm və tərbiyə sahələrindəki fəaliyyəti

Elmi hövzələrin rektoru Həqqani mədrəsəsinin ölkənin digər dini təhsil ocaqları arasında tutduğu elm və tərbiyə üzrə mövqeyinə toxunaraq bildirib ki, ölkənin müxtəlif bölgələrində dini təhsil ocaqlarının gələcək perspektivlərindən danışarkən Qumda və İranın digər şəhərlərində fəaliyyət göstərən, xüsusi mövqeyi ilə seçilən, təxminən 20 dini təhsil ocağının mövcudluğunu və mədrəsəsinin istedadlı, seçkin kadrlarının məhz bu təhsil müəssisələrində cəmləşdiyini daim vurğulayırıq. Bu baxımdan, elmi hövzələrin gələcəyinin formalaşmasında əsas məsuliyyət sizin üzərinizə düşür.

Ekspertlər Məclisinin Rəyasət Heyətinin üzvü Ayətullah Ərafi əlavə edib ki, hövzə təhsili sahəsində fəaliyyət göstərən təxminən 500 mərkəz və müəssisə arasından ən qabaqcıl 20 qurumu müəyyənləşdirərək sıralamaq və ictimaiyyətə təqdim etmək lazım gəlsə, Həqqani mədrəsəsi həmin siyahının ilk pillələrində yer alar. O vurğulayıb ki, bu mövqe bir tərəfdən böyük fəxr və qürur mənbəyidirsə, digər tərəfdən, həmin təhsil ocağının rəhbər heyəti, müəllimləri və tələbələrinin üzərinə ciddi məsuliyyət qoyur. Çünki dini təhsil ocaqlarının gələcəyi məhz sizin fəaliyyətiniz və səyləriniz nəticəsində formalaşmalıdır.

İslam İnqilabının qlobal miqyasda yaratdığı imkanlar

Elmi hövzələrin rektoru İslam İnqilabının və Qum elmi hövzəsinin yeni tarixi mərhələsinin hövzələrin qarşısında geniş və misilsiz fəaliyyət üfüqləri açdığını bildirərək qeyd edib ki, İslam İnqilabı, eləcə də Qum elmi hövzəsinin yeni mərhələsi və son yüzillik, xüsusilə də dini hərəkat və İslam İnqilabı dövrünü əhatə edən son əlli il qarşımızda son dərəcə geniş perspektivlər açıb. Belə ki, bu gün elmi hövzələrin imkanları 100 dəfə artırılsa belə, bu qarşıda duran ehtiyacları ödəmək və açılmış yeni üfüqlərin tələblərinə cavab vermək üçün yenə də kifayət etməyəcək.

Dini təhsil ocaqları qarşısında qlobal miqyasda yeni üfüqlər açılıb

Beynəlxalq müstəvidə praktiki təcrübə

Ayətullah Ərafi beynəlxalq müstəvidə qazandığı praktiki təcrübəyə və dünyanın müxtəlif ölkələrində həyata keçirdiyi dini təhsil ocaqlarının missiyalarına toxunaraq bildirib: Bu fikirləri sizinlə dünyanın onlarla ölkəsində hövzə missiyasını və öz vəzifəsini yerinə yetirmək şərəfinə nail olmuş bir tələbə dostunuz bölüşür. Bu iştirak, sadəcə, adi səfərlər və müşahidələrlə məhdudlaşmayıb. Belə ki, mən dünyanın yüzdən artıq ölkəsində mövcud məsələlərin mahiyyətinə dərindən bələd olmuş, müxtəlif düşüncə və baxışları öyrənib araşdırmışam. Həmçinin bu istiqamətdə səfərlər həyata keçirmiş, fəaliyyət planlarının hazırlanmasında iştirak etmiş və elmi hövzələrin dünyadakı fəaliyyətinin genişləndirilməsi istiqamətində çalışan bir heyətlə birgə fəaliyyət göstərmişəm.

Ayətullah Ərafi sözlərini davam etdirərək bildirib ki, məhz bu məlumat və təcrübəyə, eləcə də apardığım araşdırmalara əsaslanaraq bildirirəm ki, qarşınızda İslam, İran İslam Respublikası və digər böyük ilahi dəyərlər naminə sonsuz üfüqlər açılır.

Dünyada qarşımızda açılan yeni fəaliyyət istiqamətləri

Ekspertlər Məclisinin Rəyasət Heyətinin üzvü Ayətullah Ərafi dövlət rəsmiləri və sistemdə təsir imkanlarına malik şəxslərlə keçirdiyi müxtəlif görüş və toplantılarda beynəlxalq məsələlərin müzakirəsinə toxunaraq bildirib: Ölkələr arasında qüvvələr nisbətinin dəyişməsi və dünyada qarşımızda açılan yeni fəaliyyət istiqamətləri barədə dövlət rəsmiləri və sistemdə nüfuz sahibi olan şəxslərlə dəfələrlə müzakirələr aparmışam. Cənab Möhsün Rzai, Ali Milli Təhlükəsizlik Şurasına gəldiyi ilk günlərdə bizim nümayəndəmiz də elə həmin günlərdə Quma gəldi. Həmin görüşdə 11 mühüm nöqtəni diqqətə çatdırdım. Bu məqamlar sırasında ölkə xaricindəki məsələlərə və dünyada qarşımızda açılan yeni fəaliyyət istiqamətlərinə də toxundum.

Elmi hövzələrin rektoru hazırkı şəraitin ciddi çətinliklərlə yanaşı, misilsiz imkanlar da yaratdığını vurğulayaraq qeyd edib: Bu gün böyük çətinliklərlə üz-üzəyik. Bununla yanaşı, qarşımızda fövqəladə və misilsiz üfüqlər açılıb, yeni imkanlar və potensial yaranıb.

Dünyada baş verən proseslərə geniş və strateji baxışın zəruriliyi

Ayətullah Ərafi dini təhsil alan tələbələrə məhdud və yerli çərçivəli yanaşmadan kənara çıxaraq dünyada baş verən prosesləri geniş miqyasda dəyərləndirməyi tövsiyə edərək vurğulayıb: Əgər məhdud baxış çərçivəsindən kənara çıxaraq ətrafımızda baş verənlərlə kifayətlənməsək və bugünkü dünyaya daha geniş perspektivdən nəzər salsaq, qarşımızda sonsuz sayda vəzifə və fəaliyyət istiqamətinin dayandığını görərik. Dünyada yaranmış bu yeni potensialı dəyərləndirmək üçün şəhid Mürtəza Mütəhhəri kimi yüzlərlə şəxs belə kifayət etməz. Bu ehtiyacları qarşılamaq üçün onun kimi min nəfərin yetişməsinə də ehtiyac var.
Ekspertlər Məclisinin Rəyasət Heyətinin üzvü Ayətullah Ərafi müasir dövrün tələbəsi üçün əsas şərtlərdən birinin geniş, strateji və qlobal dünyagörüşünə malik olmaq olduğunu bildirərək deyib: Bu, kifayət qədər məlumatlı olmağı, məsələlərə dərindən yanaşmağı və ilahi maarifin yayılması yolunda böyük bir mübarizə meydanında iştirak etmək üçün qətiyyət nümayiş etdirməyi tələb edir. Həqqani dini təhsil ocağı kimi istedadlı kadrların yetişdirilməsi üzrə ixtisaslaşmış mərkəzlərdən gözləntilər isə olduqca yüksəkdir.

Bütün dini təhsil ocaqlarının önündə gələn mühüm bir hadisə

Elmi hövzələrin rektoru tarix boyu elmi hövzələrdən qaynaqlanan böyük siyasi və ictimai dəyişikliklərə toxunaraq bildirib: Dini təhsil ocaqlarının tarixinin müxtəlif mərhələlərində bir sıra mühüm siyasi hadisələr baş verib. Dini təhsil ocaqlarından qaynaqlanan bu hadisələr böyük siyasi, ictimai və mədəni dəyişikliklərə yol açaraq dini təhsil ocaqlarını yeni mərhələlərə və fərqli fəaliyyət mühitlərinə daxil edib.

Ayətullah Ərafi ilk mühüm tarixi mərhələnin kiçik qeybət dövrünün sonlarından sonrakı dövrə və mərhum Şeyx Müfidin yaşadığı zamana təsadüf etdiyini bildirərək əlavə edib: Həmin dövrdə üç qədim dini təhsil ocağı, o cümlədən Bağdad, Rey və Qum dini təhsil ocaqları formalaşdı və Əhli-beyt (ə) hədislərinin, eləcə də ilahi maarifin çiçəkləndiyi yeni bir mərhələ başlandı. Mərhum Şeyx Müfid, Şeyx Tusi və həmin tarixi mərhələdə yaşamış digər böyük alimlər yeni elmi əsasların təməlini qoydular. Bunun ardınca ilahi maarifin yayılması və şiə məzhəbinin genişlənməsi istiqamətində yeni dalğalar meydana gəldi.

Ayətullah Ərafi ikinci mühüm tarixi mərhələnin Monqollar dövründə Əllamə Hilli və Xacə Nəsirəddin Tusinin yaşadığı dövr olduğunu bildirərək deyib: Monqollar dövründə Əllamə Hilli və mərhum Xacə Nəsirəddin Tusi də daxil olmaqla bir sıra böyük alimlər meydana çıxdı. İraq və İranda çoxsaylı alimlər monqol hərəkatının idarə olunmasında mühüm rol oynadılar. Beləliklə, İslam ölkələrinə və İrana qarşı yönəlmiş bu böyük hücum onların vasitəsilə idarə olundu. Həmin prosesin nəticəsində elmi hövzələr böyük inkişaf və çiçəklənmə mərhələsinə qədəm qoydular.

Ekspertlər Məclisinin Rəyasət Heyətinin üzvü Ayətullah Ərafi Səfəvilər dövrünü elmi hövzələrin tarixində üçüncü mühüm mərhələ kimi səciyyələndirərək bildirib: Səfəvilər dövründə Mühəqqiq Kərəki, Şeyx Bəhai, Molla Sədra, Mir Damad və digər böyük şəxsiyyətlər fəaliyyət göstərirdilər. Onlar elmi hövzələrdə mühüm dəyişikliklərə yol açmaqla yanaşı, siyasi sahədə də təsirli rol oynayırdılar. Bu, həqiqətən də olduqca qeyri-adi və diqqətəlayiq bir hadisə idi.

Dini təhsil ocaqları qarşısında qlobal miqyasda yeni üfüqlər açılıb

İranın elmi və siyasi transformasiyasının memarları

Elmi hövzələrin rektoru son aylarda apardığı tarixi araşdırmalara toxunaraq müharibə şəraitində, əsasən gecə saatlarından və oyaq qaldığı vaxtlardan istifadə etməklə tarixə dair təxminən 130 kitab mütaliə etdiyini bildirib. O, bu barədə deyib: Müharibə günlərində, evdən-evə köçməyimizə, müxtəlif səfərlərə və çoxsaylı çətinliklərə baxmayaraq, gecələr və oyaq qaldığım saatlarda tarixə dair təxminən 130 kitab oxudum. Bu məqamı da burada sizinlə bölüşmək istəyirəm.

Ayətullah Ərafi, Mühəqqiq Kərəki ilə bağlı apardığı araşdırmalara toxunaraq bildirib: Mühəqqiq Kərəki Livan əsilli böyük fəqihlərdən biri idi. O, Səfəvi şahlarının dəvəti ilə iki dəfə İsfahana gəlmişdi. Səfəvilər dövrünün iki əsri ərzində İsfahan görkəmli və aparıcı elmi hövzələrdən biri hesab olunurdu.

Ayətullah Ərafi əlavə edib: Mühəqqiq Kərəki İranın və müəyyən mənada bütövlükdə regionun siyasi qüvvələr nisbətini dəyişdirən, bu istiqamətdə Səfəvi hakimiyyətinin imkanlarından bəhrələnən yeddi-səkkiz böyük fəqih və filosoflardan biri idi. Onun fəaliyyəti nəticəsində çoxsaylı elmi və mədəni dəyişikliklər də baş verdi.

Ayətullah Ərafi həmin tarixi dönəmdə Şeyx Bəhai və Livandan köçərək İrana gəlmiş digər alimlər, eləcə də iranlı alimlərin roluna toxunaraq bildirib: Hicri təqviminin X və XI əsrlərində İsfahan şəhərinin dini təhsil ocaqları aparıcı elmi mərkəzlərdən birinə çevrildi və burada elmi, mədəni, siyasi və ictimai sahələri əhatə edən misilsiz fəaliyyətlər kompleksi formalaşdı.

Elmi hövzələrin rektoru sözlərini davam etdirərək bildirib: İsfahan elmi hövzəsində fəlsəfə, kəlam, hədis, tarix, memarlıq, şəhərsalma və siyasət sahələrində, cümə namazlarının təşkili və genişləndirilməsi istiqamətində, eləcə də fiqh, üsul, hədis, kəlam və fəlsəfənin müxtəlif istiqamətləri üzrə tədqiqat və araşdırmalar sahəsində genişmiqyaslı fəaliyyətlər həyata keçirildi. Bu misilsiz fəaliyyətlər həmin yeddi-səkkiz, ümumilikdə isə təxminən on böyük elmi və dini şəxsiyyətin səyləri nəticəsində gerçəkləşdi.

Ayətullah Ərafi vurğulayıb ki, bu cərəyan təkcə İranda böyük dəyişikliklərə səbəb olmadı, həm də elmi hövzələri yeni bir mühitə daxil etdi və genişmiqyaslı dəyişikliklərin həyata keçirilməsi üçün zəmin yaratdı.

Son min ildən artıq müddətdə dini təhsil ocaqlarının tarixi inkişaf mərhələləri

Ayətullah Ərafi son min ildən artıq müddətdə dini təhsil ocaqlarının tarixində baş vermiş dəyişiklikləri ümumiləşdirərək bildirib: Elmi hövzələrin min ildən artıq tarixinə nəzər saldıqda İslam dünyasında və elmi hövzələrdə böyük dəyişikliklərin baş verdiyi yeddi-səkkiz xüsusi və mühüm tarixi mərhələni qeyd etmək mümkündür. Lakin bizim dövrümüzdə Qumda yüzillik dini hərəkatın və İslam İnqilabının sayəsində meydana gələn dəyişikliklər əhəmiyyətinə görə bütün bu tarixi dönüş nöqtələrini geridə qoyur.

Hazırkı xüsusi şəraitin imkanlarından səmərəli istifadə etməyin zəruriliyi

Ayətullah Ərafi hazırkı xüsusi şəraitin yaratdığı imkanlardan maksimum dərəcədə səmərəli istifadə etməyin vacibliyini vurğulayaraq bildirib: Bizim dövrümüzdə baş verən dəyişiklik özünəməxsusluğu ilə seçilir və onun qədrini bilmək lazımdır. Çünki baş verən hadisə və dəyişiklik nə qədər böyük olarsa, onunla bağlı təhlükə və risklər də bir o qədər artar. Bu isə daha artıq fədakarlıq və mübarizə tələb edir.

Müasir dövrdə dini təhsil alan tələbə elmi hövzələrin tarixində müstəsna və yüksək mövqedə dayanır

Ayətullah Ərafi Həqqani mədrəsəsinin tələbələrinə müraciətlə bildirib: Müasir dövrün tələbəsi bilməlidir ki, dini təhsil ocaqlarının tarixi inkişaf mərhələləri və ardıcıl dönüş nöqtələri silsiləsində xüsusi və müstəsna mövqedə dayanır. Bu mövqe, eləcə də dini hərəkatın və İslam İnqilabının Qumdan başlanan dəyişiklikləri keçmişdə baş vermiş yeddi-səkkiz böyük tarixi dəyişiklikdən və taleyüklü dönüş nöqtəsindən fərqlənir, əhəmiyyətinə görə isə onları üstələyir.

Ayətullah Ərafi əlavə edib: Belə bir mövqe daha yüksək səviyyəli hazırlığa və səriştəyə malik tələbə yetişdirilməsini tələb edir. Bu tələbə elmə, biliyə və hikmətə, hərtərəfli dünyagörüşünə, suallara və ehtiyaclara cavab vermək qabiliyyətinə, eləcə də böyük məsuliyyətləri yerinə yetirmək üçün zəruri vasitə və imkanlara malik olmalıdır. Bütün bu xüsusiyyətlər həmin səviyyədə rol oynamaq istəyən tələbənin əsas şərtləridir.

Şəhid Ayətullah Seyid Əli Xameneinin düşüncələrinin mövqeyi

Ayətullah Ərafi elmi hövzələr üçün belə bir strateji perspektivin müəyyənləşdirilməsində şəhid Ayətullah Seyid Əli Xameneinin düşüncələrinin roluna toxunaraq vurğulayıb: Məhz bu, bizim şəhid Ayətullah Seyid Əli Xameneinin və İmam Xomeyninin (r) hər kəsdən daha dərindən dərk etdiyi, həyata keçirilməsinə çalışdığı və başqalarını da bu istiqamətdə təşviq etdiyi həqiqət idi. Onun elmi hövzələrlə bağlı son mövqeyi və çıxışlarında irəli sürdüyü mütərəqqi və qabaqcıl hövzə konsepsiyası da məhz bu baxışın təzahürü idi.

Ekspertlər Məclisinin Rəyasət Heyətinin üzvü Ayətullah Ərafi mövcud şəraiti elmi hövzələrin yeni inkişaf və tərəqqi mərhələsinə qədəm qoyması üçün yeni başlanğıc nöqtəsi kimi qiymətləndirərək vurğulayıb: Bu yeni inkişaf mərhələsi məhz sizin səylərinizlə daha da genişlənməli və daha yüksək səviyyəyə çatdırılmalıdır.

Elmi Hövzələrin beynəlxalq miqyasda genişlənməsi l Yeni dövrün görünməmiş xüsusiyyəti

Ayətullah Ərafi müasir dövrdə dini təhsil ocaqlarının fəaliyyətini əvvəlki tarixi mərhələlərdən fərqləndirən cəhətləri izah edərək yeni dövrün ən mühüm xüsusiyyətlərindən birinin hövzə fəaliyyətinin beynəlxalq miqyasının və qlobal əhatə dairəsinin genişlənməsi olduğunu bildirib. O qeyd edib: Bugünkü şəraitdə əvvəlki dövrlərdən fərqlənən bir neçə fundamental xüsusiyyət mövcuddur. Bu xüsusiyyətlər indiyədək belə bir miqyasda və formada özünü göstərməmişdir. Məhz həmin fərqlər sizin üzərinizə düşən müasir dövrün vəzifə və məsuliyyətlərini müəyyənləşdirir.

Qlobal üfüqlərin açılması

Ayətullah Ərafi yeni mərhələnin və müasir dövrün ən mühüm göstəricisinin qlobal üfüqlərin açılması olduğunu qeyd edərək vurğulayıb: Dünya miqyasında yeni üfüqlərin açılması bu dövrün görünməmiş xüsusiyyətidir və son min il ərzində belə bir təcrübəyə rast gəlinməyib.

Ekspertlər Məclisinin Rəyasət Heyətinin üzvü əlavə edib: Bu gün siz bu məktəbdə təhsil aldığınız zaman tətbiq olunan eyni təlim-tərbiyə modeli əsasında dünyanın yüzdən artıq ölkəsində Qum elmi hövzəsinin təcrübəsindən bəhrələniblər və həmin ölkələrdə tələbəlik ənənəsinin, elmi hövzə və ruhaniyyət sisteminin əsasları formalaşdırılıb.

Ayətullah Ərafi bu hövzə hərəkatının coğrafi əhatə dairəsinə toxunaraq bildirib: Afrikanın ucqar bölgələrindən Avropa və Amerikayadək, Qafqazdan uzaq Şərqə və Cənub-Şərqi Asiyayadək geniş bir coğrafiyada elmi hövzələrin bayrağı dalğalanır və yeni bir fəaliyyət istiqamətinin əsası qoyulub.

Ayətullah Ərafi elmi hövzələrin dünya miqyasında genişlənməsi istiqamətində ilk addımları atan iranlı təbliğatçıların və din xadimlərinin səylərini yüksək qiymətləndirərək bildirib: Bu hərəkatın əsasını qoyanlar dünyanın müxtəlif bölgələrinə göndərilmiş məhz həmin iranlı alimlər idi. Zaman keçdikcə yerli kadrlar da yetişərək formalaşdı və bu fəaliyyət sahəsinə qoşuldular.

İslam ordusu | İslam İnqilabının beynəlxalq irsi

Elmi hövzələrin rektoru İslam İnqilabı sayəsində hövzə fəaliyyətinin genişlənməsinə toxunaraq bildirib: İslam İnqilabının sayəsində dünyanın müxtəlif bölgələrinə böyük bir İslam ordusu yayıldı və elmi hövzələr, Əhli-beyt (ə) maarifi və İslam düşüncəsi üçün yeni üfüqlər açdı. Bu müasir dövrdə elmi hövzələrin əsas səciyyəvi xüsusiyyətlərindən biridir. Hamımız bu böyük potensialı və üzərimizə düşən tarixi məsuliyyəti dərk etməli, bu məsuliyyətə uyğun vəzifələrimizi layiqincə yerinə yetirməliyik.

Xəbərin sonu

Dini təhsil ocaqları qarşısında qlobal miqyasda yeni üfüqlər açılıb

Dini təhsil ocaqları qarşısında qlobal miqyasda yeni üfüqlər açılıb

Dini təhsil ocaqları qarşısında qlobal miqyasda yeni üfüqlər açılıb

Dini təhsil ocaqları qarşısında qlobal miqyasda yeni üfüqlər açılıb

Dini təhsil ocaqları qarşısında qlobal miqyasda yeni üfüqlər açılıb

Dini təhsil ocaqları qarşısında qlobal miqyasda yeni üfüqlər açılıb

Dini təhsil ocaqları qarşısında qlobal miqyasda yeni üfüqlər açılıb

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha