Hövzə Xəbər Agentliyinin verdiyi məlumata əsasən, Həzrət Ayətullah Nuri Həmədaninin Qəzzadə baş verən hadisələrlə bağlı bəyanatının tam mətni belədir:
Bismillahir-Rəhmanir-Rəhim
İslam dünyasının şərəfli xalqları!
Möhtərəm alimlər!
Müsəlman və azad düşüncəli dövlətlər!
« وَ إِنِ اسْتَنْصَرُوکُمْ فِی الدِّینِ فَعَلَیْکُمُ النَّصْرُ»
"Əgər onlar (müsəlmanlar) dində sizdən kömək istəsələr, sizə yardım etmək vacibdir."
(Ənfal surəsi, 72-ci ayə)
Bir daha bəşəriyyətin vicdanı və təmiz fitrətlər uşaqqatili sionist rejimin dəhşətli və qorxunc cinayəti qarşısında sarsıldı. Məzlum Qəzza bu gün təkcə amansız bombardımanların odunda yanmır, eyni zamanda qida, dərman və insani yardım mühasirəsinə düşüb. Kütləvi aclıq, günahsız uşaqların, qadınların, yaşlıların və xəstələrin şəhid olması, silahsız və müdafiəsiz insanların ürək dağlayan şəkildə can verməsi hər bir azad ruhlu insanın qəlbini sızladır.
Bu hərəkətlər təkcə açıq-aşkar soyqırım və hərbi cinayət sayılmır, həm də heç bir insanlıq, hüquqi, şəri və beynəlxalq meyarla əsaslandırıla bilməz. Bu gün Qəzza xalqının zülm fəryadı İslam alimləri, İslam ölkələrinin başçıları və beynəlxalq qurumlar üçün böyük bir sınaqdır.
Bu günlərdə, Fələstin xalqının xüsusilə də Qəzza sakinlərinin zülm fəryadı bütün dünyaya çatıb. Dünyanın hər yerində vicdanlı insanlar, sionist rejimin günahsız və müdafiəsiz insanlara qarşı törətdiyi açıq-aşkar cinayətlərə görə qəzəblənmişdir. Belə bir vəziyyətdə ağır bir məsuliyyət din alimləri və İslam ölkələrinin dövlətləri üzərindədir.Çünki onlar təkcə insanlıq meyarlarına görə deyil, Qurani-Kərim və sünnəyə əsasən zalıma qarşı mübarizə aparmaq, məzlumu isə müdafiə etmək vəzifəsini daşıyırlar.
Belə həssas və tarixi bir dönəmdə din alimlərinin üzərinə düşən vəzifə, dəstəkverici fətvalar vermək, düşmən qarşısında ortaq birliyə çağırmaq, sionist rejimi və onunla hər cür münasibətlərin normallaşdırılmasını açıq şəkildə pisləmək və.s kimi mühüm və təsirli addımlar atmaqdır.
Xalqı Fələstin millətinə maddi və mənəvi dəstəyə təşviq etmək, cümə və camaat namazlarının minbərlərindən istifadə etməklə, həmçinin elmi hövzə və universitet vasitəsilə o cümlədən media vasitələri ilə İslam ümmətini oyatmaq hər birimizin mühüm dini, siyasi və ictimai vəzifəsidir. Təbii ki, bu məsələyə qarşı səhlənkar və laqeyd yanaşmaq həm dünya həm də axirət əzabına səbəb olacaqdır.
İslam dövlətləri yalnız dini həmrəylik baxımından deyil, həm də insanlıq və insan hüquqları nöqteyi-nəzərindən Qüdsü işğal edən sionist rejiminin hərbi cinayətlərinə qarşı qəti mövqe sərgiləməlidirlər. Təəssüf ki, bir çox hallarda bəzi dövlətlərin ya susduğunu, ya da bu rejimlə əməkdaşlıq etdiyini görmüşük. İslam dövlətlərindən gözlənilir ki, sionist rejimlə diplomatik əlaqələrini kəssinlər və tamamilə dayandırsınlar.Həmçinin bu rejimi qınamaq və cəzalandırmaq üçün beynəlxalq qurumların imkanlarından istifadə etsinlər. Bundan başqa Qəzza xalqına humanitar və tibbi yardımlar göndərsinlər və Fələstin xalqının haqq mübarizəsini dəstəkləməyi prioritet fəaliyyətlərinə çevirsinlər.
Din alimləri və İslam dövlətlərinin biganəliyi təkcə zülmün davam etməsinə səbəb olmur, həm də İslamın dünya miqyasında nüfuzunun zəifləməsinə gətirib çıxarır. İslamın birliyi və ümmətin oyanışı yalnız praktik tədbirlər və məzluma real dəstək sayəsində formalaşır.
Gənc müsəlman nəsli, din alimlərinin və siyasi liderlərin fəaliyyətini diqqətlə izləyir və susqunluğu nifaq və ya dini iradənin zəifliyi kimi qəbul edir.
İndi elə bir zamandır ki, İslam dünyasının bütün sədaqətli qüvvələri alimlər, ziyalılar və dövlət adamları daxili fərqlilikləri bir kənara qoyaraq, Qəzza xalqı qarşısında olan İslami və insanlıq vəzifələrini yerinə yetirməlidirlər. İslam ümmətinin oyanışı üçün haqq səsinin dünya ictimaiyyətinin diqqətinə çatdırılmasına və ona uyğun hərəkət etməyə ehtiyac duyulur.
Qəzza faciəsi yalnız insani bir böhran deyil, həm də İslam dünyası üçün tarixi bir sınaqdır. İslam alimləri bu oyatma hərəkatının öncül rolunu oynamalı, İslam dövlətləri isə “İslam” adına layiq olduqlarını sübut etməlidirlər. Əgər bu gün tökülən pak qanlar qarşısında susqunluq göstərilsə, sabah növbə başqa torpaqlara çatacaq. Biz inanırıq ki, Allahın məzlumlara yardım və zalımların məğlubiyyəti vədəsi mütləq həyata keçəcəkdir.
«إِنَّهُ لا یُفْلِحُ الظَّالِمُونَ»
"Şübhəsiz ki, zalımlar nicat tapmazlar." (Ənam surəsi, 135-ci ayə)
Vəssəlamu Aleykum və Rahmətullahi və Bərəkətuh
Hüseyn Nuri Həmədani
Rəyiniz