Hövzə Xəbər Agentliyinin tərcümə qrupunun verdiyi məlumata görə, Afrique XXI saytının tarix bölməsi Eva Sofinin müəllifi olduğu analitik məqalədə Parisin ətrafında yerləşən Trapp şəhərində oktyabrın 23-də baş vermiş silahlı hücuma toxunaraq Fransada irqçilik problemini, onun tarixi və struktur köklərini araşdırıb.
Həmin hücum zamanı bir şəxs yoldan keçən insanlara atəş açıb. Nəticədə bir nəfər həyatını itirib, 12 yaşlı qız da daxil olmaqla, daha beş nəfər yaralanıb. Fransa mediasının məlumatına görə, şübhəli şəxs dindirilmə zamanı qaradərililəri və ərəbləri hədəf almaq niyyətində olduğunu bildirib. Bu hadisə Fransada irqçi və islamofob zorakılıqlar ətrafında müzakirələri yenidən gündəmə gətirib.
Fransa Daxili İşlər Nazirliyinin statistikasına əsasən, 2025-ci ildə irqçi, ksenofob və ya din əleyhinə motivlərlə törədilmiş 9 737 cinayət və hüquqpozma qeydə alınıb. Bu, əvvəlki illə müqayisədə 5 faiz artım deməkdir.
İrqçilik fərdi davranışlardan daha geniş anlayışdır
Fransa Milli Elmi Tədqiqatlar Mərkəzinin sosioloqu Solen Brun hesab edir ki, irqçilik bu ölkə üçün yeni hadisə deyil və struktur xarakterli problem kimi bu gün də davam edir. Onun sözlərinə görə, irqi ayrı-seçkilik yalnız təhqiramiz ifadələr və ya fiziki hücumlar şəklində təzahür etmir, eyni zamanda hakimiyyət münasibətlərində və ictimai mexanizmlərdə də kök salıb.
2026-cı ildə SOS Racisme təşkilatı tərəfindən dərc edilmiş araşdırmaya əsasən, daşınmaz əmlak agentliklərinin 50 faizi ev sahiblərinin kirayəçilərin mənşəyinə dair ayrı-seçkilik xarakterli tələblərini yerinə yetirməyə hazırdır. Həmçinin Məğrib ölkələri mənşəli soyad daşımaq iş müsahibəsinə dəvət olunmaq şansını təxminən üçdəbir azaldır.
Müstəmləkəçilik və köləlikdən irqi nəzəriyyələrin formalaşmasına qədər
Məqalədə 1492-ci ilə qayıdılaraq bu dövr müasir irqçiliyin formalaşmasında dönüş nöqtələrindən biri kimi təqdim olunur.
Məqalədə istinad edilən tədqiqatçıların fikrincə, irqçiliyin kökləri hətta müstəmləkəçilikdən də əvvəlki dövrlərə gedib çıxır. Bu baxımdan, orta əsrlərdə zorla xristianlığı qəbul etdirilmiş digər dinlərin ardıcıllarına qarşı tətbiq olunan ayrı-seçkilik siyasəti də qeyd olunur. Həmin şəxslər sonradan ailə mənşələrinə görə yenə də cəmiyyətdən kənarlaşdırılır və təqiblərə məruz qalırdılar.
Daha sonra XVI əsrdə müstəmləkə plantasiyalarına əsaslanan iqtisadiyyat və köləlik sistemi irqi kateqoriyaların formalaşmasına, ağdərililərlə qaradərililər arasında iyerarxik bölgünün möhkəmlənməsinə zəmin yaratdı. Bu proses XIX əsrdə elmi irqçilik adlandırılan nəzəriyyələrin yayılması ilə daha da genişləndi və sonralar Cənubi Afrikadakı aparteid rejimi, eləcə də ABŞ-da irqi ayrı-seçkiliyi rəsmiləşdirən qanunlar kimi sistemlərdə öz əksini tapdı.
Müasir ayrı-seçkilik: Fransız mənşəli anlayışından mediada islamofobiyaya qədər
Məqalənin digər hissəsində Fransa siyasi diskursunda fransız əsilli ifadəsinin geniş yayılmasına toxunulur. Miqrasiya mənşəli vətəndaşlara qarşı işlədilən bu ifadə, məqalədə istinad olunan müəllif və tədqiqatçıların qənaətinə görə, irqi sərhədlərin və ayrı-seçkilik meyarlarının yenidən istehsalında rol oynayır.
Tarixçi Fransisko Betankur hesab edir ki, müasir irqçilik artıq əvvəlki dövrlərdə olduğu kimi bioloji iddialara əsaslanmır, əksinə, mədəniyyət sahəsinə keçib. Belə ki, miqrant azlıqlar cəmiyyətin sosial və iqtisadi şərtlərinə uyğunlaşa bilməməkdə ittiham olunurlar.
Məqalədə, həmçinin 2025-ci ildə Fransanın Qar şəhəri ərazisində yerləşən məsciddə qətlə yetirilmiş maliyalı müsəlman gənc Əbubəkr Sissenin öldürülməsi nümunə göstərilərək, müsəlmanlara qarşı siyasi və media mühitində formalaşan münasibətə diqqət çəkilir. Məqalədə təqdim olunan məlumatlara əsasən, 2020–2024-cü illər ərzində Fransanın CNews televiziya kanalında İslam sözü 30 mindən çox dəfə işlədilib.
Fransisko Betankur bu müzakirələri ümumiləşdirərək bildirir ki, miqrant azlıqlara qarşı nifrət siyasi alətə çevrilib.
Rəyiniz