bazar 8 noyabr 2026 - 20:52
Fədək xütbəsinin altı mühüm xüsusiyyəti və coğrafi məhdudiyyət tanımayan qlobal missiyanın tələbələr tərəfindən həyata keçirilməsinin zəruri şərtləri

Elmi hövzələrin rektoru tələbəlik məqamının əhəmiyyəti və tələbələrin üzərinə düşən ağır məsuliyyətə toxunaraq vurğulayıb ki, sizin üzərinizə götürdüyünüz vəzifə olduqca böyük və dəyərlidir. Bu məsuliyyətə səthi yanaşmaq və ya onu kiçik hesab etmək olmaz.

Hövzə Xəbər Agentliyinin verdiyi məlumata görə, Ayətullah Əlirza Ərafi bu gün səhər saatlarında Qum şəhərində yerləşən “Seyyidüş-Şühəda” (ə) elmi mədrəsəsinə baş çəkib. Səfərin əvvəlində mədrəsənin rəhbəri və müavinləri təhsil müəssisəsinin tədris və elmi-tədqiqat fəaliyyəti barədə ətraflı hesabat təqdim ediblər.

Elmi Hövzələrin rektoru mədrəsənin müəllim və tələbələri ilə görüşündə bu təhsil müəssisəsinin Elmi Hövzələr İdarəçiliyinin apardığı qiymətləndirmələrdə tutduğu mövqeyə toxunaraq bildirib: “Seyyidüş-Şühəda” (ə) elmi mədrəsəsi hövzənin uğurlu və qabaqcıl təhsil müəssisələrindən biridir. Aparılmış qiymətləndirmələrin nəticələrinə əsasən, bu mədrəsə layiqli fəaliyyəti və əldə etdiyi nailiyyətləri ilə seçilən, təqdirəlayiq təhsil müəssisələrindən biri kimi tanınıb”.

Nəzarət Şurasının fəqihlərindən olan Ayətullah Ərafi bu mədrəsəyə səfərin onun kollektivinin göstərdiyi səyləri və həyata keçirdiyi fəaliyyəti yüksək qiymətləndirmək baxımından əlverişli fürsət olduğunu bildirərək əlavə edib: “Bu fürsətdən istifadə edərək, inşallah, gələcəkdə Elmi Hövzələrin əsas dayaqlarına çevriləcək, ilahi maarifi İranda və dünyanın müxtəlif bölgələrində təbliğ edəcək əziz tələbələrə səmimi təşəkkürümü və minnətdarlığımı bildirməyi özümə borc bilirəm”.

Ayətullah Ərafi daha sonra mədrəsədə təqdim olunan elmi əsər və kitablara toxunaraq tələbələrin keçmiş nəsillərin elmi irsi və görkəmli şəxsiyyətlərinin yaradıcılığı ilə tanış edilməsini dəyərli təşəbbüs kimi qiymətləndirib və vurğulayıb: “Keçmiş nəsillərin elmi və mədəni irsi ilə tanışlıq, ilk növbədə, onların topladıqları qiymətli elmi bilik və təcrübədən bəhrələnmək üçün zəmin yaradır. Eyni zamanda, bu irs gələcəkdə yeni tədqiqatların və elmi araşdırmaların aparılması üçün əlverişli əsas formalaşdırır. Belə bir təşəbbüs hər cəhətdən təqdirə və yüksək qiymətləndirilməyə layiqdir”.

Fədək xütbəsi İslam tarixinin mötəbər və köklü mətnlərindəndir

Elmi Hövzələrin Ali Şurasının üzvü çıxışının davamında həzrət Fatimeyi-Zəhranın (ə) Fədək xütbəsinin bir hissəsinə diqqət çəkərək bu xütbənin tarixi mövqeyi və elmi etibarlılığı barədə danışıb və bildirib: “Fədək xütbəsi, şübhəsiz ki, İslam tarixinin mötəbər mətnlərindən və mühüm ilkin mənbələrindən biri hesab olunur. Bu xütbə həm Əhli-sünnə, həm də şiə mənbələrində öz əksini tapıb”.

Elmi Hövzələrin rektoru Fədək xütbəsinin Əhli-sünnə alimlərinin əsərlərində də geniş şəkildə əksini tapmasına toxunaraq bildirib: “Bu xütbəni nəql edən mühüm mənbələrdən biri Əhli-sünnənin böyük alimlərindən biri tərəfindən qələmə alınmış «Təbəqatün-nisa» kitabıdır. Fədək xütbəsinin dolğun və gözəl mətni həmin əsərdə öz əksini tapıb. Bundan əlavə, bu xütbəyə şiə və Əhli-sünnənin çoxsaylı digər mənbələrində, eləcə də İslamın bir sıra mötəbər kitablarında və ilkin qaynaqlarında da yer verilib”.

Qəyyumlar Şurasının üzvü Ayətullah Ərafi Fədək xütbəsinin söyləndiyi ilk illərdən etibarən xüsusi şöhrətə və mötəbər mövqeyə malik olduğunu vurğulayaraq bildirib: “Bəzi tədqiqatçılar bu xütbənin tarixi və elmi mövqeyini belə ifadə ediblər: Fədək xütbəsinin mətni şiələrin düşüncə və etiqad irsinin ayrılmaz bir hissəsi kimi onların evlərində qorunub saxlanılırdı. Şiə ailələri bu zəngin düşüncə sistemini və ilahi maarifin hərtərəfli məcmusunu nəsildən-nəslə ötürməyi, övladlarına öyrətməyi və onu təlim-tərbiyə prosesində daim diqqət mərkəzində saxlamağı özlərinə vəzifə bilirdilər”.

O, bu tarixi mövqeyin Fədək xütbəsinin fundamental etibarlılığını və İslam düşüncə tarixindəki əhəmiyyətini nümayiş etdirdiyini qeyd edərək vurğulayıb: Biz də bu dəyərli xütbə ilə daim ünsiyyətdə olmalı, onun bəhs etdiyi maarifi daha dərindən öyrənmək, tanımaq və düzgün şəkildə izah etmək istiqamətində səylərimizi əsirgəməməliyik.

Fədək xütbəsinin əsas xüsusiyyətləri

1\. Fəsahət və bəlağətin ən yüksək səviyyəsi

Elmi Hövzələrin rektoru Fədək xütbəsinin xüsusiyyətlərini şərh edərkən bu əsərin ilk mühüm xüsusiyyətinin fəsahət və bəlağətin ən yüksək zirvəsində dayanması olduğunu bildirərək deyib: Ərəb dilində mövcud olan ədəbi, tarixi və rəvayət mətnləri arasında Fədək xütbəsi olduqca üstün mövqeyə malikdir və fəsahət və bəlağətin ən yüksək səviyyəsinə çatmış mətnlər sırasında yer alır.

Qəyyumlar Şurasının üzvü Ayətullah Ərafi İslam dünyasının görkəmli qadınlarının nitq və xütbələrinə alimlər tərəfindən göstərilən diqqətə toxunaraq əlavə edib: «Bəlağatün-nisa» kitabı da daxil olmaqla, bəzi ədəbi əsərlərdə fəsahət və bəlağət sahibi olan qadınların nitq və xütbələri toplanmışdır. Lakin Fədək xütbəsi müsəlman qadınlara məxsus ədəbi əsər çərçivəsini aşan daha geniş və üstün mövqeyə malikdir. Bu xütbə İslam ədəbiyyatının köklü, mötəbər və görkəmli mətnlərindən biri hesab olunur. Fədək xütbəsi, şübhəsiz ki, Nəhcül-bəlağə və İslamın böyük Peyğəmbərinin (s) kəlamları ilə yanaşı yer alır və fəsahət və bəlağət səviyyəsinə görə İslam dünyasının ən seçkin və birinci dərəcəli mətnləri sırasında dayanır.

Elmi Hövzələrin rektoru bu xütbənin ədəbi əzəmətinin hər hansı məzhəb və ya xüsusi qrupla məhdudlaşmadığını vurğulayaraq bildirib: Fədək xütbəsinin fəsahət və bəlağəti məzhəbi və cinsi mənsubiyyətlə bağlı sərhədləri aşır. Bu xütbə ərəb dilinin zəngin ifadə imkanlarını, möhkəm dil strukturunu və yüksək ədəbi xüsusiyyətlərini özündə birləşdirən son dərəcə zəngin bir mətndir. Onu ərəb ədəbiyyatının seçkin və birinci dərəcəli əsərləri sırasına daxil etmək mümkündür.

Ayətullah Ərafi bu xütbənin ədəbi gözəlliklərinə diqqət çəkərək bildirib: Ərəb dili, onun leksik xüsusiyyətləri və ədəbi incəlikləri ilə tanış olan, eyni zamanda özündə ədəbi zövq formalaşdırmış insanlar Fədək xütbəsini mütaliə edərkən onun gözəlliklərindən, incəliklərindən və cəlbedici ifadə tərzindən xüsusi zövq alırlar. Bu xütbə bədii ifadə vasitələri, dil konstruksiyaları və fikrin təqdim olunma üslubu baxımından olduqca görkəmli, zəngin və dərindən araşdırılmağa layiq bir əsərdir.

2\. Maarifin dərinliyi və məzmunun zənginliyi

O, Fədək xütbəsinin ikinci mühüm xüsusiyyətinin bəyan etdiyi maarifin dərinliyi və məzmununun zənginliyi olduğunu qeyd edərək vurğulayıb: Bu xütbəni diqqətlə araşdırdıqda aydın olur ki, həzrət Zəhra (s.ə) hansı mövzuya müraciət edibsə, həmin məsələnin izahında ən dərin maarifi və ən dəqiq düşüncələri irəli sürüb, onları möhkəm, əsaslandırılmış və elmi baxımdan dolğun bir üslubla dinləyicilərə təqdim edib.

Elmi hövzələrin rektoru çıxışının davamında bildirib: Bu xütbənin bütün məzmununda özünü büruzə verən elmi və maarifləndirici incəliklər olduqca yüksək səviyyədədir. Əsərdə dərin kəlami və etiqadi məsələlərdən tutmuş, Fədək mövzusu ilə əlaqəli fiqhi və hüquqi məsələlərədək müxtəlif mövzular xüsusi dəqiqlik, ardıcıllıq və möhkəm əsaslarla şərh olunub.

Ayətullah Ərafi Fədək hadisəsinin yalnız maliyyə və hüquqi məsələ ilə məhdudlaşmadığını vurğulayaraq bildirib: Həzrət Zəhra (s.ə) Fədək məsələsini izah edərkən bununla kifayətlənməyərək daha dərin mövzuları və mühüm maarifi diqqətə çatdırıb. Məhz bu xüsusiyyət Fədək xütbəsinin elmi-mənəvi dərinlik və məzmun baxımından müstəsna mövqeyə malik olmasını şərtləndirib.

3\. Məzmun baxımından əhatəlilik və İslam düşüncəsinin bütöv mənzərəsinin təqdim olunması

O, məzmun baxımından əhatəliliyi Fədək xütbəsinin üçüncü mühüm xüsusiyyəti kimi qeyd edərək bildirib: Bu xütbə İslam irsində İslamın düşüncə sisteminin geniş və müxtəlif istiqamətlərini özündə birləşdirən azsaylı xütbələrdən və dəyərli tarixi sənədlərdən biridir.

Elmi Hövzələrin rektoru əlavə edib: Bu xütbədə ilk növbədə idrak nəzəriyyəsi və Allahı tanıma ilə bağlı fundamental məsələlər irəli sürülür. Daha sonra burada təqdim olunan maarif imamət, ilahi vilayət və əsas etiqadi məsələlər kimi mühüm mövzuları əhatə edir. Ardınca isə həmin dövrdə İslam cəmiyyətinin qarşılaşdığı mühüm siyasi və ictimai məsələlər diqqət mərkəzinə gətirilir.

Ayətullah Ərafi Fədək xütbəsinin İslam düşüncəsinin bütöv mənzərəsini təqdim etdiyini vurğulayaraq qeyd edib: Əgər kimsə hər hansı bir tədris proqramı çərçivəsində İslamın düşüncə sistemi ilə tanış olmaq istəyirsə, bu xütbəni diqqətlə mütaliə və təhlil etməklə həmin düşüncə sisteminin əsas istiqamətləri və fundamental prinsipləri barədə dolğun təsəvvür əldə edə bilər. Çünki İslam düşüncəsinin mühüm prinsip və əsasları bu xütbədə izah edilərək cəmiyyətin və bütün bəşəriyyətin diqqətinə çatdırılıb.

O, Fədək xütbəsinin ilk üç mühüm xüsusiyyətinin fəsahət və bəlağətin ən yüksək zirvəsinə malik olması, elmi-mənəvi dərinliyi və məzmun baxımından əhatəliliyi, eləcə də İslamın düşüncə sistemini bütöv şəkildə təqdim etməsi olduğunu bildirərək vurğulayıb: Bu üç xüsusiyyətin vahid tarixi, elmi və ədəbi mətndə cəmləşməsi Fədək xütbəsinin əzəmətini, elmi və ədəbi dəyərini, eləcə də İslam tarixindəki müstəsna mövqeyini nümayiş etdirir.

4\. Tarixi mövqeyi və tarixi proseslərə təsiri

Elmi Hövzələrin rektoru çıxışının davamında Fədək xütbəsinin dördüncü mühüm xüsusiyyətinin onun tarixi mövqeyi və dəyişdirici təsiri olduğunu qeyd edərək bildirib: Bu xütbə İslam tarixinin taleyüklü və son dərəcə həssas məqamlarından birinin mahiyyətini açıqlayan bir manifestdir.

Fədək xütbəsi – İslam tarixinin mühüm bir dövründə dəyişikliklərin manifesti

Ayətullah Ərafi Fədək xütbəsinin söyləndiyi tarixi şəraitə toxunaraq bildirib: Bu xütbəni İslam tarixinin mühüm bir dövründə dəyişikliklərin manifesti hesab etmək lazımdır. Həmin dövrdə İslam cəmiyyətinin əsas və taleyüklü məsələləri gündəmdə idi. Həzrət Zəhra (s.ə) dərin maarifi bəyan etməklə və eyni zamanda öz mövqeyini aydın şəkildə ortaya qoymaqla İslam tarixi üçün mühüm həqiqətləri yadigar qoydu.

Fədək xütbəsi – imamət xəttinin qorunması və Peyğəmbərin (s) risalətinin davam etdirilməsi manifesti

Ayətullah Əlirza Ərafi Fədək xütbəsinin tarixi və elmi-maarif baxımından əhəmiyyətini izah edərək bu mənəvi xütbəni imamət xəttinin qorunmasının və Allahın Rəsulunun (s) risalətinin həqiqi mahiyyətinə uyğun şəkildə davam etdirilməsinin manifesti kimi səciyyələndirib və bildirib: Həzrət Zəhra (s.ə) imamət yolunun və risalətin davamının sanki sönməyə üz tutduğu təsəvvürünün yarandığı həssas bir dövrdə cəsarətlə meydana çıxaraq, aydınlaşdırıcı bəyanatı ilə mövcud vəziyyəti dəyişdirdi və bu ilahi yolun unudulmasına imkan vermədi.

Ayətullah Ərafi, İslam tarixinin üç böyük xanımı olan həzrət Xədiceyi-Kübra (s.ə), həzrət Zəhra (s.ə) və həzrət Zeynəbi-Kübranın (s.ə) tarixi roluna toxunaraq bildirib: İslam tarixində haqq məktəbinin böyük böhranlarla üzləşdiyi, bəzən isə bütün mövcud tarazlığın pozulduğu və sanki yolun davam etdirilməsi üçün heç bir imkanın qalmadığı həssas mərhələlər mövcuddur. Lakin məhz belə şəraitdə bu üç böyük xanım İslam tarixinin qəhrəmanları və yol göstərənləri kimi meydana çıxaraq, tarixi proseslərin istiqamətini dəyişdiriblər.

Üç böyük İslam xanımı – tarixin taleyüklü mərhələlərinin qəhrəmanları

Elmi Hövzələrin rektoru həzrət Xədiceyi-Kübra (s.ə), həzrət Zəhra (s.ə) və həzrət Zeynəbi-Kübranın (s.ə) İslam tarixinin üç həssas mərhələsində mühüm rol oynadıqlarını bildirərək əlavə edib: Bu üç böyük xanım tarixin dönüş nöqtələrində, İslamın və haqq cəbhəsinin ciddi böhranlarla üzləşdiyi şəraitdə həlledici rol oynayıblar. Onlar imanları, bəsirətləri, cəsarətləri və dönməz mövqeləri sayəsində zahiri tarazlığı dəyişdiriblər.

O, həzrət Xədiceyi-Kübranın (s.ə) Allahın Rəsulunun (s) peyğəmbərliyə başladığı dövrdəki mövqeyinə toxunaraq bildirib: Allahın Rəsulu (s) ilahi risalətini başladığı və insanların hələ böyük bir hissəsinin Ona iman gətirmədiyi bir vaxtda həzrət Xədicə (s.ə) Peyğəmbərin və Onun ilahi amalının yanında dayandı. Allahın Rəsulundan (s) nəql olunan bir ifadəyə əsasən, başqalarının Peyğəmbəri tək qoyduğu bir dövrdə həzrət Xədicə (s.ə) Onun ən yaxın silahdaşı və ilahi risalətinin əsas dəstəkçilərindən biri olmuşdur.

Ayətullah Ərafi sözlərinin davamında bildirib: Həzrət Zəhra (s.ə) da Allahın Rəsulunun (s) vəfatından sonra İslam cəmiyyətinin dərin dəyişikliklər və böhranlarla üzləşdiyi bir şəraitdə misilsiz rol oynadı. Fədək xütbəsi və onun Peyğəmbər məscidindəki tarixi çıxışı bu həqiqətin aydın sübutudur ki, həzrət İslam tarixinin ən həssas mərhələsində həqiqəti, imaməti və risalət yolunun davamını müdafiə etmək üçün qətiyyətlə meydana çıxdı.

Qəyyumlar Şurasının üzvü Ayətullah Ərafi həzrət Zeynəbi-Kübranın (s.ə) Aşura hadisəsindən sonrakı roluna toxunaraq vurğulayıb: Əgər Aşura gününün günortasından sonrakı hadisələri düzgün təhlil etsək, ilk baxışda heç bir ümid işartısının görünmədiyini müşahidə edərik. Belə təsəvvür yaranır ki, bütün yollar bağlanıb və vilayət və imamət xətti öz son nöqtəsinə çatıb. Lakin həzrət Zeynəbi-Kübra (s.ə) məhz belə bir şəraitdə ümidin, mətinliyin və gələcəyə yönəlmiş uzaqgörənliyin təcəssümü kimi meydana çıxdı.

Həzrət Zeynəb (s.ə): Əsirlik səhnəsinin zahiri mənzərəsini mənəvi qüdrət meydanına çevirən şəxsiyyət

Elmi Hövzələrin rektoru həzrət Zeynəbin (s.ə) Übeydullah ibn Ziyadın və Yezidin məclislərindəki vəziyyətini şərh edərək bildirib: Zahiri baxımdan mənzərə elə təqdim olunmuşdu ki, həzrət Zeynəb (s.ə) və onunla birlikdə olanlar əsir, düşmənlər isə özlərini mütləq qalib hesab edirdilər. Bir tərəfdə düşmənin əsarətinə düşmüş əsirlər, digər tərəfdə isə zahiri güc və imkanlara malik şəxslər dayanmışdılar.

O əlavə edib: Dərin və reallığı əks etdirən baxışa malik olan hər kəs hadisənin həqiqətinin tamamilə fərqli olduğunu anlayar. Həzrət Zeynəbin (s.ə) əsirliyin, müsibətlərin və çətinliklərin ən ağır anlarında nümayiş etdirdiyi cəsarət və mənəvi əzəmət həqiqi qüdrət mənzərəsini dəyişəcək qədər böyük idi. Belə ki, həmin məclisə həqiqət gözü ilə baxan hər kəs anlayar ki, əslində, uca sarayların və zahiri hakimiyyətin sahibləri həzrət Zeynəbin (s.ə) mənəvi əzəmət və qüdrətinin əsarətindədirlər.

Ayətullah Ərafi vurğulayıb: Dünyanı dəyişə bilən məhz belə bir ruhiyyədir. Bütün dünya maddi amillərdən və zahiri qüdrətlərdən ibarət deyil. Nəticə etibarilə tarixin gedişatını dəyişdirən mənəvi və ilahi həqiqətdir. Həzrət Zeynəb (s.ə) məhz bu ruhiyyə ilə İslam tarixinin ən qaranlıq dövrlərindən birində haqq və imamət bayrağını ucalıqda saxlamağı bacarıb.

Qəyyumlar Şurasının üzvü Ayətullah Ərafi hövzələrin və din alimlərinin bu həyat yolunu özlərinə nümunə götürmələrinin zəruriliyini vurğulayaraq deyib: Hövzələrin və din alimlərinin də izləməli olduğu yol məhz budur. Yəni onlar ən çətin şəraitdə belə ümidli baxış, bəsirət, cəsarət və ilahi həqiqətə arxalanaraq haqq yolunun davam etməsinə maneə yaradılmasına imkan verməməlidirlər.

5\. İmamətin qorunması və risalətin həqiqi yolunun davam etdirilməsi üçün bir yol xəritəsi

Ayətullah Ərafi çıxışının davamında Fədək xütbəsinin ən mühüm xüsusiyyətlərindən birinin imamət xəttinin qorunmasında və Allahın Rəsulunun (s) risalətinin davam etdirilməsində tarixi rolu olduğunu qeyd edərək bildirib: Fədək xütbəsinin beşinci xüsusiyyəti ondan ibarətdir ki, bu xütbə imamətin qorunması və risalətin həqiqi yolunun davam etdirilməsi üçün tarixin elə bir mərhələsində təqdim olunmuş yol xəritəsidir ki, həmin dövrdə imamət xəttinin və risalətin həqiqi davamının sönüb aradan çıxması təhlükəsi mövcud idi.

O əlavə edib: Həzrət Zəhra (s.ə) yalnız öz dövrünün şəraiti və dinləyiciləri üçün danışmırdı. O, bu xütbəni söyləməklə İslam tarixinin gələcək nəsilləri üçün də bir həqiqəti yadigar qoydu ki, əgər həmin dövrdə məqsədlərin tam şəkildə həyata keçirilməsi mümkün olmasa belə, heç olmasa, haqq yolu itirilməsin və sonrakı nəsillər düzgün yolu tanıya bilsinlər.

Elmi Hövzələrin rektoru qeyd edib: Bu tarixi addımın uğurunu həmin yolun min ildən artıq müddət ərzində davam etməsində və canlı qalmasında müşahidə etmək mümkündür. Bu gün, əsrlər keçməsinə baxmayaraq, Əhli-beyt (ə) məktəbi öz canlılığını qoruyub saxlayır və hər il dünyanın müxtəlif bölgələrində bu məktəbin maarif və təlimlərinin daha da geniş yayıldığının şahidi oluruq.

Əhli-beyt (ə) maarifinin dünya miqyasında yayılması İslam İnqilabının və Qum Elmi Hövzəsinin böyük nailiyyətidir

Elmi Hövzələrin Ali Şurasının üzvü İslam və Əhli-beyt (ə) maarifinin dünyada yayılması sahəsində baş verən genişmiqyaslı dəyişikliklərə toxunaraq bildirib: Bu gün Əhli-beyt (ə) maarifinin müxtəlif ölkələrdəki mövcud vəziyyətinə və yayılma miqyasına nəzər saldıqda, keçmişdə misli görünməmiş bir mənzərə ilə qarşılaşırıq. İslam İnqilabından əvvəl Qumda müxtəlif ölkələrdən gəlmiş yalnız məhdud sayda tələbə təhsil alırdı. Nəcəfdə də vəziyyət eyni şəkildə idi. Lakin bu gün şərait əsaslı şəkildə dəyişib.

Ayətullah Ərafi Elmi Hövzələrin beynəlxalq məsuliyyətlərinə toxunaraq bildirib: Bu gün mənim məsuliyyət və missiyamın bir hissəsi də Elmi Hövzələrin beynəlxalq fəaliyyəti sahəsində müəyyənləşib. Bəzən Elmi Hövzələrin beynəlxalq fəaliyyətlərinin onların missiyası ilə hansı əlaqəsinin olduğu barədə sual yarana bilər. Lakin mənim qənaətimə görə, bu fəaliyyətlər hövzənin missiyası ilə dərin və birbaşa bağlılığa malikdir.

O, sözlərinə belə davam edib: Qum Elmi Hövzəsinin, din alimlərinin, mərhum İmam Xomeyninin (r), İslam İnqilabının və bu yolun şəhidlərinin bərəkəti sayəsində dünyada İslam və Əhli-beyt (ə) maarifinin tanıdılması və yayılması sahəsində böyük dəyişikliklər baş verib. Bu gün bəzi beynəlxalq mərkəzlərdə olduğumuz zaman müxtəlif ölkələrdən olan xeyli sayda tələbə və din aliminin həmin mərkəzlərdə fəaliyyət göstərdiyini, öz tələbə kimliyinə və dini geyiminə sadiq qalaraq təhsil aldıqlarını və elmi fəaliyyətlə məşğul olduqlarını müşahidə edirik.

Elmi Hövzələrin rektoru İmam Hüseynin (ə) Aşura mərasimlərinin dünya miqyasında geniş yayılmasına da toxunaraq deyib: Bu gün Aşura mərasimləri və Seyyidüş-şühəda İmam Hüseynin (ə) matəm mərasimləri dünyanın yüzdən artıq ölkəsində böyük təntənə ilə keçirilir, Aşura bayrağı və şüarları dünyanın müxtəlif bölgələrində ucaldılır. Halbuki Əhli-beyt (ə) maarifinin bu miqyasda yayılması və geniş coğrafiyada təmsil olunması keçmişdə misli görünməmiş bir hadisədir.

6\. Cəmiyyətin sosial, psixoloji və siyasi aspektlərini izah edən xütbə

Ayətullah Ərafi Fədək xütbəsinin altıncı xüsusiyyətini izah edərək bildirib: Əgər kimsə bu xütbəni sosiologiya, sosial psixologiya və siyasət elmi baxımından təhlil etmək istəsə, anlayar ki, həzrət Zəhra (s.ə) bu xütbədə Mədinə cəmiyyətini, eləcə də Allahın Rəsulunun (s) vəfatından sonra həmin cəmiyyətdə baş vermiş dəyişiklikləri və formalaşmış şəraiti olduqca yüksək dəqiqlik və dərinliklə təhlil edib.

O əlavə edib: Biz inanırıq ki, Əhli-beyt (ə) ilahi elmin xəzinələrinə və həqiqi mərifət qaynaqlarına bağlıdır və xüsusi elm və agahlığa malikdir. Lakin kimsə Fədək xütbəsini hətta bu etiqadi əsasları nəzərə almadan, yalnız humanitar elmlərin qəbul olunmuş meyarları əsasında araşdırmaq istəsə belə, həzrət Zəhranın (s.ə) Mədinə cəmiyyətinin vəziyyətini dərk etməkdə və onun sosial, psixoloji və siyasi aspektlərini təhlil etməkdə nümayiş etdirdiyi yüksək bacarığı aydın şəkildə görəcək.

Elmi hövzələrin rektoru bildirib: Bu xütbə etiqadi, tarixi, sosial və siyasi baxımdan müxtəlif aspektlərdən araşdırıla bilər. Qeyd olunan altı mühüm xüsusiyyət göstərir ki, Fədək xütbəsi sadəcə tarixi bir çıxış və ya hər hansı tələbin ifadəsi deyil, həqiqətin bəyanı, imamətin qorunması, risalətin davam etdirilməsi və İslam cəmiyyətində baş verən dəyişikliklərin təhlili üçün hərtərəfli bir yol gösricisidir.

Fədək xütbəsinin ilk iki hissəsində İslamın nemətə dair düşüncə sistemi

Ayətullah Ərafi çıxışının digər hissəsində Fədək xütbəsinin başlanğıcındakı bəzi hissələri təhlil edərək, həzrət Zəhranın (s.ə) Allahın Rəsulunun (s) məscidindəki iştirakı barədə bildirib: Həzrət Zəhra (s.ə) olduqca həssas bir şəraitdə, cəsarət və mübarizə əzmi nümayiş etdirərək məscidə gəldi və çıxışına başladı. Tarixi rəvayətlərə əsasən, həmin məclis iki mərhələdə o Həzrətin iştirakı və çıxışının təsiri altına düşdü və məsciddəki ab-hava dəyişdi.

O əlavə edib: Birinci mərhələdə həzrət Zəhra (s.ə) müsibət və kədərin dərinliklərindən yüksələn bir fəryadla məclisə təsir göstərdi. Bəzi rəvayətlərə əsasən, orada iştirak edənlər o həzrətin nalə və ağlama səsini eşitdikdə narahatlıq və dərin hüznə qərq oldular, məclisi fəryad və ağlaşma səsləri bürüdü. Belə ki, bir neçə dəqiqə ərzində məclisin ab-havası bu vəziyyətin təsiri altında qaldı.

Elmi Hövzələrin rektoru sözlərinə belə davam edib: Bundan sonra məclisdəki ab-hava nisbətən sakitləşdikdə həzrət Zəhra (s.ə) Allaha həmd-səna və öz əziz atası, Allahın Rəsuluna (s) salavatla çıxışına başladı. Xütbənin bu hissəsi də iştirakçıların xatirə və duyğularını oyatdı və məclisdə yenidən ağlaşma və kədər dolu bir ab-hava yarandı. Bu hissələrdən sonra həzrət Zəhra (s.ə) Allaha həmd-səna etməyə başladı və xütbənin elə ilk sətirlərində ilahi nemətlər və insanın Allahla əlaqəsi haqqında dərin maarif toplusunu bəyan etdi.

Fədək xütbəsinin ilk iki sətri İslamın nemətə dair mərifət sisteminin təsviri

Ayətullah Ərafi الْحَمْدُ لِلَّهِ عَلَی مَا أَنْعَمَ ifadəsinə toxunaraq bildirib: Həzrət Fatimeyi-Zəhra (s.ə) məhz bu ilkin hissələrdə İslamın nemətə dair düşüncə sistemini ortaya qoyur. Bu ifadələrdən daha çox məqam və maarif əldə etmək mümkün olsa da, ən azı, xütbənin bu hissəsində ilahi nemətlərin on əsas xüsusiyyətini müəyyənləşdirmək mümkündür.

O əlavə edib: Bu on xüsusiyyət göstərir ki, İslamın nemətə baxışı yalnız maddi imkanlar və zahiri bəxşişlərlə məhdudlaşmır. Əksinə, İslamın mərifət sistemində nemət hərtərəfli, fasiləsiz, sonsuz, ilahi həmd, tövhid, vilayət və insanın ictimai məsuliyyəti ilə bağlı olan bir həqiqətdir.

İslamın nemətə baxışının on xüsusiyyəti

Birinci xüsusiyyət. İlahi nemətlərin bütün varlıq aləmini əhatə etməsi

Elmi Hövzələrin rektoru ilahi nemətlərin birinci xüsusiyyətinin onların ümumiliyi və hərtərəfliliyi olduğunu bildirərək deyib: Allahın neməti bütün varlıq aləmini və insanın mövcudluğunun bütün aspektlərini əhatə edir. İlahi feyz yalnız həyatın müəyyən bir sahəsinə və ya bəzi varlıqlara aid deyil. Əksinə, varlığın əsli, eləcə də insanın və dünyanın bütün varlıq mərtəbələri və təzahürləri Allahın lütf və nemətinin təcəllisidir.

O əlavə edib: Allah-Təala varlıqlara həm varlıq nemətini bəxş edib, həm də həyatın davamında müxtəlif nemətləri onların ixtiyarına verib. Buna görə də varlığın başlanğıcından sonunadək aləmdə mövcud olan hər bir şey ilahi feyz və iradədən asılıdır. Allahın nemətlərinin hərtərəfliliyi və əhatəliliyi də məhz bundan ibarətdir.

İkinci xüsusiyyət. İlahi nemətlərin ilkin və heç bir haqq edilmiş tələbə əsaslanmadan bəxş edilməsi

Ayətullah Ərafi ilahi nemətlərin ikinci xüsusiyyətinin onların ilkin olaraq bəxş edilməsi olduğunu bildirərək deyib: Allah-Təalanın insanın ixtiyarına verdiyi nemətlərin bir çoxu insanın hər hansı haqq qazanmasına və ya tələbinə əsaslanmır. Çünki insan bu nemətləri əldə etməzdən əvvəl Allah qarşısında elə bir haqqa malik deyil ki, həmin haqq əsasında nemət tələb edə bilsin.

O, sözlərinə belə davam edib: İnsanlar arasındakı münasibətlərdə bəzən bir şəxs digərinə yaxşılıq edir, çünki qarşı tərəf ondan bunu istəyib və ya həmin yaxşılığı almağa haqq qazanıb. Lakin ilahi nemətlərin böyük bir qismi belə deyil. Şəxsi və ictimai həyatımızda mövcud olan nemətlərin bir çoxu bizim istəyimiz olmadan, hətta onlara ehtiyacımız olduğunu özümüz də bilmədiyimiz halda Allah-Təala tərəfindən bizə bəxş edilib.

Elmi Hövzələrin rektoru vurğulayıb: İnsanın Allah-Təaladan istədikləri, Allahın onun ixtiyarına verdiyi nemətlərin məcmusu ilə müqayisədə olduqca azdır. İnsan həyatının əsas strukturu və varlıq aləminin nizamı böyük ölçüdə bizim istəyimiz və tələbimiz olmadan formalaşıb və öz davamlılığını qoruyub saxlayıb.

Üçüncü xüsusiyyət. İlahi nemətlərin bolluğu və geniş şəkildə bəxş edilməsi

Ayətullah Ərafi üçüncü xüsusiyyətin Allahın nemətlərinin bolluğu və genişliyi olduğunu bildirərək deyib: İlahi nemətlər insana bol və geniş şəkildə bəxş edilib. Həyatın imkan və nemətlərinin böyük bir hissəsi insanın onların əldə olunması üçün ayrıca hər hansı səy göstərməsinə ehtiyac qalmadan onun ixtiyarına verilib.

Ayətullah Ərafi əlavə edib: İnsan öz həyatına və ixtiyarında olan imkanlara diqqətlə nəzər salarsa, Allahın nemətlərinin nə qədər geniş və bol şəkildə ona bəxş edildiyini anlayar. Bu nemətlərin bir çoxu insanın həyatı ilə o qədər sıx bağlıdır ki, bəzən insan onların əzəmətinə və dəyərinə diqqət yetirməyi unudur.

Dördüncü xüsusiyyət. İlahi nemətlərin fasiləsizliyi və davamlılığı

Elmi hövzələrin rektoru ilahi nemətlərin dördüncü xüsusiyyətinin onların davamlılığı və fasiləsizliyi olduğunu qeyd edərək bildirib: Allahın neməti insana yalnız bir dəfə bəxş edilməyib ki, bundan sonra bütün işlərin müstəqil şəkildə davam etdiyini düşünək. Əksinə, ilahi feyz varlıq aləmində daim və hər an axmaqdadır.

O, ilahi feyzin davamlılığı ilə bağlı kəlami və fəlsəfi müzakirələrə toxunaraq əlavə edib: Bəzi baxışlar elə təqdim olunub ki, sanki Allah-Təala başlanğıcda aləmi yaradıb, bundan sonra isə dünya müstəqil şəkildə öz yoluna davam edir. Halbuki tövhid baxımından belə bir təsəvvür düzgün deyil. Varlıq aləmi bütün anlarda ilahi feyzdən asılıdır və mövcud olanlar hər an öz varlığını və mövcudluqlarının davamını Allah-Təaladan alırlar.

Ayətullah Ərafi bu məsələni izah etmək üçün bir misal çəkərək deyib: Necə ki, hər hansı qurğu fəaliyyətini davam etdirmək üçün enerji mənbəyindən fasiləsiz enerji almalıdır, bütün varlıq aləmi də hər an ilahi feyz mənbəyindən asılıdır. Buna görə də insan daim Allah-Təaladan nemət almaqdadır və onun həyatının heç bir anı bu feyzdən müstəqil deyil.

Beşinci xüsusiyyət. İlahi nemətlərin sonsuzluğu və hüdudsuz genişliyi

O, Allahın nemətlərinin beşinci xüsusiyyətinin onların sonsuzluğu olduğunu bildirərək deyib: İlahi nemətlər o qədər geniş və boldur ki, hətta maddi aləmdə belə insan onların bütün aspektlərinə və əhatə dairəsinə nüfuz edə bilmir.

O əlavə edib: İnsanın maddi aləmin genişliyi haqqında bildikləri yaradılışın əzəmətinin yalnız bir hissəsidir. Dini maarif sistemində isə digər göylər və daha üstün aləmlərdən də bəhs olunur. Buna görə də ilahi nemətlərin əhatə dairəsi insanın məhdud biliyi ilə dərk və əhatə edə biləcəyindən qat-qat genişdir.

Altıncı xüsusiyyət. İnsanın bütün ilahi nemətləri saymaqda acizliyi

Ayətullah Ərafi Allahın nemətlərinin altıncı xüsusiyyətini insanın onların hamısını tanımaqda və saymaqda çətinlik çəkməsi, hətta aciz qalması kimi səciyyələndirərək deyib: İlahi nemətlərin sonsuzluğu o dərəcədədir ki, insan onların hamısını dərk edə, tanıya və saya bilmir. İnsan yalnız öz həyatında bəhrələndiyi nemətlərin bir hissəsini tanıyır, bir çox nemətlərdən, onların təsirlərindən və müxtəlif aspektlərindən isə xəbərsiz qalır. Ola bilsin ki, insanın həyatında mövcud olan bəzi nemətlərin ümumiyyətlə fərqində deyil və ya onların dəyərini və əhəmiyyətini lazımi şəkildə dərk etmir.

Elmi hövzələrin rektoru vurğulayıb: Məhz buna görə də ilahi nemətləri tam şəkildə tanımaq insanın qüdrəti xaricindədir. İnsanın Allah və varlıq aləmi haqqında mərifəti artdıqca, ilahi nemətlərin genişliyinin və əzəmətinin daha çox aspektlərini dərk edəcək.

Yeddinci xüsusiyyət. İnsanın ilahi nemətlərin əvəzini verməkdə və onların haqqını ödəməkdə acizliyi

Elmi hövzələrin rektoru yeddinci xüsusiyyətin Allahın nemətlərinin əvəzinin ödənilməsinin mümkünsüzlüyü olduğunu bildirərək deyib: İnsan heç vaxt ilahi nemətlərin haqqını tam şəkildə ödəməyə qadir deyil. Çünki insan Allahın nemətlərinin müqabilində hər hansı bir mükafat vermək istəsə belə, bunu həyata keçirmək üçün malik olduğu qüdrət və imkanların özü də ilahi nemətlərdəndir.

Ayətullah Ərafi əlavə etdi: Məsələn, əgər kimsə bir insana kitab hədiyyə etsə, həmin hədiyyənin müqabilində başqa bir hədiyyə hazırlayıb ona təqdim etmək mümkündür. Lakin Allahın nemətlərinin müqabilində belə bir imkanı yoxdur. İnsan şükür etmək və ibadət yolunda nə qədər səy göstərirsə, bu işi həyata keçirmək üçün ehtiyac duyduğu vasitələr, qüdrət və fürsət də Allah tərəfindən ona bəxş edilmişdir.

O, insanın şükür etməsinin belə ilahi lütfdən asılı olduğuna diqqət çəkərək vurğuladı: İnsan ibadət və ya şükür etməklə Allahın nemətlərinin haqqını ödədiyini iddia edə bilməz. Çünki elə ibadətin özü və şükür etmək də ilahi tövfiqdir və bunları Allahın sonsuz nemətlərinə bərabər bir mükafat hesab etmək olmaz.

Səkkizinci xüsusiyyət. Şükür etməklə nemətlərin artması və insanın mənəvi məqamının yüksəlməsi

Elmi hövzələrin rektoru ilahi nemətlərin səkkizinci xüsusiyyətinin şükür etməklə nemətlərin artması və insanın mənəvi məqamının yüksəlməsi arasındakı əlaqə olduğunu bildirərək dedi: Allah-Taala Qurani-Kərimdə buyurur: «لَئِنْ شَکَرْتُمْ لَأَزِیدَنَّکُمْ» – Əgər şükür etsəniz, nemətlərinizi artıraram.

O, nemətlərin artması anlayışını yalnız daha çox maddi imkan əldə etməklə məhdudlaşdırmağın düzgün olmadığını vurğulayaraq əlavə etdi: Bəzən belə təsəvvür olunur ki, insan Allaha şükür edərsə, Allah da bunun müqabilində ona mal-dövlət, imkan və ya daha yüksək rifah kimi başqa bir nemət bəxş edəcək. Halbuki bu ayənin ən mühüm məqamlarından biri ondan ibarətdir ki, şükür etməyin özü insanın varlıq baxımından inkişafına və kamilləşməsinə səbəb olur.

Ayətullah Ərafi sözünə davam edərək bildirdi: İnsan namaz qıldıqda, Allaha həmd etdikdə və ya ibadət və bəndəlik yoluna qədəm qoyduqda, yalnız gələcəkdə bir mükafat əldə etməyi gözləməməlidir. Əksinə, elə bu ibadət və şükür insanın mənəvi inkişafı və məqamının yüksəlməsi üçün zəmin yaradır.

O, çətinliklərlə üzləşərkən səbir, dözüm və təvəkkülün roluna da toxunaraq dedi: İnsan bir müsibətlə üzləşdikdə, çətinliklər qarşısında səbir göstərdikdə, onlara dözdükdə və Allaha təvəkkül etdikdə, bu məsələyə yalnız maddi və zahiri əvəz baxımından yanaşmamalıdır. Belə səbir və dözümün ən mühüm nəticələrindən biri insanın öz mənəvi məqamının yüksəlməsidir.

Elmi hövzələrin rektoru daha sonra qeyd edib: Buna görə də şükür, səbir və təvəkkül yalnız xarici mükafatlar əldə etmək üçün ilkin şərtlər deyil, həm də özlüyündə insanın kamilləşməsi və inkişafı üçün zəmin yaradan amillərdir.

Doqquzuncu xüsusiyyət. İlahi nemətlərin həmd, tövhid, risalət və vilayətlə həqiqi bağlılığı

Ayətullah Ərafi ilahi nemətlərin doqquzuncu xüsusiyyətini izah edərkən nemətlə Allaha həmd və səna etmək, eləcə də tövhid və vilayət maarifi arasındakı dərin əlaqəyə toxunaraq dedi: Çox mühüm məqam budur ki, ilahi nemətləri Allaha həmd və səna etməyin həqiqətindən ayrı təsəvvür etmək olmaz. Allah insana nemət bəxş edir və bunun müqabilində ondan həmd edən və şükür edən bir bəndə olmasını istəyir. Lakin bu əlaqə sadəcə şərti xarakter daşıyan və bir-birindən ayrı iki məsələ arasındakı münasibət deyil.

O, «الْیَوْمَ أَکْمَلْتُ لَکُمْ دِینَکُمْ وَ أَتْمَمْتُ عَلَیْکُمْ نِعْمَتِی» ayəsinə işarə edərək bildirdi: Bu ayədə dinin kamilləşdirilməsi və nemətin tamamlanması dərin məna daşıyan, bir-biri ilə əlaqəli həqiqətlərdir. İlahi nemət, tövhid, risalət və vilayət arasındakı bağlılıq sadəcə bir neçə müstəqil məsələnin bir araya gətirilməsindən ibarət deyil. Əksinə, bu amillər ilahi nemətin həqiqətində və mahiyyətində bir-biri ilə sıx bağlıdır.

Elmi gövzələrin rektoru əlavə etdi: Ömür, gənclik, sağlamlıq, təhsil almaq imkanı, dərs demək tövfiqi, elmi və ictimai fəaliyyətlər, eləcə də həyat üçün zəruri imkanlar kimi nemətlər yalnız ilahi həmd və səna, tövhid, risalət və vilayət prinsipləri onların üzərində hakim olduqda öz həqiqi istiqamətinə yönəlir.

Elmi Hövzələrin Ali Şurasının üzvü Ayətullah Ərafi vurğulayıb: Əgər bu həqiqət insanın həyatında mövcud olmazsa, insan çoxsaylı maddi imkanlara malik ola bilər, lakin nemətin həqiqətindən və kamilliyindən uzaq düşər. İslamın maarif sistemində nemət Allah qarşısında bəndəlik, tövhid və vilayət yolunda qərar tutmaqla öz həqiqi mənasını və kamilliyini əldə edir.

Onuncu xüsusiyyət. Nemətin ictimai xidmətə və başqalarına yaxşılıq etməyə yönəldilməsi

Ayətullah Ərafi ilahi nemətlərin onuncu xüsusiyyətinin onların ictimai məsuliyyət və başqalarına xidmətlə əlaqəli olması olduğunu bildirərək dedi: Nemətə şükür etməyin həqiqəti yalnız insanın dili ilə Allaha şükür etdiyini söyləməsindən ibarət deyil. Əsl şükür o zaman gerçəkləşir ki, insan Allahın onun ixtiyarına verdiyi nemətlərdən başqalarına xidmət yolunda istifadə etsin.

O əlavə etdi: Allah insana yaxşılıq etmişdir və insan da başqalarına yaxşılıq etməlidir. Allah insana ruzi vermişdir və insan da başqalarını yedirtmək, ehtiyaclılara yardım etmək istiqamətində addım atmalıdır. Allah insana doğru yolu göstərmiş və onu hidayət etmişdir, insan da başqalarına yol göstərməlidir.

Elmi hövzələrin rektoru ilahi fəzilət və ehsanın nümunə götürülməsinin insanın fərdi və ictimai həyatında təzahür etməsinin vacibliyini vurğulayaraq qeyd edib: Əgər Allah insanın əlindən tutub onu hidayət etmişdirsə, insan da başqalarının əlindən tutmalıdır. Əgər Allah onun ixtiyarına imkanlar və fürsətlər vermişdirsə, o da bu imkanlardan xeyir və cəmiyyətə xidmət yolunda istifadə etməlidir.

Qəyyumlar Şurasının üzvü Ayətullah Ərafi sözünə davam edərək bildirib: Bu yanaşma insanın fərdi və ictimai həyatında, eləcə də cəmiyyətlə münasibətlərində hakim olan əsas ruhdur. İnsan Allahdan yaxşılıq etməyi, başqalarına necə yardım göstərməyi, ehtiyaclıların qayğısına necə qalmağı və öz malik olduqlarından başqalarının inkişafı və tərəqqisi üçün necə istifadə etməyi öyrənməlidir.

Ayətullah Ərafi daha sonra vurğuladı: Fədək xütbəsinin ilk iki hissəsi insan qarşısında nemətə dair İslam düşüncəsinin hərtərəfli sistemini təqdim edir. Bu sistemdə nemət Allahın hərtərəfli və davamlı lütfü ilə başlayır, həmd, şükür, tövhid və vilayət vasitəsilə kamilləşir və nəhayət, insanın ictimai həyatında başqalarına yaxşılıq, xidmət və onların əlindən tutmaq şəklində təzahür edir.

Hövzənin kimliyi bəşər cəmiyyətlərində tövhid və mənəviyyat həqiqətinin dirçəldilməsidir

Ayətullah Əlirza Ərafi elmi hövzələrin sivilizasiya quruculuğundakı mövqeyi və kimliyini vurğulayaraq bildirdi: Elmi hövzənin kimliyi bu istiqamətdə və üzərinə götürdüyü missiyada müəyyənləşir. Biz bu missiyanı hövzədən mənimsəməli, sonra isə bəşəriyyətin fərdi və ictimai həyatında gerçəkləşdirməliyik. Bu gün bəşər cəmiyyətləri ilahi həqiqətlərin təqdim olunmasına hər zamankindən daha çox ehtiyac duyurlar ki, bu həqiqətlər dünya miqyasında gündəmə gətirilsin və insanların həyatına canlılıq bəxş etsin.

Qəyyumlar Şurasının üzvü şəxs əlavə etdi: Tələbə və elmi hövzə cəmiyyətlərin həyatının mərkəzində iştirak etməli, bəşəriyyətin həyatına kimlik qazandırmalıdır. Hövzənin missiyası tövhid, risalət, vilayət həqiqətini, eləcə də dinin ibadi və mənəvi aspektlərini insan həyatının bütün dəyişikliklərinə daxil etməkdir. Çünki bu həqiqətlər bəşəriyyətin həyatında mövcud olmazsa, bu dünyanın bütün imkan və nemətləri zahiri dəyər və əhəmiyyətinə baxmayaraq, həqiqi məna və mahiyyətdən məhrum olar.

Tələbəlik missiyası böyük və taleyüklü məsuliyyətdir

Elmi hövzələrin rektoru tələbəlik məqamının əhəmiyyətinə və tələbələrin üzərinə düşən ağır məsuliyyətə toxunaraq qeyd etdi: Sizin üzərinizə götürdüyünüz iş olduqca böyük və dəyərlidir. Ona səthi yanaşmaq və ya əhəmiyyətini kiçiltmək olmaz. Xüsusilə də gənclik yaşlarında olduğunuz bir dövrdə sizin varlığınızda böyük potensial, istedad və bacarıqlar gizlənmişdir. Bu istedadları düzgün idarəetmə yolu ilə üzə çıxarmalı və inkişaf etdirməlisiniz.

O, tələbələrin özünəinamının və məsuliyyət hissinin zəruriliyini vurğulayaraq bildirdi: İnkişaf və tərəqqiniz üçün şərait yaratmaları məqsədilə rəhbərləri, müəllimləri və başqalarını gözləməyin. Əlbəttə, tələbə müəllimlərin və böyük şəxsiyyətlərin elmi, tərbiyəvi və tədris imkanlarından tam şəkildə bəhrələnməlidir. Lakin son nəticədə o, öz şəxsiyyətinin mühəndisi, varlığının memarı, öz gələcəyinin qurucusu və cəmiyyətin gələcəyini formalaşdıran şəxs olmalıdır.

Ayətullah Ərafi sözünə davam edərək dedi: Tələbə bilməlidir ki, Allah-Taalanın insanın ixtiyarına verdiyi ən şərəfli elmlərdən və ən üstün yollardan biri olan bir istiqamətdə addımlayır. Bu ilahi fürsətin və sərmayənin qədrini bilməli, elmi, əxlaqi və mənəvi zirvələrə çatmaq üçün bütün imkan və qüvvəsindən istifadə etməlidir.

Din aliminin mənəvi mahiyyəti və varlığı hər cür dünya nemətindən daha qiymətlidir.

Elmi Hövzələrin Ali Şurasının üzvü Ayətullah Ərafi din alimlərinin dəyər və məqamına, eləcə də onların mənəvi mövqeyinə toxunaraq bildirdi: Din aliminin varlığının mahiyyətini təşkil edən gövhəri, bu pak və dəyərli sərmayəni maddi məsələlər və dünya nemətləri ilə dəyişmək olmaz. Din aliminin dəyəri və məqamı hər şeydən üstündür və bu mövqe layiqincə tanınmalı, qorunub saxlanılmalıdır.

Elmi Hövzələrin rektoru tələbələrin hərtərəfli tərbiyəsinin zəruriliyini vurğulayaraq qeyd etdi: Bu dəyərli məqamın qorunması düzgün tərbiyə, sağlam mərifət, dərin bəsirət və dinə xidmət yolunda addımlamağı tələb edir. Tələbə öz məsuliyyətini dəqiq dərk etməklə, zəruri dünyagörüşü və agahlığa yiyələnməklə bu qiymətli gövhəri qorumalı, onu dinin və cəmiyyətin tərəqqisinə xidmət yolunda səfərbər etməlidir.

Bu gün yaşayan milyardlarla insan və gələcək nəsillər tələbələrin missiyasının ünvanıdır

Ayətullah Ərafi elmi hövzələrin və tələbələrin məsuliyyətinin qlobal miqyasına toxunaraq dedi: Bu, düzgün şəkildə öyrənməli olduğumuz, agahlıq və dərk əsasında qədəm qoymalı olduğumuz bir yoldur. Rəhbərlərdən və müəllimlərdən tutmuş təlim-tərbiyə sahəsində fəaliyyət göstərən şəxslərədək hamımız sizin tərbiyəniz üçün zəmin yaratmalı olan xidmətçilərik. Məqsədimiz budur ki, siz gələcəkdə hövzənin, ölkənin, quruluşun, İslam İnqilabının və hətta dünyanın gələcəyini formalaşdırasınız.

Qəyyumlar Şurasının üzvü şəxs tələbələrin missiyasının konkret bir bölgə və ya cəmiyyətlə məhdudlaşmadığını vurğulayaraq qeyd etdi: Bütün dünya insanları sizin missiyanızın ünvanıdır. Bu gün dünyada təxminən yeddi-səkkiz milyard insan yaşayır. Bundan əlavə, gələcək nəsillərdə dünyaya gələcək milyardlarla insan da sizin elmi, dini və təbliğat missiyanızın və çatdıracağınız mesajın ünvanıdır.

Elmi hövzələrin rektoru sözünə davam edərək bildirdi: Mən həmişə Camiətül-Mustafa (s) Universitetindəki dostlarımıza xatırladırdım ki, bu gün yaşayan yeddi milyard insan və gələcək nəsillərin milyardlarla nümayəndəsi sizin müraciət etdiyiniz auditoriyadır. Bu, olduqca böyük məsuliyyətdir və ona uyğun hazırlıq tələb edir.

Tələbələrin qlobal missiyasının tələbləri

Ayətullah Ərafi bu böyük məsuliyyəti yerinə yetirmək üçün zəruri olan xüsusiyyətləri sadalayaraq sonda bildirdi: Belə bir missiyanın həyata keçirilməsi elm, əxlaq, bəsirət, mərifət, geniş dünyagörüşü, dərya kimi ürək və möhkəm etiqad tələb edir. Siz bu sərmayələri öz varlığınızda formalaşdırmalı, elmi, əxlaqi və etiqadi əsaslarınızı möhkəmləndirməklə bəşəriyyətin düşüncə və mənəviyyat sahəsindəki ehtiyaclarına cavab verməyə hazırlaşmalısınız.

Xəbərin sonu.

Fədək xütbəsinin altı mühüm xüsusiyyəti və coğrafi məhdudiyyət tanımayan qlobal missiyanın tələbələr tərəfindən həyata keçirilməsinin zəruri şərtləri

Fədək xütbəsinin altı mühüm xüsusiyyəti və coğrafi məhdudiyyət tanımayan qlobal missiyanın tələbələr tərəfindən həyata keçirilməsinin zəruri şərtləri

Fədək xütbəsinin altı mühüm xüsusiyyəti və coğrafi məhdudiyyət tanımayan qlobal missiyanın tələbələr tərəfindən həyata keçirilməsinin zəruri şərtləri

Fədək xütbəsinin altı mühüm xüsusiyyəti və coğrafi məhdudiyyət tanımayan qlobal missiyanın tələbələr tərəfindən həyata keçirilməsinin zəruri şərtləri

Fədək xütbəsinin altı mühüm xüsusiyyəti və coğrafi məhdudiyyət tanımayan qlobal missiyanın tələbələr tərəfindən həyata keçirilməsinin zəruri şərtləri

Fədək xütbəsinin altı mühüm xüsusiyyəti və coğrafi məhdudiyyət tanımayan qlobal missiyanın tələbələr tərəfindən həyata keçirilməsinin zəruri şərtləri

Fədək xütbəsinin altı mühüm xüsusiyyəti və coğrafi məhdudiyyət tanımayan qlobal missiyanın tələbələr tərəfindən həyata keçirilməsinin zəruri şərtləri

Fədək xütbəsinin altı mühüm xüsusiyyəti və coğrafi məhdudiyyət tanımayan qlobal missiyanın tələbələr tərəfindən həyata keçirilməsinin zəruri şərtləri

Fədək xütbəsinin altı mühüm xüsusiyyəti və coğrafi məhdudiyyət tanımayan qlobal missiyanın tələbələr tərəfindən həyata keçirilməsinin zəruri şərtləri

Fədək xütbəsinin altı mühüm xüsusiyyəti və coğrafi məhdudiyyət tanımayan qlobal missiyanın tələbələr tərəfindən həyata keçirilməsinin zəruri şərtləri

Fədək xütbəsinin altı mühüm xüsusiyyəti və coğrafi məhdudiyyət tanımayan qlobal missiyanın tələbələr tərəfindən həyata keçirilməsinin zəruri şərtləri

Fədək xütbəsinin altı mühüm xüsusiyyəti və coğrafi məhdudiyyət tanımayan qlobal missiyanın tələbələr tərəfindən həyata keçirilməsinin zəruri şərtləri

Rəyiniz

You are replying to: .
captcha