bazar 25 may 2025 - 11:57
Britaniyadakı İslam qurumları və rəsmiləri Baş Nazirdən İsraillə ticarət danışıqlarını dayandırmağı xahiş ediblər.

Hövzə/ İngiltərənin İslam qurumları və rəsmiləri Birləşmiş Krallıqla İsrail arasında ticarət danışıqlarının dayandırılmasını tələb ediblər və bu barədə Baş Nazirə ünvanladıqları birgə məktubda mövcud vəziyyəti ətraflı şəkildə izah ediblər.

Hövzə Xəbər Agentliyinin tərcümə qrupu xəbər verir ki, İngiltərədə fəaliyyət göstərən onlarla İslam mərkəzi, o cümlədən müxtəlif məscidlər, ölkənin Baş Nazirinə ünvanladıqları birgə məktubda İsraillə ticarət danışıqlarının təcili olaraq dayandırılmasını tələb ediblər. Onların digər tələbləri arasında isə Fələstin məsələsində daha təcili və təsirli addımların atılması yer alıb.

İngiltərədəki İslam qurumları və rəsmiləri, o cümlədən London Mərkəzi Məscidi İnstitutu, Mançester İslam Akademiyası və Böyük Britaniya Müsəlman Alimləri Cəmiyyəti bildiriblər ki, İsrailin törətdiyi cinayətlərə qarşı zəruri tədbirlərin həyata keçirilməsi son dərəcə ləng aparılır.

Məktubda deyilir: "Artıq on səkkiz aydan çoxdur ki, Qəzzada insanlığın dözülməz dərəcədə məhv edildiyi ağrılı mənzərələrin şahidi oluruq. İsrail bütün beynəlxalq humanitar hüquq normalarını pozaraq, günahsız mülki vətəndaşlara qarşı aclıqdan silah kimi istifadə edir."

Müraciət müəllifləri hökumətdən dörd əsas məsələni diqqət mərkəzində saxlamağı tələb ediblər:

1. Atəşkəsin dərhal bərpası,


2. Qəzzanın blokadasına təcili sürətdə son qoyulması,


3. Fələstindəki mövcud vəziyyətin dərindən anlaşılması,


4. Beynəlxalq hüququn pozulması səbəbilə İsrailə silah satışının dayandırılması.

Bəyanatda vurğulanır: "Biz İngiltərə hökumətinin bu böhranlı şəraitdə yetərli addımlar atmamasından dərin narahatlıq duyuruq."

Məktubun davamında bildirilir: "Beynəlxalq hüququn tətbiqi seçici və ayrı-seçkiliklə həyata keçirilə bilməz. İnsan hüquqları, ayrı-seçkiliyin rədd edilməsi və irqçiliyə qarşı mübarizə kimi anlayışlar qlobal və hərtərəfli olmalıdır. Biz ədalətə, bərabərliyə və beynəlxalq hüquqa əsaslanan sülh yolu müəyyən etməliyik."

Qeyd edək ki, İsrail ordusu 2023-cü ilin oktyabrından bəri beynəlxalq ictimaiyyətin atəşkəslə bağlı çağırışlarını rədd edərək Qəzza əhalisinə qarşı çoxsaylı vəhşi hücumlar həyata keçirmişdir. Bu hücumlar nəticəsində 53.800-dən çox fələstinli həlak olub ki, onların əksəriyyəti qadınlar və müdafiəsiz uşaqlardır.

Mənbə: A NEWS

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha