cümə axşamı 2 aprel 2026 - 13:26
İranın beynəlxalq dini və mədəniyyət qurumlarının ABŞ və sionist rejimin hücumlarını pisləyən bəyanatı

Hövzə / İran İslam Respublikasının beynəlxalq dini, elmi və mədəniyyət qurumları məktəblərə, universitetlərə, o cümlədən ibadət mərkəzlərinə, mədəni irs obyektlərinə, infrastruktura və həmçinin günahsız insanlara qarşı hücumları pisləyən bəyanat yayıblar.

Hövzə Xəbər Agentliyinin Tehran üzrə müxbirinin verdiyi məlumata görə, İran İslam Respublikasının beynəlxalq dini, elmi və mədəniyyət qurumları məktəblərə, universitetlərə, ibadət mərkəzlərinə, eləcə də mədəni irs obyektlərinə, infrastruktura və həmçinin günahsız insanlara qarşı hücumları pisləyən bəyanat yayıblar.

Bəyanatın tam mətni aşağıdakı kimidir:

Bağışlayan və mehriban Allahın adı ilə

أُذِنَ لِلَّذینَ یُقَاتَلونَ بِأنَّهُمْ ظُلِموا وَإنَّ اللهَ عَلی نَصْرِهِمْ لَقَدیرٌ

Zülmə məruz qaldıqları üçün onlara qarşı vuruşulanlara döyüşmək icazəsi verildi. Həqiqətən, Allah onlara yardım etməyə qadirdir. (Həcc surəsi, 39-cu ayə)

Hörmətli alimlərə, müxtəlif din və məzhəblərin ruhani nümayəndələrinə, universitet professorlarına, qələm və media nümayəndələrinə, eləcə də siyasi elitalara və həmçinin dünyanın bütün azad insanlarına!

Dərin kədər və müqəddəs qəzəblə dolu qəlblə, biz, aşağıda imza atan şəxslər, İran İslam Respublikasının beynəlxalq dini, elmi və mədəniyyət qurumlarını təmsil edərək, ABŞ-ın təkəbbürlü imperializminin və cinayətkar sionist rejimin ölkəmizin elmi, tədqiqat, dini və mədəniyyət mərkəzlərinə qarşı davam edən vəhşicəsinə təcavüzünü ən sərt şəkildə pislədiyimizi bəyan edirik.

Bu xain hücumlar İran İslam İnqilabının mücahid rəhbəri, şəhid Ayətullah üzma Seyid Əli Xameneinin (Allah ona rəhmət eləsin) terror edilərək şəhid edilməsi, bununla yanaşı, bir qrup yüksək rütbəli hərbi komandirin şəhid edilməsi və Minab şəhərində yerləşən Şəcərə Təyyibə adlı tam orta məktəbinə hücumla başladı. Həmin hücum nəticəsində 175-dən çox günahsız uşaq və təqsirsiz müəllim şəhid edildi. Bu hücumlar indiyədək yüzlərlə dövlət rəsmisinin və müdafiəsiz mülki şəxsin həyatına son qoymuşdur.

Hazırda da bu cinayətlər, terror aktları və qırğınlar davam edir. Bunlar insan hüquqlarının, beynəlxalq normaların açıq şəkildə pozulması, əxlaqi prinsiplərin, dini dəyərlərin və insan vicdanının tapdanmasıdır.

Bir ay davam edən nəzarətsiz hücumlardan sonra cəsur mücahidlərlə qarşıdurmada məğlubiyyətə uğrayan, bəyan etdiyi məqsədlərin heç birinə nail ola bilməyən və bütün cəbhələrdə ağır zərbələr alan cinayətkar ABŞ-sionist düşmən indi aciz şəkildə məktəbləri, universitetləri, ibadət yerlərini, mədəni irs obyektlərini, xəstəxanaları, dərman istehsalı və paylanması mərkəzlərini, yaşayış komplekslərini, xeyriyyə müəssisələrini və infrastrukturu hədəfə almağı davam etdirir.

Bu arada, İslam ölkələrindən hərbi əməliyyat aparan kafirlərin bir müsəlman ölkəsinə qarşı törətdikləri cinayətlər və milyonlarla insanın dini mərcəiyyətinin şəhid edilməsi qarşısında məzlumun yanında olmaları gözlənilirdi. Lakin dərin təəssüf və kədərlə qeyd etməliyik ki, belə olmadı.

Buna görə də alimlərdən və dini şəxsiyyətlərdən, müxtəlif din və məzhəblərin ruhani nümayəndələrindən və təbliğatçılarından, siyasi elitalardan, partiya rəhbərlərindən, universitet professorlarından, yazıçılardan, incəsənət və media nümayəndələrindən, qəbilə başçılarından və şeyxlərindən, sosial şəbəkə fəallarından, bir sözlə, dünyanın bütün azad insanlarından, ədalət tərəfdarlarından və zülmə qarşı mübarizə aparan şəxslərdən susmamaları, bu vəhşicəsinə hücumları və dəhşətli müharibə cinayətlərini cəsarətlə pisləmələri gözlənilir.

Biz azad düşüncəli alimlərdən, uzaqgörən xətiblərdən, geniş auditoriyaya malik tribunaların sahiblərindən, media fəallarından və bəşəriyyətin taleyinə biganə qalmayan bütün insanlardan xahiş edirik ki, sionist sui-qəsdçilərin və onların havadarlarının İranın elmi və tədqiqat mərkəzlərini, məscid və kilsələrini, günahsız mülki əhalisini, infrastrukturunu, hətta mədəni irsini və qədim tarixi abidələrini bombalaması ilə bağlı cinayətlərinə qarşı qəti və aydın mövqe nümayiş etdirsinlər.

Həmçinin, bu ədalətsiz müharibənin müxtəlif aspektlərinin ictimaiyyətə çatdırılması üçün toplantılarda, tədbirlərdə və mediada maarifləndirmə işi aparsınlar, ABŞ-ın qaniçən hökumətinin və uşaq qatili sionist rejimin rəhbərlərinin beynəlxalq məhkəmələrdə cinayətkar kimi tanınması üçün zəmin yaratsınlar.

Sonda uca Allahdan diləyirik ki, sizin addımlarınızı doğru yola yönəltsin, xeyirxah səylərinizi saleh əməllərinizin tərəzisinə qoysun və hamımız dünyanın zorakı güclərinin məğlubiyyətinin, haqqın batil üzərində qələbəsinin şahidi olaq.

Təşəkkür və ehtiramla

İmza edənlər:

*İran İslam Respublikasının elmi hövzələrinin rektoru Əlirza Ərafi

* Əhli-beyt Ümumdünya Assambleyasının Ali Şurasının sədri və Beynəlxalq Aşura Fondunun rəhbəri Məhəmmədhəsən Əxtəri

* İslam Mədəniyyəti və Əlaqələri Təşkilatının sədri Məhəmmə Məhdi İmanipur

* Əhli-beyt Ümumdünya Assambleyasının baş katibi Rza Ramazani

* İslam Məzhəblərinin Yaxınlaşdırılması üzrə Ümumdünya Assambleyasının baş katibi Həmid Şəhriyari

* Əl-Mustafa Beynəlxalq Universitetinin rektoru Əli Abbasi

* Vəliyi-fəqihin Həcc və Ziyarət İşləri üzrə nümayəndəsi Seyid Əbdülfəttah Nəvvab

* İslam Təbliğatı İdarəsinin rəhbəri Əhməd Vaizi

2 aprel 2026-cı il
13 şəvval 1447-ci il
13 fərvərdin 1405-ci il

Xəbərin sonu

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha