Hövzə Xəbər Agentliyinin verdiyi məlumata görə, ölkə üzrə Elmi Hövzələrin rektoru Ayətullah Əlirza Ərafi Fətimiyyə günləri münasibətilə təbliğat qurumlarına, ruhaniyyətə və həmçinin meydanda fəaliyyət göstərən ixlaslı, mücahid təbliğatçılara dörd istiqamət üzrə tapşırıq və vəzifələrini elan edib.
Həmin tapşırıq və göstərişlərin mətni aşağıdakı kimidir:
Bağışlayan və mehriban Allahın adı ilə
اللّهمَّ انا نسألک بحق فاطِمةَ وَ أبیها وَ بَعلِها و بَنیها وَ السِّرِ المُستَودَعِ فیها ان تنصر الاسلام والمسلمین و تخذل الکفار والمعتدین
İlahi! Səndən Fatimənin, onun atasının, həyat yoldaşının, övladlarının və onun varlığında əmanət edilmiş sirrin xatirinə İslama və müsəlmanlara yardım etməyini, kafirləri və təcavüzkarları isə zəlil və məğlub etməyini diləyirik.
Həzrət Zəhranın (s.ə) şəhadəti münasibətilə İslam ümmətinə, xüsusilə bəsirətli və müqavimətli İran xalqına, elmi hövzələrə, böyük alimlərə, ruhaniyyətə, eləcə də meydanda fəaliyyət göstərən ixlaslı və mücahid təbliğatçılara başsağlığı verirəm.
Həzrət Zəhranın (s.ə) əza məclislərinin təbliğatı münasibətilə bir neçə məqamı diqqətə çatdırmaq istəyirəm:
1. Həzrət əhranın (s.ə) nurani həyat yolunun aynasında müsəlman qadının pak simasının izah və təqdim edilməsi, müasir dövrdə qadının həyatında üçüncü modelin mahiyyətinin aydınlaşdırılması bütün mədəniyyət mücahidlərinin və mücahid təbliğatçıların vəzifəsidir. Bu gün hər birimiz fərdi, ailəvi, ictimai və siyasi həyatımızın bütün sahələrində Fatimə (s.ə) ənənəsinin parlaq yoluna qayıtmağa ehtiyac duyuruq. Cəmiyyətin insanları, gəncləri, kişiləri və qadınları bu tükənməz Fatimə (s.ə) çeşməsindən, İslamın, Peyğəmbəri-Əkrəmin (s) və onun pak Əhli-beytinin insanı kamilləşdirən maarifindən bəhrələnməlidirlər.
2. Möhtərəm Rəhbərin (Allah onu qorusun) göstərişi əsasında xalqımızın yüksələn dirçəlişinin və möhtəşəm səfərbərliyinin küçə və meydanlarda davam etdirilməsi və daha da gücləndirilməsi, şəhidlərin və şəhid Ayətullah Xameneinin (r) qanının intiqamının alınmasının önə çəkilməsi, ölkənin yenidən qurulmasına, elmi, iqtisadi və sosial tərəqqisinə, siyasi və hərbi qüdrətinin artırılmasına əsaslı yanaşmanın nümayiş etdirilməsi, eləcə də əziz və qüdrətli Silahlı Qüvvələrə, müqavimət cəbhəsinin dəyərli qüvvələrinə və həmçinin möhtərəm məsul şəxslərə dəstək göstərilməsi təbliğat sisteminin və İslam İnqilabı diskursunun, habelə Ayətullah İmam Xomeyninin (r) və şəhid Ayətullah Xameneinin (r) düşüncəsinin əsas ruhunu təşkil edir. Təbliğatçılar, mədəniyyət sahəsində fəaliyyət göstərən şəxslər, mücahid media qurumları və virtual məkanın fəalları bu mədəniyyət mücadiləsi naminə vahid və əlaqələndirilmiş bir fəaliyyət zənciri formalaşdırmalıdırlar.
3. Şərəfli xalqımızla və əziz gənclərlə ünsiyyətdə olmaq, gənc nəslin qarşılaşdığı çətinlikləri, sualları, problemləri və ehtiyacları düzgün tanımaq, onlarla qarşılıqlı və qurucu münasibətlər formalaşdırmaq, habelə mövcud ailə və sosial problemlərdən xəbərdar olmaq, yeni nəslin təlim-tərbiyəsi, mədəni-maarif sahəsində ehtiyacı olan şəxslərə yol göstərilməsi, ilahi və İslami maarifin saf çeşməsinə maraq göstərənlərin suallarının cavablandırılması üçün zəruri elm, hikmət və mərifətə yiyələnmək, xalqın dərdinə şərik olmaq, ona ixlasla xidmət etmək və insanların haqlı tələblərinin irəli sürülməsinə çalışmaq bizim və əziz təbliğatçıların vəzifələrindəndir.
4. Təbliğat sisteminin, mədəniyyət mücadiləsinin və maarifləndirmə fəaliyyətlərinin tam səmərə verməsi üçün iqtisadi və mədəni idarəçilik sistemi islah edilməli və təkmilləşdirilməlidir. Hamı, xüsusilə də möhtərəm üç hakimiyyət qolu və müxtəlif iqtisadi-mədəni qurumlar öz yanaşma və proqramlarının islahı, insanların və gənclərin problemlərinin həlli, ölkənin tərəqqisinin təmin edilməsi, eləcə də düşmənin hiylə və planlarına cəsarətlə qarşı çıxılması istiqamətində səylərini daha da artırmalıdırlar. Düşmən qarşısında süstlük və passivlik nümayiş etdirmək olmaz. Bu yolda aşağıdakı ilahi buyuruqları daim rəhbər tutmalıyıq:
وَلَا تَهِنُوا وَلَا تَحْزَنُوا وَأَنتُمُ الْأَعْلَوْنَ إِن کُنتُم مُّؤْمِنِینَ
Ruhdan düşməyin və kədərlənməyin. Əgər möminsinizsə, siz üstün olanlarsınız. (Ali-İmran surəsi, 139-cu ayə)
وَ مَا النَّصْرُ إِلّا مِنْ عِنْدِ اللهِ الْعَزیزِ الْحَکیمِ
Yardım və qələbə yalnız yenilməz qüdrət sahibi, hikmət sahibi olan Allah tərəfindəndir.
إِنّا مِنَ الْمُجْرِمِینَ مُنْتَقِمُونَ
Şübhəsiz ki, Biz günahkarlardan intiqam alacağıq.
Peyğəmbərlərin, ilahi övliyaların və həmçinin onların vəsilərinin, xüsusilə sonuncu Peyğəmbərin (Allahın salavatı və salamı olsun ona və Əhli-beytinə), həzrət İmam Zamanın (ə.f), mərhum İmam Xomeyninin (r), eləcə də şəhid Ayətullah Xameneinin (r), İslam İnqilabının Ali Məqamlı Rəhbərinin (Allah onu qorusun), böyük mərcəi-təqlidlərin, Silahlı Qüvvələrin və həmçinin müqavimət cəbhəsinin qarşısında dərin minnətdarlığımı bildirərək müqavimətli İran xalqının, dirçəlişə gəlmiş İslam ümmətinin, eləcə də ümmətin hidayət rəhbərlərinin və dəyərli ruhaniyyətin sağlamlığı, izzəti və başıucalığı arzusu ilə ümidvaram ki, mücahid təbliğatçıların və ayağa qalxmış ümmətin bütün matəm mərasimləri və səyləri uca Allahın xüsusi diqqət və inayətinə nail olacaqdır.
Bu münasibətlə, böyük mərcəi-təqlidlər, Elmi hövzələrin Ali Şurası və hövzə qurumları ilə razılaşdırılaraq, tələbə və fəzilətli alimlərin mücahid və səfərbərlik ruhunda təbliğat aparmaq məqsədilə səfərə çıxmaları üçün Qum şəhərində elmi hövzələrin ali və xaric səviyyələri üzrə dərslərinin, eləcə də ixtisaslaşmış mərkəz və komplekslərinin çərşənbə günü, Cəmadiyəl-əvvəl ayının 1-dən (10 noyabr) bazar günü, Cəmadiyəl-əvvəl ayının 5-dək (14 noyabr) olmaqla, beş gün müddətinə dayandırıldığını elan edirəm. Fatimiyyə günlərinin ilk 10 günlüyü dövründə olduğu kimi, vilayətlərdə və birinci səviyyədə təbliğat proqramları və tətil məsələlərinin tənzimlənməsi müvafiq rəhbərlərə, hörmətli müavinlərlə razılaşdırılmaqla, həvalə olunur.
Həmd aləmlərin Rəbbi olan Allaha məxsusdur.
Ölkə üzrə Elmi Hövzələrin rektoru
Ayətullah Əlirza Ərafi
Rəyiniz